Beynəlxalq layihə əsasında yeni səhnə əsəri hazırlanır
Tarix: 22.01.2014 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


Layihədə britaniyalı teatr mütəxəssisləri ilə bərabər Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirlər

Azərbaycan teatr sənətinin qədim və zəngin bir tarixi var. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə əlaqədar meydan mərasimləri, “Qaravəlli” tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən edib, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Ölkədə teatrın inkişafına dövlət səviyyəsində hər zaman diqqət və qayğı göstərilir ki, 2009-cu ildə dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı da bunun bariz nümunəsidir.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir. Bu gün teatrlarımızın bir çoxu standartlara uyğun yenidən təmir olunaraq tamaşaçıların ixtiyarına verilib. Yeni-yeni repertuarlarla tamaşaçıların görüşünə gələn teatrlarımız yalnız ölkəmizdə deyil, xarici ölkələrə qastrol səfərləri ilə mədəniyyətimizin təbliğində mühüm rol oynayır. 2014-cü ildə də teatrlarımız yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcək.

Milli Dram Teatrının rəhbərliyi İrana səfər edəcək
Hər zaman yeni tamaşalarla teatrsevərlərin görüşünə gələn Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 23 yanvarda Fridrix Dürrenmattın "Yaşlı xanımın gəlişi" əsərinin tamaşasını təqdim edəcək. Quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu rəssamı Zöhrab Bəykişiyev olan tamaşanın bəstəkarı Sərdar Fərəcovdur. Teatrın mətbuat xidmətinin məlumatına görə, rollarda Sənubər İsgəndərli, Ramiz Novruz, Nurəddin Mehdixanlı, Ramiz Məlik, Hacı İsmayılov, Rafiq Əzimov, Firuz Xudaverdiyev və digər aktyorlar çıxış edəcəklər. Bundan bir gün sonra yəni, yanvarın 24-də Milli Dram Teatrında Elçinin "Teleskop" əsərinin tamaşası olacaq.
Bu tamaşanın isə quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Eduard Koçergin, geyim rəssamı Anna Koçergina, musiqi tərtibatı isə Həmid Kazımzadədir. Rollarda Füzuli Hüseynov, İlahə Həsənova, Elxan Quliyev, Ramiz Novruz, Sabir Məmmədov, Əli Nur, Əjdər Həmidov, Sevinc Əliyeva, Elşən Cəbrayılov, Məsmə Aslanqızı yer alıb.
Milli Dram Teatrında digər bir hadisə isə teatrın rəhbəri İsrafil İsrafilovun 24-26 yanvar tarixlərində İrana işgüzar səfəri ilə bağlıdır. Direktor Tehranda keçiriləcək 32-ci “Fəcr” Beynəlxalq Teatr Festivalına fəxri qonaq kimi dəvət olunub. İ.İsrafilovun festivalda iştirakla yanaşı, İranın teatr xadimləri ilə görüşəcək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri haqqında müzakirələr aparacaq.
Xatırladaq ki, İranın mədəni həyatında böyük əhəmiyyət kəsb edən “Fəcr” festivalı hər il Tehranda və ölkənin digər şəhərlərində keçirilir. Bu il festival 16 yanvar-1 fevral tarixlərində gerçəkləşəcək. Tədbirin proqramına İranın və xarici ölkə teatrlarının ən uğurlu tamaşaları daxil edilir. 2013-cü ildə Akademik Milli Dram Teatrı festivalda Afaq Məsudun pyesi əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyi “Qatarın altına atılan qadın” tamaşası ilə ölkəmizi təmsil etmişdi.

