“Polşada minə yaxın azərbaycanlı tələbə təhsil alır”
Tarix: 29.01.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Məhərrəm Qarayev: “Avropa ölkəsi üçün belə yüksək rəqəmin ərsəyə gəlməsinin əsas səbəblərindən biri Polşa ilə Azərbaycan arasında olan isti münasibətlərdir”

“Polşada azərbaycanlı tələbələr üçün təhsil haqqı başqa Avropa ölkələrinə nisbətən aşağıdır”


Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Son illər həyata keçirilən tədbirlər gənclərin ictimai-siyasi fəallığının artmasına kömək edib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Burada xaricdə təhsil alan gənclərimizin də mühüm rolu var. Müsahibimiz Polşada yerləşən Varşava Sosial Psixologiya Ali Universitetinin Biznesin idarə edilməsi fakültəsinin tələbəsi Məhərrəm Qarayevdir:
- Mən 1994-cü ildə Tovuz rayonunda anadan olmuşam, ilk təhsilimi də elə həmin rayonda almağa başlamışam. 2011-ci ildə məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycanda Xəzər Universitetinə daxil olmuşam. Amma buna baxmayaraq xaricdə oxumaq həvəsi məni, böyük çətinlikləri dəf etməyə təhrik edirdi. İlk müraciət etdiyim Kipr Beynəlxalq Universiteti (Cyprus International University ) idi və o universitetdən müsbət cavab aldım. Bir il Kipr Beynəlxaq Universitetində oxudum. Daha yüksək səviyyəli universitetlərdə təhsil almaq ücün üzümü Polşanın paytaxtı Varşava şəhərinə tutdum. Polşada yerləşən Varşava Sosial Psixologiya Ali Universitetinə müraciət etdim. Universitet qəbul kağızımı göndərdiyi zaman çox sevindim. Hazırda da təhsilimi bakalavr pilləsi üzrə alıram. İxtisasım isə Biznesin idarə edilməsidir.
- Tələbələrin asudə vaxtının təşkili üçün universitet tərəfindən yaradılan şəraitlə bağlı nə deyərdiniz?
-Seçdiyim universitetin öndə duran prioritetlərindən biri də universitet rəhbərliyinin tələbələrin istədikləri idman növü ilə məşğul olmasına lazımi şəraitin yaradılmasıdır. Bu baxımdan tələbələrin özünü inkişaf etdirməsi və formalaşdırması üçün istədiyi idman növü ilə məşğul olmaq imkanı var. Bu imkandan mən də kifayət qədər yararlanaraq, təhsilimə başlayan andan idmanın üzgüçülük növü ilə məşğul oluram. İdmanla məşğul olmaq sağlam bədənə nail olmaq deməkdir, necə deyərlər sağlam bədəndə sağlam ruh olar.
- Oradakı tələbələri Azərbaycan-Polşa münasibətləri ilə bağlı necə məlumatlandırırsınız?
- Tələbələrin əksəriyyəti Azərbaycan, eləcə də Azərbaycan- Polşa münasibətləri haqqında çox az məlumatlıdırlar. Biz onlara Azərbaycan- Polşa əlaqələrindən danışanda və xususən qeyd edəndə ki, bu yaxınlarda iki ölkə arasındakı əlaqələrin beş yüz qırx illiyi qeyd olunub, tələbələrin bu haqda marağı daha da artır. Onlar regionun ən güclü dövlətinə çevrilən Azərbaycan haqqında kifayət qədər məlumat toplamağa maraqlıdırlar. Mən hər bir xarici dostumla və ya qrup yoldaşımla münasibət zamanı üstünlüyü daha çox individual informasiya verirəm. Məncə, bu, daha effektli üsuldur. Onlar bu yolla istədikləri suala rahatlıqla cavab tapa bilirlər. Düşünürəm ki, bu da dinamik inkişaf yolunu keçən Azərbaycanımızla bağlı xaricdə daha müsbət fikirlər yaranmasına kömək ola bilər. Yerli əhalinin Azərbaycandan gələn insanlara münasibətinə gəldikdə isə orada azərbaycanlılara yaxşı münasibət göstərirlər. Çünki azərbaycanlı gənclərin intellektual səviyyəsi daha yüksəkdir və yerli əhali ilə daha yaxşi münasibət qururlar. Dövlətimiz iqtisadi cəhətdən daha yaxşı inkişaf etdiyi və Polşa ilə münasibətləri daha yaxşı olduğu üçün yerli əhali daha da yaxşı tanıyır.
