“Eyni vaxtda Avstriyanın iki universitetində təhsil alıram”
Tarix: 24.01.2014 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Ramin Şükürov: “Səfirliyimizin təklifi ilə beynəlxalq təşkilatların konfrans və forumlarında azərbaycanlı hüquqşünas kimi iştirak edirəm”

“Palitra”nın xaricdə təhsil alan istedadlı və bacarıqlı gənclərlə bağlı rubrikasının budəfəki qonağı Ramin Şükürovdur. Adı birincilər sırasında çəkilən bu aktiv gəncimizlə bağlı olan müsahibəni oxuculara təqdim edirik
-İlk olaraq özünüz barədə məlumat verərdiniz.
- Mən 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşam. Orta məktəbi 2006-cı ildə əla qiymətlərlə Respublika İncəsənət Gimnaziyasında başa vurmuşam. 2006-cı ildə yüksək balla Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olmuşam. 2010-cu ildə isə universiteti bitirib təhsilimi davam etdirmək məqsədilə Avropaya üz tutdum və Avstriyaya gəldim. Hazırda, Vyana İqtisadiyyat Universitetində iqtisadi hüquq üzrə ikinci bakalavr təhsili və Vyana Dövlət Universitetində Beynəlxalq və Avropa iqtisadi hüququ üzrə magistratura təhsili alıram. Əvvəllər aktiv idmanla da məşğul olmuşam. 2001-ci ildən 2010-cu ilə qədər Daxili İşlər Nazirliyi İdman cəmiyyətində güləşlə məşğul oldum. Beynəlxalq və Respublika turnirlərində iştirak etdim, dəfələrlə mükafatçılar sırasına da düşmüşəm. Artıq 2009-cu ildə bu fəaliyyətimi yarımçıq saxlamaq məcburiyyətində idim. Çünki respublika birinciliyində yarımfinala qədər yüksəlsəm də, burada çiynim çıxdı və beləcə peşəkar şəkildə güləşlə məşğul olmağa ara verdim.
- İdmanda uğurları sıralamaq üçün zədə qarşınızı kəsdi. Təhsil sahəsində isə deyəsən, qarşınızı kəsə biləcək maneələr olmayıb...
- Bəli. Bir çoxları deyirlər ki, sən necə oldu, Avstriyaya oxumağa getdin, belə qərar verdin? Mən buna qərar deməzdim. Bu, bir istək idi. Yeni cəmiyyətlə, dillə, düşüncə və sistemlə tanış olmaq, öyrənmək və analiz etmək istəyi. Mən hər zaman arzulamışam ki, fərqli dildə təhsil alım. Başqa dildə yazılan kitabın tərcüməsi yox, onun yazıldığı dildə oxumaq istəyim daim güclü olub. Yəni, həmişə kitabı tərcümə olmadan daha yaxşı, yazarın bütün düşüncələrini olduğu kimi anlamaq istəyim olub. Bəlkə də bu qeyd etdiyim xırda detallar mənim xaricdə təhsil almağıma səbəb olan başlıca amillərdir.
- Bəs niyə məhz Avstriyada təhsil almağı seçdiniz?
- Bəzən ümumi cümlə şəklində deyirlər ki, Avstriyanın paytaxtı Vyana tarixi şəhərdir. Xeyr, bu heç də belə sadə şəkildə deyib, üstündən keçiləsi bir şəhər deyil. Vyana özü elə tarixdir. Hər küçəsində və meydanında keçmişi hiss etdiyin canlı tarix. Mənim kimi beynəlxalq hüquq sahəsinə marağı olan insanlar üçün bəlkə də bura əvəzedilməz şəhərlərdən biridir. Tarixi müqavilələrə və siyasi proseslərə sahiblik etmiş Hofburg sarayı, iki dünya müharibəsi görmüş Avstriya bir beynəlxalq hüquqşünas üçün kifayət qədər məntiqli seçimdir.
- Təhsil aldığınız sahə kifayət qədər çətin və maraqlıdır...
