Şəhriyar Hümbətov: “Ən böyük məqsədim Azərbaycanın turizmini inkişaf etdirməkdir”
Tarix: 16.01.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Almaniyanın Qərb Sahili Tətbiqi Elmlər Universitetində təhsil alan Şəhriyar Hümbətovla müsahibəni təqdim edirik.

- İlk olaraq özünüz haqda ətraflı məlumat verərdiniz.
-Mən 1988-ci il 8 dekabrda Bakıda anadan olmuşam. 1995-2006-cı illərdə Binəqədi rayonu Əsəd Ələsgərov adına 244 saylı orta məktəbi bitirmişəm. Elə 2006-cı ildə də Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Turizm və sosial mədəni xidmət ixtisasına daxil olmuş və 2010-cu ildə də oranı fərqlənmə diplomu ilə bitirmişəm. Universitet illərində turizmdəki biliklərimi daha da mükəmməlləşdirmək üçün Azərbaycan Gənclər Turizm Klubunun (AGTK) (indiki Gənclər Turizm İctimai Birliyi) aktiv üzvünə çevrildim. 2008-ci ildə Amerika Birləşmiş Ştatlarında qonaqpərvərlik sistemində işləmiş və təcrübə keçmişəm. Universiteti bitirdiyim ilin payız aylarında Qatar ərəb dövlətinə qonaqpərvərlik sferasında bir müddət çalışmaq üçün yollandım. Orada bir müddət çalışdıqdan sonra 2011-ci ildə vətənə geri döndüm. Həmin ilin sentyabrında Bakıda təzəcə açılmış Hilton Baku mehmanxanasında “Sommelier” (şərab mütəxəssisi) vəzifəsində işləməyə başladım. Orada da bir ilimi tamamladıqdan sonra 2012-ci ilin oktyabrın 1-i Almaniya torpaqlarına təhsil almaq üçün ayaq basdım. Hal-hazırda Westcoast University of Applied Sciences ali təhsil mərkəzində İnternational Tourism Management (Beynəlxalq Turizmin İdarəolunması) üzrə magistr təhsili alıram.
- Necə oldu ki, təhsil üçün məhz Almaniyanı seçdiniz?
-Mənim üçün xaricdə təhsil almaq həvəsi və istəyi universitet illərindən baş qaldırmışdı. Dünyada elə bir turizm və qonaqpərvərlik üzrə ixtisaslaşmış təhsil ocağı qalmamışdı ki, mən onlar haqda məlumat toplamayım. Amma məni universitet axtararkən qayğılandıran yeganə məsələ ailəmizin maliyyə durumu idi. Çünki turizm üzrə təhsil verən ali məktəblərin ödənişləri Azərbaycanda orta statistikalı ailənin gəlirləri ilə heç cür üst-üstə düşmürdü. Sonda 2011-ci ildə uzun müddət axtarışlardan sonra Almaniyada turizm ixtisası üzrə ingilis dilində ödənişsiz universitet tapmağa nail oldum. Halbuki, fərqli-fərqli ölkələrdə yerləşən universitetlərdən də qəbul məktubları əldə etmişdim. Onlardan biri də Avstraliyada yerləşən James Cook Universiteti idi, hansını ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili” üzrə Dövlət Proqramına müraciət etmişdim. Mən Almaniyada təhsilə artıq başlamışdım ki, Bakıdan xəbər gəldi , “Səni dövlət proqramına qəbul ediblər”. Lakin, əfsuslar olsun ki, artıq gec idi və mən bütün planlarımı Almaniyaya əsasən qurmuşdum.
- Almaniyada fəaliyyət göstərən diasporumuzla əməkdaşlıq edirsinizmi?
- Əfsuslar olsun ki, bu vaxta qədər heç bir əlaqəm olmayıb. Amma Almaniyaya gələrkən məqsədlərimdən biri də təhsillə yanaşı diaspor fəaliyyətində də aktiv iştirak etmək olub.
- Siz, ölkəmizin tarix və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
-Universitetdə və şəhərdə yeganə azərbaycanlı tələbə (2013-cü ildə yeni gələn tələbəni hesab etməsək) mənəm. Bu baxımdan təbliği işlərdə tam aktivlik göstərə bilmirəm. Ancaq universitetin sosial çevrəsində aktiv iştirak etdiyimə görə bir azərbaycanlı kimi almanlarda müsbət təsir oyatmışam.
- Hazırda bu ölkədə gənclərimiz diaspor işlərində aktiv fəaliyyət göstərirlərmi?
- Əslində, Azərbaycan diaspor fəaliyyəti yeni olduğundan onun təşkilatlanmasında müəyyən problemlər olduğu məlumdur. Amma inkişafın olduğu da danılmaz faktdır. Odur ki, aktiv fəaliyyət göstərmələrinə heç bir şübhəm yoxdur, amma əhatə dairələrinin bir az dar olduğunu düşünürəm.
- Almaniyanın turizm sahəsindəki hansı təcrübəsini Azərbaycanda tətbiq etmək mümkündür?
