Həsənli Murad: “Bir çox gəncimiz artıq perspektivli işi elə böyüdüyü rayonda tapa bilər”
Tarix: 06.02.2014 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


“Azərbaycanda gənclər üçün yaradılan şəraitin heç 10 faizi Ermənistanda yaradılmayıb”

Son illərdə Azərbaycanda gənclər üçün yaradılan şərait qənaətbəxş olsa da, gənclər üçün yaradılan imkanlar bəzi hallarda yalnız paytaxt üçün məhdudlaşır. Amma regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrasından sonra bölgələrdə olan gənclər üçün də yeni imkanlar açılıb. Artıq, gənclərin çoxu Bakıya deyil, bölgələrdə olan yeni turizm obyektləri, sənaye və digər dövlət obyektlərinə üz tutur, axınlar edirlər. Onların oradakı fəaliyyəti isə bir çox hallarda gözdən uzaqda qalır. Bu gün oxucuları belə gənclərdən biri ilə tanış edəcəyik. Sabirabad rayonundan olan Həsənli Murad Bakıda ali təhsilini bitirdikdən sonra, elə doğulduğu rayonuna üz tutaraq, burada əmək fəaliyyətinə başlayıb. Gənc dövlət qulluqçusu olan Murad Sabirabad rayon Gənclər İdman İdarəsinin gənclər sahəsi üzrə baş məsləhətçisidir. O, həmçinin Aran Regional Debat Mərkəzinin sədridir və blogger kimi də fəaliyyət göstərir.
- Sabirabad rayon Gənclər İdman İdarəsinin gənclər sahəsi üzrə baş məsləhətçisiniz. Bir qədər işiniz barədə danışardınız. Gənclərlə işləmək necədir?
- Çalışdığım idarə dövlətin gənclər və idman siyasətini Sabirabadda icra etməklə məşğuldur. Artıq bir ildən çoxdur ki, əmək fəaliyyətinə başlamışam. Gənclərlə işləmək böyük zövqdür. Onu da qeyd edim ki, mənim üçün bu iş bir qədər asandır. Yəni, tələbəlik illərində “İrəli” İctimai Birliyinin fəallarından olmuşam. Orada əldə etdiyim təcrübə bu gün mənə kömək edir. Bundan əlavə, idarəmizin çox peşəkar və müasir kollektivi var. Belə olduqda işlərdə nəinki problem olmur, hətta bir sıra uğurlar da əldə olunur.
- Adətən gənclərin çoxu təhsilini bitirdikdən sonra paytaxtda qalır. Siz isə əksinə olaraq regiona üz tutmusunuz. Bunu nə ilə izah edərdiniz? Ümumiyyətlə, bu arzuolunmaz tendensiya barədə nə deyə bilərsiniz?
- Bəli, bu çox ciddi problemdir. Gənclərimizin paytaxtda qalmasının bir neçə səbəbi var. İlkin səbəb kimi regionlarda iş yerlərinin nisbətən məhdud olmasıdır. Digər məqam isə təhsilini bitirən gənclər daha səmərəli iş tapma imkanının şəhərdə çox olmasını düşünür. Əslində isə son illərdə regionlarda da bu sahədə ciddi dəyişikliklər olub və bir çox gəncimiz artıq perspektivli işi elə böyüdüyü rayonda tapa bilər. Görünür, uzun illərin formalaşdırdığı bu arzuolunmaz tendensiyanın nəticəsidir ki, bu gün bölgələrdə savadlı hüquqşünas, iqtisadçı gənc tapmaq bir qədər çətin məsələyə çevrilib. Bölgələrin intellektual resursunun paytaxta axması yeni sosio-mədəni problemlər yaradıb. Əslində isə hər şey yaxşılığa doğru gedir və yaxın gələcəkdə belə bir tendensiya demək olar ki, qalmayacaq. Konkret olaraq mənə gəldiksə isə bölgədə çalışmağımın üç səbəbkarı var: Ceyhun Osmanlı, Rauf Mərdiyev və idarə rəisim Nadir Quliyev. Onlar məni bu işə həvəsləndirdilər. Bu seçimimdə qətiyyən peşman deyiləm. Burada insanlara, gənclərə faydalı olmaq daha vacibdir, nəinki kadrların bol olduğu paytaxtda.
- Son illərdə regionların inkişafı ilə bağlı bir sıra tədbirlər görülüb. Bunlardan biri də gənclərlə bağlıdır. Yeni olimpiya kompleksləri, gənclər evləri tikilir və s. Bu siyasəti, görülən işləri necə dəyərləndirərdiniz?
