Həbs olunan şəxslərə verilən yeni hüquqlar
Tarix: 05.02.2014 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Vüqar Məhərrəmov: “Həbs olunanlarla bağlı qanun qüvvəyə mindikdən sonra şikayətlərin sayı xeyli azalıb”

Son illərdə Azərbaycanda qanunvericiliklə bağlı olan yeniliklər və dəyişikliklərdə nəinki beynəlxalq təcrübədən istifadə olunur, bir çox hallarda bəzi qanunlar bir sıra ölkələr tərəfindən maraqla qarşılanır, hətta bu ölkələr yeri gələndə Azərbaycanın təcrübəsindən də yararlanırlar. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında ” qanunun qəbulu isə cəmiyyətdə daha çox müzakirəyə səbəb oldu və saxlanılan şəxslərə bir çox hüquqlar verən bu qanun alqışla qarşılandı. Hətta bir qədər də irəli gedib deyə bilərik ki, bu qanunun qəbulu və tətbiqi ilə bağlı Azərbaycan dövləti ciddi iradə nümayiş etdirdi. Təsadüfi deyil ki, sözügedən qanun uzun müddət idi ki, Milli Məclisin müzakirəsində idi. Qanun qüvvəyə mindikdən sonra polisin nəzarəti altında olan, Penitensiar Xidmətin müəssisələrində və eyni zamanda Müdafiə Nazirliyinin qaupvaxtlarında, müvəqqəti saxlanma yerlərində saxlanılan şəxslərə bir çox hüquqlar verilib. Yəni, əvvəlki hüquqlarla bu hüquqları müqayisə etdikdə sözsüz ki, xeyli dərəcədə irəliləyişlərin olduğunu görərik. Buna misal olaraq şəxslərin informasiya almaq, televizora baxmaq kimi hüquqlarını göstərmək olar. Əvvəlki qanunvericilikdə təqsirləndirilən şəxslərin, barəsində artıq həbs qəti imkan tədbiri seçilərək müvəqqəti saxlanma yerindən istintaq təcridxanasına köçürülənlərin televizora baxmaq hüququ yox idi. Artıq, bu qanunla həmin hüquqlar təsbit olunur və onların hər biri saxlanıldığı kameralarda televizorlarla təmin olunublar.
Qeyd edək ki, qanunun qəbulundan sonra saxlanılan şəxslərlə bağlı şikayətlərin sayında da azalmalar müşahidə olunub. Bu məsələdə olan irəliləyişlər ombudsmanın fəaliyyətində də hiss olunur. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin mütəmadi olaraq məhbuslara başçəkmələrindən sonra verilən bəyanatlar da bunu deməyə əsas verir ki, sözügedən qanunun qəbulu müsbət yöndə dəyişikliklərə səbəb olub. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Ombudsmanın İşgəncələrin Qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov barəsində söhbət açdığımız qanunun qəbulunu alqışladıqlarını söylədi. O, qanunun qəbulu zamanı beynəlxalq təcrübədən də istifadə olunduğunu vurğuladı: “Bu qanunun üç layihəsində bizim də təkliflərimiz nəzərə alındı, eyni zamanda bu məsələdə ATƏT-in Bakı ofisinin də böyük dəstəyi oldu. Sözsüz ki, bu qanun qəbul olunmamışdan əvvəl beynəlxalq təcrübə öyrənilmişdi. Hazırda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanununu qüvvəyə minib. Qanun qüvvəyə mindikdən sonra tətbiq olunan mühüm hüquqlardan biri də təqsirləndirilən şəxslərin ailələri və yaxınları ilə görüş məsələsidir. Əvvəlki qanunvericiliklə bu, qanunla tənzimlənmirdi. Əvvəl bu, cəzaların icrası məcəlləsi və daxili intizam qaydaları ilə tənzimlənirdi. Yalnız müstəntiqin və ya cinayət işini aparan hakimin yazılı icazəsi olduğu halda, şəxsə ailə üzvləri və ya yaxınları ilə görüş icazə verilirdi. Amma bu qanunla şəxsin barəsində ona məhdudiyyət qoyulmayıbsa, həmin şəxs ailəsi ilə görüşə bilər”.
