Bakı sakinləri istədikləri “ASAN xidmət” mərkəzinə müraciət edə biləcəklər
Tarix: 15.01.2014 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısını toxunduğu məsələlərdən biri də “ASAN xidmət”in fəaliyyəti ilə bağlı idi.
“ASAN xidmət”in Azərbaycan məhsulu olduğunu deyən ölkə başçısı onun Azərbaycanın ixtirası, Azərbaycan brendi olduğunu bildirib: “Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət edib. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. “ASAN xidmət”də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt şəhərlərində mərkəzlər vardır və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş “ASAN xidmət” mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır”. Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacağını deyən ölkə başçısı bu mübarizənin gözəl nəticələri olduğunu, kompleks tədbirlər görüldüyünü və keçən ilin əvvəlində “ASAN xidmət”in fəaliyyətə başlamasının bu sahədə böyük bir dönüş yaratdığını, bir yenilik gətirdiyini bildirib.

Ötən 1 il ərzində “ASAN xidmət” mərkəzlərində 959 min vətəndaşın müraciətinə baxılıb

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin rəhbəri İnam Kərimov ötən ilin hesabatı ilə əlaqədar mətbuat konfransı keçirdi. İ.Kərimov bildirdi ki, Prezident İlham Əliyev Nazirlər kabinetinin iclasında “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə toxunaraq müvafiq tapşırıqlar qoyub və “ASAN xidmət” üçün vəzifələr müəyyən edib: “Ölkə Prezidenti tərəfindən verilən qiymət və dəyər bizim məsuliyyətimizi daha da artırır, qarşımızda əlavə vəzifələr müəyyən edir”.
İ.Kərimov bildirdi ki, ötən 1 il ərzində “ASAN xidmət” mərkəzlərinə 959 min vətəndaşın müraciətinə baxılıb. Bu müddət ərzində 90%-ə yaxın vətəndaşın müraciəti təmin edilib. O qeyd etdi ki, 1 saylı “ASAN xidmət” mərkəzi daha əvvəl yarandığı üçün müraciətlərin böyük əksəriyyəti onlara daxil olub. İ. Kərimovun sözlərinə görə, 1 saylı “ASAN xidmət” mərkəzi ötən il ərzində 340 min, Sumqayıt “ASAN xidmət” mərkəzinə 204 min, 2 saylı “ASAN xidmət” mərkəzinə 250 min, 3 saylı “ASAN xidmət” mərkəzinə 92 min, Gəncə “ASAN xidmət” mərkəzində 14 min müraciətə baxılıb: “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində təməl prinsiplər mövcuddur ki, burada da xidmətin operativliyi, rahatlılıq, şəffaflığın təmin edilməsi, etik davranış qaydalarına əməl edilməsi daxildir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti dövlət agentliyi tərəfindən tənzimlənir. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin əsas vəzifələrindən biri də “ASAN xidmət” mərkəzlərinin təşkili, o cümlədən xidmətlərin elektron formalarının təşkilidir”.
İ.Kərimov qeyd etdi ki, ilkin olaraq ötən il yanvarın 15-də 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, 2013-cü il ərzində digər 4 “ASAN xidmət” mərkəzləri də istifadəyə verilib: “Belə ki, 15 may tarixində Sumqayıt “ASAN xidmət” mərkəzi, 3 iyun tarixdə 2 saylı “ASAN xidmət” mərkəzi, sentyabr ayında Yasamal 3 saylı “ASAN xidmət” mərkəzi, 24 dekabrda isə Gəncə “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Bu günə kimi artıq 5 “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 9 dövlət orqanı tərəfindən 25 sahə üzrə xidmət göstərilir. “ASAN xidmət” mərkəzlərində xidmətlərin və agentliyin əsas vəzifəsi orqanlar tərəfindən göstərilən xidmətləri təşkil etmək, onun çatdırılması asanlaşdırmaq, operativlik, şəffaflığı təmin etməkdir”.

