“Otellərimiz yerli mütəxəssislərə şans verməlidirlər”
Tarix: 07.01.2014 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Aydan Məmmədova: “Təhsil almaq istəyən hər kəs dövlətin yaratdığı imkanlardan faydalana bilər”

Rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncam uğurla həyata keçirilir. Dövlət Proqramı və eləcə də digər təhsil formaları üzrə demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialının yetişməli olduğunu deyən ölkə başçısı bildirib ki, müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir: “Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs idi və davam edir. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik”. Bu gün həm xaricdə təhsil alan, eləcə də təhsilini başa vurub gənc kadr kimi Vətənə qayıdan gənclərimiz dövlətin onlara yaratdığı bu şəraitdən razılığını bildirirlər. Müsahibimiz Azərbaycan Turizm İnstitutuna daxil olduqdan sonra təhsilini Fransada davam etdirib bakalavr dərəcəsi almış, Portuqaliyada magistr təhsili alaraq gənc kadr kimi Vətənə dönən Aydan Məmmədovadır:
- Mən 1989 tarixində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq məqsədilə imtahanlarda iştirak etdim və 2006-cı ildə 487,5 balla Azərbaycan Turizm İnstitutunun Turizm üzrə menecment fakültəsinə daxil oldum. Səmimi olsam, institut seçimi edərkən əvvəlcədən qərarlaşdırmamışdım, lakin Turizm İnstitutunun yeni açılması və ixtisasın maraqlı olması məni cəlb etdi və qərarıma təsir etdi. Sonra təhsilimi Fransada davam etdirməyimə gəldikdə isə müraciət edən il (2008) yalnız iki ölkə vardı: Fransa və Portuqaliya. Həmin vaxt 4 tələbə təhsil almaq üçün Yunanıstana və 1 nəfər (mən) Fransaya yola düşdük.
- İki xarici ölkədə təhsil almısınız. Bu ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə əlaqələriniz necə idi?
- Fransanın Angers şəhərində oxuyurdum, orada məndən başqa daha iki azərbaycanlı tələbə vardı. Amma uzun illər orada yaşayan azərbaycanlılarla da əlaqəm vardı, sağ olsunlar tez-tez qonaq çağırırdılar, daim dəstək olurdular. Portuqaliyanın Viana do Castelo şəhərində olarkən birinci il 6 tələbə idik, 2-ci il sadəcə 4 tələbə idik. Sayca az olsaq da digər ölkələrin tələbələri ilə münasibətlərimizin çox yaxşı olması bunu hiss elətdirmirdi.
- Azərbaycan hökuməti gənclərə xaricdə təhsil alması üçün imkanlar yaradır. Siz bu gün dövlətin gənclər siyasəti, onlara göstərilən diqqət və qayğı ilə bağlı nə deyərdiniz?
- Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə, reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Bu gün gənclərin təhsil alması üçün ölkəmizdə hər bir şərait yaradılıb. Təhsil almaq istəyən hər bir tələbə istənilən yolla təhsil ala bilər. Önəmli deyilki Dövlət Pproqramıyla təhsil alasan. Əsas odur ki, sən təhsil almaq istəyəsən. Təhsil almaq istəyən hər kəs dövlətin yaratdığı imkanlardan faydalana bilər. Azərbaycanda bir çox təşkilatlar var ki, onlardan da xaricdə təhsillə bağlı geniş məlumatlar almaq olar. Dövlətin yaratdığı bu şəraitdən istifadə etmək lazımdır. Eləcə də maliyyə baxımından Gənclər və İdman Nazirliyinin dəstəyi artıq dövlətimizin qayğısının bir nümunəsidir.
- Siz bakalavr təhsilinizi Fransada davam etdirmisiniz. Orada təhsil almaq ixtisasınızla bağlı hansı yenilikləri öyrənməyə imkan verdi?
- Azərbaycandan fərqli olaraq Fransada dərsləri praktik olaraq keçməyə üstünlük verirdilər. Bizdə tədris mərkəzləri tələbəyə kitabdan öyrədilməsinə üstünlük verildiyi halda, orada öz ixtisasını prosesin özündə birbaşa iştirak edərək öyrətməyə üstünlük verirdilər. Bu da əlbəttə tələbənin daha gözəl və dərindən qavranmasına çox kömək edir. Təhsil aldığım müddətdə böyük qazancım ixtisasımı Avropa prizmasından öyrənmək oldu. Belə olduğu halda rahatlıqla Azərbaycan müqayisə edə bilirdim və bizdə olan üstün və ya çatışmayan cəhətləri asanlıqla görə bilirdim.
