“Həmrəylik günü Azərbaycan xalqının birlik şüarının simvolik günüdür”
Tarix: 28.12.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Zaur Əliyev: “Müasir qloballaşma və inteqrasiyalar milli birliyi əsas zərurətlərdən biri kimi ortaya qoyur”

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu günün qeyd olunması Azərbaycanın diaspor siyasətinin həyata keçirilməsinə xidmət edir. Çünki xaricdəki soydaşlarımızın həmrəyliyi diaspor siyasətinin prioritetlərindəndir. Bu bayram ona hesablanıb ki, hər il qeyd edilməklə 50 milyonluq soydaşlarımız bir araya gəlsinlər.Bayram ərəfəsində Diaspor və Lobbi” Elmi Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevlə həmsöhbət olub, diasporumzun fəaliyyətinə kənardan nəzər yetirdik. Qeyd edək ki, Z.Əliyev həmçinin AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, Azərbaycan Turizm İnstitutunun baş müəllimidir.
-Zaur müəlim, ilk olaraq mümkünsə QHT-niz haqqında məlumat verərdiniz.
-“Diaspor və Lobbi” Elmi Araşdırmalar Mərkəzi (qısa olaraq “D&L-EAM”) 2001-ci ildə yaradılıb, lakin qeydiyyata alınmayıb. Devizimiz: “Azərbaycan diasporunun düşünən beyinlərini birləşdirək!”. Mərkəzin “Beyin mərkəzi” kimi yaranması dünyada Azərbaycan diasporunun təşkilatlanması, genişlənməsi, diaspor problemi ilə bağlı ciddi və obyektiv tədqiqatların aparılması zərurəti ilə bağlıdır. Eyni zamanda, Mərkəzdə Azərbaycan diasporu, lobbiçilik, geosiyasət, milli məsələ, beynəlxalq münasibətlər, siyasi elmlər, fəlsəfə, tarix, xarici siyasət, strateji araşdırmalar, terrorizm, insan hüquqları, miqrasiya, insan alveri, siyasi institutların formalaşması, hüquq və digər mövzularda tədqiqatlar aparılır, strateji planlar, proqramlar, konsepsiyalar hazırlanır. Məqsədi Azərbaycanda bu istiqamətli ilk “beyin mərkəzi” olaraq prioritet sahələri araşdırmaq, yeni dünya nizamında Azərbaycanın güclü olmasına çalışmaqdır. Mərkəz bu gün üçün “Think-Tank” olaraq ətrafında düşünən insanları birləşdirdiyinə əmindir.Mərkəzin əsas məqsədi və vəzifələri xaricdə təhsil almış və alan tələbələrin qurum ətrafında birləşdirilməsi, KİV-də diaspor barəsində bütün məlumatların toplanılması, “D&L-EAM”ın maraq dairəsinə daxil olan mövzularda kitabların toplanılması, dünyada yaşayan soydaşlarımız və təşkilatlar barəsində məlumat bazasının yaradılması, diaspor işi ilə məşğul olan qurumlar, media və fərdi şəxslər arasında koordinasiyanın qurulması, “D&L-EAM”ın müasir tələblərə cavab verən internet saytının yaradılması, “D&L-EAM” rəhbərliyi ilə müxtəlif insanların görüşü, yəhudi-türk və dost millətlərin təşkilatları ilə “D&L-EAM” əlaqələrinin qurulması, xarici ölkələrdə çalışan azərbaycanlılarla əlaqə, “D&L-EAM”ın PR işinin qurulması, elektron e-mail qrupunun yaradılması, elm və təhsil müəssisələrində “D&L-EAM”ın nümayəndəlik institutunun yaradılması, TV və radio kanallarının birində verilişin hazırlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün informasiya sisteminin qurulması, dünyanın müxtəlif ölkələrində çalışan Azərbaycan gənclərinin məlumat bazasının yaradılması, Azərbaycanın quzeyində və güneyində baş verən hadisələrlə əlaqəli hesabatların hazırlanması, onlayn diaspor forumunun yaradılması və s.-dir. Bunun üçün mərkəz tərəfindən konfranslar, forumlar, görüşlər, tamaşalar, konsertlər, xeyriyyə tədbirləri keçirilir. Digər diaspor təşkilatları milli problemlərimizin həllinə cəlb edilir, müxtəlif ölkələrin parlamentləri və dövlət yetkililəri ilə əlaqələr yaradılır, onların azərbaycanlıların problemlərinin həllinə yardımçı olmalarına çalışılır. Mərkəzdə həmçinin hesabat və müraciətlər hazırlanır, bəyanatlar verilir, milli problemlərə aid sənədlər hazırlanıb yayılır və s.
-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsinin xaricdəki soydaşlarımızın həmrəyləşməsində nə kimi rolu olub?
-SSRİ-nin son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlərin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya tarixində bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü - Azərbaycan xalqının birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü, hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
- Bəs, türkdilli ölkələrin diasporlarının həmrəyliyi hansı formadadır və qardaş ölkələrin münasibətlərinin daha da yaxınlaşması yolunda hansı işlərin görülməsinə ehtiyac var?