-Almanlar ölkədaxili və ölkəxarici səyahət etməyi çox sevirlər. Turizm infrastruktur baxımından çox yüksək səviyyədədir. Ölkənin ən ucqar yerində yerləşən kiçik bir tarixi və ya təbiət abidəsi belə yüksək səviyyədə qorunur və istər nəqliyyat, istər qidalanma və istərsə də gecələmə baxımından infrastrukturda heç bir problem aşkarlamaq mümkün deyil. İnsanların rahatlığı üçün hər bir şərait yaradılıb və yaradılır. Bu cəhətləri nəzərə alaraq, qeyd etmək istərdim ki, Azərbaycanda tətbiq etmək istədiyim ən məhsuldar alman təcrübəsi, regionlardakı turizm əhəmiyyətli obyektlərin ilkin olaraq infrastrukturunun qurulması və ya mükəmməlləşdirilməsi olardı.
-Ümumiyyətlə, beynəlxalq baxımdan götürdükdə Azərbaycanın turizm potensialı hansı səviyyədədir?
- Ölkəmizdə mövcud olan təbii və tarixi resurslarımız Azərbaycanda turizmin bir sənaye kimi inkişaf etməsinə ən böyük dəstəkdir. Belə ki, öncədən qeyd etdiyim kimi ilkin və ən vacib başlanğıc infrastrukturun qurulması və ya yenilənməsi olmalıdır. Xidmət səviyyəsinə gəldikdə isə görüləcək çox işlərin olduğu açıq-aşkar göz qabağındadır. Turizm sahəsindəki xidmətin səviyyəsi yaxın qonşularımız olan Türkiyə və Gürcüstandan zəif olduğu üçün beynəlxalq baxımdan müqayisə etməyin hələ ki, tez olduğunu vurğulamaq istərdim. Halbuki, mənim fikrimcə, turizm potensialımız bəzi ölkələrdən üstündür, hətta deyərdim ki, bəzi yox, çoxundan.
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı hansısa tədbir keçirdinizmi?
- Bundan öncə da qeyd etdiyim kimi hər hansı bir fəaliyyət göstərmək üçün müəyyən resurslar tələb olunur. Bura həm insan, həm də bir sıra maddi-texniki resurslar aiddir. Əfsuslar olsun ki, yaşadığım şəhərdə yalnız iki azərbaycanlı tələbə olduğumuzu və başqa diaspor təşkilatları ilə əlaqəmizin olmadığını nəzərə alsaq, hər hansı fəaliyyət göstərmək çox çətindir. Amma bununla belə universitetimizin tələbə təşkilatından “Azərbaycan gününün” keçirilməsi üçün tələbimiz olub və növbəti dərs müddətində bu tələbimizin mütləq yerinə yetiriləcəyi barəsində söz veriblər.
- Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
-Şəxsən mən fikirləşirəm ki, hər bir şəxs vəzifəsindən və təhsil səviyyəsindən asılı olmayaraq xaricdə təhsil almağı qarşısına məqsəd qoymalıdırlar. Xalqlar arasında olan fərqli mədəni, sosial, siyasi, iqtisadi və s. baxışlar tələbələrdə yaradıcılıq və mövcud ideyaların vətəndə tətbiqini reallaşdırmaq həvəsi oyadır. Siz bu tendensiyanı alman tələbənin İspaniyada oxuyarkən gördüyü ideyanı alman adət-ənənələrinə uyğun şəkildə remodelləşdirib istifadə olunduğunu görə bilərsiniz və ya əksinə. Bu baxımdan, xaricdə təhsil alan hər bir tələbənin fikri ciddi qəbul edilməli və istər dövlət orqanlarında, istərsə də özəl şirkətlərdə onların ideyaları öyrənilməli və yerli iqtisadiyyata tətbiq edilməli və millətimizin sosial inkişafında böyük rol oynaması üçün şəraitlər yaradılmalıdır. Xaricdə təhsil alan hər bir gənc tarlada torpağa səpilən bir toxumdur. Qışda, qarda, boranda, gündə, küləkdə əkinçi toxumlara diqqətli qayğı göstərdiyi halda biçin vaxtında da gözləmədiyi yüksək məhsul götürəcək. Bu zaman Azərbaycan nəinki Qafqazda, hətta Avropanın özündə belə ən qüdrətli ölkəyə çevriləcək.
- Gələcək üçün hansı planlarınız var ?
-Gələcək üçün planlar bir neçə istiqamətdədir. Təbii ki, öncə şəxsi inkişafın önəmli olduğunu düşünürəm. Bir müddət daha Almaniyada qalıb qazandığım elmi bilikləri praktiki biliklərlə birləşdirməyi düşünürəm. Eyni zamanda bura gələndə olduğu kimi müəyyən diaspor fəaliyyətlərində aktiv iştirak edib, bu sahədə də təcrübə qazanmaqla yanaşı diaspor fəaliyyətimizin genişlənməsinə səy göstərmək də məqsədlərimdən biridir. Ən böyük məqsəd isə Azərbaycanın turizmini inkişaf etdirmək və bacardığım qədəri ilə “istehlakçı davranışı”na bələd olduğum ölkələrin vətəndaşlarını ölkəmizin bu sahədə inkişafına cəlb etməkdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info