“Xarici ölkəyə təhsil ardınca getmək o qədər də asan seçim deyil”
Tarix: 27.01.2014 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Rauf Binnətov: “Diaspor fəaliyyəti gənclərin, tələbələrin yardımı olmadan qurulmur”

“Palitra” oxucuları xaricdə təhsil alan daha bir bacarıqlı, savadlı və aktiv gənclə tanış edir. Xaricdə təhsil alan gənclər rubrikasının budəfəki qonağı Rauf Binnətovdur. Rauf bəylə olan maraqlı müsahibəni oxuculara təqdim edirik.
-Rauf bəy, özünüz haqda qısa məlumat verərdiniz.
-Mən, Binnətov Rauf Faxrəddin oğlu 1991-ci ildə Bakı şəhərində anadan olmuşam, 2008-ci ildə Bakının ən öndə gedən ümumtəhsil ocaqlarından olan Səbail rayonu Məmməd Rahim adına 7 saylı orta məktəbi bitirmişəm. Hələ uşaq olarkən xarici dillərə meyil edirdim və tədricən məndə xaricdə təhsil almaq istəyi gücləndi. Bunun məsuliyyətini dərk edərək uzun müddət öz üzərimdə çalışdım. Bir müddət Dillər Universitetində yüksək ixtisaslı savadlı müəllimlərdən dərs almışam, hətta deyərdim ki, onların sayəsində elmin açarını qazandım. Təhsilə, elmə böyük marağım olduğu üçün bununla da kifayətlənmədim və bir çox kurslarda yüksək dərəcəli müəllimlərdən də dərs almışam.
- Artıq püxtələşəndən sonra xaricdə təhsil almaq qərarı verdiniz. Bu işdə sizə dəstək ilk olaraq haradan gəldi?
- Xarici ölkəyə təhsil ardınca getmək əslində o qədər də asan iş və seçim deyil. Haqlısınız ki, bunun üçün gərək elmi cəhətdən bir qədər püxtələşmiş olasan. Həm də başqa ölkədə yaşamaq, orada rastlaşa biləcəyin problemləri göz önünə almaq da lazımdır. Ona görə də belə işdə seçim yalnız gəncin üzərinə düşmür. Ona müxtəlif istiqamətlərdə dəstək gəlməlidir. Konkret olaraq mənə gəldikdə isə, dəstək təbii ki, ilk olaraq ailəmdən gəldi. Onlar mənim istəyimə və arzuma qarşı çıxmadılar. Təbii ki, öz xeyir- dualarını da məndən əsirgəmədilər. Bu isə mənim məsuliyyət hissimi daha da artırırdı. Əvvəlcə Kiprdə universitetə daxil oldum, daha sonra isə Türkiyənin Qars şəhərində ali təhsilimi davam etdirmək qərarı verdim və hazırda Qarsda təhsil alıram.
- Məsuliyyət hissi daşıdığınızı qeyd etdiniz. Bəs Türkiyə kimi ölkədə Azərbaycanı tələbə kimi təmsil etməyin məsuliyyəti necədir? Ümumiyyətlə, bu ölkədə ali təhsil çətin deyil ki?
- Çox düzgün qeyd etdiniz ki, başqa ölkədə Azərbaycanı təmsil etmək kifayət qədər məsuliyyətli işdir. O ki, ola bizə qardaş ölkə sayılan Türkiyədə azərbaycanlı tələbə kimi oxuyasan. Yəni, bütün bu amilləri nəzərə almaq lazımdır. Düşünürəm ki, nəinki tələbələrimiz və rəsmi şəxslərimiz, başqa ölkələrə üz tutan iş adamlarından tutmuş, miqrant kimi gedən azərbaycanlılara qədər, hər kəs belə məsuliyyəti öz üzərində hiss etməlidir və atdığı hər addımda diqqətli olmalıdır ki, ölkəsi adına xoş olmayan vəziyyət yaratmasın. Türkiyədəki təhsil sisteminə gəldikdə isə, bildiyiniz kimi Türkiyə təhsil sistemi öz gəncləri və xaricdən gələn tələbə gənclər arasında fərq qoymayaraq birmənalı şəkildə elmlərə, təhsilə ciddi yanaşmağı tələb edir. Bu isə bizim məsuliyyətimizi daha da artırır. Baxmayaraq ki, müəllim heyəti bizdən çox şey tələb edir, həddindən artıq dərslərimizə diqqətlə yanaşmağımız istənilir, bu da bizə elmin açarını tapmaqda daha məqsədli şəkildə addımlamağımıza təkan verir. Türkiyə universitetləri həmişə dünyanın təhsil qurumlarının dərc etdiyi reytinq sıralamalarında qabaqcıl yerləri tutur.
