“Erməni diasporunun 50 ilə qazandığına bir neçə ilə nail olacağıq”
Tarix: 29.12.2013 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Vüsal Hüseynov: “Xaricdə təhsil alacaq gənclərə məsləhətim odur ki, əcnəbilərlə dostluq yaratmağı bacarsınlar”

“Prezidentin metallurgiya ilə bağlı verdiyi sərəncamdan sonra, 5-6 ilə metallurgiya qənaətbəxş səviyyəyə çatacaq”

Parisdə təhsil alan Vüsal Hüseynovun “Palitra”ya müsahibəsinin davamını təqdim edirik:
(əvvəli ötən sayımızda)


- Bəs, Fransa Parlamentində sizinlə bağlı baş verən məlum hadisənin nəticələri necə oldu? Ümumiyyətlə, bir qədər də bu hadisənin başvermə səbəbləri barədə danışardınız.

- Biz ,bu tədbirə gedəndə bunun sivil debat olacağını düşünürdük. Tədbir açıq şəkildə təşkil olunmuşdu və burada, nəinki azərbaycanlılar, istənilən şəxs müraciət edib iştirak edə bilərdi. Tədbirin adı isə belə idi- “1988-ci il Sumqayıt hadisələri və 25 il sonra Qarabağ perspektivləri”. Tədbirdə oturandan sonra gördük ki, bu, debat yox, sadəcə yanlış təbliğatlar aparan bir tədbirdir. “Erməni davası”nın təşkil etdiyi tədbir olan bu yığıncaqda məlum oldu ki, burada nə Sumqayıtdan, nə də Qarabağ perspektivlərindən söhbət getmir. Sadəcə olaraq, burada sırf Azərbaycan dövlətinin və hakimiyyətinin antitəbliğatı aparılır. Sözsüz ki, bunlar da çıxışlara alqışlarla cavab verirdilər, bizim isə etirazımız olduğu üçün bunu əl çalmamaqla göstərirdik. Nə kimisə təhqir edirdik, nə də onların tədbirini pozurduq. Biz, sadəcə sivil qaydada etirazımızı bildirdik. Zalda toplaşanlar müəyyən vaxtdan sonra başa düşdülər və dəqiqləşdirdilər ki, burada iki azərbaycanlı şəxs əyləşib. Bundan sonra bütün diqqəti bizə yönəltdilər. Hətta, həmin tədbiri işıqlandırmaq üçün gələn fotoqraflar, yalnız bizi çəkir, sanki diqqəti bizə yönəldirdilər. 4 çıxışdan sonra tədbirin əvvəli və ya axırı olmasına baxmayaraq, qəfil Sumqayıt soyqırımı adı ilə bir dəqiqəlik sükut verildi. Biz də bu deyilənlərə və yalançı Sumqayıt qırğının soyqırımı olmasına etiraz olaraq onlar kimi ayağa qalxmadıq. Biz ayağa qalxsaydıq, millətimiz barədə deyilən vandalizm və s. barədə uydurulmuş iftiralarla razı olmuş olardıq. Buna öz etirazımızı bu formada göstərdik. Qısası, biz ayağa qalxmayanda, etirazımızı bildirəndə bizə təzyiq göstərməyə başladılar və zal üstümüzə çığırmağa başladı ki, “ayağa qalxın”. Onda biz ayağa qalxdıq və yanımda əyləşən “Azərbaycan evi”nin rəhbəri Mirvari xanım söylədi ki, “bu ayağa qalxmağımız Xocalıda ölən şəhidlərimizi anmaq üçündür”. Həmin tədbir də bildiyiniz kimi, 26 fevralda təşkil olunmuşdu. Bu ifadələrdən sonra, onlar Mirvari xanımı vurmaq istədilər və sözsüz ki, buna icazə verə bilməzdim. Bu zərbələrin qarşısına keçərək özümüzü müdafiə etməyə çalışdım. Zalda 150-yə yaxın adam var idisə, onların 50-60 nəfəri üstümüzə gəldi. Zaldan çıxandan sonra yenə bizi tapıb fiziki təzyiqlər göstərdilər. Parlamentin içində azmışdıq və elə oldu ki, qayıdıb həmin məkana gəldik. Bayaq dava olanda onların əlindən ciddi xəsarət almadan qurtula bilmişdik. Amma ikinci dəfə üz-üzə gələndə onlar bundan yararlanmağa çalışdılar və erməni xisləti burada da özünü göstərdi. Döndüm və Mirvari xanıma səsləndim ki, qaçsın. Zərbələr endirdilər, belə bir xoşagəlməz hal yaşandı. Çox təəssüf ki, işi araşdıran fransız prokuror buna xitam verdi. Əsas da onu gətirdi ki, onda tutarlı faktlar olmadı ki, belə bir hadisə həqiqətən olub. Biz də indi apelyasiya şikayəti vermişik ki, yenidən bu iş açılsın. Hələ ki, bu, araşdırma mərhləsindədir.
