“Türkiyədə tibb sahəsində təhsil alan ən çox azərbaycanlı İzmirdədir”
Tarix: 05.02.2014 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Cavid Əliyev: “Xocalı soyqırımı ilə əlaqədar İzmirin mərkəzindəki Konak Meydanında mitinq, soyqırımı əks etdirən rəsm sərgisi və iki konfrans keçirməyi planlaşdırırıq”

Diasporumuzun fəaliyyətinin işıqlandırılması ilə bağlı qəzetimizin həyata keçirdiyi layihənin növbəti qonağı İzmir Azəbaycan Mədəniyyət Evi və Yardımlaşma Cəmiyyətinin sədr müavini Cavid Əliyevdir:
- Türkiyəyə təhsil məqsədi ilə gəldim. Öncə Egey Universitetində Beynəlxalq Münasibətlər ixtisasını bitirdim. Sonra Doquz Eylül Universitetində magistr və doktorantura təhsilinə davam etdim. Təhsilimlə əlaqədar olaraq Türkiyədə qalmalı oldum. Bizlər-Türkiyəyə ilk gələn tələbələr Azərbaycanımızın ən sıxıntılı zamanlarında gəlmişdik. Gəldiyimiz ilk günlərdən qarşımızda iki mühüm vəzifənin olduğunu bilirdik. İlk öncə dərslərimizi yaxşı oxuyacaq, sonra da əlimizdən gəldiyi qədər Azərbaycanın tanıdılması, haqq səsinin dünyaya çatdırılması üçün hər şeyi etməliydik. Bunun üçün də həm tələbələr olaraq, həm də təhsil aldığımız şəhərlərdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları ilə çox sayda tədbirlər: mitinqlər, müxtəlif yardım kampaniyaları, panel və konfranslar həyata keçirdik.
- Siz 2003-cü ildən etibarən İzmirdə fəaliyyət göstərən Azəbaycan Mədəniyyət Evi və Yardımlaşma Cəmiyyətinin sədr müavinisiniz. Cəmiyyətin fəaliyyəti və bu istiqamətdə həyata keçirdiyiniz tədbirlərlə bağlı məlumat verərdiniz.
- Bəli, hazırda sədr müavini olduğum cəmiyyət 2003-cü ildə quruldu. Ancaq daha əvvəl də qeyd etdiyim kimi diaspor fəaliyyəti ilə tələbə olaraq gəldiyim ilk gündən məşğulam. Uzun müddət İzmirdə təhsil alan azərbaycanlı tələbələrin nümayəndəsi kimi bir çox tədbiri tələbələr olaraq, daha sonra qurmuş olduğumuz Vətən Gənclər Cəmiyyəti olaraq, bəzi zamanlarda da digər Azərbaycan Cəmiyyətləri ilə birgə təşkil edirdik. 2003-cü ildən etibarən də Azəbaycan Mədəniyyət Evi və Yardımlaşma Cəmiyyəti ilə birgə tədbirlər keçiririk. 2003-cü ildə İzmirdə fəaliyyət göstərən, mərkəzi Ankarada olan iki cəmiyyət bağlandıqdan sonra İzmir kimi Türkiyənin üçüncü böyük şəhərində Azərbaycanı tanıdacaq, haqq səsimizi geniş kütlələrə çatdıracaq bir cəmiyyətin qurulmasının vacibliyi ortaya çıxdı. O vaxt həm də Türkiyədə Azərbaycanyönümlü cəmiyyətlərin bir federasiya altında birləşdirilməsi də gündəmdə idi. Bu xüsuslar diqqətə alınaraq cəmiyyətimiz quruldu. Qurulduğu gündən də cəmiyyətimizin sədri Turqut Arat bəydir.
Cəmiyyətimiz qurulduğu gündən bu günə qədər heç bir günü buraxmadan Azərbaycanla əlaqədar bütün önəmli günləri hər il qeyd edir. Səfirliyimizin, baş konsulluğumuzun və təhsil müşavirliyimizin İzmirlə əlaqədar fəaliyyətlərinin həyata keçirilməsində və Azərbaycandan İzmirə gələn rəsmilərin İzmirdəki görüşlərinin yüksək səviyyədə keçməsinin təşkilinə kömək edirik. Diasporla İş üzrə Dövlət Komitəsinin Türkiyədə ilk geniş çaplı tədbirinin təşkilində cəmiyyətimizin də böyük əməyi olub. Bu tədbirdə tək Türkiyədən deyil, bir çox ölkədən diaspor nümayəndələri də iştirak etmişdi.