-Bəli, haqlısınız. Hüquq dünyanın hər dilində oxunulması, öyrənilməsi səbir tələb edən çox həssas və qəliz bir sahədir. Amma çətini bu sahəyə - onun daxili aləminə girib, hüququ hiss edənə qədərdir. Artıq hüquq həyatımın bir parçasıdır desəm, yanılmaram. Avstriyada çox adam hüquq sahəsi üzrə oxumağa meyil etmir. Çünki hər kəs bilir ki, hüququ oxumağa başlaya bilər, amma hər kəs onu bitirə bilməz. Buna görə də hər kəs öz öhdəsindən gələ biləcəyi sahəyə meyil edir. Onu da vurğulayım ki, bu ölkədə hüquq sistemini bitirən və hüquqşünas kimi çalışan şəxslər Avstriyada çox hörmət qoyulan insanlardırlar. Çünki Avstriyada qanuna, qanunun aliliyinə və qanunu, hüququ müdafiə edənlərə yüksək dəyər verilir.
- Avstriyanın hüquqa yüksək dəyər verməsi barədə təriflər dediniz. Təhsil aldığınız universitetlər necə, tərifəlayiqdirmi?
- Əlbəttə. Bildiyiniz kimi, hazırda iki universitetdə təhsil alıram. Eyni vaxtda həm Vyana İqtisadiyyat Universitetində İqtisadi hüquq fakültəsində bakalavr kimi alman dilində və Vyana Universitetində Beynəlxalq və Avropa iqtisadi hüququ üzrə alman və ingilis dillərində magistratura təhsilimi davam etdirirəm. Düşünürəm ki, universitetlərin hər ikisində təhsilin səviyyəsi yüksəkdir, bilik və təcrübə əldə etmək üçün kifayət qədər imkanlar var.
- Digər azərbaycanlı tələbələr də sizin kimi təhsil sahəsində belə əmin addımlarla irəliləyirlərmi? Ümumiyyətlə, onların Avstriyadakı fəaliyyətlərini qənaətbəxş saymaq olarmı?
-Avstriyada 2002-ci ildən fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi mövcuddur. Bu da azərbaycanlı tələbələrin artıq 12 ildir ki, Avstriyada aktiv olmaları anlamına gəlir. Konkret olaraq özümün ictimai diaspor işlərində aktivliyimə gəldikdə isə, mən 2012-ci il dekabr ayından 2013-cü ilin dekabrına qədər Azərbaycan Akademik Assosiasiyasının baş katibi olmuşam. Hazırda təşkilatımızın sədri Elvin Süleymanov və baş katibi Sənan Əhmədzadədir. Birillik baş katib kimi fəaliyyətimdən sonra hazırda Azərbaycan Akademik Assosiasiyasının idarə heyətində yer alıram. Təşkilatımız Avropadakı ən qocaman diaspor təşkilatlarındandır və Azərbaycan həqiqətlərinin tanıdılmasında misilsiz rol oynayıb. Bu uğurlu inkişaf xətti bu gün də davam etdirilir. 2012-ci ildə təşkilat artıq Sloveniya və Slovakiyada da fəaliyyət göstərməyə başlamışdı.
Çalışıram ki, bu təşkilata daim öz töhfəmi verim. Düzdür, özümün işlərim də çox olur, bir çox ictimai işlərdə də aktivlik edirəm. Mən Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyində ATƏT üzrə nümayəndə heyətində olmuşam. Burada təcrübələr keçmişəm və ştatdan kənar beynəlxalq hüquqşünas kimi fəaliyyət göstərmişəm.
Hazırda da səfirliyimizin təklifi ilə beynəlxalq təşkilatlarda keçirilən konfrans və forumlarda ölkəmiz adına gənc beynəlxalq hüquqşünas kimi iştirak edirəm.
Düşünürəm ki, xarici ölkələrdəki digər səfirliklərimiz də o ölkədə təhsil alan tələbələrlə sıx işləməlidir.
Çünki gələcək gənclərindir və onlara daha çox dəstək gərəkdir. Gənclərin doğru istiqamətdə yetişdirilməsində atılan hər bir addım isə gələcəkdə öz bəhrəsini verəcək.
Bu gün xaricdə təhsil alan və öz sahəsində mütəxəssis kimi yetişən hər bir gənc gələcəkdə Azərbaycanı irəli aparacaq əsas qüvvə olacaq.
-Azərbaycan hüquq sistemi Avstriya, konkret olaraq Avropa hüquq sistemindən daha çox nələri ilə fərqlənir? Avropa hüququndan nələri öyrənməliyik?
