Ölkəmizdə konqres turizminin inkişafı üçün böyük potensial var
Tarix: 22.01.2014 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Aydan Qəmbərova: “Azərbaycan Konqreslər
Bürosunun başlıca fəaliyyəti Azərbaycanı beynəlxalq
biznes, konfrans, görüş və mərasimlərin keçiriləcəyi mərkəz kimi təbliğ
etməyə yönəlib”


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra məsələlərə toxunan ölkə başçısı turizmin inkişafı, reallaşan beynəlxalq tədbirlərə də münasibət bildirib. Turizmin inkişafı ilə bağlı böyük addımlar atıldığını deyən ölkə başçısı bildirib ki, xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilib, yeni turizm mərkəzləri açılır, turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir: “Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir. Bu bir faktdır ki, ölkəmizdə keçirilən çoxsaylı tədbirlər ölkəmizin önəmini artırdı, beynəlxalq imicini möhkəmləndirdi və Azərbaycanı dinamik, müasir dövlət kimi bir daha dünya ictimaiyyətinə təqdim etdi”.
Bu gün ölkədə turizmin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir və yeni otellərlə yanaşı, turizm şirkətləri fəaliyyətə başlayır, beynəlxalq səviyyəli konfranslar, seminarlar təşkil olunur. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqreslər Bürosu (Azerbaijan Convention Bureau) yaradılıb. Azərbaycanda işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə yaradılan büronun əsas fəaliyyət istiqamətləri də respublikamıza irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edir. Eyni zamanda yeni yaradılan qurum dövlətin və özəl sektorun vahid siyasət yürütməsinə də imkan verir. Müsahibimiz Azərbaycan Konqreslər Bürosunun direktoru Aydan Qəmbərovadır:
- Azərbaycan Konqreslər Bürosunun 2013-cü ilin iyun ayında təqdimatı keçirilsə də, əsas fəaliyyətimiz sentyabr ayından başlayıb, lakin noyabrın 7-də rəsmi açılış olub. Büro dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaranıb, Mədəniyyət və Turizm Nazirliyi ilə milli turizm bazarında fəaliyyət göstərən turizm sektoru nümayəndələrinin birliyidir. Konqreslər Bürosunun beynəlxalq layihələrə daxil olması bizə imkan verəcək ki, dünyada silsilə şəkildə keçirilən şəbəkə konqreslərin, forumların bir qismini Azərbaycana dəvət edək, beləliklə də mehmanxana fəaliyyətini gücləndirək, turizm şirkətləri tərəfindən təqdim olunacaq xidmətlərin çeşidini və keyfiyyətini artıraq. Bu qurumun niyə məhz 5 il əvvəl yox, məhz indi yaranmasının da səbəbi odur ki, artıq Azərbaycanda yüksək səviyyəli tədbirlərin keçirilməsi üçün infrastruktur mövcuddur. Bunun üçün bütün şərait var. Bu istiqamətdə ölkə Prezidenti İlham Əliyevin dəstəyi də böyükdür. Ölkəmizdə nəinki hotellər, hava limanları, restoranlar fəaliyyət göstərir, həmçinin xüsusiləşdirilmiş konqres mərkəzləri formalaşır. Heydər Əliyev Mərkəzi, Ekspo mərkəzi indi böyük forumların keçirilməsinə xüsusi maraq göstərir. Ona görə də Azərbaycan Konqreslər Bürosunun başlıca fəaliyyəti Azərbaycanı beynəlxalq biznes, konfrans, görüş və mərasimlərin keçiriləcəyi mərkəz kimi təbliğ etməyə yönəlib. Artıq bu istiqamətdə işlər görülür. Noyabr ayında Barselonada keçirilən turizm sərgisində iştirak etdik. Sərgi çərçivəsində müxtəlif təqdimatlar etdik. Təqdimatlarımız Azərbaycanı bir brend olaraq dünya turizm bazarında tanıtmağa həsr olunmuşdu. Onu da deyim ki, Azərbaycana çox böyük maraq var. Xüsusilə «Eurovision-2012»nin ölkəmizdə keçirilməsindən sonra bu marağın coğrafiyası daha da genişlənib. Oktyabr ayında ölkəmizdə birinci «fam-trip» keçirildi. Rusiyanın 10 ən böyük MİCE kampaniyası Azərbaycana gəlmişdi. Burada geniş təqdimatlar etdilər. Onların brend hotellərimiz, konqres mərkəzlərimizlə, məşhur restoranlarımızla tanışlığını təşkil etdik. Azərbaycandan çox yüksək təəssüratla ayrıldılar. Bu görüşlərin artıq nəticələri də var. İlk iki böyük tədbirin ölkəmizdə keçirilməsi barədə iki əməkdaşlıq təklifi almışıq. Biz də bu barədə yerli hotellərə məktub göndərmişik ki, öz təkliflərini versinlər. Sonda bu təklifləri müzakirə edəcəyik və yekun qərarımızı verəcəyik.
