“Azərbaycan musiqisinin təntənəsini görürəm”
Tarix: 29.01.2014 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


Səyavuş Kərimi: “Mən bunu həmişə qürurla demişəm və indi də deyirəm ki, əgər dünyada beş gözəl musiqi mədəniyyəti varsa, onlardan biri mütləq Azərbaycanın musiqi mədəniyyətidir”

Müsahibimiz Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Səyavuş Kərimidir:

- Səyavuş müəllim, ötən il “Arşın mal alan” operettasının 100 illiyi qeyd olundu. Bu münasibətlə operettamız bir çox ölkələrdə səhnələşdirildi. Bu haqda nə deyə bilərsiniz?
- “Arşın mal alan” operettasının yenidən səhnəyə qoyulmasında Fərhad müəllimin rolu böyükdür. Bilirəm ki, Avstriyanın paytaxtı Vyana şəhərində “Arşın mal alan” operettasının səhnəyə qoyulması onların aktyorları tərəfindən işlənilmişdir. Eşitdiyimə görə bu çox maraqlı iş olub. Tale elə gətirdi ki, sentyabr ayında həmin tamaşa ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində çox nüfuzlu bir salonda səhnəyə qoyuldu. Bu iş əlbəttə ki, Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirildi. Mən bu tamaşanı izləmək üçün dəvət aldım. Mənimlə bərabər Fərhad müəllim, dirijor Azad Əliyev, bəstəkar Sərdar Fərəcov da getdi. Onu da qeyd edim ki, bu tamaşa çox möhtəşəm hazırlanmışdı və ictimaiyyətin böyük marağına səbəb oldu. Demək olar ki, 2 min nəfərlik tamaşa salonu tamamilə dolu idi. Hətta, ayaqüstü dayanan tamaşaçılar da var idi. ABŞ kimi bir ölkədə və ermənilərin tüğyan etdiyi bir ştatda Azərbaycan bəstəkarının ermənilər tərəfindən özlərinin olduğu iddia edilən “Arşın mal alan” əsəri səhnəyə qoyuldu. Oradakı baş konsulluq tərəfindən mühafizə çox gözəl təşkil olunmuşdu. Mən bunu nəyə görə deyirəm? Çünki orada keçirilən bütün Azərbaycan tədbirləri erməni diasporu tərəfindən hansısa hücumlara məruz qalır. Amma bu dəfə onlar yaxın durmadılar. Onu da qeyd edim ki, yəhudi ictimaiyyətinin başçıları və nümayəndə heyətləri, səfirlərin, digər mötəbər insanların bu tamaşaya gəlmələri təmin olundu. Çingiz Sadıqov kimi Amerikada yaşayan adlı-sanlı insan da orada tamaşaçı qismində iştirak edirdi. Tamaşa çox maraqlı alındı və tam ingilis dilində oynanılırdı. Amma bütün ariyalar, duetlər, mahnılar Azərbaycan dilində oxunurdu.
Gülçöhrəni ifa edən aktrisanın zənci, digər aktyorların ingilis dilli olmasına baxmayaraq, onlar bu əsəri sevə-sevə ifa edirdilər. Bu çox böyük bir mədəni hadisəyə çevrilmişdi. Azərbaycanın dahi bəstəkarı, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəyin dünyanı fəth etmiş bir əsəri bu gün Amerika səhnəsində onların aktyorları tərəfindən ingilis dilində, lakin mahnıları Azərbaycan dilində ifa olunurdu. Bu, olduqca böyük bir müvəffəqiyyət idi. Mən o zaman çox böyük qürur hissi keçirirdim. Tamaşadan sonra keçirilən qəbulda Amerika senatorlarından biri çıxış etdi. Daha sonra aktyorlar, bizim səfirimiz və bir çox tanınmış insanlar çıxış etdi. Azərbaycan musiqisi, Azərbaycan musiqi sənəti böyükdür və ermənilər nə qədər istəsələr də mənimsəyə bilməyəcəklər. Çünki onu, ancaq azərbaycanlı ifa edə bilər. Başqa bir tərəfdən baxdıqda görərik ki, bunun mahiyyəti çox böyükdür. Bunun həm siyasi, həm də mədəni vacibliyi var. Mən bu barədə fikrimi Neft Şirkətinə bildirdim. Çünki onlar çox böyük iş görüblər.
-Bəs, sizin fikrinizcə bu gün gənc bəstəkarlardan Azərbaycanın möhtəşəm operettası olan “Arşın mal alan” kimi bir operetta gözlənilirmi?