- Öncə onu deyim ki, Azərbaycan Avropa hüququnu dərindən bilən gənclər yetişdirməlidir. Şəxsən mən Azərbaycanın gələcəkdə beynəlxalq sahədə ciddi şəkildə özünü formalaşdırmış və beynəlxalq arenada tanınan, nüfuzu olan bir hüquqşünası olmağı hədəfləyirəm. Bu yolda da durmadan çalışıram. Azərbaycanın öyrənməli olduğu hüquq təcrübələrinə gəldikdə isə, bildiyiniz kimi, Azərbaycan Avropaya inteqrasiya edən bir ölkədir.
Bəzən hər kəs bunu ümumi bir adi söz kimi eşidir və qəbul edir. Əslində inteqrasiya özündə müxtəlif sahələri birləşdirir. Düşünürəm ki, Azərbaycanın Avropaya inteqrasiyasının önəmli hissəsini hüquqi sahə əhatə edir. Mütəmadi olaraq Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli danışıqlar, qarşılıqlı əməkdaşlıq memorandumları, müxtəlif sahələrdə birgə əməkdaşlıq və tərəfdaşlıq müqavilələri və s. hüquqi sənədlərin işlənib hazırlanmasında beynəlxalq hüquqşünaslara ciddi ehtiyac var. Azərbaycanın qarşısına hədəf qoyduğu əsas inkişaf istiqaməti neft sektorunun qeyri-neft sektoru ilə əvəzlənməsidir. Bu da iqtisadi sahədə çoxşaxəli inkişafı vacib amilə çevirir. Bu istiqamətdə də Azərbaycanın beynəlxalq arenada iqtisadi hüquq sahəsində ciddi əlaqələr qurması təcrübəyə və bacarığa sahib olan hüquqşünaslarsız qeyri-mümkündür.
Bir daha qeyd edirəm ki, mən hər zaman Azərbaycan-vətənimiz üçün fəaliyyət göstərmək istəmişəm və bu gün də fəaliyyətimi bu istiqamətdə qurmuşam. Mənim xaricə gəlməyimin, Avstriyada təhsil almağımın əsas səbəblərindən biri də bu idi ki, həqiqətən ölkəmə yararlı bir şəxs, peşəkar kadr kimi özümü formalaşdırım. Düşünürəm ki, mən hazırda və yaxın gələcəkdə də Azərbaycana Avropada lazım olacağam. Bütün bunları ona görə qeyd etdim ki, Avropadan öyrənməli olduğumuz hüquq sistemlərini elə gənc kadrlar vasitəsilə həyata keçirə bilərik. Gənclərimiz üçün isə yüksək şəraitlər yaradılır. Sadəcə qalır onların vətənpərvər olub ölkəyə can yandırması. Əslində mənim düşüncə tərzim odur ki, ölkənə, Vətəninə, millətinə xidmət etmək üçün vətəndə olmağın şərt deyil. Vətənə bağlılıq məkanla ölçülmür, harada olmağından asılı olmayaraq, qəlbinlə Vətənə bağlılığın və onun üçün gördüyün işlərlə ölçülür.
- Fərd olaraq Azərbaycan üçün gördüyünüz və görə biləcəyiniz işlər barədə söz açdınız. Təşkilat şəklində necə, təbliğat-təşviqat işlərini yüksək səviyyədə qurmaq olurmu?
- Doğru vurğuladınız. Əsas məsələ fərdi şəkildə uğur qazanmaq deyil, təşkilatlanmaqdır. Bu işdə isə yuxarıda adını çəkdiyim Azərbaycan Akademik Birliyi kifayət qədər işlər görür. Düşünürəm ki, son 1 il ərzində ölkəmiz adına Azərbaycan Akademik Birliyində yoldaşlarımla birgə önəmli layihələr həyata keçirmişik. Bu layihələrdən “Vienna Apple Event”i misal çəkə bilərəm. Bundan başqa ulu öndər Heydər Əliyevin 90 illik xatirəsinə həsr olunmuş “Land of Fire Avropa-Azərbaycan kikboksinq turniri”ni də deyə bilərəm.
