Günel Qurban: “Almaniyada tələbənin uğuru onun çalışqanlığından asılıdır”
Tarix: 04.02.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


“Almaniyada mövcud hakimiyyətin siyasətinin yaratdığı problemlərdən, bürokratiyadan mən yetərincə yorulmuşam”

Almaniyanın Potsdam Universitetinin doktorantı Günel Qurbanla müsahibəni təqdim edirik

-Günel xanım, mümkünsə oxucularımıza özünüzü tanıdın.
-Mən, Bakı şəhərində anadan olmuşam. Alman dili biliklərimi təkmilləşdirmək və Azərbaycanı Almaniyada təmsil etmək hüququnu ilk dəfə 15 yaşında Alman Pedaqoji Mübadilə Xidmətinin təqaüd proqramında iştirak etməyimlə qazanmışam. Alman dilinə və alman xalqının mədəniyyətinə olan həvəs mənim Azərbaycan Dillər Universitetində təhsil almağıma gətirib çıxardı. Alman dili üzrə Tərcümə fakültəsini bitirdikdən sonra bir müddət öz ixtisasım üzrə Azərbaycanda işlədim. Dilçilik üzrə praktik və nəzəri biliklərimi məhz Almaniyada akademik səviyyədə təkmilləşdirməyin düzgün yol olduğunu illər boyu bilsəm də, ailəmin maddi imkanlarının o qədər də yüksək olmamağı bu arzumun reallaşmasına mane olurdu. Maddi problemlərimizi həll etdikdən sonra, 2011-ci ildə Almaniyaya arzu və məqsədimi həyata keçirməyə getdim. 2013-cü ilin noyabr ayında Potsdam Universitetinin Xarici Dil Linqvistikası ( alman və rus dilləri) istiqaməti üzrə magistr pilləsinin məzunu oldum. Potsdam Universitetində elə həmin ilin yayında, universiteti tam bitirməmiş qiymətlərimin yaxşı olmasından dolayı mənə Fəlsəfə fakültəsinin doktorantura pilləsində tədqiqat işi aparmağım üçün icazə verildi.
-Xaricdə təhsilin hansı üstünlükləri var?
-Xaricdə təhsilin, mən deyərdim ölkədən asılı olaraq üstünlükləri və bununla bərabər mənfi tərəfləri də ola bilər. Dediyimiz üstünlükləri əldə etməkdən ötrü xaricdə təhsil alan tələbələrin çoxu qərib mühitdə az və ya çox miqdarda mənəvi sıxıntılar içərisində olurlar. Bunu qıraqdan duymaq çox çətindir. Nailiyyətlər kiçik və ya böyük əziyyətlər hesabına başa gəlir. Ən birinci nailiyyət getdikləri ölkənin dilinə mükəmməl yiyələnmə və dil daşıyıcıları ilə birbaşa ünsiyyət şanslarının olması, ixtisasdan və seçdikləri universitetdən asılı olaraq, praktik və ya nəzəri biliklərinin artması, qaldıqları ölkənin xalqının mədəniyyətini yaxından tanıma imkanlarından yararlanmalarıdır. Misal üçün, Almaniya müxtəlif xalqların nümayəndələrinin məskunlaşdığı ölkə olduğundan, multimədəniyyətə malik bir dövlətdir. Bu səbəbdən çoxmillətli ölkələrdə yaşama zamanı daha çox xalqların mədəniyyətinin və mentalitetinin özəlliklərini tanımış olursan.
Daha bir üstünlük isə oxuduğun universitetin və ya ali təhsil ocağının zəngin kitabxanasından yararlanma imkanıdır. Digər ölkələrin universitetlərində bilmirəm, amma Almaniyada yaşadığın şəhərdən asılı olmayaraq, oxuduğun ali təhsil müəssisəsinin kitabxanasından ölkə daxilində və xaricində yerləşən kitabxanalardan elmi və ya mədəni əhəmiyyətə malik əsərləri qısa müddət ərzində əldə edə bilərsən. Belə ki, tələbə və ya oxucu, sifarişini edir, məsafədən asılı olmayaraq istədiyi kitabı oxumaq imkanı qazanır.