-Türkiyədə ictimai mühit aktivdir. Azərbaycanlı tələbələr bu aktiv cəmiyyətdə hansısa formada yer ala bilirlərmi?
- Əlbəttə. Ümumiyyətlə qeyd edim ki, Türkiyə universitetləri təhsillə yanaşı ictimai işlərdə də aktiv olmağı tələb edir. Hətta ictimai mühit burada o qədər aktivdir ki, bu da öz növbəsində hər bir gəncdən məsuliyyət tələb edir. Hər il may ayında Türkiyənin şəhərlərində və universitetlərində bahar şənlikləri və festivalları keçirilir. Bu bahar şənliklərində öz ölkəmizi yüksək səviyyədə təmsil edirik və hər il bahar şənliklərində öz milli mətbəximizi təqdim edirik. Bununla yanaşı Azərbaycanın iqtisadi durumunun və ölkədə baş verən mədəni-siyasi inkişafın təbliği ilə əlaqəli olan bütün tədbirlərdə yaxından iştirak edirik.
-Sadaladığınız ictimai işlərdə aktiv olan tələbələrimiz diaspor və səfirliyimizlə əməkdaşlıq edirlərmi? Sizə dəstək gəlirmi?
- Düzü, diaspor işləri gənclərin, tələbələrin yardımı olmadan qurulmur. Bu, yazılmamış qanundur. Yəni, diaspor işlərində gənclərin aktivliyi mütləqdir və belə olan halda uğurlar da qazanılır. Səfirliyə gəldikdə isə Azərbaycan dövləti öz siyasətini elə qurub ki, səfirliklər bütün ölkələrdə həmyerlilərimizlə aktiv işləyir. Bizim də səfirliyimiz ilə əlaqələrimiz çox güclüdür. Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğu 2010-cu ildə açılıb. Konsulluğun aktivliyini də qeyd edə bilərəm. Qars Universitetində olan Azərbaycan Tələbə Cəmiyyəti 2013-cü ilin aprel ayında Azərbaycan səfirliyinin xeyir-duasıyla fəaliyyətə başladı. 2012-ci ildən 2014-cü ilə qədər olan fəaliyyətimiz çox məhsuldar keçdi. 20 Yanvar faciəsi, 26 Fevral Xocalı soyqırımı, 12 dekabrda ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyevin yad edilməsi ilə bağlı olan günlər hər il yüksək səviyyədə qeyd edilir. Ötən il isə 12 dekabr tarixində ulu öndərin vəfatının 10 illiyi anma mərasimi şəklində səfirliyimiz tərəfindən qeyd olunub. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu və hətta Azərbaycandan da bir neçə televiziya bura gələrək bu tədbiri işıqlandırdı. Belə tədbirlərin ictimai yükü də çox olur. Görünür, nəinki telekanallarımız eləcə də gənclərimiz və cəmiyyətin bütün təbəqəsi bu toplantıya diqqət yönəltdi. Digər tərəfdən mədəniyyət tədbirləri də yüksək səviyyədə təşkil olunur və tələbələrimizin burada iştirakı təmin edilir. 2013-cü ilin martında İrəvan Dövlət Teatrı tərəfindən Üzeyir Hacıbəyovun “Arşın mal alan” operası Qarsda nümayiş etdirildi. Bu da yerli əhalinin diqqətini çəkən bir tamaşa oldu. 2013-cü ilin mayında Qars Universiteti və Naxçıvan Dövlət Universiteti ilə birlikdə 28 May cümhuriyyətimizin 95 və ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi qeyd olundu. Naxçıvandan gələn Xalq Çalğı Alətləri Ansamblı və sənətçilər konsert proqramı ilə də çıxış edib. Ötən ilin may ayında universitetdə- Qarsda təşkil etdiyimiz bu böyük tədbir “Palitra” qəzetində də işıqlandırılmışdı. Bütün bu tədbirləri, tələbələrimizin də aktiv iştirak etdiyi toplantıları və uğurları ona görə sadaladım ki, gənclərimiz daim Azərbaycanın xaricdə dəstəklənməsinə hazırdır.
- Qars bir çox məqamlara görə Azərbaycana bağlı bir bölgədir. Eləcə də Qars Universiteti gənclərimiz üçün qapılarını daim açıq edib. Bu universitet barədə nə deyə bilərsiniz?
