Turizm təhsilində kütləvi kadr hazırlığı prosesi başlanılmalıdır
Tarix: 12.02.2014 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunda Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin təşkili və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” mövzusunda toplantı keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Mikayıl Cabbarovun da iştirak etdiyi iclasda əməkdaşlığın daha səmərəli təşkilinə həsr olunmuş müzakirələr aparılıb və əməkdaşlığın konkret istiqamətləri müəyyən olunub.

“Kadr hazırlığı iki nazirlik tərəfindən vahid konsepsiya əsasında həyata keçirilməlidir”

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan mədəniyyəti və turizm sənayesi üçün kadr hazırlığı həm Təhsil Nazirliyi, həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vahid bir konsepsiya əsasında həyata keçirilməlidir, bu sahədə bir çox yeniliklər nəzərdə tutulub. Bunların hamısının birgə müzakirəsinin aparılacağını söyləyən nazir qeyd edib ki, belə görüşlər Prezident İlham Əliyevin təsdiq etdiyi Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrasında çox səmərəli nəticələr verə bilər: “Biz vəziyyəti təhlil etməli, mövcud problemlərin həlli yollarını tapmalı və bu prosesi daha sürətlə aparmalıyıq. Bu gün sənaye çox inkişaf edib, tələbat artır və buna uyğun olaraq tələbələrin və məzunların sayı çoxalmalıdır. Bu istiqamətdə bir çox işlər həyata keçirilir”. Ə. Qarayev xatırladıb ki, hazırda ölkədə teatrlar, muzeylər yenidən qurulur, bütün mədəniyyət mərkəzlərinə yeni texnologiyalar gətirilir. Bu sahədə kadr hazırlığının vacibliyinə diqqət çəkən nazir deyib ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil ocaqları da bu sahədə nazirliklə birgə işləməyə hazırdır: “Sadəcə olaraq, biz bu işin vəhdətini yaratmalı, qarşılıqlı maraqlarımızı bir məqsədə yönəltməliyik”.

Turizm təhsili sahəsində müxtəlif peşələrə 2023-cü ilədək 75600 nəfər tələb olunacaq

Tədbirdə çıxış edən Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bildirib ki, təhsil strategiyasına əsasən ali məktəblərə ödənişli təhsilin qəbul planının ləğv edilməsi nəzərdə tutulub və bu da əmək bazarında çox ehtiyac olan turizm və xidmət sahəsində kadr hazırlığına kömək edə bilər: “Bu zaman keyfiyyəti də heç bir zaman ikinci plana keçirmək olmaz”. C. Cəfərov ilk növbədə ATİ-yə tələbə şəhərciyinin tikilməsini, ən azı 5 regionda Bakı Turizm Peşə Məktəbinin (BTPM) filialının, həmçinin onlardan ikisində (Masallıda və Xaçmazda) ATİ-nin filialının yaradılmasını təklif edib.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin, Azərbaycan Turizm İnstitutu ilə birlikdə hazırladığı Azərbaycanda turizm sektorunun növbəti 10 il üçün inkişaf templəri açıqlanıb. ATİ-nun rektoru Cəfər Cəfərov deyib ki, turizm təhsili sahəsində müxtəlif peşələr üzrə 2023-cü ilə olan proqnoza əsasən 75600 nəfər tələb olunacaq və bu da indiki rəqəmlərdən 8,3 dəfə çoxdur. O bildirib ki, proqnozlaşdırılan işçilərin müxtəlif peşə ixtisaslarına görə bölgüsü beynəlxalq təcrübəyə uyğun olaraq faiz hesabı ilə ali təhsil üzrə 20%, orta ixtisas təhsili üzrə 30-40% və peşə ixtisası təhsili üzrə 50-60% təşkil edəcək: “Burdan çıxan nəticə odur ki, 2023-cü ildə tələb olunan ali təhsilli şəxsin sayı ən azı 15000 nəfər olacaq. ATİ-də isə hazırda 1710 nəfər təhsil alır və mövcud maddi-texniki imkanlar bizə hər il təxminən 300 nəfərin qəbul edilməsinə imkan verir ki, bu da hesablayanda 2023-cü ilədək əlavə 3000 nəfər deməkdir. Bu da 2023-cü ildə tələb olunan 15 min ali təhsilli turizm mütəxəssisinin ancaq 1/5 hissəsini hazırlaya biləcəyimizdən xəbər verir”. C. Cəfərov qeyd edib ki, bütün hesablamalar turizm təhsilində ciddi addımlar atılmasını tələb edir və kütləvi kadr hazırlığı prosesi başlanılmalıdır.

Növbəti 10 il ərzində turizm sahəsində hazırlanacaq kadrların sayı açıqlanıb

C.Cəfərov onu da bildirib ki, 2003-2013-cü illər ərzində ölkədə əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artıb. Onun sözlərinə görə, turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya, yerləşdirmə yerlərinin sayı 9.569-dan 32.834-ə yüksəlib. Turizm sahəsində çalışan işçilərin sayı 2678-dən 9.051-ə, ölkəyə gələn turistlərin sayı 767.500-dən 2 milyona çatıb. Analoji olaraq 2003-cü ildə turizm gəlirləri isə müvafiq olaraq 57,7 milyon dollardan 2013-cü ildə 1479,0 milyon ABŞ dollarınadək yüksəlib. Bu irəliləyiş ilk növbədə turizm sahəsində dövlət siyasətinin, müvafiq iki dövlət proqramının uğurlu icrası nəticəsində olub”. C.Cəfərov qeyd edib ki, Azərbaycana xarici turistlərin cəlb edilməsi ölkənin iqtisadi inkişafına və xaricdə ölkəmizin turizm məkanı kimi daha çox tanınmasına böyük təsir edir. Bu uğurlu nəticənin özünü ölkənin beynəlxalq reytinqlərində də göstərdiyini deyən ATİ-nun rektoru bildirib ki, Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda qlobal turizm rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb: “2012-2013-cü il üzrə hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci il üzrə hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Hesabata görə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricilərinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub. Azərbaycan bu göstəricilərlə, hətta bir çox Avropa Birliyi ölkələrini də geridə qoymağa nail olub
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info