Mənim təhsil aldığım istiqamət üzrə biliklərimin artması daha çox öz çalışqanlığımdan və daim yararlandığım kitabxananın zənginliyindən düzgün istifadə etmə qabiliyyətimdən irəli gəlir. Almaniyada tələbələrə daha çox sərbəst işləmə imkanı verildiyindən professorların bilik və təcrübələrindən gündəlik yararlanmaq o qədər də asan deyil. Yəni, bir tələbənin əldə edəcəyi uğur onun elmə olan həvəsi, çalışqanlığı və kreativliyindən daha çox asılıdır.
-Siz diaspor fəaliyyətinizdə yaşlı nəsil diaspor nümayəndələrinin təcrübələrindən nə kimi yararlanırsınız?
-Mən yaşlı nəsil diaspor nümayəndələrinin təcrübələrindən bu günə qədər yararlana bilməmişəm, çünki kimsəyə bu yöndə təəssüf ki, müraciət etməmişəm. Amma Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samirə xanım Patzer-İsmayılovanın gənclərə xüsusi dəstəyinin və onları diaspor fəaliyyəti istiqamətində həvəsləndirməyinin dəfələrlə şahidi olmuşam.
- Almaniyada Azərbaycanın təbliğ olunması istiqamətində hansı işlər görürsünüz?
-Uğurlu işlərə müvəffəq olmaqdan ötrü mütləq müəyyən çevrə və ya kütlənin içində olmaq gərəkdir. İkinci olaraq isə maddi tərəfdən yaranan baryerləri aşa bilmək imkanının olmasıdır ki, bu da öz şəxsi vəsaitləri hesabına təhsil alan tələbələr üçün heç də asan deyil. Xırda çevrədə öz dostlarımın və ya professor heyətinin arasında Azərbaycanı təbliğ etmək üçün alman dilində nəşr edilmiş Azərbaycanın tarixi, mədəniyyəti haqqında kitabları hədiyyə edirəm və ya Azərbaycan mətbəxi ilə tanış edirəm. İrimiqyaslı işlərə gəldikdə isə 2012-ci ildə ATƏT-in baş katibi Lamberto Zanyerə “Dağlıq Qarabağ Respublikası” adlandırılan qondarma qurumda keçirilən prezident seçkilərinə etiraz məktubum olmuşdu. Bu, ilk təşəbbüsüm idi, imza toplamaq lazım idi, yalnız bir neçə tələbə öz imzaları ilə öz etirazlarını bildirdilər, təəssüflər olsun ki, ən böyük ağrımız olan Qarabağ mövzusunda həssaslıq və birlik hiss etmədim.
Xarici mətbuatda Azərbaycanla bağlı hansısa qeyri-dəqiq və ya qərəzli xəbər gedəndə, dəfələrlə etiraz etmişəm. 2012-ci ilin sonunda isə SOCAR-ın maliyyələşdirdiyi bir diaspor təşkilatının maddi dəstəyi ilə, məqsədi Azərbaycanın Avropa və Asiya arasında bir körpü rolunu oynadığını xarici millətlərə və almanlara nümayiş etdirməkdən ibarət olan bir tədbirin təşkilatçılığını Berlində yaşayan həmyerlimizlə öz üzərimizə götürdük və məncə, iki hissədən ibarət tədbir çox uğurlu da alındı, eyni zamanda ölkə mətbuatında geniş işıqlandırıldı.
Müxtəlif millətlərin nümayəndələrinin qatıldığı tədbirlərə azərbaycanlı olaraq qatılmaq, təhsil aldığın universitetdə biliyin ilə digər tələbələrdən fərqlənməyin özü elə, Azərbaycanı təmsil edib, onu pozitiv tərəfdən təbliğ etməkdir.
- Almaniyada sizə Azərbaycanı daha çox nə xatırladır?
-Ölkəmi azərbaycanlıların təşkil etdikləri tədbirlərdə başımızın üstündən asılan Azərbaycan bayrağı və Azərbaycanın Berlindəki səfirliyi xatırladır.
-Azərbaycan xalqının hansı cəhəti almanlar üçün nümunə ola bilər?