Hər iki layihənin ideya müəllifliyi və layihə rəhbərliyi mənə aid idi. Çox şadam ki, bu layihələr uğurla həyata keçirildi və kifayət qədər də ictimaiyyət tərəfindən müsbət qarşılandı. Bundan əlavə, 2013-cü il mart ayından Vyanada “İron Fist GYM” idman cəmiyyətinin tərkibində “Xocalı idman komandası”nı yaratdıq. Xocalı idman komandasının ilk məşqçisi mən idim. İdmançılar isə Avstriyada təhsil alan azərbaycanlı tələbələr idi. “Xocalı idman komandası” günü-gündən böyüyür. Bura maraq kifayət qədər artır. Təsəvvür edin ki, hazırda dünyada tanınmış idmançılar- boks üzrə tanınmış idmançımız Fariz Məmmədov və kikboksinq üzrə dünyaca məşhur olan həmyerlimiz Zabit Səmədov Xocalı komandasının fəxri məşqçiləridir.
- Bizi Avstriyada təkcə iki universitetdə uğurla təhsil almaqla deyil, idman sahəsi üzrə də təəccübləndirə bildiniz. Bir qədər də “Xocalı idman komandası” barədə danışardınız.
- Düzü, mənimçün bu, o qədər də təəccüblü hal deyil. Bəli, idmanla aktiv məşğul olmuşam və hazırda Xocalı komandasının məşqçisiyəm. Hədəfimiz isə Xocalı komandasını dünyada daha çox tanıtmaqdır. Xocalı komandası qurularkən əsas məqsədimiz şüuraltı təbliğatı həyata keçirtmək idi. Xocalıya aid olan yazıda idman maykaları geyinərək bizimlə eyni zalda məşq edən xeyli sayda insanlarda maraq da yarada bilirdik. Dünyaca tanınmış idmançıları komandamıza cəlb edərək dünyanın diqqətini Xocalı komandasına yönəltmək də əsas istəklərimizdəndir. Çalışırıq ki, hər kəs bu komanda ilə yaxından maraqlansın və nəticədə Xocalıda olan hadisələrlə bağlı da ətraflı məlumatlı olsunlar. Məqsədimiz Xocalını ildə bir dəfə deyil, hər həftə, hər məşqdə, həyatımızın hər anında yaşatmaq, bu faciəni unutmamaq və unutdurmamaqdır. Düşünürəm ki, ən böyük uğurlarımızdan biri 10 mayda keçirilən “Land of Fire” yarışında Xocalı komandasının tanıdılması oldu. Bu turnir Avropanın ən məşhur televiziya kanalı olan “Eurosport” vasitəsi ilə dünyanın 75 ölkəsində nümayiş etdirildi. Eyni zamanda idman “Azərbaycan” kanalı vasitəsi ilə Azərbaycanda da canlı olaraq tamaşaçılar bunu izləyə bildilər.
- Kifayət qədər aktiv gəncsiniz. Gələcək planlarınız nədən ibarətdir?
- Gələcək planlarım hər zaman, harada olmağımdan asılı olmayaraq Azərbaycanla bağlı olacaq. Çox istərdim ki, yaratdığımız Xocalı komandası dünya səviyyəsində tanınsın. Mən də Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasında əməyi keçən insanlardan olam. Vətənim üçün yararlı və başucaldıcı insan olaraq millətimə və ölkəmə bir az da olsun borcumu ödəyə biləm. Biz azərbaycanlıların məşhur bir misalında deyildiyi kimi, ömrüm boyu çalışacağam ki, bir əlimdə qələm, birində də qılınc olsun. Çünki bizim mənfur qonşularımız daim oyaqdır və həmişə bizə həm fiziki, həm də digər istiqamətlərdə hücumlar edə bilərlər. Bunun üçün isə həm hüquq sahəsində hazır olmalıyıq, həm də vətəndaş olaraq vətənin dar gününə əsgər kimi hazır olmalıyıq. Şükürlər olsun ki, mən həm fiziki cəhətdən sağlam, həm də əqli və elmi cəhətdən inkişaf etmiş biri kimi yetişmişəm, bu gün də buna çalışıram. Düşünürəm ki, hər bir Azərbaycan gənci də bir əlində qələm, bir əlində qılınc yetişməlidir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info