Gənc Tamaşaçılar Teatrı Milli Teatr Gününə yeni əsərlərlə gəlir
Yanvarın ilk günlərində dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşasının premyerası ilə tamaşaçıların görüşünə gələn Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnə əsərində çox aktual məsələyə toxunulub ki, burada fiziki qüsurlu insanların cəmiyyətə adaptasiya olunması ilə yanaşı, mənəvi tənhalıq öz əksini tapıb. İki nəfər üçün oyun kimi hazırlanan tamaşanın səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı isə İradə Muradovadır.
Onu da qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yanvarın ilk günlərindən beynəlxalq layihə əsasında yeni səhnə əsərinin məşqləri başlanıb. İngilis dramaturqu, ssenaristi və kinorejissoru, “Oskar” mükafatçısı Martin Mak Donaxın “Linenin trilogiyası” əsəri əsasında “Konnemarada bir kəllə”, “Gözəllik ilahəsi”, “Yalqız Qərb” tamaşalarının hazırlanmasına start verilib. Britaniyalı quruluşçu rejissor (Yan Vilyem Van Den Boh), tərtibatçı rəssam (Liza Kuk) və işıq üzrə rəssamın (Maykl Manyon) hazırladığı tamaşalar teatrsevərlərə yeni hədiyyə olacaq. Mədəniyyət və Turizm Nazirliyi, “British Council” və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi “Teatr əməkdaşlığı”na dair müqavilə əsasında reallaşır. Layihədə britaniyalı teatr mütəxəssisləri ilə bərabər Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirlər. Tamaşaların martın əvvəlində - Milli Teatr Günü ərəfəsində nümayiş etdirilməsi nəzərdə tutulur. Teatrın mətbuat xidmətindən verilən digər məlumata görə, bu il sənət ocağının repertuar planına uşaqlar üçün “Qırmızıpapaq” (Yevgeni Şvarts), “Qoğalın nağılı”, digər yaş kateqoriyasından olan tamaşaçılar üçün “Linenin trilogiyası” ilə yanaşı, Uilyam Şekspirin “III Riçard”, Jorj Feydonun “Qadın dərzisi” tamaşaları daxil edilib. Bundan əlavə, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar teatrda müəllifin “Sarıköynəklə Valehin nağılı” əsəri əsasında yeni tamaşa hazırlanacaq.

Opera və Balet teatrının səhnəsində ilk dəfə “İl Tabarro”
Hər zaman olduğu kimi tamaşaçılarına gözəl səhnə əsərləri təqdim edən Opera və Balet Teatrı 2014-cü ildə də tamaşaçılarını yeni əsərlərlə sevindirəcək. Belə ki, Teatrda premyera gözlənilir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cakomo Puççininin ən maraqlı əsərlərindən olan “İl Tabarro” (“Plaş”) operasının premyerası olacaq. Bu əsərin ilk tamaşası 1918-ci ildə Nyu-Yorkda Metropoliten-Operanın səhnəsində baş tutub və böyük uğur qazanıb. Həmin vaxtdan “İl Tabarro” dünyanın qabaqcıl opera teatrlarının repertuarında yer tutur. Əsər gözəl musiqisi və kəskin dramatik süjet xətti ilə seçilir. Puççininin bu operası Azərbaycanda ilk dəfə tamaşaya qoyulur. Opera və Balet Teatrının rəhbərliyi əsəri səhnələşdirmək üçün Almaniyanın tanınmış opera sənəti ustalarını - quruluşçu rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofku dəvət edib. L.Bauman uzun illər Münhen Opera və Balet Teatrında aparıcı solist, sonra quruluşçu rejissor kimi çalışıb. Hazırda o, Bavariya opera sənəti festivalının baş direktoru, xanım Korneliya fon Kerssenbrofk isə festivalın musiqi rəhbəri və dirijorudur. K.Kerssenbrofk bir neçə ildir ki, Azərbaycan Opera və Balet Teatrı ilə fəal əməkdaşlıq edir. “İl Tabarro” operasında teatrın aparıcı solistlərindən əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, gənc vokalçılar Afaq Abbasova, Fərid Əliyev, Anton Ferştandt, Əliəhməd İbrahimov, Tural Ağasıyev və Tələt Hüseynov çıxış edəcəklər. Tamaşanın konsertmeysteri Vəfa Əzizovadır.
Yanvarın 29-da isə Opera və Balet Teatrının səhnəsində Xalq artisti Şəfiqə Axundovanın “Gəlin qayası” operası nümayiş etdiriləcək. Operanın təqdimatı müəllifin 90 illiyinə həsr ediləcək. Şərqin qadın bəstəkarları arasında ilk dəfə olaraq məhz Şəfiqə Axundova opera janrına müraciət edib və 1972-ci ildə Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında bəstələdiyi “Gəlin qayası” operası ilə yaradıcılığında ən yüksək zirvəyə qalxıb. Müəllif bu opera ilə dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olduğunu, onun ideyalarına, tövsiyələrinə sadiq qaldığını bir daha təsdiq edib. “Gəlin qayası” operasında qəhrəmanların ariyalarla yanaşı, muğam parçaları ifa etməsi bəstəkarın xalq musiqisini çox mükəmməl bilməsindən və ondan düzgün istifadə etməsindən irəli gəlir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”
05.09.2019
Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info