Vüqar Məhərrəmov deyir ki, qanunda nəzərdə tutulan vacib məqamlardan biri də saxlanılan şəxslərin ailələri və ya yaxınları ilə telefon danışığı hüququnun verilməsidir. Yəni, bu məsələ əvvəllər olmayıb və yenə də bu telefon danışığı razılıq əsasında olmalı idi. Belə bir icazənin verilməməsini isə istintaq sirrinin yayılması ilə əlaqələndirirdilər. Amma bugünkü qanunvericiliyin tələblərinə görə istintaq təcridxanasında saxlanılan şəxslər həftə ərzində iki dəfə 15 dəqiqə müddətində ailələri ilə danışa bilərlər: “Qanunda yer alan ən mühüm dəyişiklərdən biri bizim sahəyə aid olan işgəncələrlə mübarizə ilə bağlıdır. Burada artıq müəssisə işçilərinə və eyni zamanda müəssisənin tibb əməkdaşlarına göstəriş verilir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq şəxs müvəqqəti saxlanma yerinə və ya istintaq təcridxanasına qəbul olunarkən onun üzərində hər hansı bir zorakılıq, yaxud da işgəncə əlaməti olduqda bu barədə dərhal aidiyyəti üzrə yerli rayon prokuroruna, yəni istintaq təcridxanası və ya müvəqqəti saxlanma yerinin yerləşdiyi ərazi üzrə prokurorluğa məlumat verməli və eyni zamanda öz rəhbər orqanlarına məlumat göndərməlidir. Eyni zamanda əvvəllər bu məqam da təcrübədə yox idi. Şəxs müvəqqəti saxlanma yerinə qəbul olunarkən 24 saat ərzində tibbi müayinədən keçməlidir. Əvvəllər bu imperativ göstəriş deyildi, yalnız şəxsin səhhəti ilə bağlı hansısa bir şikayəti olduqda onun müraciət etmək hüququ təmin olunurdu. İndi isə istənilən şəxs müvəqqəti saxlanma yerinə qəbul olunduğu zaman 24 saat ərzində ixtisaslı həkim müayinəsindən keçməlidir və onun barəsində daxili işlər orqanlarının təsdiq etdiyi xüsusi tibbi sənəd yaradılmalıdır. Həmin sənəddə onun barəsində səhhəti ilə bağlı qeydlər aparılır. Burada işgəncə və ya digər zorakılıq əlamətləri aşkar edilərsə, bu neqativ hal həmin sənəddə qeyd olunmalıdır. Bundan əlavə həmin şəxs müvəqqəti saxlanma yerindən istintaq təcridxanasına göndərilərkən yenə də müayinə olunmalıdır. Sözsüz ki, şəxs, istintaq təcridxanasına qəbul olunduqda da təcridxananın həkimləri tərəfindən ilkin müayinə olaraq onun bədəninə baxış keçirilib şikayətlərinə baxılır. Orada da başqa bir tibbi sənəd açılır və bu, əvvəlki sənədin davamı olur. Bu mühüm dəyişikliklər təkcə sadalanan məqamlardan ibarət deyil. Bundan əlavə, ictimaiyyət nümayəndələrinin eyni zamanda Milli Preventiv Mexanizminin, ombudsmanın həmin şəxslərlə görüşü məsələləri qanunda daha dəqiq göstərildi”.
Mövcud qanunun üstünlüklərindən biri kimi bəzi məsələlərin polisdən alınaraq məhkəmələrə verilməsidir. Belə ki, əvvəllər polis orqanlarında saxlama yerləri ilə bağlı daxili işlər nazirinin 428 saylı əmri var idi. Həmin əmrin tələbinə görə şəxs zəruri istintaq hərəkətləri ilə bağlı müvəqqəti saxlanma yerinə istintaq təcridxanasından 10 gün müddətinə köçürülə bilərdi.
Milli Preventiv Mexanizm Qrupunun rəhbəri bu məqamın da xüsusi önəm daşıdığını düşünür: “Qanunun 8-ci maddəsində vətəndaşın məhkəmə icrasında olduğu dövrdə şəxsin özünün vəsatəti və yaxud da məhkəmənin əsaslandırılmış qərarı olduğu halda, şəxsin öz arzusu da nəzərə alınmaqla məhkəmə icraatının sonunadək müvəqqəti saxlanma yerində saxlanıla bilər. Burada şəxsin öz arzusu ona görə deyilir ki, ola bilər ki, yolun, daşınma məsafəsinin uzaq olması səbəbindən şəxsin mütəmadi olaraq istintaq təcridxanasına aparılıb gətirilmə məsələləri bir qədər onun təhlükəsizliyi və bəzi xərclərə səbəb ola bilər. Yəni, bu incəliklər də qanunda öz əksini tapıb. Amma burada bir maraqlı məsələyə də diqqəti çəkmək istərdim. Bu da daxili intizam qaydaları ilə bağlıdır. Düzdür, daxili intizam qaydaları hələ ki, qüvvəyə minməyib. Amma bununla bağlı son müzakirələr aparılır və bu qaydalarda ombudsmanın da təklifləri nəzərə alınmaqla məsələ yaxın vaxtlarda öz müsbət həllini tapacaq. Əvvəllər həmin daxili intizam qaydaları aidiyyəti üzrə Daxili İşlər Nazirliyi və ya Ədliyyə Nazirliyi tərəfindən tənzimlənib təsdiq edilirdisə, artıq bu, Baş nazirin imzası ilə təsdiq olunub digər qurumlara göndəriləcək ”.