Səyyar avtobuslar Bakıda da
vətəndaşlara xidmət göstərəcək


İnam Kərimov bildirdi ki, fevralın 1-dən ilk dəfə olaraq “ASAN xidmət”in səyyar avtobusları Bakıda da vətəndaşlara xidmət göstərməyə başlayacaq. O, qeyd etdi ki, vətəndaşlar mərkəzlərə gəlmədən səyyar avtobuslardakı xidmətlərdən yararlana biləcəklər. Onun sözlərinə görə, “ASAN xidmət”in səyyar avtobuslarında xidmətlər qanunvericiliyə uyğun olaraq pullu olacaq. İ.Kərimov bildirdi ki, yalnız hərəkəti məhdud olan əlillər və sağlamlığı məhdud uşaqlara bu xidmətlərdən tam pulsuz olaraq istifadə edəcəklər. İ.Kərimov onu da vurğuladı ki, 2014-cü ildə ilk növbədə “ASAN xidmət” mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur: “Bu il regionlarda 4-5 mərkəzin açılması nəzərdə tutulub. Bu ilin mart ayında Sabunçu rayonunda 4 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Bundan sonra əhali üçün yaşayış limiti aradan qaldırılacaq və qeydiyyat yerindən asılı olmayaraq Bakı sakinləri, Sumqayıt və Abşeron da daxil olmaqla istədikləri “ASAN xidmət” mərkəzlərinə müraciət edə biləcəklər. Mart ayından etibarən bölgələrdə də yenidən səyyar avtobuslar fəaliyyətə başlayacaq”. Agentliyin sədri qeyd edib ki, bəzən vətəndaşlar hər hansı bir sənədi almaq üçün bir ay və ya müəyyən bir müddət gözləməli olurlar. Amma “ASAN xidmət” mərkəzlərində bu məsələlər 1 gün və ya 5 dəqiqəyə həll edilir.

Ötən il “ASAN xidmət”in səyyar
avtobusları vasitəsilə 37 rayonun 58 mindən çox vətəndaşının
müraciətinə baxılıb


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyində ötən il ərzində 260 əməkdaş fəaliyyət göstərib. Agentliyin rəhbəri bildirdi ki, bunlara qurumun aparatında və 5 “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşlar daxildir. O, agentlikdə çalışan əməkdaşların orta yaş həddinin 28 olduğunu açıqladı: “Bu da Azərbaycanda gənclər siyasəti sahəsində həyata keçirilən siyasətin təzahürüdür. “ASAN xidmət” mərkəzlərində xidmətlər bilavasitə aidiyyəti dövlət qurumları tərəfindən göstərilir. Digər dövlət qurumlarının isə 412 əməkdaşı “ASAN xidmət” mərkəzlərinə ezam olunublar”.
İ. Kərimov qeyd etdi ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə könüllülər də cəlb olunub. Onların da xidmətlərin göstərilməsində vətəndaşlara yardım etdiklərini söyləyən agentlik sədri vurğulayıb ki, ali təhsil müəssisələrində oxuyan və ali məktəbi yeni bitirmiş gənclərə iş vərdişləri öyrədilir: “Ötən il ərzində 1138 könüllü cəlb edilib. Onlardan 880 nəfəri artıq məzun olub və hazırda 258 könüllü “ASAN xidmət” mərkəzlərində fəaliyyətini davam etdirir. Ötən ilin dekabrında isə “ASAN Könüllülər” Gənclər Təşkilatı təsis edilib”.
“ASAN xidmət” mərkəzlərində yaradılan “Çağrı” məlumat mərkəzlərinə il ərzində 144 326 müraciət daxil olub. “ASAN xidmət”in sosial şəbəkələrdə xüsusi səhifələri mövcuddur və vətəndaşlar bura müraciət edərək cavab ala bilirlər. “ASAN xidmət” mərkəzinin internet ünvanından 110 minə yaxın insan istifadə edir, “Facebook” sosial şəbəkəsi vasitəsilə isə 23986 vətəndaşın müraciətinə cavab verilib. İ. Kərimov bildirdi ki, ötən il “ASAN xidmət”in səyyar avtobusları vasitəsilə də əhaliyə lazımi xidmət göstərilib. Onun sözlərinə görə, 2013-cü ilin iyun ayından etibarən şimal və cənub rayonları üzrə 21 dayanacaq nöqtəsində 37 rayonun 58 603 nəfər vətəndaşının müraciətinə baxılıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info