- Xaricdə təhsil alan gənclərimiz üçün diaspor fəaliyyəti nə dərəcədə önəmlidir?
- Məncə, diaspor fəaliyyəti tələbələr üçün təhsillərindən sonra ikinci yerdə durmalıdır. Əgər yüksək səviyyədə təhsil alarlarsa bu, onların Azərbaycan üçün əldə etdikləri birinci uğurlarıdır, lazımi dərəcədə diaspor fəaliyyəti göstərməkləri isə onların ikinci uğurla müvəffəqiyyətə imza atmaqları deməkdir. Əgər biz- xaricdə təhsil alan tələbələr Azərbaycanımızı inkişafda olan yox, inkişaf etmiş ölkələr sırasında görmək istəyiriksə, var gücümüzlə diasporumuza dəstək olmalıyıq, Vətənimizi tanıtmalıyıq.
- Ölkəmizdə gənclərə xaricdə təhsil imkanlarının yaradılmasını necə qiymətləndirirsiniz?
- Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir. Məhz bunun nəticəsidir ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. “2007-2015-ci illərdə Xaricdə təhsil” proqramı da cənab Prezidentimiz İlham Əliyevin gənclərlə bağlı apardığı siyasətin nəticəsidir.
- Ümumiyyətlə, fərqli mədəniyyətləri olan bir ölkədə yaşamaq sizə çətin deyilmi?
- Polşada təhsil alan azərbaycanlı tələbələrin sayı günbəgün çoxalır. Qərib ölkədə olmağımıza baxmayaraq, Polşa millətinin bizə, qafqazlılara olan səmimi münasibəti bizim burada problemsiz və rahat yaşamağımıza zəmin yaradır. Polşanın ali təhsil müəssisələrində minə yaxın azərbaycanlı tələbə təhsil alır. Düşünürəm ki, Avropa ölkəsi üçün belə yüksək rəqəmin ərsəyə gəlməsinin əsas səbəblərindən biri Polşa ilə Azərbaycan arasında olan isti münasibətlərdir. Birdə ki, burada azərbaycanlı tələbələr üçün təhsil haqqı başqa Avropa ölkələrinə nisbətən aşağıdır. Bu səbəbdən Polşada ali təhsil almağa böyük maraq göstərilir. Belə ki, xarici tələbələr üçün illik təhsil haqqı təxminən 2 -4.5 min dollar təşkil edir.
- Təhsilinizi başa vurduqdan sonra planlarınız nədir?
- Təhsilimi bitirdikdən sonra isə Azərbaycana qayıdıb öz sahəm üzrə çalışmaq fikrindəyəm. Hədəflərimin məni lazım olan istiqamətə aparacağına ümid edirəm. Məsələyə isə başqa bir aspektdən baxsaq, seçdiyi elm sahəsinə mükəmməl yiyələnmiş ixtisaslı kadrların hansı ölkədə qalıb işləməsi vacib deyil. Əsas məsələ Vətənimizin resurslarından və əsas da insan üzərinə qoyulan kapitaldan düzgün istifadə etməklə inkişaf etmiş Azərbaycan yaratmaqdır. Bu işdə isə inanıram ki, xaricdə təhsil alan gənc kadrlarımız da öz sözünü deyəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info