Vyana konfransında Azərbaycanın qaz strategiyası müzakirə edilib
Tarix: 31.01.2014 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Vyanada Avstriyanın Energetika Nazirliyinin və “Energy Exchange” şirkətinin təşkilatçılığı ilə 7-ci Avropa Qaz Konfransı keçirilib.
Konfransda Avropa İttifaqı (Aİ) ölkələrinin energetika agentliklərinin, aparıcı şirkətlərin rəhbərləri, Transadriatik boru kəməri (TAP), “Şimal axını”, “Cənub axını” kimi mühüm layihələrin rəhbərləri, “Avroqaz” və “Energy Charter” kimi beynəlxalq təşkilatların məsul nümayəndələri, bir sıra ölkələrin, o cümlədən Rusiyanın energetika və neft-qaz sektoru üzrə elmi-tədqiqat institutlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyindən bildiriblər ki, konfransda beynəlxalq qaz bazarındakı son dəyişikliklər, yeni imkanlar və gələcək inkişaf perspektivləri ilə bağlı maraqlı məruzələr dinlənilib.
Konfransı Avstriyanın energetika və iqtisadiyyat nazirinin müavini, nazirliyin energetika departamentinin rəhbəri Xristian Şönbauer giriş sözü ilə açaraq, ölkəsinin energetika sahəsində qazandığı uğurlar və perspektivlər barəsində geniş məruzə ilə çıxış edib.
Avstriyanın OMV şirkətinin idarə heyətinin üzvü Hans-Peter Floren, “Total Gas” şirkətinin prezidenti Filip Soqe, “Statoil” şirkətinin təbii qaz üzrə baş vitse-prezidenti Rune Byornson, “Eni” şirkətinin qaz danışıqları üzrə direktoru Alessandro Della Zoppa və digər şirkətlərin rəhbərləri açılış nitqi söyləyiblər. Çıxışçılar qaz bazarındakı olan son dəyişikliklər, yeni imkanlar və inkişaf perspektivləri ilə bağlı fikirlərini bildiriblər.
Tədbir çərçivəsində müxtəlif mövzulara həsr olunmuş bir sıra panel iclaslar və müzakirələr keçirilib. Həmin iclaslardan birinin mövzusu Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə Avropanın qazla təchizatı üçün yaradılan yeni energetika infrastrukturu, habelə yeni boruların çəkilməsi və interkonnektorların inkişaf etdirilməsi olub. ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov panel iclasda məruzəçi qismində iştirak edib.
G.Cavadov çıxış zamanı bildirib ki, Azərbaycan qazının Avropaya nəqli ilə bağlı TANAP layihəsinin başlanması, “Şahdəniz” konsorsiumu tərəfindən TAP layihəsinin seçilməsi, 2013-cü ilin sentyabr ayında Bakıda Avropa alıcıları ilə Azərbaycan qazının Avropaya satışı üzrə müqavilələrin imzalanması, “Şahdəniz-2” layihəsi üzrə 2013-cü ilin dekabr ayında Bakıda yekun investisiya qərarının (FID) imzalanması uzun illər ərzində aparılan gərgin müzakirələr və danışıqlar nəticəsində “Şahdəniz-2” layihəsinin bütün iştirakçı tərəflər üçün əldə olunan böyük uğurlardır. Bütün bunların “Cənub qaz dəhlizi” kimi tarixi layihənin artıq reallığa çevrildiyinə dəlalət etdiyini vurğulayan məruzəçi Azərbaycan ilə Avropa İttifaqı arasında yeni və uzun müddətli strateji əməkdaşlığın əsasının qoyulduğunu diqqətə çatdırıb. Azərbaycanın son illərdə üzərinə götürdüyü bütün öhdəlikləri çox yüksək səviyyədə yerinə yetirdiyini nəzərə çatdıran Gülmirzə Cavadov bu layihənin Azərbaycan və Aİ üçün çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Nümayəndəliyin direktoru, həmçinin ona verilən bir sıra, xüsusilə TAP layihəsinin seçilməsi, habelə Azərbaycanın və ARDNŞ-in mümkün əlavə qaz ehtiyatları, əlavə ehtiyatların nəqli istiqamətləri barədə sualları cavablandırıb. O, TAP layihəsi ilə bağlı seçimin “Şahdəniz-2” konsortiumunun bütün üzvləri tərəfindən edildiyini və bu qərarın elan edilmiş müvafiq kriteriyalara, xüsusilə də əlverişli kommersiya göstəricilərinə əsasən çıxarıldığını bildirib. Məruzəçi əlavə qaz ehtiyatları və onların nəqli istiqamətlərinə dair sualı cavablandırarkən deyib ki, alimlərin qiymətləndirmələrinə görə, Azərbaycan 2025-ci illərdə təxminən 50 milyard kubmetr təbii qaz ixracı səviyyəsinə çata biləcək. İstiqamətə gəlincə isə, bu məsələdə Azərbaycan üçün prioritet kommersiya baxımından daha əlverişli layihə və nəqliyyatın tam diversifikasiya olunmasıdır. O, tədbir iştirakçılarının diqqətinə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Avropanın enerji xəritəsini dəyişdirəcək layihə” kimi səciyyələndirilən “Şahdəniz-2” layihəsinin həm Azərbaycan, həm də bütün bölgə ölkələri üçün yeni imkanlar yaratdığını, Azərbaycan qazının Avropaya ixracının təkcə bu layihə ilə məhdudlaşmayacağını və ölkəmizin 2 trilyon kubmetrdən çox təsdiq edilmiş qaz ehtiyatlarına malik olduğunu çatdırıb. Qeyd edilib ki, Azərbaycan üçün gələcəkdə Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya da çox mühüm istiqamət olaraq qalır və ARDNŞ-in prezidenti R.Abdullayev bununla bağlı mövqeyini bildirib.
“Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələrində hüquqi məsləhətçi qismində iştirak edən Riçard Tayler panelə sədrlik edib. TAP boru kəməri layihəsinin məsul nümayəndəsi Liza Givert və İtaliyanın qaz infrastrukturunun aparıcı operatorlarından olan “SNAM” şirkətinin biznes inkişafı üzrə direktoru Andrea Steqher paneldə çıxış edərək TAP layihəsinin Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün yaratdığı imkanlar və perspektivlər barədə danışıblar. Eyni zamanda paneldə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Gülmira Rzayeva da çıxış edib.
ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info