Narkomaniyaya “yox” deməklə gələcəyimizi xilas edə bilərik
Tarix: 29.01.2014 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Bəşəriyyət qarşısında duran ən vacib problemlərdən biri narkomaniyaya -«ağ ölümə» qarşı mübarizədir. Ölkəmiz müstəqillik qazandıqdan sonra qapılarını bütün dünyaya açdı.
Bunun respublikamız üçün müsbət tərəfləri olsa da, digər dövlətlərin ərazisindən ayrı-ayrı cinayətkar ünsürlər, narkotik vasitə alverçiləri qazanc əldə etmək məqsədilə müxtəlif növlü narkotikləri ölkəmizə gətirməyə başladılar və bununla da ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda narkomanlıq və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi sürətlənməyə başladı. Respublikamız da bu mübarizəyə qoşulmuş və bir çox mühüm tədbirlər həyata keçirmişdir. İlkin olaraq ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə 1996-cı ildə fərman imzaladı. 1997-ci ildə Azərbaycan Respublikasında Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. Bu sahədə qəbul olunan 2000-2006, 2007-2012-ci illər üçün Dövlət proqramları artıq icra olunmuş və işin davamı olaraq 2013-2018-ci illər üzrə yeni Dövlət Proqramı təsdiq edilmişdir.
Narkomanlığa və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəyə nəinki dövlət və dövlət qurumları, eyni zamanda cəmiyyətin bütün üzvləri qoşulmalıdır. Hər bir qurum, hər bir ailə narkomanlığın profilaktikası sahəsində bacardığını əsirgəməməlidir.
Narkomaniyaya qarşı profilaktik tədbirlər dedikdə, narkomaniyanın yayılmasının qarşısını almaq üçün hazırlanmış tədbirlər kompleksi nəzərdə tutulur. Nəzərə alsaq ki, narkomaniya xəstəliyinə tutulmaq təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda bütün cəmiyyət üçün təhlükəlidir, onda narkomaniyanın profilaktikasının nə dərəcədə vacib olması aydın olar. Narkomaniya insanları fəlakətə sürükləyir. Yalan, cinayət, ailələrin dağılması, ölümcül xəstəliklər və s. narkomaniyanın gətirdiyi bəlalardır.
QİÇS-ə yoluxmuş xəstələrin 70%-i bu ölümcül virusa narkotika istifadəçisi olduqlarına görə düçar olmuşlar. Onu da qeyd etmək lazımdır ki, QİÇS-ə yoluxmuş tək bir xəstənin illik müalicə kursuna çəkilən xərc dövlətə 25,2 min dollara başa gəlir. Əgər narkomanların orta yaş həddinin 30 yaş olması faktını diqqətə çatdırsaq, narkomaniyanın millətin mövcudluğu, onun genofondu üçün necə böyuk təhlükə yaratdığını görərik.
Yuxarıda göstərdiyimiz məlumatları nəzərə alsaq, bir daha aydın olur ki, narkomaniyanın profilaktikası nə dərəcədə zəruridir. Narkomaniyaya qarşı mübarizə onu sonradan müalicə etməkdən daha asandır. Axı narkomanların müalicəsi çox vaxt nəticəsiz olur. İstənilən reabilitasiya mərkəzi, yaxud narkoloji klinika qarşısına narkomaniyanın nəticələrini aradan qaldırmaq məqsədi qoyur, ancaq təəssüf ki, heç də hamısı buna nail ola bilmir. Ona görə də, narkomaniyanın profilaktikası narkomaniyaya qarşı mübarizədə vacib alətlərdən birinə çevrilir.
Narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Bəs, bu profilaktika ailədə necə həyata keçirilməlidir? Əlbəttə, əsas məqam yenə də valideynlərin övlada nümunə olması, xüsusi ilə də, onların sağlam həyat tərzi keçirməsidir. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, narkomaniyanın profilaktikası qarşılıqlı inam olan ailədə mümkündür.
Ailədə narkomaniyanın profilaktikasının yalnız söhbət formasında aparılması həmişə müsbət nəticə vermir. Böyüklər tez-tez səhvlər edirlər, uşağın fikrinə hörmət etmirlər, ona qulaq asmırlar, amma uşaq səhv edəndə, adətən, onu cəzalandırırlar və çox vaxt ona niyə səhv etdiyini və bu səhvi aradan qaldırmağın yollarını başa salmırlar. Bu halda uşaq, yeniyetmə öz problemləri barədə yoldaşları ilə bölüşür və çox zaman yanlış məlumat alır. Ona görə də ailədə onların fikirlərinə, düşüncələrinə diqqətlə yanaşılmalı, onlarla nəinki valideyn, hətta dost səviyyəsində münasibət qurulmalıdır. Uşaqlara düzgün yol göstərilməli, dost seçimində məsləhət verilməli, hətta lazım gələrsə, şübhəli məqamlarda özlərindən xəbərsiz izlənmələri də məqsədəuyğun olardı. Əgər valideynlər işə bu cür yanaşarlarsa, gələcəkdə övladları tərəfindən baş verə biləcək problemlərin qarşısını almış olarlar.
