“Musiqinin inkişafı ölkəmizdə yüksək səviyyədədir”
Tarix: 27.01.2014 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Dosent Gülağa Zeynalov:
“Musiqi məktəblərinin təmir olunması və ali musiqi məktəblərinə xüsusi diqqət gələcək musiqi mədəniyyətimizə bir bəxşişdir”

Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Sənəti fakültəsi Xalq Çalğı Alətləri kafedrasının müdiri, dosent və universitetin Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru Gülağa Zeynalovdur:
-Gülağa müəllim, 20 ilə yaxın bir dövrdə rəhbərlik etdiyiniz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin orkestrinin fəaliyyəti hansı yaradıcılıq yolu keçib?
- Şahidi olduğunuz kimi , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi ərəfəsində olan konsertlər, tədbirlər demək olar ki, respublikanın diqqət mərkəzində idi. Bu tədbirlərdə universitetin Xalq Çalğı Alətləri Orkestri bir neçə səpkidə iş aparmışdır. Belə ki, orkestr özü konsertin açılışında tək nömrə kimi təqdim olundu. Sonra “Qarabağ şikəstəsi”ni beş ifaçı ilə müşayiət etdi. Çünki adətən, “Qarabağ şikəstəsi”ni üç ifaçı ifa edir. Məncə, bu maraqlı alındı. Bundan sonra musiqisi Eldar Dadaşova, sözləri isə Sona İbrahimovaya aid olan Odanı mənim dirijorluğumla xor, orkestr və solistlər təqdim etdik. Konsertin finalında isə yenə də həmin orkestr rəqs kollektivini müşayiət etdi. Mən bir neçə yeni musiqi nömrəsini alətlərin səs çalarlarına görə işlədim və biz onu tamaşaçılara təqdim etdik. Hər halda bu iş təqdirəlayiq hesab olundu. Çünki hələ də məni təbrik edirlər. Mən çalışdım ki, bu tədbirdə biz universiteti özümüzə layiq bir şəkildə təmsil edək.
Mən, artıq uzun illərdir ki, Xalq Çalğı Alətləri kafedrasına rəhbərlik edirəm. Universitetə gəldiyim ilk gündən mən həm də Xalq Çalğı Alətləri Orkestrinin dirijoru kimi fəaliyyət göstərməyə başladım. Artıq 20 ilə yaxın bir müddət ərzində bizim bir çox konsertlərimiz və yaradıcılıq işlərimiz keçirilib. Demək olar ki, universitetin bütün fakültələri ilə bizim birgə əməkdaşlıq etdiyimiz tədbirlər olub. İstər Üzeyir Hacıbəyli, istərsə də Fikrət Əmirovla bağlı bütün yaradıcılıq sahələri, o cümlədən də Qərb bəstəkarlarının da əsərlərinə müraciət etmişik. Keçirilən tədbirlər ərəfəsində çalışırdıq ki, orkestrin ifalarında həmin bəstəkarların yaradıcılığını, zövqlərini dinləyicilərə çatdıra bilək. Əminəm ki, biz bu işin öhdəsindən gəldik.
Ötən 20 il ərzində orkestrda yetişən ifaçılardan bir çoxu bu gün respublikanın fəxri adlarına layiq görülüblər. Onların arasında Xalq artisti, Əməkdar artist adını alanlar da var ki, hətta respublika səviyyəsində keçirilən müsabiqələrin laureatları və telekanallarda keçirilən mahnı müsabiqələrinin iştirakçıları da universitetimizin tələbəsi olaraq orkestrlə ifa ediblər. Bu illər ərzində hər dövrün öz repertuarı və musiqi baxışı olub.
- Gənc ifaçıların musiqi seçimləri və ifalarında müəyyən çalarlar əlavə etmələri haqqında nə deyə bilərsiniz?
- Musiqinin yaradıcılıq yolu bir neçə qoldan ibarət olub. İfaçılar müxtəlif yönlü musiqilərə müraciət edirlər. Bəzən ifaçı bəstələnən musiqini not əsasında öyrənir və repertuarına daxil edir. Ancaq xalq musiqisinə müraciət edəndə musiqiyə yanaşma fərqli xüsusiyyətli olur. Xalq musiqisi əsasən təbiiliyi və olduğu kimi ifa olunmağı sevir. Yəni, bəzi ifaçılar xalq musiqisini olduğu kimi təqdim edir. Burada ifaçı əlavələr və musiqi təsəvvürləri göstərmirlər. Lakin bəzi ifaçılar da var ki, istər bəstəkar, istərsə də xalq mahnılarını ifa edərkən hər bir musiqiyə müxtəlif zövqlər əlavə edirlər. Bu da müəyyən yaş dövrünə təsadüf edir. İstər gənc çağlarında, istərsə də orta yaş həddində olan musiqiçilərin musiqiyə baxışları başqa olur. Bu da özünü hər bir ifa tərzində göstərir. Bizim əsas işimiz hər bir musiqiyə müasir yanaşmaq və düşünülmüş şəkildə dinləyicilərə təqdim etməkdir.