- Bu olaydan sonra oxşar hadisə ilə yenidən rastlaşmamısınız ki? Çünki ən aqressiv ermənilər Fransa və ABŞ-da məskunlaşıblar. Belə olaylar olanda onların çirkin əməlləri sıralanmağa başlayır.
- Fransa və ABŞ-da ermənilər çox böyük şəbəkə qurublar. Bu isə çox dərinə gedir. İstənilən bir idarədə müəyyən söz sahibi olan fiqurlara birbaşa və ya dolayısı yollar tapa bilirlər. Fransada 500 minə yaxın erməni yaşayır. Yəni, bu çox böyük rəqəmdir. Bildiyimə görə, burada təxminən 7 minə yaxın da azərbaycanlı var ki, müqayisə aparsaq, böyük fərqi görərik. Amma güc kəmiyyətdə deyil, keyfiyyətdədir. Hələ ki, onlar kəmiyyətlə yanaşı keyfiyyətlərini də saxlaya biliblər. Bunun səbəbləri var. Adi bir misal çəkim. Fransada tələbə şəhərciyi var ki, orada binalar ölkələrin adlarını daşıyır. ABŞ, Kanada, Argentina evi və s. Bu binalardan biri də erməni evi adlanır. Qeyd etsəm ki, burada hətta, Rusiya və Türkiyə evi yoxdur, amma erməni evi var, indi ermənilərə olan rəğbətin nə qədər böyük olduğunu təsəvvür edə bilərsiniz. Bu ev, hətta keçmiş sovet dönəmindən əvvəl də tikilib və bu illər ərzində hər zaman özlərinin uydurduqları “həqiqətləri” təbliğ ediblər. Qısası, onların çox dərinə getmiş təbliğat mexanizmləri var. Düşünürəm ki, biz bu templə işlərimizi davam etdirsək, 7-8 ilə onların 50 ilə etdiklərini edə bilərik. Qüvvələrimizi də bərabərləşdirə bilərik.
- Fransızların türklərə və azərbaycanlılara olan soyuq münasibəti haqqında danışdınız. Bir qədər də onların mədəniyyəti, Fransada yaşayış səviyyəsi barədə söhbət açardınız.
- Açığı deyim ki, indiyə kimi mənə rast gəlmiş fransızlar şəxsən mənə qarşı çox yaxşı rəftarda olublar və həmçinin, çalışdığım yerdə yaxşı münasibət sərgiləyiblər. Yəni, buradakı alimlərlə əvvəldən də tanış idim. Bura gələndə baxmayaraq ki, fransız dilini bilmirdim, mənə qayğı göstərildi. Hər hansı bir ölkədə, o ölkənin dilini bilmədən fəaliyyət göstərmək çox çətindir. Mən, Parisdə oxuyuram deyə, bura haqqında danışmaq istərdim. Paris çoxmillətliliyi ilə seçilir. Türklər, ərəblər,çinlilər, qafqazlılar, ruslar, Şimali və Qərbi Afrikadan olan millətlərin çoxu burada üstünlük təşkil edirlər. Xarici ölkələrdən gələn tələbələrin sayına görə, Paris dünyada birinci yerdədir. Mən onların tolerant olduqlarının da şahidi olmuşam. Ola bilsin kimisə, hansısa millətin nümayəndəsini bəyənməsinlər, amma gülə-gülə yola verirlər. Azərbaycanlı olduğuma görə fransızlarla gözəçarpacaq problem yaşamamışam.
- Tələbə axınına görə Parisin birinci yerdə olduğunu dediniz. Bundan yararlanıb əcnəbi tələbələr arasında Azərbaycanla bağlı təbliğatlar aparırsınızmı?
- Öncə onu deyim ki, Parisdə universitetlərin həm adları olur, həm də nömrələnirlər. Oxuduğum universitet Paris 6 adlanır. Amma adı Pyer Mari və Pyer Kürinin adına olan universitetdir. Çox adam isə bura sadəcə Paris 6 deyir. Parisdə 13-ə qədər nömrələnmiş universitet var. Paris 6, ən böyük universitet sayılır və 30 mindən çox gənc burada təhsil alır. Və onu da qeyd edim ki, Paris 6 ilə Azərbaycan Texniki Universiteti arasinda tələbə mübadiləsi haqqında qarşılıqlı razılaşma imzalanıb. Tələbələr arasında təbliğata gəldikdə isə istərdim ki, bu işdə aktivlik olsun. Amma hər bir tələbə ilə fərdi şəkildə də söhbətlər aparmaq olmur. Rəhbəri olduğum təşkilatdan istifadə edib bu istiqamətdə də işlər görmək istəyirəm. Planda bir sıra məsələlər var ki, reallaşsa, uğurlu olacaq. Buradan Fransaya gedəndə ən böyük arzularımdan biri də o idi ki, Azərbaycanı və azərbaycanlıları layiq olduqları səviyyədə təmsil edim. Bacardığım qədər də çalışıram ki, bunun öhdəsindən gələm. Parlamentdə olmuş məlum hadisələrdə də hər şey bizim şəhidlərimizin ruhuna edilən hörmətsizliyə etirazımızdan başlamışdı.
