“Dramaturgiya və ssenari problemi var”
Tarix: 09.01.2014 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Fariz Əhmədov: “Əgər çəkəcəyim filmdə tamaşaçı üçün mövzu ətrafında yeni düşüncələrim olmasa, bu filmin çəkilməsi reallaşa bilməz”

“Bu gün müasir dövr üçün yeni mövzu ətrafında fikirlər formalaşdırmaq lazımdır”

Müsahibimiz AZANFİLM studiyasının direktoru və bədii-rəhbəri, rejissor Fariz Əhmədovdur.
- Fariz müəllim, yenicə ekranlaşdırdığınız “Əriyən ada” filmi qısa müddət ərzində müxtəlif festivallarda böyük tamaşaçı kütləsinin rəğbətini qazanıb. Bu filmin yaranmasına və ərsəyə gəlməsinə əsas səbəb nə oldu?
- “Əriyən ada” filmi Xəzər dənizində yerləşən ən böyük adalardan biri olan “Kürdili” adası haqqındadır. 1981-ci ilə qədər bu ada yarımada olub və hal-hazırda Neftçala sahilindən 18 km məsafədə yerləşir. Söhbət açdığımız adanın Sovet dövründə yarımada olduğu zaman, 3 kəndi, 10 000 -ə yaxın əhalisi və müxtəlif hərbi bazaları var idi.
Dəniz qalxdıqdan sonra, yarımada adaya çevrildi. Əhalinin bir çoxu Neftçala ərazisinə köçməyə başladı və Sovet imperiyası dağıldıqdan sonra hərbi bazalar da götürüldü. Yalnız 4 ailə bu torpaqları tərk edə bilmədi və o zamandan bu günə qədər müasir texnikanın, müasir həyatın, işığın, qazın, internetin olmadığı bir ərazidə təbiət qoynunda dörd ailə yaşayır. Buranın insanları günlük yaşayışlarında balıqçılıqla, maldarlıqla məşğul olurlar. Eyni zamanda çox intellektual insanlardır. Ada əhalisinin əksəriyyəti ali təhsil alıblar. Bu insanlarla ünsiyyətdə olmaq çox maraqlı idi.
Baxmayaraq ki, bu adanı 80-ci illərdə su basanda əhali Neftçala rayonunda telefonla, elektriklə, qazla təchiz olunmuş evlə təmin edildi. Lakin bəhs olunan 4 ailə adanı tərk etmədi. Filmdə də aydın şəkildə göstərildiyi kimi onları adaya bağlayan torpaq sevgisidir. Çünki onlar bu torpaqda doğulub, həyatlarının ən gözəl çağlarını, gənclik illərini burada keçiblər. Ona görə də onlar adanı bu gün də tərk edə bilmirlər.
Ümumiyyətlə, bu filmin yaranması ada və insanlar barəsində məlumatlar eşitdiyimiz zaman reallaşdı. Fikirləşdik ki, niyə də bu haqda film hazırlamayaq. Demək olar ki, bu ada haqqında aidiyyəti qurumların da məlumatı çox azdır. Bir həftə ərzində Kürdili adasında səfərdə olduq. Oranın insanları ilə ünsiyyətdə olduq və film üçün çəkilişlər həyata keçirdik. Şübhəsiz ki, bu film son nəticədə tək ölkəmizin deyil, beynəlxalq festivalların da diqqətini cəlb etdi. Bu film 20-dən artıq festivalda iştirak edib. Bu ilin yay aylarına qədər keçiriləcək müxtəlif festivallara da dəvət alıb.
- “Əriyən ada” filmi bugünkü gündə çəkilən filmlərdən nə ilə fərqlənir?
- Müəllif olaraq bu haqda danışmaq mənim üçün çox çətindir. Filmin qiymətini tamaşaçı verməlidir. Mənim üçün vacib olan isə çalışdığım filmlərdə sənədli mövzuların əsas mahiyyət daşımasıdır. Çünki sənədli mövzu haqqında əksər tamaşaçının məlumatı olmadığı üçün filmin maraq dairəsində olma ehtimalı da yüksək olur.
Digər filmlərdən fərqinə gəldikdə isə deməzdim ki, burada böyük bir fərq var. Ümumiyyətlə, filmin mövzusu ilk növbədə tamaşaçının marağına səbəb olmalıdır ki, tamaşaçı filmi diqqətlə izləsin.
- Yeni çəkilən filmlərdə gənclərin marağına səbəb olan hansı mövzular üstünlük təşkil edir? Müasir, yoxsa klassik mövzular?
- Burada yanaşma əlbəttə ki, fərqlidir. Elə tamaşaçılar var ki, sırf müasir mövzulara üstünlük verir. Lakin müəyyən bir tamaşaçı kütləsi var ki, müxtəlif maraqlara sahib olsalar da, eyni zövq üzərində cəmlənirlər. Tamaşaçı zövqünü hər zaman nəzərdə saxlamaq və düzgün mövzu seçimi rejissorun üzərinə düşür.
Mənim seçimimə gəldikdə isə, hər hansı bir mövzunu işləməzdən əvvəl həmin mövzu haqqında tamaşaçı üçün xüsusi bir fikrim formalaşır. Əgər çəkəcəyim filmdə tamaşaçı üçün mövzu ətrafında yeni düşüncələrim olmasa, bu filmin çəkilməsi reallaşa bilməz.
- Bugünkü gündə çəkilən yeni filmlərin əksəriyyəti tamaşaçı üçün maraq doğurmur. Bəzən də, buna səbəb kinorejissor potensialının zəif olmasını vurğulayırlar. Bu haqda siz nə düşünürsünüz?