- Türklər daim böyük miqrasiyalar etmiş xalqlardır. Sovetlər birliyi dağılandan sonra türk xalqları müxtəlif səviyyələrdə, qurumların təkibində təmsil olunmağa başladı. Hesab edirəm ki, bu gün Azərbaycan və türk diasporlarının birliyi çox vacibdir. Buna çox böyük ehtiyac vardır. Çünki bu gün Azərbaycan və Türkiyə eyni problemlərlə üzləşir. Erməni diaspor təşkilatları və lobbisi qondarma erməni soyqırımını dünyanın bir çox ölkələrinin parlamentlərində tanıda biliblər. Amma biz öz həqiqətlərimizi dünyaya lazımınca çatdıra bilmirik. Bunun əsas səbəblərindən biri sıx birgə fəaliyyətimizin olmamasıdır. Hesab edirəm ki, Avropada yaşayan türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nın, “Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun Bakı Bəyannaməsi”nin müddəalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərin gücləndirilməsi, Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının fəaliyyətinin səmərəliliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülsə, bu sahədə çox işlər görə bilərik.
Yeri gəlmişkən, mən “Türkdilli xalqların diasporları” adlı kitabımda türk diasporlarının formalaşması tarixini və müasir fəaliyyətini qeyd etmişəm.
- Soydaşlarımız diaspor siyasətinin həyata keçirilməsi işində İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) nə kimi yararlana bilirlər?
- Məlumdur ki, Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində İKT-nin xüsusi rolu var. Son zamanlar isə Azərbaycan diasporuna məxsus sayt, elektron poçt, “Facebook” ünvanlarının sayının durmadan artması sevindirici hal olmaqla yanaşı, Azərbaycan barədə real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına böyük təkan verib. İnanırıq ki, belə saytların sayı artdıqca və xaricdə yaşayan azərbaycanlıların İKT-dən istifadəsiyə geniş yer verdikcə bizə düşmən olan qüvvələrin neytrallaşdırılmasına və məğlub edilməsinə nail olmaq olar. Lakin bu məlumatlar mütləq müxtəlif dillərdə olmalıdır. Azərbaycanda nəşr edilən kitabların tərcüməsi fəaliyyəti genişlənsə, dünyaya həqiqətləri tez çatdıra bilərik. Əlbəttə ki, digər saytların yaradılması, dünya azərbaycanlılarının müxtəlif qrupları arasında onlayn forum və konfransların (gənclər, alimlər, yazıçılar və s.) keçirilməsi də məqsədəuyğun olardı. Fikrimizcə, dünya azərbaycanlılarının milli-mənəvi sərvətlərə çıxışının daha da yaxşılaşdırılması baxımından internet-televiziyanın yaradılması aktual layihələr sırasındadır. Belə ki, bu layihə çərçivəsində milli musiqi, kino, teatr və s. incilərini özündə toplayan yeni televiziya texnologiyası heç bir məkan və zaman məhdudiyyəti olmadan Yer kürəsinin istənilən ölkələrində yaşayan hər bir azərbaycanlının xidmətində ola bilər.
-Azərbaycan diasporunun çap və elektron mediasının fəaliyyətini necə şərh edərdiniz?
- Bu gün bu sahədə işlər görülür, fərdi şəkildə yaxud təşkilat formasında nəsə edilir. Bu xəbərlər bizi sevindirir, lakin yenə də kortəbilik hiss edilir. Hesab edirəm Diasporla İş üzrə Dövlət Komitəsi nəzdində bir Diaspor-media mərkəzi yaradılsa böyük işlər görmək olar. Mütləq, məlumat bolluğu etmək lazımdır. Azərbaycanda nəşr edilən kitabların kağız üzərində deyil, internet səhifələrində olması zəruridir.
-Diasporumuzun daha da həmrəyləşməsi üçün nələr edilməlidir?
-Həmrəy olmaq eyni olmaq demək deyil. Həmrəy olmaq vətənimiz, dövlətimiz üçün birgə çalışmaqdır. İstər iqtidaryönlü, istərsə də müxalifyönlü olun, istər liberal, idealist olun, istərsə də konservativ, realist. İstər kosmopolit olun, istər millətçi, amma əgər bu dövlətin vətəndaşıyıqsa, bu dövlətin varlığı, əzəməti, ucalığı üçün həmrəy olmaq hər bir kəsin içindən doğmalıdır. Məlumdur ki, ümumi dövlətçilik mənafeyi uğrunda birləşmək, həmrəy olmaq, harada yaşamasından asılı olmayaraq öz vətəninin təəssübkeşinə çevrilmək bacarığı millətin və dövlətin qüdrətindən xəbər verir. Müasir qloballaşma və inteqrasiyalar bu milli birliyi əsas zərurətlərdən biri kimi ortaya qoyur. Bax, bunu da nəzərə alaraq həmrəy olmaq hər bir kəsin borcudur.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info