“Dirijorluq fakültəsində təhsil alan tələbələrimiz öz sözlərini deyəcəklər”
Tarix: 17.01.2014 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Müsahibimiz M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti, professor Ağaverdi
Paşayevdir:

-Ağaverdi müəllim, getdiyiniz səfərlərdə Azərbaycan mədəniyyətini təmsil edirsiniz. Vətənimizə hansı təəssüratlarla qayıtmısınız?
- Keçən 2013-cü il həm mənim, həm də rəhbərlik etdiyim kollektiv üçün çox uğurlu keçdi. Biz, bir neçə xarici ölkədə Azərbaycan mədəniyyətini təmsil etdik. Bildiyiniz kimi keçən il bütün dünyada Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının 100 illik yubileyi keçirildi. Yubiley çərçivəsində bizim kollektiv bu tədbirlərdə iştirak etdi. TÜRKSOY-un baş katibi Düsen Korabayeviç Kaseinov bizi Qazaxıstana dəvət etdi. Mən, Qazaxıstanın Qaraqanda şəhərinin Xalq Çalğı Alətləri Orkestrına bir neçə gün dirijorluq etdim və onlara “Arşın mal alan” operettasını öyrətdim. Bir müddətdən sonra isə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrından ibarət kiçik bir heyətlə yenidən Qazaxıstana ezam olunduq. Onların orkestrı bizim heyətlə birlikdə “Arşın mal alan” operettasını Qaraqanda şəhərində yüksək səviyyədə tamaşaçılara təqdim etdi. Tamaşada həm Qazaxıstan, həm də Qırğızıstan, Türkiyə və Azərbaycandan gələn solistlər türkdilli ölkələrin aktyorları idi. Bu tamaşa Qazaxıstanın paytaxtı Astana şəhərində də oynanıldı. TÜRKSOY-un yaradılmasının 20 illiyi ilə bağlı yubiley medalı da mənə təqdim edildi.
Daha sonra isə biz 75 nəfərlik heyətlə Fransaya ezam olunduq. Biz, Fransanın paytaxtı Paris və Strasburq şəhərində böyük bir konsert zalında “Arşın mal alan” operettasını beynəlmiləl bir tamaşa kimi ifa etdik. Sözsüz ki, hər tamaşada aktyorlar dəyişirdi.
Dirijorluq fəaliyyətimə gəldikdə isə, ötən il mənim yaradıcılığım üçün çox uğurlu il oldu. TÜRKSOY-un xətti ilə bir çox konsertlərə dəvət aldım. TÜRKSOY-un təşkil etdiyi Fransanın Strasburq şəhərində Azərbaycan ədəbiyyatının dahilərindən biri olan Nizami Gəncəvinin yubileyi ilə bağlı keçirilən möhtəşəm bir tədbirdə kollektivimizlə birgə iştirak etdik.
Daha sonra Qazaxıstana dəvət olundum. Orada Qazaxıstanın Xalq Çalğı Alətləri Orkestrinin solo konsertində dirijorluq etdim. Konsertdə Ü. Hacıbəylinin, Q. Qarayevin, F. Əmirovun əsərləri səsləndi.
Ötən ilin dekabr ayında isə, Sankt-Peterburq şəhərinin Andreyev adına Akademik Rus Xalq Çalğı Alətləri Orkestrinin 125 illik yubileyinə dəvət olundum. Yubiley gecəsində başqa ölkələrdən də dəvət olunan solistlər və dirijorlar iştirak edirdi. Konsert proqramı çox maraqlı təşkil olunmuşdu. Bütün bu konsertlərlə əlaqədar olaraq mən TÜRKSOY-un rəhbərliyinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.
2013-cü il həm mənim rəhbərlik etdiyim Azərbaycan Dövlət XÇA Orkestrinin fəaliyyətində və həmçinin mənim yaradıcılığımda yadda qalan izlər qoydu.
- Sizcə, tədris etdiyiniz fənn gənc ifaçıların musiqi maraqlarına necə təsir göstərir? Gənc ifaçıların potensialına olan baxışlarınız.
- Dirijorluq sənətinin tarixi deyərdim ki, təxminən 200 ilə yaxın bir dövrü əhatə edir. Bu sənət müasir elmdir. Mən deyərdim ki, hər zamanda dirijor yetişmir. Düzdür Azərbaycan Milli Konservatoriyasında Dirijorluq kafedrasında təhsil alan tələbələr ümid verirlər. Lakin hər il, hər an əsl dirijor yetişmir. Bunun üçün həm mühit lazımdır, həm daxili potensial, həm də imkanlar güclü olmalıdır. Artıq 10 ilə yaxın bir dövrdür ki, Azərbaycan Milli Konservatoriyası yaranıb və bu illər ərzində deyərdim ki, 1-2 nəfər yaxşı dirijor burada yetişib. Onlardan biri Rüzbeh Parəndəni deyə bilərəm ki, İran İslam Respublikasının vətəndaşı idi və o burada dirijorluq üzrə təhsil aldı. Mən əminəm ki, o hansı bir ölkədə çıxış etsə, bir dirijor kimi sözünü deyə bilər.