- Konqreslər Bürosuna üzv olmaq üçün müraciət edən yeni obyektlər varmı?
- Bəli. Noyabrın 27-də sıralarımıza daha bir hotel qoşuldu. Bu, «Qafqaz Baku City Hotel & Residences» mehmanxanasıdır. Bu mehmanxana Azərbaycanın yerli brend mehmanxanalarındandır və Bakı şəhərinə biznes və kommersiya məqsədilə səfər edən qonaqlar üçün çox əlverişli yerdə yerləşir. Müştərilərə ən yüksək səviyyədə xidmət göstərən «Qafqaz Baku City Hotel & Residences» mehmanxanası beynəlxalq standartlara cavab verən 316 müasir otaq və 9 rezidensiyadan ibarətdir. Bundan başqa, yeni üzvlərimizdən biri də «Victory Tour» turizm şirkətidir. Bu şirkət də daxili və xarici turizm sahəsində geniş fəaliyyət göstərir. Yeni üzvlərimiz də daxil olmaqla, hazırda Azərbaycan Konqreslər Bürosunun 12 üzvü var: «Fairmont Baku», «Four Seasons Hotel Baku», «Hilton Baku», «Hyatt Regency Baku», «Jumeirah Bilgah Beach Hotel», «JW Marriott Absheron Hotel», «Kempinski Hotel Badamdar», «Ramada Hotel & Suites Baku», kimi 8 beynəlxalq brend mehmanxana, «Qafqaz Baku City Hotel & Residences» və 3 turizm şirkəti - «ENC Tours», «Millennium Tourism & Congress DMC» və «Victory Tour» turizm şirkəti. Yaxın vaxtlarda digər şirkətlər də büroya üzv olacaqlar. Konqreslər Bürosuna üzvlük bir neçə mərhələdədir. Burada qızıl, gümüş və qoşulmuş üzvlər var. Bu da üzvlərimizin böyük və ya kiçik müəssisə olması ilə bağlıdır. Böyük hotellər qızıl, turizm şirkətləri və nisbətən kiçik hotellər gümüş, restoranlar və daha kiçik müəssisələr isə qoşulmuş üzvlər hesab olunur.
Konqreslər Bürosuna təkcə hotellər və turizm şirkətləri deyil, konqres üçün lazım olan bütün şirkətlər daxil ola bilərlər. Bunlar restoranlar, hava limanları, taksi şirkətləri və s. də ola bilər. Gələcəkdə sponsorlarımızın olmasını da nəzərdə tuturuq. Bu nə üçün lazımdır? Məqsədimiz yerli brendlərimizin, məsələn, şirniyyatlar, süd və qatıq məhsulları şirkətlərini və s. dünyada tanıdılmasına nail olmaqdır.
Türkiyənin hər bir tanınmış turizm mərkəzinin bir konqres bürosu var. Məsələn, Antalya, İstanbul konqres büroları və s. Onlar ölkədəki mövcud konqres obyektlərinin hamısı haqqında məlumatların yer aldığı kitab hazırlayırlar. Bu kitab 2 il üçün nəzərdə tutulur. Biz də belə bir reklam-çap məhsulu hazırlayırıq.
- Büroya üzv olmağın şərtləri nədən ibarətdir və hər hansı bir xarici ölkədə fəaliyyət göstərən şirkət sizin quruma üzv ola bilərmi?
- Elə bir şərtimiz yoxdur. Sadəcə, üzv olmaq istəyən obyekt bizimlə niyyət məktubunu və əməkdaşlıq müqaviləsini imzalayır. Bir də üzvlük haqqını ödəyir.
