“Azərbaycanı təbliğ etmək üçün mütləq hansısa təşkilata üzv olmaq lazım deyil”
Tarix: 10.01.2014 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Etar Hüseynova: “Dövlətin qayğısı biz gənclərə stimul verir ki, Azərbaycanı xaricdə daha yüksək səviyyədə təmsil edək”

Ölkə başçısı tərəfindən gənclərin zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncam uğurla həyata keçirilir. Dövlət Proqramı və eləcə də digər təhsil formaları üzrə demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Müsahibimiz hazırda Almaniyanın Jade Tətbiqi Elmlər Universitetində təhsil alan azərbaycanlı tələbə Etar Hüseynovadır:

- Mən Gürcüstanda anadan olmuşam, lakin sonra Moskvada yaşamışam və 5-ci sinfə kimi orada oxumuşam, sonrakı təhsilimi isə Bakıda davam etdirmişəm. 2010-cu ildə 25 saylı orta məktəbi bitirdim və ali məktəbə daxil olmaq üçün sənədlərimi verdim. Nəhayət, 582 balla Azərbaycan Turizm İnstitutunun(ATİ) Menecment ixtisasına qəbul oldum. Turizm sahəsi mənim üçün həmişə maraq mənbəyi olub, ona görə də ATİ-ni seçməyim təsadüfi deyil. Hazırda Azərbaycan Turizm İnstitutunun 4-cü kurs tələbəsiyəm. ATİ-ni seçdiyimə görə peşman deyiləm, çünki bu ali təhsil ocağında tələbələrə xaricdə təhsil almaq üçün geniş şərait yaradılır. Ümumiyyətlə, ATİ özünün beynəlxalq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. Mədəniyyət və Turizm Nazirliyi və ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilə şərtlərinə əsasən I kursun sonunda IELTS proqramı üzrə 6 baldan yuxarı nəticə göstərən tələbələr 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə etmək imkanı qazanıblar. İki diplom alan tələbələr IMC Universitetinin magistrantı olmaq şansı ilə bərabər dünyanın istənilən ölkəsində işlə təmin olunmaq imkanı əldə edirlər. ATİ eyni zamanda Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” proqramının qaliblərindəndir. Proqram çərcivəsində ATİ Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın on altı ali təhsil müəssisəsi ilə mübadilə proqramı həyata keçirir. Moskva Dövlət Humanitar Universiteti, Almaniyanın Oldenburq Tətbiqi Elmlər Universiteti, Şimali Kipr Girne Amerika Universiteti, Şimali Kipr Doğu Akdeniz Universiteti, ABŞ-ın Havay Universiteti kimi ali təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir. Mən hələ ATİ-də təhsilimi başa vurmamışam. Lakin institunun proqramı əsasında Almaniyanın Jade Tətbiqi Elmlər Universitetində təhsilimi davam etdirirəm.
- ATİ-nin müxtəlif ölkələrin ali təhsil ocaqları ilə əlaqələri var. Necə oldu ki, məhz Almaniyanı seçdiniz?
- Almaniya mükəmməl idarəetmə sistemi ilə yüksək inkişaf etmiş ölkədir. Yenilikçi layihələrə başlamaq və idarə etmək üçün praktiki bacarıqları məhz Almaniyada qazana biləcəyimə görə, mən Jade Tətbiqi Elmlər Universitetini seçdim. Mən tamamilə əminəm ki, Almaniyada faydalı biliklər, təhsillə yanaşı, gələcək işimdə ixtisaslı mütəxəssis olmaq şansı qazanmışam.
- Təhsil aldığınız ixtisasla bağlı hazı rda hansı yeni biliklər əldə etmək imkanı yaranıb?
- Burada bir sıra yeniliklərlə tanış olmaq imkanı əldə edirik. Məsələn, “İdarəetmə” fənnində biz bir çox şirkətlərin idarəetmə strategiyasi ilə tanış olduq. “Beynəlxalq kommunikasiya” dərsində professorlar düzgün kommunikasiya vasitəsi ilə insanlarla və hər hansı bir situasiya ilə neçə idarə etmək olduğunu öyrətdilər. “Layihə menecmenti” dərsində isə biz qrup şəklində işləyirdik, 3 qrup var idi və hər qrupda 4-5 nəfər iştirak edirdi. Hər bir qrup sıfırdan yeni printer (kseroks) maşın şirkəti açırdı. Bizim qrup “STRG+C” adlanırdı və biz 2-ci yer tutduq.