- Niyə orada menecment deyil, turizm və otelçilik ixtisasını seçdiniz?
- Mənim ixtisasım məhz turizm üzrə menecmentdi. Dərslərim həm turizmi, həm də menecment ixtisasını əhatə edirdi. Mənim fikrimcə, menecment bir az ümumi sahədir, gələcəkdə gözəl menecer olmaq üçün turizmi hərtərəfli bilmək lazımdır.
- Ümumiyyətlə, ölkələrimiz arasında təhsil sistemində hansı fərqli cəhətləri görürsünüz?
- Əlbəttə ki, fərqli cəhətlər var. Zənnimcə, ən böyük fərq dərs keçmə metodundadır. İstəyərdim ki, gələcək üçün çərçivələrimizi bir az böyüdək. Bir tələbəyə keçirilən dərsdən əlavə, ixtisası üzrə öhdəliklər, layihələr tapşırılsın, tələbələrin öz ideyalarını ortaya qoymağa şərait yaradılsın. Bu da təbii ki, tələbələrimizi daha yaradıcı olmağa meylləndirəcək.
- Ölkəmizdə turizm üzrə menecment ixtisası və bu sahədə gənclərin iş əldə etməsi ilə bağlı imkanlar hansı səviyyədədir?
- Deyə bilmərəm yüksək səviyyədədir, çünki hazırda bir çox otellər bu vəzifə üçün xaricdən mütəxəssis gətirirlər. Amma istəyərdim öz tələbələrimizə, mütəxəssislərimizə bu şansı versinlər. Əminəm bizim bir çox turizm sahəsi üzrə mütəxəssislərimiz heç də xaricilərdən geri qalmırlar.
- Xaricdə diaspor təşkilatlarımız fəaliyyət göstərir. Siz bu təşkilatlarda təmsil olunmusunuzmu, hansısa tədbirlərdə iştirak etmisinizmi?
- ASAİF üzvü olduğum üçün xaricdə təhsil alan tələbələrin yığıncağı olanda mən də iştirak edirdim. Hazırda xaricdəki tələbə yoldaşlarımla da əlbəttə əlaqəm var, amma təyyarə bileti və digər qiymətlərə baxanda gəlmək buraya gəlmək problem yaradır.
- Sonra təhsilinizi Portuqaliyada davam etdirmisiniz. Magistr təhsili üzrə məhz bu ölkəni seçməyinizin səbəbi nə idi?
- Portuqaliyanı rahatlıqla turistik bir ölkə adlandırmaq olar, o baxımından magistr dərəcəmi bu ölkədə davam etdirdiyim üçün çox məmnunam. Tədris müddəti İngiltərə, Avstraliya, Niderland, Amerikadan gələn professorlar mənə dərs keçiblər. Sadəcə orada təhsil almaq bizim tələbələr arasında geniş yayılmayıb.
- Hazırda ölkəmizdə çalışırsınız. Niyə çalışmaq üçün təhsil aldığınız xarici ölkələrdən birini deyil, məhz ölkəmizi seçdiniz?
- Xaricdə yaşamağın müsbət cəhətləri olduğu kimi mənfi cəhətləri də var. Ən böyüyü ailəndən, böyüdüyün doğma şəhərindən uzaq olmaqdir. Baxmayaraq ki, hazırda öz oxuduğum ixtisas üzrə işləməsəm də peşman deyiləm. Xaricdə təhsil mənə çox şeyi qazandırdı. Bu gün xaricdə təhsil alan gənclərin bir qrupu orada çalışır, bir qrupu isə ölkəmizə qayıdır. Tələbələr orda qalsalar da, Vətənə qayıtsalar da hər iki vəziyyətin üstünlükləri var. Xaricdə yaşamaqla bizi təmsil edirlər, Vətənə qayıtmaqla biliklərini bizimlə bölüşürlər. Bu gün beynəlxalq təchizat meneceri kimi çalışıram. Bu sahədə çalışmaq mənim üçün çətinlik yaratmır. Əksinə, işimlə əlaqədar xarici şirkətlərlə əlaqədə oluram. Təhsil müddətində də daima xaricilərlə ünsüyyətdə olmağım, xarici mədəniyyətlə tanış olmağim iş olduqca asanlaşdırır. Gələcək planlarıma gəldikdə isə 7 illik təhsilimdən sonra əldə etdiyim biliyi, ideyalarımı öz işimdə, karyeramda əks etdirməyə çalışacam.

Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info