-Bu suala məntiqli cavabı mən iki ildir axtarıram. Düşünürəm ki, azərbaycanlıların qonaqpərvərliyi, yardımsevərliyi , tolerantlığı, millətçi olmamaları digər xalqlar üçün nümunə ola bilər.
-Azərbaycanlı gənclər diaspor quruculuğu işində, eləcə də diaspor tədbirlərində fəal iştirak edirlərmi?
-Səmimi münasibətimi bilmək istəyirsinizsə deyərdim ki, əyləncə olan tədbirlərə böyük maraqla qatılırlar. Təbii ki, hər kəsə şamil etmək olmaz. Mən özüm də diaspor tədbirlərinə son ildə demək olar ki, qatılmayan insanlardanam. Bunun da bir sıra səbəbləri var. İnsanlar arasındakı siyasi baxışların, dünyagörüşlərinin fərqliliyi istər-istəməz onların bir araya tez-tez gəlməsinə imkan vermir. Məcburiyyət qarşısında bir araya gəlsələr də, ikinci dəfə oxşar tədbirlərdə iştirak etmək istəmirlər. Mən onu deyə bilərəm ki, dövlət səviyyəsində diaspor təşkilatlarına böyük maddi dəstək var, yalnız azərbaycanlıların “bir-birinin ayağının altını qazma” xüsusiyyəti daha böyük nəticələrin və uğurların əldə olunmasına kifayət qədər əngəllər törədir.
- Dünya Azərbaycanlı Gənclər Birliyinin gənc diasporumuzun birləşməsində və aktivləşməsində nə kimi rolu var?
-DAGB qısa müddətdə yaranmasına baxmayaraq, qarşısında mühüm vəzifə və öhdəlikləri olan Azərbaycan Respublikasındakı gənclər təşkilatları ilə xarici ölkələrdə yaşayan azərbaycanlı gəncləri bir araya gətirən təşkilatdır. Bu yolda onlara uğurlar arzulayıram!
-Sizin fikirlərinizin alt qatına vardıqda, sanki Almaniyada yaşamağınızdan peşman kimi görünürsüz?
-Hər hansı bir xarici ölkəyə istər turist kimi, istərsə də başqa məqsədlərlə qısamüddətli getdiyində uzunmüddətli yaşayış zamanı qarşına çıxan qayğılardan, problemlərdən xəbərsiz olursan. Bu səbəbdən də bəzi azərbaycanlıların hələ də düşüncəsində “Avropada yaşayırsa, bəxtəvər adamdır” fikirləri mövcuddur. Təəssüf doğuran məqam isə budur ki, bunu iddia edən insanların çoxu bir dəfə də olsun Almaniyada olmayan insanlar və yaxud da Almaniyada yaşayarkən heç bir maddi problemi olmayan şəxslərdir. Maddi problemi olmayan insan işləmək haqqında düşünmür, ona iş də gərəkmir , iş axtarmaq da. İşləyərkən qarşılarına çıxa biləcək bir sıra neqativ hallardan xəbərsiz olurlar. Bu cür hallar kifayət qədərdir. Qısası, yaşadığın ölkədə hər cür, həlli çətin olan vəziyyətlərə düşmədən nə o dövlətin siyasətinin, nə də millətinin hansı xüsusiyyətlərə malik olduğunu anlaya bilərsən.
Mənim peşmançılığıma gəldikdə isə, düzgün müşahidə etmisiniz, tərəzidə ölçsək, peşman olduğum məqamlar daha ağır gələr, amma elm istiqamətində daha çox biliklər əldə etdiyimə görə, özüm-özümə təskinlik verirəm. Bəzən dostlarım və ya ətrafımda olanlar mənim öncələr dediklərimi və yazdıqlarımı çaşdırırlar, mən almanın mənəvi-əxlaqi xüsusiyyətlərini nümunə gətirə bilərəm, amma bu o demək deyil ki, mən Almaniyada siyasi sistemi tərifləməliyəm. Almaniyada mövcud hakimiyyətin siyasətinin yaratdığı problemlərdən, bürokratiyadan mən yetərincə yorulmuşam.

Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info