- Bu, artıq başqa bir sualdır. Mən belə hesab edirəm ki, bu gün fərdi təhsil aparan ali məktəblər sırasında konservatoriyalar var. Çünki burada fərdi təhsil üstünlük təşkil edir. Bu ali məktəblərdə tətbiq olunan tədris sistemi bu gün görkəmli bəstəkarların yetişməsini xeyli əngəlləyir. Bu gün biz nə Qara Qarayev, nə Fikrət Əmirov, nə Cövdət Hacıyev, nə də Arif Məlikov kimi bəstəkarları ala bilərik. Amma buna baxmayaraq, istedad istedaddır. Bir də görürsünüz ki, o gözəl bir qönçə kimi birdən açılır və dediyimiz bütün bu faktların hamısını silib, özünü bəlli edir. Belə bəstəkarları zaman yetişdirir. Biz çox xoşbəxt xalqıq ki, bəstəkarlıq məktəbinin ağır artilleriyası olan Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev, Səid Rüstəmov məktəblərinə sahib olmuşuq. Amma bu gün tədris olunan təhsil sistemində belə adlara rast gəlinmir.
-Ötən il rəhbərlik etdiyiniz Tacikistan səfəriniz haqqında nə deyə bilərsiniz?
- Bəli. Keçən il bizim Tacikistana və digər ölkələrə səfərimiz oldu. Amma sırf tədrislə bağlı olan Tacikistan Konservatoriyası ilə ikitərəfli əlaqələrin yaranması məsələsi idi. Tacikistana mənimlə bərabər Konservatoriyanın müəllimləri Aygün Bayramova, Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov da getmişdilər. Mən, son illər getdiyim bütün səfərlərimdə öz musiqiçilərimizi də aparıram. Mən hər yerdə Azərbaycan musiqisinin təntənəsini görürəm. Biz Tacikistandan sonra Latviyaya səfər etdik. Biz Latviya Konservatoriyasına Azərbaycan bəstəkarlarının notlarını hədiyyə etdik ki, orada da Azərbaycan musiqisi çalınsın. Bizim muğam konsertimizə Latviyanın prezidenti gəldi.
Bu bir daha bizə sübut edir ki, Azərbaycan musiqi mədəniyyəti olduqca möhtəşəmdir. Bəlkə də bu, bizim özümüzün olduğuna görə biz bunu hiss etmirik. Mən bunu həmişə qürurla demişəm və indi də deyirəm ki, əgər dünyada beş gözəl musiqi mədəniyyəti varsa, onlardan biri mütləq Azərbaycanın musiqi mədəniyyətidir.
- Bu yaxınlarda Akademik Milli Dram Teatrında görkəmli yazıçımız Əli Əmirlinin “Şah Qacar” əsəri Azər Paşa Nemətovun təqdimatında səhnəyə qoyuldu. Hər tamaşa anşlaqla keçir və bu tamaşanın böyük əsəri sizə aiddir. Sizin tamaşa haqqında olan təəssüratlarınızı bilmək istəyirik.
- Bu tamaşa mənim Azər Paşa Nemətovla olan birinci işim deyil. Biz çox böyük risklərlə Şekspirin əsərinə müraciət etdik. Bizim ilk böyük işimiz “Hamlet” əsəri oldu. Bu tamaşanı ümummilli lider Heydər Əliyev də izləyib. Daha sonra Şekspirin “Afinalı Timon” əsərini də birgə işlədik. Nəhayət ki, “Şah Qacar” əsəri üzərində çalışdıq. Əlbəttə, mövzu maraqlıdır və mən çalışıram ki, musiqi, əsərdə baş verən dramaturji hadisələrin arxasında onu saxlaya bilsin.
Hər halda teatrda işləmək mənim üçün çox maraqlı olur. Çünki teatr elə bir sahədir ki, orada aktyorlar hər gün eyni səhnəni, eyni həyatı yaşayırlar.
Keçən il mənim üçün uğurlu il oldu. Eldar Quliyevin “Dərvişin qeydləri” bədii filminin musiqisini tamamladım. O cümlədən “Kimyagər” tamaşası Akademik Milli Dram Teatrının səhnəsində göstərildi. Gənc Tamaşaçılar Teatrında “Hasarın o tayı” və “Şah Qacar” əsərinin musiqisini bəstələdim.
Bu il həmçinin mənim üçün maraqlı yaradıcılıq ili oldu. Bundan başqa, mən Norveçdə yeni bir layihəni tamamladım və bizim bir neçə ölkədə görüşlərimiz oldu.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info