Onu da bildirək ki, nisbətən problem yaradan əsas məsələlərdən biri müvəqqəti saxlanma yerlərinə həkimlərin cəlb edilməsi idi. Əvvəllər bununla bağlı həmişə bəzi problemləri müşahidə edirdik. Müvəqqəti saxlanma yerlərində sağlamlıqla bağlı yaranan problemlər zamanı hadisə yerinə yalnız təcili tibbi yardım həkimləri cəlb edilirdi və onlar müayinə aparırdı. Sözsüz ki, bəzi hallarda bu həkimlər tərəfindən də haqlı olaraq narazılığa səbəb olurdu ki, təcili tibbi yardımın vəzifəsi ilkin tibbi yardım göstərməkdir, müayinə aparmaq deyil. Bu məsələ də artıq qanunvericilikdə tənzimlənir. Səhiyyə Nazirliyinin də üzərinə bir vəzifə qoyulub ki, Baş nazirin 2013-cü ildə təsdiq etdiyi 67 saylı qərarında göstərildiyi kimi aidiyyəti üzrə müəssisəyə yaxın rayon xəstəxanasının həkimi müvəqqəti saxlanma yerinə təhkim olunmalıdır. O, mütəmadi olaraq orada olan şəxsləri yoxlamalıdır. Həkim həmin yerə göndərildikdən sonra oradakı tibbi qeydiyyat kitabında öz qeydlərini etməlidir.
Ombudsmanın İşgəncələrin Qarşısının alınması şöbəsinin müdiri bu məsələnin də müsbət amil olduğunu deyərək ümumilikdə qanunun yaxşı hazırlandığını qeyd etdi: “Bir məqamı deyim ki, bu qanunla əlaqədar Azərbaycan Hüquqşünaslar Konfederasiyası, ATƏT-in Bakı ofisi tərəfindən yerli mütəxəssislər hazırlandı. Mən də həmin mütəxəssislərdən biriyəm. Biz bir sıra ölkələrdə də olduq. Sonuncu səfərimiz isə Sloveniyaya idi. Qrup on iki nəfərdən ibarət idi və bura əsasən dövlət qurumlarından - Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasından nümayəndələr qatılmışdı. Həmçinin burada ictimai vəkillərdən, qeyri-hökumət təşkilatından, Ombudsman Aparatından və Ombudsmanın Milli Preventiv Mexanizm Qrupundan nümayəndələr iştirak etdi. Sloveniyada səfərimiz çərçivəsində bir neçə müəssisədə olduq və onların təcrübəsi, qanunvericiliyi ilə tanış olduq. Onları da bu qanun maraqlandırdı və biz də onlara izah etdik ki, həqiqətən də bu çox gözəl qanundur. Bildirdik ki, sözügedən qanunu tərcümə edib onlara da göndərəcəyik ki, öz təcrübələrində işlətsinlər. Sözsüz ki, əsas məsələ qanunun işləmə mexanizmidir. Hazırda bu qanun demək olar ki, fəaliyyətə başladığı gündən bu günədək qüvvədədir və işlək bir mexanizmdədir. Əvvəllər bizə saxlanılan şəxslərlə görüşlər barədə arzuolunmaz müraciətlər daxil olurdusa, indi müraciətlərin sayı xeyli dərəcədə azalıb. Çünki artıq qanunvericilik şəxsin həmin hüquqlarını tanıyıb”.
Qeyd edək ki, həbs olunan şəxslərin hüquqlarının müdafiəsi sahəsində bir sıra QHT-lər də fəaliyyət göstərir. Onlardan biri “Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyidir ki, onlar da həbs olunan şəxslərin hüquqlarının müdafiə olunması məqsədi ilə yaratdığı “Qaynar xətt” xidmətini yaradıb. Həmin “Qaynar xətt” xidmətinin nömrəsi isə 012 480 32 95-dir.

Tural Tağıyev

Bu araşdırma “Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyinin Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Budapeşt ofisinin) maliyyə dəstəyi çərçivəsində həyata keçirdiyi “Həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi və bu sahədə ictimai vəkillik işinin təşkili” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim olunur




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info