Universitetimizdə tək xalq çalğı alətləri, orkestr sənəti deyil, bütün alətlər və incəsənətə xas olan bütün sahələr tədris olunur. Bunlardan musiqi sahəsini götürsək, skripka aləti, fortepiano, xanəndəlik, estrada müğənniliyi, xoreoqrafiya, musiqişünaslıq, aşıq yaradıcılığı, sənətşünaslıq, digər sahələrə nəzər salsaq, rəssamlıq, aktyorluq, rejissorluq ixtisasları geniş şəkildə tədris olunur. Mədəniyyət və İncəsənət Universiteti deyəndə artıq başa düşülür ki, bütün sahələr bu universitetdə cəmlənib. Burada bir sual doğur. Nəyə görə? Çünki Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası kimi ali təhsil ocaqlarımız var ki, burada yalnız musiqi ixtisasları tədris olunur. Musiqinin dünəni, bu günü, sabahı və inkişafı araşdırılır. Ancaq bizim universitet çoxşaxəlidir.
Bir nüansı qeyd etmək istəyirəm ki, incəsənətin elə sahələri var ki, orada musiqi birinci plana keçir, aparıcı rol oynayır. Amma incəsənətin elə sahələri də var ki, musiqi ikinci plana keçir. Bunun özünün də müəyyən maraqları var. Məsələn, tamaşanın musiqi tərtibatı, yaxud hər hansı bir tədbirdə müşayiət olunacaq musiqi seçimi və s.
- Musiqi aləminin insan həyatında olan inkişafı və rolunu necə izah edə bilərsiniz?
- Ümumiyyətlə, Azərbaycanda hər kəs musiqini sevir. Bir nüansı da qeyd etmək istəyirəm ki, musiqi ilə bağlı dövlətimiz də çox böyük işlər görür. Musiqinin inkişafı ölkəmizdə yüksək səviyyədə gedir. Buna əsasən gəncliyin marağı və cəmiyyətdə incəsənətin təbliği çox böyük əhəmiyyət daşıyır. Musiqi məktəblərinin təmir olunması və ali musiqi məktəblərinə xüsusi diqqət gələcək musiqi mədəniyyətimizə bir bəxşişdir.
Musiqinin insan həyatında inkişafına gəlincə, bir anlıq nəzər yetirsək görərik ki, musiqi dünyasının bir çox dilləri var. Əgər körpə qığıldanmağa başlayırsa ən sadə formada da olsa onun öz musiqisi olur. Yaxud, məktəbəqədər təhsil alırsa, həm xalq yaradıcılığında, həm də bəstəkar yaradıcılığında kifayət qədər repertuar seçimi var. Uşaq musiqisinin repertuarında birbaşa olaraq çox sadə şəkildə uşaqlarda həm diksiya formalaşır, həm ritm münasibətləri həll olunur. Sonrakı mərhələlərdə ibtidai sinif və musiqi məktəblərinin təhsili xüsusi əhəmiyyət daşıyır. Mən həyat təcrübəmə əsaslanıb deyirəm ki, musiqi hər bir insanın inkişafında müəyyən mərhələlərdən keçir. Buna da bəziləri əhəmiyyət verir, bəziləri əhəmiyyət vermir.
Musiqi elmlərinə vaqif olmaq üçün eşitmə, zövq, zövqlərdə düşünmə, yenilik təsəvvürlərinə və yaradıcılıq amillərinə sahib olmalısan. Bunların hamısına sahib olmusansa, artıq sən inkişaf etməlisən. Burada, artıq diqqətin paylanma mexanizmi var.
Musiqinin inkişaf dövründə əvvəlcə öyrənirik, sonra öyrədirik. Üçüncü proses isə, öyrətdiklərimizdən öyrənirik. İnkişaf əsas burada olur. Bu günə qədər musiqimizə kim nə töhfələr veribsə, çox sağ olsun. Biz bundan sonranı gözləyirik ki, yeni töhfələr daha yüksək səviyyədə olsun.
- Tələbələr dərs olaraq orkestrə daha çox üstünlük verir, yoxsa ixtisas fənnə?
- Orkestr də bir fəndir və tələbələrimiz burda çox maraqla iştirak edirlər. Hər bir alətin öz səs diapazonu var. Adətən “orkestrofka” deyəndə, lazım olan səs diapazonunda hərəkət etmək lazımdır. Kamançada, tarda, qarmonda, balabanda, tütəkdə, zurnada və başqa alətlərdə də musiqi bir cür səslənir. Mən orkestrdə müəyyən qədər çox zərb alətlərinə müraciət edirəm. Hər bir alətin ifaları bir vəhdət daşımalıdır ki, forma və məzmun etibarilə maraq yaransın.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info