- Ümumiyyətlə, bugünkü gündə kino sahəsi üzrə dünyada dramaturgiya və ssenari problemi var. Demək olar ki, hətta dramaturgiyanın özündə belə müəyyən mövzu bazası varsa, o mövzuların hamısına artıq müraciət olunub. Bu gün müasir dövr üçün yeni mövzu ətrafında fikirlər formalaşdırmaq lazımdır. Bu baxımdan bəhs olunan problem həm dünyada, həm də Azərbaycanda mövcuddur.
İstər müəllif, istər ssenarist, istərsə də rejissor hansı mövzuya toxunmaq istəyirsə, ilk növbədə özünə sual verməlidir ki, yaratdığı işlə tamaşaçıya nəyi çatdırmaq istəyir. Mən deməzdim ki, çəkilən yeni filmlərimizin hamısı maraqsızdır. Çünki yetəri qədər çəkilən filmlərin arasında maraqlı mövzular və yeni yanaşma tərzi var. Bu il ərzində bir neçə filmin çəkilməsini nəzərdə tuturuq. Buna baxmayaraq, çəkilən filmlərin hamısı uğurlu alınmır. Bunu dünya praktikasında da görə bilərik. Məsələn, Hindistanda ildə 2000-ə yaxın film çəkilir. Lakin tamaşaçı yeni çəkilən filmlərin arasında 20-30-a yaxın filmi izləyir. Yaxud İranda ildə 300-ə yaxın film çəkilir və onların arasında 10-15 film üzə çıxarılır.
Film rejissorun övladı kimidir. Əgər bir ailədə 5 övlad varsa, bu övladların hamısı yaxşı ola bilmir. Bu baxımdan görülən işə nisbətdə baxmaq lazımdır.
Kino digər sənətlərdən fərqli olaraq kollektiv sənətdir. Ancaq digər sənətlərin yaranmasında yazıçı kağız və qələmi, bəstəkar musiqi aləti, rəssam kətan və palitrası ilə əsər yaradır. Lakin bu sahədə bir nəfərin əməyi ilə iş görülmür. Çünki film tək rejissor işi deyil. Kino həm də sənayedir. Maliyyə sahəsinə bağlı bir işdir. Əlbəttə ki, yaxşı ssenari olmasa, heç bir filmdən söz açıla bilməz. Yaxşı rejissor da olmasa, kino haqda danışılmır. Kinoda həm rəssamın, həm aktyorun, bəstəkarın, ssenaristin, rejissorun yeri başqadır. Çünki bunlar kollektiv şəkildə əl-ələ verib işləməsə, film alınmır. Deməzdim ki, kimin rolu daha çox üstünlük təşkil edir. Əgər film yaxşı alınıbsa, demək kollektivin işi yaxşı alınıb. Film zəif alınıbsa, demək olmaz ki, bu tək rejissorun günahıdır. Bu işdə hər kəsin əməyi zəncirvari olaraq bir-birinə bağlıdır.
- Filmin tamaşaçını cəlb etməsi üçün əsas faktor nədən ibarətdir?
- İnsan filmi izlədiyi zaman görmədiyi, təsəvvür etdiyi, yaşamaq istədiyi həyatı yaşayır. Kino 2 saat, 2 saat yarım gedən həyatdır. Kino hər hansı bir insanın ömründən olan bir parçadır. Kino tamamilə təsəvvür olunaraq çəkilə bilməz. Bunun müəyyən bir hissəsi həyatdan götürülüb. İnsan kinoya aynada özünə baxdığı kimi baxır. Görmədiklərini, eşitmədiklərini, yaşamadıqlarını filmi izlədikləri an yaşayırlar. Tamaşaçını filmə bağlayan əsas fakt bundan ibarətdir. Tamaşaçı istədikcə, kino istehsalı hər zaman olacaq.
- AZANFİLM studiyası bu il hansı yeni filmləri hazırlayacaq?
- Ötən ilin əvvəlindən başlayaraq “Əriyən ada” filmini hazırladıq və ilin sonuna qədər təhvil verdik. Bu il isə uşaqlar üçün Azərbaycanda ilk dəfə olaraq “ Ən güclü kimdir?” adlı 15 dəqiqəlik, çox personajlı, 3D formatlı animasiyalı filmin istehsalı gedir. Filmdə 20-dən artıq personaj var. Bu işimiz, Azərbaycanın film sahəsində ilk olacaq. Çünki bu günə qədər Azərbaycanda çəkilən animasiyalı cizgi filmlərində bu qədər personaj olmayıb. Filmin rejissoru Arif Məhərrəmovdur, quruluşçu rəssam isə Ramil Əliyevdir. İnşallah, mart ayınadək film Mədəniyyət və TurizmNazirliyinə və tamaşaçıların ixtiyarına veriləcək.
Daha sonra bu il uşaqlar üçün növbəti animasiyalı filmin istehsalına başlayacağıq. “Əlifba” adlı çox seriyalı filmdə vizual olaraq kiçik yaşlı uşaqlar əlifbanı istər televiziya ekranlarından aydın, izahlı şəkildə baxıb öyrənəcəklər.
AZANFİLM studiyası ötən il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Bakıda keçirilən Beynəlxalq Turizm Filmləri Festivalının təşkilati dəstəkçisi oldu. Festivalın yenidən bu ilin iyun ayında keçirilməsini düşünürük. Bunlar, 2014-cü il üçün nəzərdə tutduğumuz planlardır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info