Marzuki Alie: “Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı mövqeyimizdən dönməyəcəyik”
Tarix: 21.01.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


“İndoneziya hökuməti və parlamentinin mövqeyi
Xocalı faciəsi və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ
regionuna qarşı təcavüzü məsələlərində eynidir”


“Palitra” xaricdə təhsil alan öncül gənclərimizin uğurlarını işıqlandırmaqla yanaşı, onların fəaliyyətlərinin də Azərbaycan cəmiyyətinə tanıdılması üçün açıq qapı rolunu oynayır. Əməkdaşlıq etdiyimiz İndoneziyada ali təhsilini davam etdirən Elmar İskəndərov da belə tələbələrimizdəndir. İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti olan Elmar İskəndərov qəzetimiz üçün İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının sədri Marzuki Aliedən müsahibə alıb. Elmar İskəndərovun Marzuki Alie ilə olan söhbətini oxuculara təqdim edirik.

-Cənab Marzuki Alie, sizin Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə daim Azərbaycanı dəstəklədiyinizin bir neçə dəfə şahidi olmuşuq. Açıq və birmənalı şəkildə bildirmisiniz ki, Dağlıq Qarabağ məhz Azərbaycan torpağıdır və Ermənistan tərəfindən işğal olunub. Sizin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırkı mövqeyiniz necədir?
- Hər şeydən öncə qeyd edim ki, İndoneziya milli dəyərlər üzərində qurulmuş suveren dövlətdir. Bu dəyərlərə dünyadakı digər dövlətlərin suverenliyinə hörmət də daxildir.
Mənim mövqeyim, Azərbaycan Respublikası da daxil olmaqla, müstəqil və suveren dövlətin suverenliyini dəstəkləyən və müdafiə edən İndoneziya xalqının mövqeyi ilə eynidir.
Mən, dünya ictimaiyyəti tərəfindən beynəlxalq səviyyədə tanınmış Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyirəm.
Həmçinin, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 822, 853, 874 və 884 saylı dörd qətnaməsini və Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü sərt qınayan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyanın Palembanq şəhərində qəbul edilmiş 15 saylı qətnaməsinə, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqları təşəbbüslərinə əsaslanaraq, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini dəstəkləyirəm.
Ermənistanın Azərbaycana qarşı Dağlıq Qarabağ regionunda təcavüz etməsi problemini sülh yolu ilə həll etmək üçün iki ölkə arasında dialoq təşkil edilməsini, eləcə də bu münaqişəni sona çatdırmaq üçün ikitərəfli, regional və çoxtərəfli səylərin aktivləşdirilməsini, o cümlədən, Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində Azərbaycana dəyən zərərin 300 milyard ABŞ dolları təşkil etməsi və bunun kompensasiya şəklində Azərbaycan tərəfinə ödənilməsini vacib hesab edirəm.
Mən belə fikirdəyəm ki, Dağlıq Qarabağ münaqişəsi dini münaqişə deyil, siyasi məsələlərlə bağlıdır və Ermənistan Azərbaycana qarşı təcavüz maraqları olan xarici dövlətlərdən bu məsələyə müdaxilə və dəstək alıb.
Mənim bugünkü mövqeyim və İndoneziya xalqının da mövqeyi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsaslanaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunun təcavüzünə və işğalına son qoyulmasını və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu və digər ərazilərindən çıxarılmasını tələb edir.
Bu mövqe İndoneziya xalqı və hökuməti tərəfindən qəbul edilmiş dəyərlərə əsaslanır ki, bunların arasında 1945-ci il İndoneziya Respublikası Konstitusiyasının preambulasının 1-ci və 4-cü abzaslarında bütün təcavüz və işğal fəaliyyətlərini pisləyən və buna qarşı çıxan, eləcə də azadlıq, sülh və sosial ədalətə əsaslanan dünya nizamının həyata keçirilməsində iştirak öz əksini tapıb.
Beynəlxalq ictimaiyyətin tərkib hissəsi kimi, İndoneziya xalqı da münaqişənin beynəlxalq qərarlara və müqavilələrə əsaslanan həlli yolunu istəyir, belə qərarlardan biri kimi Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərini dərhal tərk etməsi və bu ərazilərin Azərbaycana bütöv və qeyd-şərtsiz qaytarılmasını tələb edən BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnaməsini göstərir.
Bizim parlament də, Azərbaycanın məruz qaldığı bu təcavüzün sülh yolu ilə həllini istəyən beynəlxalq cəmiyyətin tərkib hissəsi olmağa səylər göstərir. Buna İndoneziyanın Palembanq şəhərində 2012-ci ilin yanvar ayında keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqının Konfransında qəbul edilmiş qətnamələrdən birini göstərmək olar. Qeyd edim ki, həmin vaxt İndoneziya assambleyanın və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin Parlament İttifaqının (Parliamentary Union of OIC Member Countries - PUIC) sədri kimi çıxış edirdi.
