Qəbələdə qədim kitablar və maddi-mədəniyyət nümunələri sərgilənir
Tarix: 14.01.2014 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Layihə çərçivəsində budəfəki yazımız Qəbələ ilə bağlıdır. Daha doğrusu Ruslan Məmmədovun turistlərin ən çox səfər etdiyi Qəbələnin Duruca kəndindəki şəxsi evində açdığı muzey və kitabxana ilə bağlıdır. Ruslan Məmmədov bildirir ki, o, şəxsi kitabxanasına 2100-ə yaxın qədim əlyazma, müxtəlif əsrlərdə çap olunmuş nadir nüsxəli kitablar və müasir ədəbiyyat nümunələri toplayıb. Onun qoruyub saxladığı əlyazmalar arasında ən qədim kitabın 725 yaşı var. Ərəbcə olan həmin əlyazma kitab “Qurani-Kərim”in təfsiridir. Kitabxanada saxlanılan Əssar Təbrizinin “Mehr və Müştəri” əlyazmasının 420, İmam Birqivinin “Risaləsinin şərhi” əlyazmasının 290, S.Ə.Şirvaninin “İbtidai qəzəliyyat” kitabının isə 100 yaşı var. “Mehr və müştəri” kitabının qədim və nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistanın kitabxanalarında mühafizə edilir. Ölkəmizdə bu kitabın cəmi 4 nüsxəsi mövcuddur ki, onlardan 3-ü Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, biri isə Ruslan Məmmədovun şəxsi kitabxanasındadır.

310 yaşlı səkkizguşəli kitab

Ruslan Məmmədovun mühafizə etdiyi ən kiçik ölçülü “Qurani-Kərim” kitabının uzunluğu 4, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazma kitabın 310 yaşı vardır. Ruslan Məmmədov şəxsi kitabxanasında, ümumilikdə, 300-dən artıq nadir əlyazma saxlayır. O, qədim kitabları toplamaqla yanaşı, onları bərpa edərək ömrünü uzadır. R.Məmmədov öz evində kitabların üzünü yenidən cildləyir, səhifələrini müxtəlif üsullarla bərpa edir. O, müxtəlif sahələrə aid kitablarla yanaşı, qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplamaqla məşğuldur. Həmin kağız pullar arasında 1920-ci ildə hazırlanmış Azərbaycan Xalq Cümhuriyyətinin milli pulu olan 500 manat və Nadir şahın əmri ilə hazırlanan əsginazlar diqqəti çəkir. O, bu günədək 200-ə yaxın belə qədim əşya və əsginaz topladığını bildirmişdir. Ruslan Məmmədov qədim kitabları, əsginaz və məişət əşyalarını müxtəlif rayonlarda yaşayan insanlardan toplayıb. Ruslan Məmmədov Azərbaycan xalqının qədim mədəniyyətinin, tarixinin, ədəbiyyatının, dini inancının, sənətkarlıq bacarığının necə yüksək olduğunu yerli və xarici turistlərə təqdim etmək məqsədilə Qəbələ rayonunda, Dəmiraparan çayının sahilində yerləşən Duruca kəndindəki şəxsi evində bu muzey və kitabxananı yaratdığını bildirib. Onun evi Qəbələ şəhərinin şimalında inşa edilən “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin yanında yerləşir ki, bu da gələcəkdə həmin əraziyə gələn turistlərin Ruslan Məmmədovun qoruyub saxladığı qədim maddi mədəniyyət nümunələri və kitablarla yaxından tanış olmasına imkan yaradacaq. Şəxsi kitabxanasını və muzeyini daha da zənginləşdirəcəyini bildirən Ruslan Məmmədov onun kitab və eksponatları ilə tanış olmaq istəyənlərə həmişə şərait yaratdığını deyib. Qeyd edək ki, son illər iqtisadi inkişaf templərinə görə dünyada ön sırada olan Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir. İqtisadiyyatımızın neft amilindən asılılığının azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı indi bir çox sahələrin tərəqqisi ilə müşayiət olunur. Prezident bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Qəbələdəki “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi bu sırada mühüm yer tutur. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb olunub və bölgələrimizdə irimiqyaslı turizm layihələri icra edilir. Genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, son bir neçə ildə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlib, ölkədə çoxsaylı beşulduzlu otellər istifadəyə verilib. “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi də ölkəmizdə turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir. Son iki ildə inşası sürətlə davam edən “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi də ölkəmizdə turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir. Belə obyektlərin tikintisi turist axınını gücləndirməklə yanaşı mədəni dəyərlərimizin də təbliğində mühüm əhəmiyyət kəsb edir. Qəbələyə təşrif buyuran turistlər bölgədə yerləşən mədəniyyət abidələri ilə tanış olaraq Azərbaycanın zəngin mədəniyyət nümunələrinin şahidi olurlar.

