Ölkəyə gətirilən avtomobillərə nəzarət gücləndiriləcək
Tarix: 22.01.2014 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu üzrə Milli Tədris Mərkəzləri rəhbərlərinin I konfransı işə başlayıb. Tədbiri açan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, ÜGT-nin Avropa regionu üzrə sədr müavini Aydın Əliyev bildirib ki, konfransa Azərbaycan da daxil olmaqla 42 iştirakçı və 5 müşahidəçi ölkənin, bir sıra beynəlxalq təşkilatların nümayəndələri qatılıb.
Onun sözlərinə görə, yanvarın 24-dək davam edəcək konfrans üç sessiya - «Aktual məsələlər və gömrük tədrisi üzrə fikir mübadiləsi», «Gömrük tədrisində qabaqcıl yanaşmalar» və «Konfransın nəticələri və gələcəyə aparan yol, yekun sənədin imzalanması» bölmələrindən ibarət olacaq. İlk sessiya «Gömrük peşəkarlığı və bacarıqlar» mövzusunda milli insan resurslarının inkişafı və tədris strategiyaları, işçi heyətinin təkmilləşdirilməsi, bacarıqlar və fəaliyyət mövzusunda olub. Həmçinin, konfransda idarənin təşkilati və tədris strategiyaları arasında qarşılıqlı əlaqənin təmin edilməsi, təcrübə mübadiləsi mövzuları müzakirə olunub. A.Əliyev bildirib ki, belə bir tədbir Azərbaycanda ilk dəfə keçirilir: «Azərbaycan ÜGT-yə sədr müavini seçildikdən sonra maraqlı tədbirlər və təkliflərlə çıxış etməyə başlayıb. Bu tədbir Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə Milli Tədris Mərkəzləri rəhbərlərinin konfransıdır. Konfransa ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktoru Erik Kikdə qatılıb». A.Əliyev deyib ki, dünyada 6 analoji tədris mərkəzi var ki, onun biri də Bakıdadır: «Kadrların hazırlanması bizim üçün çox önəmlidir. Çünki bu kadrlar Azərbaycanın gömrük sahəsinin gələcəyi ilə bağlıdır». ÜGT-nin potensialının gücləndirilməsi üzrə direktoru Erik Kik isə bildirib ki, ÜGT-nin sıralarında 180 ölkə birləşib: «Biz Avropa regionunu əhatə edən 52 ölkənin təlim mərkəzlərinin nümayəndələrini Bakıda təşkil olunacaq üç günlük konfransa dəvət etmişik. Bu konfrans insan resurslarının inkişaf etdirilməsi baxımından qabaqcıl təcrübəni öyrənmək üçün təşkil olunmuş bir tədbirdir. Bura gəlmişik ki, yerli gömrük sahəsinə öz dəstəyimizi verək və buradakı təcrübədən də özümüz faydalanaq». Aydın Əliyev Dövlət Gömrük Komitəsi bu ilin aprel ayından ölkədə «Euro-4» ekoloji standartına keçidlə bağlı ölkəyə gətirilən avtomobillərin idxalı prosesinə münasibət bildirib. Komitə sədri bildirib ki, bununla bağlı DGK bu sahəyə nəzarəti gücləndirəcək. Onun sözlərinə görə, Azərbaycanın gömrük orqanları dövlət büdcəsi qarşısında öhdəliklərini əsasən idxal vergi və rüsumları hesabına icra edir: “Lakin eyni zamanda, ölkədəki ekoloji vəziyyət də nəzərə alınmalıdır. Düşünürəm ki, bu qərar ölkədəki nəqliyyat sektorunun vəziyyəti və tıxaclarla bağlı vaxtında və düzgün atılmış bir addımdır”. A.Əliyev deyib ki, Azərbaycan indi «Euro-4» ekoloji standartına keçir: «Avropa ölkələri isə «Euro-5» ekoloji standartı ilə fəaliyyət göstərir. Onlar hətta «Euro-6» barədə düşünürlər. «Euro-4» standartının qəbul edilməsi bu gün Azərbaycan həqiqətlərinə uyğun olan bir qərardır. Artıq gömrük sahəsi də bununla bağlı öz hazırlıq işlərinə başlayıb». Komitə sədri vurğulayıb ki, DGK bununla bağlı idxalçılarla danışıqlar aparır: “Dövlət Gömrük Komitəsi nəzdində Avtonəqliyyat Gömrük İdarəsində gömrük laboratoriyası fəaliyyət göstərir. Bundan sonra daha ciddi nəzarət həyata keçiriləcək. Bütün idxal olunan avtomobillər - burada söhbət işlənilmiş avtomobillərdən gedir - hamısı ciddi nəzarətdən keçəcək. Əvvəl onlar seçmə üsulla ilindən asılı olaraq laboratoriya müayinəsindən keçirilirdisə, bundan sonra bütün işlənilmiş avtomobillər laboratoriya müayinəsindən keçiriləcək. Ola bilsin ki, 1 ilin avtomobili olsun, amma onun saxlama və ya istismar müddəti elə olub ki, heç «Euro-4» ekoloji standartına cavab verməsin. İstənilən halda Dövlət Gömrük Komitəsi bu sahəyə nəzarəti gücləndirəcək». A.Əliyev deyib ki, büdcə proqnozunun yerinə yetirilməsi üçün avtomobil idxalı yeganə sahə deyil: «Büdcə digər sahələr hesabına da formalaşır. Ümid edirik ki, son zamanlar artan idxal və gətirilən mallar hesabına biz büdcə proqnozunu tam yerinə yetirəcəyik».
Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
ABŞ nəşrində “İpək Yolu, gələcəyə səfər, Bakı Limanı” başlıqlı yazı dərc edib
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb
14.11.2018
Azərbaycan Bolqarıstana fındıq və nar şirəsi ixrac edəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info