Gürcüstanın geniş oxucu kütləsinə malik “Goergia Today” internet portalında Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məqalə yerləşdirilib.
Məqalənin müəllifi Olqa Azgibetseva yazır ki, digər dövlətlərdən fərqli olaraq Azərbaycanda insanlar ölkəni tərk etmirlər. Əksinə son vaxtlar başqa ölkələrdən Azərbaycana yaşamaq üçün gələn insanların sayı artır. Müəllif bunun səbəbinin son illər Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi, ölkədə adambaşına düşən ümumi daxili məhsulun artması və yoxsulluğun kəskin şəkildə azalması ilə əlaqədar olduğunu yazır. Diqqətə çatdırılır ki, Azərbaycan iqtisadi artım göstəricilərinə görə dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasındadır. Müəllif vurğulayır ki, Azərbaycanın paytaxtı Bakıda təkcə əhalinin deyil, həm də yaşayış yerlərinin sayı artır. Şəhərdə 10 il əvvəl boş olan ərazilərdə artıq yeni binalar, brend otellər tikilib. Paytaxtda metro stansiyalarının sayı daha da artıb, dənizkənarı bulvarın ərazisi genişləndirilib. Azərbaycanda tikinti sektoru ən inkişaf etmiş sahələrdən biridir.
|