İzmirin rəsmiləri, orada fəaliyyət göstərən digər qeyri-hökümət təşkilatları, həmkarlar ittifaqları ilə yaxın əlaqələr qurularaq onlara Azərbaycan gerçəkləri anlatılır və təşkil etdiyimiz tədbirlərə dəvət edilir. Buna görə də cəmiyyət olaraq təşkil etdiyimiz tədbirlərdə hər zaman sıxlıq olur.
Azərbaycandan gələn və burada yaşayan Azərbaycan əsilli vətəndaşların problemlərinin həllinə kömək edirik. İzmirdə fəaliyyət göstərən mətbuat və televiziya kanalları ilə yaxın əlaqələr qurulur və nəticədə Azərbaycanın önəmli günlərinin işıqlandırılmasına nail oluruq. Bizim cəmiyyəti tək Türkiyədə deyil, mən deyərdim ki, dünyada fəaliyyət göstərən digər cəmiyyətlərdən fərqləndirən bir xüsusiyyəti də, cəmiyyətimiz qurulduğu ilk gündən təhsil üçün Azərbaycandan gələn tələbələrlə yaxın münasibətidir. Yeni gələn tələbələrlə cəmiyyətimizdə tanışlıq günləri təşkil olunur, əgər varsa, problemlərinin həllinə köməklik göstərilir və Azəbaycanla əlaqədar bütün tədbirlər tələbələr və cəmiyyətlə birlikdə təşkil edilir. Bunun nəticəsində tələbələrimiz cəmiyyət sayəsində buradakı Azərbaycan əsilli insanlarla tanışma imkanı əldə edir. Cəmiyyətimizdə həftə sonu konfrans-diskussiyalar təşkil edirik. Bu konfrans-diskussiyalarda Azərbaycanla əlaqədar mövzular olduğu qədər, türk dünyası və türk dünyasına əmək vermiş insanların yad edilməsi də yer alır. Misal üçün deyə bilərik ki, ən son Türk Dünyası Araşdırmalar Vəqfinin sədri Turan Yazqanı ölüm il dönümü ilə bağlı yad etdik.
- Siz eyni zamanda İzmirdə təhsil alan azərbaycanlı tələbələrin rəsmi nümayəndəsisiniz. Tələbələrin bir araya gəlməsi, ümumiyyətlə bu sahədə görülən işlərlə bağlı nə deyərdiniz?
- Bəli, uzun müddətdir ki, Azərbaycandan gəlib İzmirdə təhsil görən tələbələrin nümayəndəsiyəm. İstanbul və Ankaradan sonra azərbaycanlı tələbələrin ən çox təhsil aldığı yer İzmirdir. İzmirdə 4-ü dövlət olmaqla 9 universitet var. İzmirin bir özəlliyi də odur ki, tibb sahəsində rezidentura təhsili alan ən çox azərbaycanlı həkim İzmirdə yetişməkdədir. Tələbələrimiz İzmirə gəldikdən etibarən onlarla maraqlanırıq. Yataqxana, təqaüd, universitet və polis idarəsində qeydiyyat işlərinə kömək edirik. Tələbələrin bir-birini yaxından tanımaları üçün müxtəlif tədbirlər təşkil edirik. Eyni zamanda daha əvvəl də vurğuladığım kimi, cəmiyyətlə birlikdə Azərbaycanla əlaqədar tədbirləri təşkil edirik. Başqa təşkilatların xaricdən gələn tələbələrlə əlaqədar təşkil etdikləri tədbirlərdə, gəzintilərdə azərbaycanlı tələbələrin iştirakını təmin edirik.
- Cəmiyyətiniz Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının üzvü kimi orada ölkəmizin təbliği, reallıqların çatdırılmasında hansı tədbirlər həyata keçirir?
- Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının qurulması fikri 2004-cü ildə Adana Vilayətinin Ceyhan rayonunda ortaya çıxdı və ilk quruluş imzaları o zaman atıldı. Belə bir federasiyanın qurulmasını çox istəyənlərdən və bu yöndə çalışanlardan biri olmuşam. Çünki güç birlikdən doğar. Düşünürdük ki, federasiya olarsa, həm dağınıq halda olan Azərbaycan cəmiyyətləri birləşər, həm də federasiya sayəsində cəmiyyətlərimizin olmadığı yerlərdə də yeni cəmiyyətlər qurular. Təəssüf ki, 2006-cı ilə qədər müxtəlif səbəblərdən federasiya qurula bilmədi.
Nəhayət, 2006-cı ildə İzmit şəhərində federasiya quruldu. Mərkəzi Ankara şəhərində idi. Həm quruluş mərhələsi, həm də qurulduqdan sonrakı illərdə bir çox probemlərlə qarşılaşdıq. Daha sonra federasiyanın mərkəzi İzmitə köçürüldü və hazırda orda yerləşməkdədir. Federasiya qurulduqdan sonra arzumuz federasiyanın bütün Türkiyəni əhatə etməsi, Azərbaycanyönümlü cəmiyyətlərin olmadığı hər yerdə cəmiyyətlərin qurulması, mövcud azərbaycanlı cəmiyyətlərin hamısını özündə birləşdirməsi, fəaliyyətləri ilə Türkiyədə səs gətirəcək gücə sahib olan və qurumsallaşan bir federasiya olması idi. Bu saydıqlarım baxımından bəzi fəaliyyətlərimiz oldu. Ancaq təəssüf ki, hazırda bu arzuladıqlarımızın bir çoxu müxtəlif səbəblərdən həyata keçmədi. Onu da qeyd edim ki, bu gün Türkiyədə 3 Azərbaycan Cəmiyyəti Federasiyası fəaliyyət göstərir. Bu federasiyaların bir-birləri ilə əlaqəsi yoxdur. Bu şəkildə gücümüz bölünmüş olur. Bizim diasporumuzun ən güclü olması gərəkən ölkələrdən birisi də məhz Türkiyə olmalıdır.
- Siz Dünya Azərbaycanlıları qurultaylarının iştirakçısı olmusunuz. Ötən qurultayların diasporumuzun fəaliyyətinin genişlənməsindəki rolunu necə qiymətləndirirsiniz?
- Bəli, son iki qurultayın nümayəndəsi olmuşam. İlk qurultay bildiyiniz kimi ümummilli liderimiz Heydər Əliyevin zamanında təşkil olunmuşdu. Heydər Əliyev birinci qurultayda diaspor sahəsində fəaliyyət göstərən təşkilatlara yol xəritəsini göstərib, tövsiyələrini vermişdi. İşlərin daha da sistematik irəliləməsi üçün Diasporla İş Üzrə Dövlət Komitəsi yaradılıb və komitəyə geniş imkanlar yaradılıb.
Qurultaylar, diaspor təşkilatları üçün dönüb geriyə baxmaq üçün bir fürsətdir. Hər bir diaspor təşkilatı, “keçən müddətdə nə iş gördük” deyə özünə baxmalı, hesabatını verə bilməlidir. Qurultaylar həm də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatlar üçün bir-birləri ilə tanışmaq üçün vasitədir. Bu çox önəmlidir. Çünkü eyni məqsəd üçün fəaliyyət göstərən təşkilatlar bir-birlərini yaxından tanımalı, birlikdə hərəkət etməlidirlər. Bu baxımdan qurultayların və ya daha kiçik formatlı tədbirlərin tez-tez təşkil olunmasında fayda var. Qurultaylar həm də həvəsləndirmə mahiyyətində olmalı, bu yolla Azərbaycan üçün çalışan insanları dəvət edərək bu şəkildə təşəkkür etmə imkanı yaradılmış olar. Burada vurğulamaq istədiyim bir neçə xüsus var. Müxtəlif ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar müstəqil təşkilatlar olmalıdır. Hər hansı bir ölkə onun tərkibində, onun qanunlarına görə qurulmuş olan, fəaliyyət göstərən, ancaq başqa bir dövlətə bağlı çalışan bir təşkilata qarşı yaxşı münasibət bəsləməz. Çox rastlaşmasaq da, bəzi təşkilat nümayəndələrimiz bəzən təcrübəsizlikdən “bu təşkilat bizə əmanətdir və ya bu şəkildə olmasını istəyirlər” kimi ifadələr işlədirlər. Bu, məncə, yolverilməz bir haldır. Diaspor təşkilatları yerləşdiyi ölkə idarəçiliyi nəzərində tamamən müstəqil təşkilatlar olmalıdır.