Qətnamələrindən birində, dəqiq olaraq isə Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında 15-PE/7 - CONF saylı qətnaməsində, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Ermənistanın nəinki təcili şəkildə BMT-nin qəbul etdiyi qətnamələrə əməl etməsini, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişənin sona çatdırılması üçün edilən bütün diplomatik və digər səyləri alqışladığını bildirdi.
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı həmçinin 21 il əvvəl Azərbaycan Respublikasının Xocalı şəhərində baş vermiş soyqırımı faktının ədalətli və layiqli həlli üçün çağırış etdi.
-XX əsrin ən dəhşətli faciəsi - erməni hərbi birləşmələri tərəfindən azərbaycanlı dinc, mülki əhalinin Xocalı şəhərində vəhşicəsinə, kütləvi şəkildə öldürülməsi ilə nəticələnən Xocalı soyqırımı haqqında nə deyə bilərsiniz?
-Mən, həmçinin Xocalı faciəsini çox böyük diqqət mərkəzində saxlayıram. Ola bilsin ki, 21 il əvvəl Azərbaycanın Xocalı şəhərində baş verən hadisələri çox adam xatırlamır və ya heç xəbəri yoxdur.
Qeyd olunan hadisə 26 fevral 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində Azərbaycanın mülki vətəndaşlarına qarşı işğalçı erməni qüvvələri tərəfindən vəhşicəsinə törədilən qəddar cinayət hadisəsidir.
İnsanlığa qarşı oxşar cinayətlər dünyanın heç bir yerində təkrar olunmamalıdır. Buna görə də biz bu halların qarşısını almalıyıq. Çünki insanlıq əleyhinə cinayət olan Xocalı faciəsi yalnız beynəlxalq hüququn prinsipləri deyil, eyni zamanda insan təfəkkürünə və dinimizin dəyərlərinə qarşı olan cinayətdir.
Azərbaycanın Xocalı şəhərində baş vermiş bu cür dəhşətli faciənin bir daha təkrarlanmaması üçün, Xocalıda insanlığa qarşı cinayətləri vəhşicəsinə törədən şəxslər məsuliyyətə cəlb olunmalı və onlara qarşı məhkəmə və hüquqi proseslər həyata keçirilməlidir.
Mümkün deyil ki, insanlıq əleyhinə törədilmiş bu cür cinayətlər diqqətdən kənar qalsın və bu cinayətləri törədən şəxslər ağır cinayət məsuliyyətinə cəlb olunmasın və heç bir məhkəmə və hüquqi proseslər həyata keçirilməsin. Əgər bu belə olsa, onda 21 il əvvəl Xocalıda baş vermiş faciəvi hadisələr dünya ictimaiyyəti tərəfindən adi hadisələr kimi qəbul ediləcək. Halbuki, yaşlı insanların, qadınlar və körpə uşaqların da daxil olduğu yüzlərlə günahsız mülki əhalinin vəhşicəsinə öldürülməsi ilə törədilən cinayətlər xarakterinə görə dünyada baş vermiş ən ağır cinayətlər sırasına daxildir.
Buna görə də, Azərbaycanın Xocalı şəhərində dəhşətli cinayətləri törədən şəxslərin ali hüquq-mühafizə orqanları tərəfindən insanlıq əleyhinə ağır cinayətlərə dair məsuliyyətə cəlb edilmələri üçün bizim müxtəlif beynəlxalq forumlarda bu məsələni qaldırmağımız vacibdir.
Xocalı şəhərində insanlıq əleyhinə cinayət törədənlərin məsuliyyətə cəlb olunması beynəlxalq aləmdə insan hüquqlarının müdafiəsi və hüquqi proseslər üçün müsbət presedent olacaq. Çünki insanlıq əleyhinə cinayətlər törədən şəxslər törətdikləri cinayətlərə görə beynəlxalq hüquq və beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
21 il əvvəl Xocalı şəhərində baş verən insanlıq əleyhinə törədilmiş faciənin insan hüquqlarının müdafiəsi və müvafiq hüquq-mühafizə səyləri ilə təbliğatı ilə yanaşı, biz, Ermənistan və Azərbaycan arasında münaqişənin ədalətli və sülh yolu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması prinsipinə əsaslanan həlli yolunda səylərimizi daha da gücləndirməliyik.
Ermənistan və Azərbaycan arasında hələ də bitməyən münaqişə hər iki ölkənin vətəndaşlarına və münaqişə ilə əlaqəli olan ölkələrə yalnız ziyan gətirəcək.
Qonşu olan hər iki ölkənin cəmiyyətlərinin və dövlətlərinin inkişafı yaşanan gərginlik səbəbindən ləng gedəcək. Buna əsas səbəb isə Azərbaycanın qeyd olunmuş ərazilərində Ermənistanın təcavüzü davam etdirməsidir. Halbuki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən hər iki ölkə birgə inkişafları və milli iqtisadiyyatlarının inkişafı üçün böyük potensiala malikdirlər.
Nümunə olaraq, Azərbaycanın hazırkı inkişaf prosesi yalnız Azərbaycan cəmiyyəti tərəfindən deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən hiss ediləcək, çünki Azərbaycan İndoneziya da daxil olmaqla bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və yüksəldilməsi üçün böyük potensiala malikdir.
(ardı var)
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info