Ötən il Azərbaycanda turizm sahəsində böyük inkişaf ili kimi yadda qalıb
Tarix: 04.02.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib: “Turizmin inkişafı ilə bağlı böyük addımlar atılıb. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilib. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir”.
Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan iki dünya sivilizasiyasının qovuşuğunda - TransQafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir. Bütün infrastruktur - Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları respublikamızın ərazisindən keçir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə turizmin inkişafına xüsusi diqqət yetirilməyə başlanılıb. XX əsrin 90-cı illərinin sonunda turizmin inkişaf meyilləri ölkənin ali qanunvericilik aktlarında öz əksini tapıb. “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının, 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası dövlət tərəfindən turizmin inkişafına verilən dəstəyin göstəricisidir.
Təsadüfi deyildir ki, Azərbaycan dövləti turizm sahəsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir.
2013-cü il turizm sahəsində böyük inkişaf ili kimi yaddaqalan olmuşdur. İl ərzində Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin turizm potensialının inkişafı və təbliği istiqamətində mühüm işlər görüb.
Dünya turizm məkanına uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan 2013-cü ilin avqustunda daha bir nailiyyətə imza atıb. Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) XX Baş Assambleyasında Azərbaycan qurumun İcraiyyə Şurasının üzvü seçilib. Avropa qitəsinin 4 dövləti (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) sırasından Azərbaycanın üzvlüyü 25 səslə birinci olaraq seçilib. Eyni zamanda, Azərbaycanın təklifi nəzərə alınaraq Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü il iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olunub.
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilən 2013-cü ildə turizm sahəsində əldə olunmuş uğurlardan biri də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il tarixli 20 noyabr Sərəncamının icrasının təmin edilməsi məqsədilə ötən il martın 15-dən etibarən elektron viza sisteminin tətbiqinə başlanılması olub.
Bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanması və turistlərə göstərilən xidmətin qiymətlərinin araşdırılması məqsədilə Bakı-Tərtər, Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən və Bakı-Qazax istiqamətində yerləşən mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər keçirilib. Ötən ilin yay mövsümündə 516 oteldə monitorinq aparılıb. Yeri gəlmişkən qeyd edək ki, hazırda respublika ərazisində 258 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.
İl boyu yaddaqalan işlərdən biri də Bakı şəhərində keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və III Bakı Beynəlxalq Humanitar Forumu ilə əlaqədar qonaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Bakıda “Şəhər Turu” (CityTour) layihəsinin təşkili olub.
2013-cü ildə ölkəmizin turizm potensialı Almaniya, Yaponiya, Fransa, Böyük Britaniya, İspaniya, Polşa, Ukrayna, Türkiyənin və digər ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində icarəyə götürülmüş pavilyonlarda, müxtəlif dillərdə hazırlanmış çap məhsulları vasitəsilə təbliğ olunub. Cari ildə isə ölkəmiz Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Böyük Britaniya, İspaniya və digər ölkələrdə keçiriləcək turizm sərgilərində təmsil olunacaq.
Artıq ölkəmizin bu sahədəki uğurları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir və dəstəklənir. Azərbaycanın turizm imkanları “LaRepubblica” və “Messaggero” qəzetlərində, “BusinessYear” və “ABTA” jurnallarında təbliğ olunmuşdur. Bu dövr ərzində ölkəmizin turizm potensialını əks etdirən reklam çarxları “CNN”, “Euronews”, “TV5 Monde”, “Рossiya 2”, “Moya planeta” telekanallarında nümayiş olunub.
Ötən il, həmçinin ölkəmizdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Tvinniq” layihəsinin icrasına başlanılıb və layihənin 1-ci və 2-ci komponentləri üzrə işlər yekunlaşdırılıb. Cari ildə də layihənin icrası davam etdiriləcək.
Təkcə ötən ilin yekunları belə bir qəti fikir söyləməyə əsas verir ki, ötən illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycan bənzərsiz turizm imkanları ilə dünyanın diqqət mərkəzində olacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info