Narkomaniyanın qarşısını almağın ən əlverişli yolu onun məktəblərdə profilaktikasını aparmaqdır. Məhz ən çox yeniyetmələr təhlükəli işlərə meyillidirlər və buna görə də şəxsiyyətin formalaşdığı dövrdə bir sıra xəbərdarlıq yönlü fəaliyyətlərin aparılması vacibdir. Lazımi tərzdə yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar narkomaniya barədə öz fikirlərini formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün biliyə malik olurlar.
Məktəbli azyaşlılar və yeniyetmələr arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə olmalıdır. Narkomaniyanın profilaktikası yeniyetmələr tərəfindən çox ciddi qəbul olunmalı və birmənalı olaraq onlarda narkotiklərdən uzaq durma mövqeyini formalaşdırmalıdır. Narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Uğurlu profilaktika mühazirələr, plakatlar və yeniyetmələrlə müsahibə formasında mümkündür.
Narkotik asılılıq praktiki olaraq narkotiklərdən ilk istifadədən başlayır, halbuki, çoxları bunu inkar edir və belə düşünürlər ki, «nə vaxt istəsəm ataram». Narkotikadan asılı olan şəxsin bədəni tükənir, hardan olursa-olsun əlavə doza tapıb istifadə etməkdən başqa heç bir düşüncəsi olmur. Təcrübəli narkomanın artıq heç bir dostu, işi, ailəsi olmur, cəmiyyət üçün gərəksizdir və təhlükə (oğru, qatil) yaradır. Narkotiklərə meyillilik şəxsiyyətin müəyyən xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, zəif, qərarsız, sosial və psixi normalardan kənar olan yeniyetmələr depressiyalara düşür, əsas sosial tələblərə qarşı neqativ baxışda olurlar. Məhz çox zaman belə gənclər narkotiklərdən istifadəyə meyilli olurlar.
Buna görə də narkomanlığa qarşı vaxtında aparılmış keyfiyyətli profilaktik tədbir çox vacibdir. Axı bu keyfiyyətdən potensial narkomanların, onların ailə üzvlərinin və bütövlükdə cəmiyyətin taleyi asılıdır. Bu profilaktika böyüməkdə olan gənc nəslə aid maarifçilik işinin ayrılmaz hissəsi olmalıdır. Yeniyetmələr arasında aparılan keyfiyyətli profilaktik iş narkotik istifadəçilərinin sayını azaltmaqla müsbət nəticələr verir, onları ailələrinə və cəmiyyətə qazandırır.
Müasir dünyada narkomaniya ona qarşı yeni mübarizə üsullarının yaranmasından daha sürətlə yayılır. Buna görə də bu bəla ilə sistematik profilaktik mübarizə aparılması çox vacibdir. Narkomaniyanın profilaktikası onun yayılmasının qarşısını alan bir sıra kompleks tədbirləri özündə birləşdirir. Belə ki, ən səmərəli üsul onun profilaktikasını orta ümumtəhsil məktəbləri daxilində həyata keçirməkdir.
Azərbaycn Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ekspert tədqiqatı üzrə fəaliyyət göstərən əməkdaşları tərəfindən narkomaniyanın yeniyetmələr arasında profilaktikası sahəsində bir sıra tədbirlər planı hazırlanmışdır.
Narkotik vasitələrin və psixotrop maddələrin ekspertizasına istintaq orqanları tərəfindən daxil olan müxtəlif növlü narkotik maddələrin: tiryək, çətənə, həşiş, heroin, metadon, metamfetaminlərin xarici görünüşləri və digər orqanaleptik əlamətləri (iy, konsistensiya) barədə tanıtmaq məqsədi daşıyan informasiyalar, onları təsvir edən fotoşəkillər və eyni zamanda bu narkotiklərdən istifadə edən insanların psixoloji və daxili durumları barədə məlumatlar, narkotika istifadəçisi olmamışdan əvvəl və sonrakı xarici görünüşlərini təsvir edən fotoşəkillər toplanmışdır. Yığılmış materialların kitabça şəklində nəşr olunaraq orta ümumtəhsil məktəblərinə, hüquq-mühafizə orqanlarına və yeniyetmələrlə iş üzrə digər qrumlara təqdim olunması nəzərdə tutulmuşdur.
Xalqımıza üz tutaraq, müraciət edirik: gəlin, vətənimizi vətəndaşsız, ailələri başsız, anaları övladsız qoyan bu bəla ilə hamılıqla - elmindən, mövqeyindən, dinindən asılı olmayaraq hər kəs bacardığı qədər mübarizəyə qoşulaq. Bu, hər birimizin müqəddəs və təxirəsalınmaz vəzifəsi olmalıdır. Vətənimizin, xalqımızın gələcəyini yalnız bu yolla xilas edə bilərik.
Gülşən Hümmətova,
Naidə Nərimanova

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info