-Tamamilə haqlısınız. Türkiyənin Anadolu bölgəsi kimi Qars bölgəsi də azərbaycanlılara çox doğmadır. Ümumiyyətlə, Türkiyə yeganə dövlətdir ki, bu ölkənin istənilən bölgəsinə gedən azərbaycanlı özünü ölkəsindəki kimi hiss edər. Yəni, ölkə olaraq Türkiyə bizə çox yaxın və doğmadır. O ki, qaldı Qars Universitetinə, təkcə bir misalı çəkmək kifayətdir ki, bu təhsil ocağının nə qədər bizə yaxın olduğunu bilək. 2002-ci ildə ulu öndərimiz Heydər Əliyev Türkiyədə səfərdə olarkən məhz Qars Universiteti tərəfindən ümummilli liderimizə fəxri doktorluq verildi. Bu universitetdə təhsilin səviyyəsi barədə isə ağız dolusu danışmaq olar. Buradakı tələbə-müəllim münasibətləri, dərslərin səviyyəsi, dərsliklər və ümumilikdə universitetin hazırkı durumu haqda xeyli danışmaq olar və saysız misallar çəkə bilərəm. Sadəcə olaraq Türkiyə elə bir ölkədir ki, burada bütün sahələr ciddi rəqabət şəraitində inkişaf edir, nəinki təhsil ocaqları ola. Ona görə də, Qars Universiteti də digər tanınmış aparıcı universitetlər kimi yüksək səviyyəli tələbələr yetişdirib Türkiyə cəmiyyətinə və dünyaya bəxş etməyə çalışır.
-Azərbaycanda necə, ali təhsil ocaqları arasında olan belə rəqabət hiss olunurmu?
- Düzünü desəm, Azərbaycanda ali təhsil hələ ki, ideal səviyyəyə qalxmayıb. Əgər daha güclü rəqabət olsaydı, universitetlərimiz də yüksək səviyyədə inkişaf etmiş olardı. Amma yaxın gələcəkdə biz digər sahələrdə olduğu kimi, təhsil sahəsində də regionun lider dövlətinə çevriləcəyik. Bunu son bir ildə görülən işlər islahatlar, planlaşdırılan layihələr də sübut edir. Bütün bu görülən işlər onu deməyə əsas verir ki, biz yaxın illərdə təhsildə ciddi nailiyyətlər əldə edəcəyik. Özəl universitetlərlə yanaşı dövlət universitetləri də bir qədər rəqabəti artırmalıdırlar. Hər bir universitet çalışmalıdır ki, tanınmış professor-müəllim heyətini öz kollektivinə cəlb etsin, dərslərə ciddi nəzarət edilsin, dərs səviyyəsi qaldırılsın. Belə olan halda abituriyentlər sırf peşəyə görə deyil, universitetə görə seçim etməli olacaq. Yəni, daha yeni yetişən gənc tibbin gələcək perspektivlərini düşünüb Tibb Universitetini yox, Xarici Dillər Universitetində olan keyfiyyətli, uğurlu ciddi dərs prinsiplərinə görə bu ali təhsil ocağını seçəcək. Qısası, bu məqamlar çox incə məsələlərdir, hər halda bunlar da çox güman ki, yaxın gələcəkdə görüləcək təhsilə aid olan islahatlarda nəzərə alınacaq.
- Rauf bəy, təhsillə bağlı maraqlı təkliflərinizi verdiniz və müqayisələr apardınız. Bəs sizin kimi xaricdə təhsil almaq istəyən gənclərimizə hansı tövsiyələri verərdiniz?
- Gənclərimiz daim aktiv olublar və bu gün də formalaşan Azərbaycan gəncliyinə nəzər salanda, deyə bilərik ki, gələcəyə ümidlə baxmağa dəyər. Amma arxayın oturmaq da olmaz. Bizim ölkədə nəinki ali təhsil almaq üçün hər cür şərait yaradılır, hətta dövlət xüsusi proqramlar hazırlayıb dünyaya çıxmaq istəyən istedadlı, daha savadlı gənclər üçün imkanlar da yaradır. Belə olan təqdirdə nədən bunlardan istifadə etməyək? Gənclərimizə tövsiyəm odur ki, daha erkən yaşlarından xarici dil öyrənsinlər və vaxtlarının çox hissəsini əyləncəyə deyil, məhz elm öyrənməyə, dərslərə həsr etsinlər. Xaricdə təhsil almaq istəyən gənclərə gəldikdə isə sadəcə onu deyə bilərəm ki, məsuliyyətli olub yalnız elm dalınca qaçsınlar. İctimai işlərdə də aktiv olsunlar ki, başqa ölkəyə gedəndə ölkəmizi bu ölkələrdə layiqli şəkildə təmsil edə bilsinlər.
Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info