Bu qurultaylara həmişə eyni insanlar deyil, Azərbaycan əsilli olub, Azərbaycana getmə imkanı olmayan və ya Azərbaycana faydası olan insanların da dəvət olunması yaxşı olardı.
- Ötən il Xocalı faciəsi ilə bağlı Türkiyədə bir sıra tədbir keçirildi. Bu il bu istiqamətdə tədbirlərin təşkili nəzərdə tutulurmu?
- Cəmiyyət olaraq ən çox diqqət etdiyimiz fəaliyyət sahələrindən biri Xocalı soyqırımını geniş kütlələrə çatdırmaqdır. Bunun üçün mitinqlər, press-konfranslar, panellər, konfranslar təşkil edirik. Mərkəzi yerlərdə Türkiyəyə xas olan “lokma dökdürürük” (bizdəki ehsan paylama kimi) və bu zaman insanlara Xocalı soyqrımını anlatan broşürlər paylayırıq. Panel və konfransları iki şəkildə, həm xalqa açıq, həm də universitetlərdə təşkil edirik. Keçən ilki panelimizi yenə cəmiyyət, tələbələr və Dünya Azerbaycanlıları Konqresi ilə birlikdə təşkil etdik və panelimizdə millət vəkili Qənirə Paşayeva da iştirak etdi. Bu tədbirlərdə çalışırıq ki, xaricdən gəlib İzmirdə təhsil alan əcnəbi tələbələr də iştirak etsinlər və onlar da bu soyqırımdan xəbərdar olsunlar. Bu il də Xocalı soyqırımı ilə əlaqədar olaraq bir neçə tədbir- İzmirin mərkəzində Konak Meydanında mitinq və mətbuat açıqlaması, lokma dökümü, soyqırımı əks etdirən rəsm sərgisi və broşür paylanması və iki konfrans planlaşdırırıq.
- Ümumiyyətlə, qarşıdakı planlarınız nədir?
- Gələcək planlarımızda qeyd etdiyim kimi, Azərbaycanın qeyd edilməsi lazım olan günlərinin hamısını ardıcıllıqla qeyd edilməsi yer alır. Azərbaycandan gəlib İzmirdə yaşayan azərbaycanlı və Azərbaycan əsilli qadınlardan ibarət Azərbaycanlı Aydın Qadınlar Qrupu qurulmuşdu. Sədri Cahitə Ocak, qurucularından biri də Nigar Börek xanımdır. Onların bir layihələri var. Azərbaycanlı yazıcı və şairlərin əsərlərini türkçəyə tərcümə etmək və əsər sahiblərinin Türkiyədə imza günlərini təşkil etmək. O layihəyə cəmiyyət olaraq dəstək verəcəyik. Həyata keçirməyi çox istədiyimiz layihələrdən biri də ilk gündən İzmirdə Azərbaycan adına fəaliyyət göstərən insanlar var. Onlar Azərbaycanı çox görmək istəyirlər. Bəzilərinin öz vəsaitləri hesabına getmə imkanları yoxdur, bəziləri də qrup olaraq getmək istəyirlər. Bu layihəyə dəstək tapa bilsək həyata keçirmək istəyirik.
- Sonda demək istədiyiniz hansısa fikirləriniz varmı?
- Öncəliklə mənə bu imkanı sağladığınız üçün sizlərə, qəzetinizə çox təşəkkür edirəm. Diaspor təşkilatları olaraq daha çox fəaliyyət göstərməmiz, birlik-bərabərlik içində olmamız lazımdır. Sayımız çox olsun deyə deyil, həqiqi mənada iş görən, geniş kütlələrə xitab edə bilən, heç bir qarşılıq gözləmədən, təmənnasız Azərbaycanımız üçün fəaliyyət göstərən diaspor təşkilatlarımızın sayının artması lazımdır. Yoxsa diaspordan lobbi mərhələsinə keçməmiz bir az çətin olacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info