2013-cü il Türkiyə-Azərbaycan strateji əməkdaşlığı üçün əlamətdar olub
Tarix: 17.01.2014 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Hər il yeni transmilli layihələr həyata keçirən və əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Türkiyə və Azərbaycan üçün 2013-cü il xüsusilə əlamətdar olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğanla dostluq və qardaşlıq münasibətləri də digər ölkələrin liderləri üçün örnək ola bilər.
Cənab İlham Əliyevin yenidən xalqımızın etimadını qazanaraq Prezident seçilməsindən sonra, ənənəvi olaraq ilk xarici səfərini Türkiyəyə etməsi və səfər çərçivəsində onun qardaş ölkənin ali mükafatı olan “Dövlət nişanı” ilə təltif olunması, Prezident Abdullah Gülə isə Azərbaycanın ali mükafatı olan “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilin ən əlamətdar hadisəsi və qardaşlığımızın daha bir təzahürüdür.
Prezident İlham Əliyevin ötən il noyabrın 12-13-də Ankaraya səfəri zamanı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında qəbul edilmiş qərarlar, əməkdaşlığımızın perspektivlərini müəyyənləşdirmək baxımından əhəmiyyətli hadisədir. Hazırda, ölkələrimiz arasında 4,2 milyard dollar olan ticarət həcminin 2020-ci ildə 15 milyard dollara çatdırılması kimi yüksək vəzifə də bu səfər zamanı qarşıya qoyulub. Azərbaycanın Türkiyənin cümhuriyyət tarixində 17 milyard dollarla ən böyük sərmayəçi olacağı perspektivi əməkdaşlığımızın yeni səviyyəyə yüksələcəyindən xəbər verir.
Türkiyənin Baş naziri səfər çərçivəsindəki mətbuat konfransında bildirib ki, iki qardaş ölkə arasında həyata keçirilən TANAP, “Şahdəniz”, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, İğdır ilə Naxçıvan arasında dəmir yolu şəbəkəsinin yaradılması ölkələrimizin və bütövlükdə regionun inkişafına xidmət edəcəkdir. Qardaş ölkənin Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə güclü dəstəyinin davam etdiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “Dağlıq Qarabağ münaqişəsi hazırda Azərbaycanın hansı səviyyədə problemidirsə, bizim də o səviyyədə problemimizdir. Bu, bizim üçün Qafqazda sülhün, qardaşlığın, təhlükəsizliyin təmin olunması baxımından çox önəm verdiyimiz bir məsələdir, xarici siyasətimizdə əsas məqsədlərdən biridir. Bu məsələni diqqətdən kənarda saxlamaq mümkün deyil. Bunun tezliklə, sülh və dialoq yolu ilə həll edilməsi üçün Azərbaycana şəksiz dəstəyimiz davam edir”.
Prezident İlham Əliyev də çıxışında buna cavab olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində biz daim Türkiyəyə arxalanırıq, güvənirik. Əminik ki, Türkiyə daim bu məsələdə bizim yanımızda olacaq.
Dövlətimizin başçısı eyni zamanda ölkələrimiz arasında strateji əməkdaşlığın perspektivlərinə toxunaraq deyib: “Gələcəkdə bizi böyük işlər gözləyir. Biz bu işlərə hazırıq. TANAP layihəsinin həyata keçirilməsi Avropanın enerji xəritəsini tamamilə yenidən quracaq. Bu xəritədə Türkiyə və Azərbaycanın rolu xüsusi yer tutacaq. Çünki TANAP layihəsi dünya miqyasında enerji layihələri arasında ən böyük layihələrdən biridir və bunu biz edəcəyik. Bu məsuliyyəti, bu siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan öz üzərinə götürmüşdür. Biz burada da birgə səylərlə liderlik nümayiş etdirdik”.
İlin sonunda elan edilmiş rəqəmlər də sevindiricidir. Belə ki, Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, 2013-cü ildə Azərbaycana 2 milyard 956 milyon dollar həcmində mal və məhsul ixrac edilib. Azərbaycan bu sırada qonşu ölkələr arasında İraqdan sonra ikinci yeri tutub. Ölkəmizlə əməkdaşlığın əhəmiyyətindən bəhs edən Türkiyə Baş nazirinin müavini Əli Babacan bildirib ki, Türkiyənin ən böyük problemi olan büdcə kəsiri TANAP, “Şahdəniz” layihələrinin həyata keçirilməsindən sonra müəyyən qədər həllini tapacaq. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında isə qeyd edilir ki, ötən il Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa dair 30 sənəd imzalanıb.
2013-cü ildə iqtisadi layihələrlə yanaşı, Türkiyə-Azərbaycan əlaqələrinin çoxşaxəli inkişaf dinamikası hərbi və hərbi-texniki əməkdaşlıqda da özünü bariz şəkildə göstərib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı üzvlərinin Bakıya səfərləri, dekabrın 24-25-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Ankarada keçirdiyi görüşlər bu sahədə əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.
Azərbaycan rəsmiləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri həmişə olduğu kimi, 2013-cü ildə də Türkiyədə keçirilən mühüm beynəlxalq tədbirlərdə fəal iştirak ediblər. Aprel ayında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin keçirdiyi Avrasiya İqtisadi Zirvə toplantısı, dekabrda Xəzər Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi Xəzər forumu ölkəmizin iqtisadi-sosial inkişafının təbliği, beynəlxalq nüfuzunun artması istiqamətində mühüm tribuna rolunu oynayıb.
Ötən il Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımının tanıdılması baxımından da Türkiyədə mühüm işlər görülüb. Qardaş ölkədəki diplomatik korpusumuzun səyləri nəticəsində Ankaranın Mamak rayonundakı küçələrdən biri Xocalı küçəsi adlandırılıb, Qızılcahamam və Keçiörən rayonlarında, Uşak və Kayseri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılıb, 20 Yanvar faciəsi və Xocalı soyqırımının ildönümü ilə bağlı qardaş ölkənin bütün şəhərlərdə tədbirlər keçirilib.
Türkiyə ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq getdikcə güclənir. Ölkəmiz 2013-cü il Türk dünyasının mədəniyyət paytaxtı olan Eskişehirdə keçirilən tədbirlərdə, TÜRKSOY xətti ilə təşkil edilən layihələrdə ən fəal iştirakçı olub. İlk “Türkvizyon” mahnı müsabiqəsinin qalibinin azərbaycanlı olması da qürur doğuran digər bir faktdır.
Türkiyənin turizm şirkətləri də ölkəmizdə keçirilən sərgi və konfranslarda fəal iştirak ediblər. Aparıcı türk turizm şirkətləri 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci respublika daxili turizm sərgiləri ilə tanış olub, 2-ci Bakı “Sağlamlıq turizmi və işbirliyi günləri”ndə öz layihələrini təqdim ediblər.
Bütün bunlar 2014-cü ildə Türkiyə-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi üçün zəmin yaradıb. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, TANAP layihəsi və “Star” neft emalı zavodunun tikintisi çərçivəsində işlərin başlanması və digər əlamətdar hadisələr strateji əməkdaşlığa yeni töhfələr olacaq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info