Hər hansı bir xarici ölkədə fəaliyyət göstərən şirkət bizim quruma üzv ola bilər. Amma bu prioritetlərimizin sırasında deyil. Çünki bizim məqsədimiz beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə nail olmaqdır. Ona görə də xüsusilə xarici hotellərin bizə üzv olması mümkün deyil. Dünya miqyaslı konqreslərin bizim ölkəmizdə keçirilməsini təmin edə bilən şirkətlərin Azərbaycan Konqreslər Bürosuna üzv olmasında heç bir problem yoxdur.
- Hazırda hansı xarici ölkənin konqreslər bürosu ilə əməkdaşlıq edirsiz?
- Bizim üçün ən vacib bazarlar Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Dubay və Abu-Dabidir. Niyə Rusiya, Türkiyə, Ukrayna və Qazaxıstandır? Çünki bu ölkələrlə viza və dil problemi yoxdur. Bizim işimizdə də bu məqamlar əsasdır. Biz istəyərdik ki, Rusiya və Türkiyədən bura çoxlu axın olsun. Barselona sərgisindən sonra Almaniyanın da bu sırada olmasını istərdik. Çünki bu ölkədə Azərbaycana qarşı maraq böyükdür. İtaliyanı da bu sıraya əlavə etmək olar. Oktyabr ayında İngiltərənin 10 şirkəti Bakıya «fam-trip» keçirməyə gəlmişdi. Onların əsas məqsədi Azərbaycanla yaxından tanış olmaq idi.
- Öz fəaliyyətinizdə daha çox hansı ölkənin müvafiq qurumunun təcrübəsinə istinad edirsiz?
- Azərbaycan Konqreslər Bürosu yeni yaradılanda tender elan olundu ki, hansı şirkət bu istiqamətdə təcrübəsini bizimlə bölüşə bilər. Tenderi Avstriyanın bir şirkəti uddu. Bu şirkət eyni zamanda Vyana Konqreslər Bürosunun yaradıcısı idi. Yəni bu sahədə böyük təcrübəsi vardı. Həmin şirkətin rəhbəri Azərbaycana gəlib burada treninqlər keçirdi. Onların bizə böyük köməyi oldu. Amma təbii ki, fəaliyyətimizi Azərbaycan qanunvericiliyinə və iqtisadi mühitinə uyğun qurmuşuq.
- Azərbaycan Konqreslər Bürosu indiyə qədər hər hansı bir tədbirin ölkəmizdə keçirilməsinə nail ola bilibmi və Büronun tanıdılması istiqamətində hansı işlər görülür?
- Dünya təcrübəsinin göstərdiyi kimi, yeni yaradılan konqreslər bürosunun effekti 2-3 ildən sonra yaranır. Biz bu istiqamətdə tenderlərdə iştirak edirik. Bu tenderlərdə də bizdən başqa 6-7 ölkə olur. Məsələn, gələn ilin oktyabr ayında Bakının brend hotellərinin birində 250 nəfərlik beynəlxalq konfrans keçiriləcək.
Düşünürəm ki, yaxın vaxtlarda böyük tədbirlərin Azərbaycanda keçirilməsinə nail ola biləcəyik. Gələn il Barselona, Frankfurt, İstanbul, Moskva, Abu-Dabi və Dubayda keçirilən turizm sərgilərində fərdi şəkildə iştirak etmək, burada müxtəlif təqdimatlar etməyi nəzərdə tuturuq. Təbii ki, bütün bunlar eyni zamanda Azərbaycanın tanıtımına xidmət edir. Büromuzun məhz Azərbaycan Konqreslər Bürosu adlanmasının səbəbi odur ki, bütün Azərbaycanı tanıda bilək. Qəbələ, Gəncə, Şəki və s. kimi bölgələrimiz artıq bir turizm mərkəzi kimi formalaşıb. Gələcəkdə ölkəmizə gətirə biləcəyimiz beynəlxalq tədbirlərin regionlarımızda da keçirilməsini təmin etmək istəyirik.
Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti nəticəsində ölkəmizdə konqres turizmi də inkişaf edəcək. Bu məsələdə bizə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəstəyi böyükdür.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info