-Ümumiyyətlə, ölkələrimiz arasında təhsil sistemində hansı fərqli cəhətləri görürsünüz?
- Müqayisə etdikdə bir sıra fərqlər görmək olar. Bizdə müəllimlərimizin bir qismi sovet təhsil sistemindən hələ də “çıxmayıblar”. Məsələn, müəllim auditoriyaya daxil olanda tələbələr ayağa qalxmalıdır, müəllimdən icazəsiz ayağa durmaq olmaz, bayıra çıxmaq olmaz, yemək yemək, telefona cavab vermək olmaz, oturanda əlini-ayağını düz qoymalısan və s. Ancaq burada isə bu amillərlə bağlı bir çox fərq var. Eyni zamanda bizdə müəllimlər həmişə tələbəyə kömək eləməyə hazırdır, bir tək konsultasiya saatlarında deyil. Avropa institutlarında isə tələbə ancaq konsultasiya zamanı professora müraciət edə bilər.
-Orada təhsil alan azərbaycanlı tələbələrlə əlaqələriniz necədir?
- Mən ATİ-dən Jade-yə Gülnar Yaqubova adlı bir tələbə qızla gəlmişəm. Vilhelmshavendə bizdən başqa azərbaycanlı tələbələr yoxdur. Ancaq ötən ilin noyabr ayında biz burada Elşən İsmaylovla tanış olduq. O, Berlində yerləşən “Azerbaijan Student Network”-un baş katibdir. Biz onunla Oldenburq şəhərində Frau Gila Altmanın Azərbaycanla bağlı təqdimatında birgə iştirak etdik. Bu da bizim burada yaşayan digər bir soydaşımızla əlaqə qurmağımıza şərait yaratdı.
- Azərbaycanlı tələbə olaraq orada ölkəmizin tanıdılması istiqamətində hansı addımlar atırsınız?
- Hazırda azərbaycanlı gənclər dünyanın müxtəlif ölkələrində təhsil almaqla yanaşı, öz fəaliyyəti ilə seçilir, müxtəlif qurumlarda, təşkilatlarda təmsil olunurlar. Mənim fikrimcə, diaspor fəaliyyəti dedikdə ölkəmiz üçün çalışmaq, ölkəmizi təbliğ etmək istəyiriksə mütləq bir qrumun üzvü olmaq lazım deyil. Bizim gənclər dünyanın istənilən ölkələrində Azərbaycanı layiqincə təmsil edirlər. Gülnar və mən Vilhelmshavendə Jade Universitetinin Beynəlxalq Ofisinin dəstəyi ilə “Azərbaycan axşamı” adlı tədbir təşkil etdik. Orada biz Azərbaycan haqqında təqdimat etdik, videoçarxlar göstərdik və Azərbaycanın milli mətbəxindən nümunələr təqdim etdik. İştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
-Azərbaycan hökuməti gənclərə xaricdə təhsil alması üçün imkanlar yaradır. Siz bu gün dövlətin gənclər siyasəti, onlara göstərilən diqqət və qayğı ilə bağlı nə deyərdiniz?
- Azərbaycan bu gün hərtərəfli inkişaf etmiş ölkələr sırasındadır. Ulu öndər Heydər Əliyev deyib ki, “Uşaqlar bizim gələcəyimizdir!” , “Mən əminəm ki, bugünkü uşaqlar, bugünkü Azərbaycan gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirdirlər”. Bu gün ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərilir. Mən də bu gənclər arasında olduğum üçün çox şadam. Ölkə başçısı bildirib ki, təhsilin keyfiyyəti hüdudları olmayan bir prosesdir: “Biz daim bu məsələni diqqət mərkəzində saxlamalıyıq, xüsusilə müəllimlər və təhsillə məşğul olan məsul şəxslər bu məsələyə daim diqqət yetirməliyik. Çünki artıq dəfələrlə bu ifadə işlədilib ki, təhsil hər bir ölkənin gələcəyini təmin edir”. Bu qayğı və diqqət biz gənclərə stimul verir ki, Azərbaycanı xaricdə daha yüksək səviyyədə təmsil edək.
- Gələcəkdə təhsilinizi davam etdirmək niyyətiniz və ümumiyyətlə, gələcək planlarınızla bağlı nə deyərdiniz?
- Təhsilimi Almaniya, Avstriya və yaxud İngiltərədə davam etdirmək istərdim. Xaricdə aldığım təhsili və öyrəndiklərimi Azərbaycanda təbliğ etmək istərdim.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info