- Regionların inkişafı ilə bağlı xüsusi dövlət proqramları var və onlar uğurla icra olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışında dediyiniz məqamlara da toxundu və görülən işlərin uğurla davam etdiriləcəyini bəyan etdi. Ölkə başçısının belə əmin bəyanat verməsi, görülmüş işlərin uğurlu olmasından xəbər verdi. O, konfransı giriş nitqi ilə açanda bildirdi ki, "İkinci Dövlət Proqramı bir ay bundan əvvəl başa çatdı. Beləliklə, bu proqramların müzakirəsinə ehtiyac vardır. Əslində, biz hər il bu proqramların icrasını müzakirə edirik. Hər il təhlil edirik və görüləcək işlər haqqında göstərişlər verilir". Yəni, bütün bunlar onu göstərir ki, Prezident hər il regionların inkişafını xüsusi nəzarətdə saxlayır və dövlət proqramının icrasını yaxından izləyir. Sabirabada gəldikdə isə sualınızın ikinci hissəsinə cavab olaraq deyə bilərəm ki, rayonda həm Olimpiya Kompleksi, həm də Gənclər Evi var. Mübaliğəsiz deyə bilərəm ki, dövlətin gənclər siyasəti digər ölkələrə nümunə olacaq bir səviyyədədir. Bu gün Ermənistanda gənclər üçün Azərbaycanda yaradılan şəraitin heç 10 faizi yaradılmayıb. Ümumiyyətlə, regionda Azərbaycan yeganə dövlət sayılır ki, gənclər siyasəti bütün sahələrə sirayət edir. Son zamanlar gənc kadrların mühüm və məsuliyyətli dövlət işlərinə çəkilməsi isə təqdirəlayiq haldır. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Gənclər Fondunun yaradılması isə sadəcə olaraq biz gənclər üçün əsl şanslar açdı. Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı olması bütün dünyada olan gənclərimizi sevindirdi.Qısası, kənardan baxanda Azərbaycan gənclərinə həsəd aparmaq olar desəm, yanılmaram!
- Rayonunuzda Olimpiya Kompleksi və Gənclər Evinin olmasını qeyd etdiniz. Regionlarda, konkret olaraq Sabirabadda gənclərin asudə vaxtlarının faydalı işlərə sərf edilməsi üçün hansı işlər görülür?
- Gənclərin asudə vaxtının səmərəli təşkili çox önəmli məsələdir. Nəzərə alsaq ki, bizim gənclər daha enerjili, intellektli və bacarıqlı, istedadlıdırlar, o zaman onların asudə vaxtları üçün şəraitlər və imkanlar açmaq mühüm məsələdir. Hazırda, bütün bunları nəzərə alaraq, Gənclər Mərkəzində müxtəlif maraq qrupları üzrə klublar fəaliyyət göstərir. Ekoloji qrup, Könüllülər klubu, İntellektual klubda xeyli gənc cəmlənib və onlar rayonun ictimai həyatında yaxından iştirak edirlər. Həmçinin, Olimpiya İdman Kompleksi də gənclərimizə xidmət göstərir. Amma doğrusu, vəziyyət yenə də biz istəyən səviyyədə-ideal deyil. Asudə vaxtdan gənclərin səmərəsiz istifadə etmələri bir çox fəsadlara səbəb olur.
- Sizin də qeyd etdiyiniz kimi, son bir ildə ardıcıl olaraq bir neçə aktiv gənc kifayət qədər məsuliyyət tələb edən dövlət işlərinə cəlb olunub, icra hakimiyyətlərində səlahiyyətli vəzifələr tutublar. Bunu necə dəyərləndirərdiniz?
- Haqlısınız, bu, bir adət halına çevrilir artıq. Bu tendensiyanı çox yüksək qiymətləndirirəm. Bir tərəfdən baxanda demək olar ki, bu təbii prosesdir. Nəsil dəyişir, zamanın tələblərinə cavab verən təhsilli, intellektual və idarəetmə qabiliyyəti yüksək gənclər yetişir, onlar əvvəlki nəslin yerini tutur. Həmçinin də bədii dildə desək, bu uğur hekayələri digər gənclər üçün də stimul olacaq. Qısası, bunu yüksək qiymətləndirirəm və nəinki mən, gənclər, bütün təbəqədən olan insanlarımız bu tədbirlərə optimist yanaşır.
- Gənclər və İdman Nazirliyi də kifayət qədər aktiv dövlət qurumudur. Nazirliyin gənclər siyasəti ilə bağlı gördüyü son işlər barədə nə deyə bilərsiniz?
- Qısaca olaraq onu deyə bilərəm ki, Gənclər və İdman Nazirliyi öz vəzifəsini artıqlaması ilə yerinə yetirir. Gənclərimiz bu naziliyi bürokratik bir struktur kimi yox, yardımçı, onlara yön verən bir dövlət orqanı kimi görürlər. Düşünürəm ki, yaxın gələcəkdə daha böyük layihələr reallaşdırıb, gənclər üçün yeni şəraitlər yaradılacaq.
- Bəs, Azərbaycan gəncliyini necə xarakterizə edərdiniz? Hazırkı gəncliyin durumu sizi qane edirmi?
- Azərbaycan gəncliyini birtərəfli qaydada səciyyələndirmək, zənnimcə düzgün olmazdı. Gənclərimiz rəngarəngdir. Paytaxt və iri şəhərlərdə gənclərin durumu qaneedici səviyyədə olsa da, regionlar üçün eyni sözü demək olmaz. Bunun üçün çox işlər görülür. Lakin uzun illərdən qalan problem o qədər dərindir ki, bunun üçün çox iş görülməlidir və buna da hələ çox vaxt lazım olacaq. Ümumən Azərbaycan gəncliyi vətənpərvər, intellektual və müasirdir, desəm yanılmaram.
- Azərbaycanın əmin addımlarla irəliləməsində gənclərin, gənc kadrların da böyük rolu var. Region gənclərinin bu işdə payı nə qədərdir?
- Əlbəttə, bir zamanlar gənclər təşkilatlarında və ya fərdi qaydada fəallıq göstərən xeyli gənc var idi ki, bu gün çox önəmli vəzifələrdə çalışırlar, dövlətə fayda verirlər. Onların arasında region gəncləri də var. Düşünürəm ki, gələcəkdə regionlardan olan gənclər daha da irəli gedəcək və onların sədaları beynəlxalq təşkilatlardan gələcək. Hazırda belə gənclər olsa da, sayları çox deyil.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info