Bugünkü təhsil alan tələbələrimizə gəlincə gərək təhsillə birgə, hər bir insanın özünün yaradıcı potensialı da olmalıdır. Yaxşı dirijor olmaq üçün insanın öz üzərində çalışması vacibdir.
İnanıram ki, bu gün Dirijorluq fakültəsində təhsil alan tələbələrimiz layiqincə öz sözlərini deyəcəklər.
-Musiqi sahəsi üçün yeni orkestr kadrları yetişdirilir?
- Artıq Azərbaycanda orkestr ifaçıları üçün münbit şərait yaradılıb. Çünki istər BMA-da, istərsə də AMK-da təhsil alan ifaçılarımızın gücü ilə XÇA orkestrləri dünyanı fəth edə bilərlər. Mən buna əminəm. Bakı şəhərində iki XÇA Orkestri fəaliyyət göstərir. Ümumilikdə, Azərbaycanda 4 orkestrdan biri Naxçıvan şəhərində, biri Gəncə şəhərində ikisi də Bakıda fəaliyyət göstərir. Orkestrlərə yaradılan şəraitdən isə gənclər könül rahatlığı ilə yararlanırlar. Ali təhsillərini bitirdikdən sonra orkestrlərdə çıxış edirlər. Həm orkestrant kimi, həm də solist kimi iştirak edirlər.
-Bugünkü gündə bəstəkarların yaradıcılığında orkestr üçün əsərlər yer alırmı?
- Çox maraqlı sualdır. Çünki XÇA Orkestri üçün əsər yazmağa hər bəstəkar can atmır. Simfonik orkestr üçünsə əsər yazmaq bəstəkarın peşəsidir. Çünki bəstəkar təhsil aldığı dövrdə simfonik orkestr üçün əsər bəstələməyin yolunu keçir. Baxsaq görərik ki, XÇA orkestrinin partetura təsnifatı simfonik orkestrin parteturasından qat-qat sadədir. Lakin bəstəkarlar nədənsə bu sahə üzrə əsər yazmağa ehtiyat edirlər. Vaxtilə XÇA orkestri üçün S. Rüstəmov, S. Ələsgərov, C. Cahangirov, X. Cəfərov, Q. Hüseynli, Ş. Kərimov kimi böyük bəstəkarlarımız əsərlər yazıblar. Hal-hazırda bizim kollektivlə sıx yaradıcılıq əlaqələri saxlayan D. Dadaşov, O. Kazımov, R. Mirişli kimi görkəmli bəstəkarlarımız bir çox əsərlər yazıb-yaradırlar. Gənc bəstəkarlardan V. Allahverdiyev, C. Allahverdiyev, S. Fərəcov, M. Umudov, C. Abbasovun adlarını fəxrlə çəkə bilərəm ki, bizim kollektiv üçün əsərlər bəstələyirlər.
-Gənc musiqiçilərin marağı ən çox hansı orkestr kollektivinə yönəlir? Simfonik yaxud XÇA Orkestrinə?
- Hər orkestrin özünün öz dəst-xətti var. İncəsənət aləmində hər sənətin öz gözəlliyi var. Xüsusilə də, musiqi sahəsində. İstər tarda, istər qarmonda, istər skripkada, istərsə də pianoda. Çünki orada musiqi var. Bu gün bizim gənclərimiz axın olaraq həm simfonik həm də XÇA Orkestrinə, kamera orkestrinə böyük həvəslə gəlirlər. Bunun özü sevindirici bir haldır ki, gənclər bu sahəyə üstünlük verirlər.
Məsələn, son illər Azərbaycanda muğam müsabiqələri keçirilir. Bu çox gözəl bir haldır. Dövlətin qayğısı, ələlxüsus bizim ölkə başçımızın, Prezidentimizin ciddi nəzarəti və eyni zamanda millət vəkili Mehriban xanımın xüsusi diqqəti nəticəsində son illərdə Azərbaycan muğamlarına, muğam ifaçılığına münasibət daha da yüksəlmişdir. Artıq dünyanın möhtəşəm şəhərlərində muğamımızın səsi-sədası gəlir. İstər Amerikada, istər Fransada, istərsə də İtaliya şəhərlərində. Bu, artıq istər-istəməz ölkələr arası münasibətdə də körpü rolunu oynayır.
-Yeni ildə sənət yolunuzda nələr etmək arzusundasınız?
- 2014-cü ildə Süleyman Ələsgərovun 90 illik yubileyi ilə bağlı tədbirə hazırlaşırıq. Eyni zamanda mart-aprel aylarında professor, Xalq artisti Ramiz Mirişlinin 80, Xalq artisti Şəfiqə Axundovanın 90 illik yubileyinə hazırlaşırıq. İnanıram ki, qarşıda bizim xaricə səfərlərimiz və yeni tədbirlərimiz həyat keçiriləcək.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Masallıda onlayn kino aylığı keçirildi
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyinə poçt markası buraxılıb
30.05.2020
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
28.05.2020
Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya
28.05.2020
“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info