- Bizim tələbələr bu çoxmillətli şəhərdə aktivliyi ilə seçilə bilirlərmi?
- Mən şəxsən istərdim ki, tələbələrimiz vətənpərvər ruhda olsunlar və belə fəaliyyət göstərsinlər. Fransada olanda ərəb, fransız olmasından asılı olmayaraq, hər hansı bir insanda əsl azərbaycanlı haqqında müsbət fikirlər oyada bilsən, böyük iş görmüş olarsan. Xaricdə yaşayan milyonlarla azərbaycanlının hər biri iki-üç adam arasında düzgün təbliğat aparsa, görün, nə böyük miqyaslı işlər görmüş olarıq. Gələcəkdə xaricdə təhsil alacaq gənclərə məsləhətim odur ki, xarici ölkə vətəndaşları ilə dostluq yaratmağı bacarsınlar. Dostluq yaratmaq o demək deyil ki, azərbaycanlılar ölkəmiz ilə əlaqəni də kəssinlər. Millətinə bağlı olan insan öz milli keçmişini unutmamalıdır, öz köklərinə bağlı olmalıdır. Bu çox önəmlidir. Belə bir ifadə var ki, “Sən uzun müddət xaricilərlə oturub-duranda azərbaycanlılığını unutmaq dərəcəsinə gəlib çatırsan”. Bu isə arzuolunmazdır. Bizim tələbələrə aktiv olmalarını arzu edərdim.
- Gələcəyin peşəkar mühəndisi kimi Azərbaycanın inkişafını necə dəyərləndirərdiniz?
- Azərbaycanın inkişafı ilə bağlı çox söz demək olar. Bilirsiniz, mənə görə Azərbaycanın qüdrəti və onun inkişafını çoxsaylı faktlarla sadalamaq olar. Onun təbliği isə gənclərin, tələbələrin, diplomatların, diasporun əli çata biləcəyi ölkələrdə təbliğ və tərənnümü ilə ölçülməlidir. Allaha çox şükür ki, bu gün Azərbaycanın “əli çatmayan” bir ölkə yoxdur. Elə bir ölkə, region yoxdur ki, azərbaycanlılar diaspor fəaliyyəti ilə məşğul olmasınlar. Şəxsən bu, məni çox qürurlandırır. Xarici ölkələrdən Azərbaycan qeyri-adi bir ölkə kimi görünür. Mən, 6 ay vətəndə olmadım və Azərbaycana gələndə dəyişikliklərdən şoka düşdüm. Elə bir fikir yarandı ki, sanki mən ölkədə 5 il olmamışam. Azərbaycan 6 aya belə dəyişirsə, görün bir neçə il sonra burada hansı yeniliklər, inkişaf olacaq. Belə bir deyim formalaşıb ki, Azərbaycanın indiki durumu hansısa inkişaf etmiş ölkənin 20 il əvvəlidir. Mənə elə gəlir ki, Azərbaycan bu templə 2-3 ilə istənilən inkişaf etmiş ölkələrlə ayaqlaşa biləcək. Mən materialşünaslıq üzrə biliklərimi genişləndirirəm. Metallurgiya-titan sahəsini öyrənirəm. Prezidentimizin bu yaxınlarda metallurgiya ilə bağlı verdiyi sərəncamı bu sahəyə olan diqqəti daha da artırdı. Dövlət artıq metallurgiyanı prioritet sahələrdən birinə çevirib, bu sahənin sürətlə inkişafı üçün ölkədə hər şey edilir. Gələcəyin bu sahə üzrə alimi kimi bu diqqətdən çox sevinirəm. Sovet sistemi tənəzzülə uğradıqdan sonra, Azərbaycanda bu sahə çox zəifləmişdi. Bu sərəncamdan sonra əminəm ki, 5-6 ilə metallurgiya qənaətbəxş səviyyəyə çatacaq. Bundan sonra da daha bir yeni proqram qurulsa, bu, dünyada rəqabət aparmaq gücünə malik bir kompleks olacaq.
- Bir qədər də, gələcək planlarınız barədə danışardınız.
- Seçdiyim ixtisas üzrə xaricdə təhsil alıb, elmi axtarışlarda olan çox az azərbaycanlı var. İstərdim ki, təhsilimi bitirdikdən sonra biliklərimi gənclərimiz üçün bölüşəm və azərbaycanlı gənclərə müəyyən yol göstərəm ki, xarici ölkələrə-yeniliklər axtarışına çıxa bilsinlər. Azərbaycana qayıdıb burada öz bilik və təcrübələrimi gənclərlə bölüşmək və öyrəndiklərimi xalqımın və dövlətimin inkişafı naminə tətbiq eləmək ən böyük arzum və planımdır. Bu gün onlar şagird və tələbə olsalar da, gələcəkdə bizi xaricdə təmsil edən potensial kadrlar olacaqlar. Bunun üçün onlara həm də istiqamətlər vermək lazımdır. Onlar arasında təbliğatlarımı aparıb, Fransada öyrəndiklərimi bölüşəcəm.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info