Qədim el oyunlarını yaşadan folklor qrupları

Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, rayonda fəaliyyət göstərən "Zopu-zopu" folklor rəqs ansamblı, "Bulaq başı", "Gülbuta", "Gülüstan" folklor qrupları yerli və beynəlxalq tədbirlərdə iştirak edir, mükafatlar qazanırlar. 1980-ci ildə Bum qəsəbəsinin mədəniyyət evində fəaliyyətə başlayan "Zopu-zopu" etnoqrafik folklor rəqs ansamblı xalq oyunlarını, deyimləri və musiqini özündə birləşdirir. Ansambla 1989-cu ildə xalq kollektivi adı verilib. Ölkəmizin müstəqilliyinin ilk illərində ansambl bir müddət fəaliyyətsiz qalıb. Folklor rəqs qrupunun bədii rəhbəri Səxavət Abılov bu ansamblın 10 il əvvəl yenidən fəaliyyətə başlamasına nail olduğunu bildirib. Səxavət Abılov deyib ki, rəqsləri və ifa edilən xalq oyunlarını özü ssenariləşdirir. O, kəndləri gəzərək yaşlı insanların yaddaşında qalan qədim el oyunlarını yığıb toplamaqla məşğul olur. Folklor qrupu milli bayramlarda, dövlət tədbirlərində iştirak edir, hər tədbirə uyğun bir proqram hazırlanaraq təqdim edilir. Bədii rəhbər bildirib ki, ansambl bu günədək Rusiyada, Fransada, Türkiyədə keçirilən bir çox beynəlxalq festival və müsabiqələrdə diplom və fəxri fərmanlara layiq görülüb. Ansamblın repertuarına “Zopu-zopu” oyunu-zəncirvarı hərəkət, leyqala, ənzəli oyunu, üçlü fırlanma və iti rəqslər, "Dəvə oyunu" -yallının gedişi, uşaq oyunu, nehrə oyunu, sümüklə oyun, odla oyun, "Çobanlar" rəqsi və igidlərin iti hərəkəti, "İgidlər rəqsi" - meyxana ritmləri, rəqsin gedişi, çomaqla vuruş, "Xanım gəldi" rəqsin girişi, xanəndə oxuması və xanımın rəqs etməsi, nəlbəki ilə rəqs, "Üç oğlan və bir qızın məzəli etnoqrafik rəqsi" daxildir. Hazırda 13 könüllü üzvü olan ansambl Qəbələ Mədəniyyət Mərkəzində fəaliyyət göstərir və rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə, eləcə də paytaxtda keçirilən mərasimlərdə fəal iştirak edir. Rayon Mədəniyyət və Turizm Şöbəsindən onu da bildiriblər ki, 2001-ci ildən Nic qəsəbəsinin Mədəniyyət evində fəaliyyət göstərən "Cəngi" folklor ansamblı Bakı şəhərində keçirilən "Azərbaycan doğma diyar" festivalının, milli azlıqların bədii özfəaliyyət kollektivlərinin respublika festivalının mükafatlarını qazanıb. Ansamblın repertuarına "Cəngi", "Tərəkəmə", "Heyvagülü", "Kəndimiz", "Qoçəli", "Vağzalı", "Mirzəyi" rəqsləri daxildir. 2010-cu ildən Hacallı kənd mədəniyyət evində fəaliyyət göstərən "Gülüstan" folklor qrupunun 9 qadın üzvü var. Qəbələdə fəaliyyət göstərən "Bulaq başı", "Gülbuta" folklor qrupu da ümumrayon tədbirlərində müntəzəm iştirak edir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info