Xaricə “işləyənlərdən” gələn təhlükə
Tarix: 13.02.2014 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Sərdar Cəlaloğlu: “Ukrayna və ərəb ölkələrindəki çalxalanmalar nəticəsində xalqlar inkişafdan ən azı 50 il geri düşürlər”

Azərbaycandan başqa ölkələrin xüsusi xidmət orqanlarına və ümumiyyətlə, ayrı-ayrı siyasi dairələrə “işləmək”lə bağlı bir neçə dəfə qalmaqal xarakterli məlumatlar üzə çıxıb. Belə məlumatlardan, bəzən isə hətta faktlardan bəlli olur ki, ölkədə olan siyasi durum, ayrı-ayrı şəxslər və məsələlər haqda informasiyalar Qərbə - ABŞ və digər ölkələrə göndərilir. Bəzi hallarda isə bu məlumatları ötürənlər sözügedən halları çatışmazlıq və qüsurlar kimi təqdim edərək, özlərinə xüsusi xidmət orqanlarının “etibarlı” əməkdaşı imici yaratmağa da çalışırlar. Bu cür məqamlar üzə çıxanda hər dəfə mətbuat bu məsələni gündəmə daşıyaraq, bunun arzuolunmaz hal olduğunu önə çəkir. Belə olaylardan biri bu günlərdə aparıcı saytlardan birində jurnalist Xədicə İsmayılın ABŞ xüsusi xidmət orqanlarının əməkdaşı ilə görüş keçirməsi və müxalifət rəhbərləri, QHT nümayəndələri və bəzi media işçiləri barədə xoşagəlməz məlumatlar ötürməsidir. İstənilən halda bu cür olayların baş verməsi daim cəmiyyət tərəfindən qınanılır. Azərbaycandan ABŞ-a şikayətlər edənlərə isə daim bu cür olaylardan sonra haqlı olaraq sual olunur ki, bildiyiniz faktları nədən öz hökumətinizə təqdim etmirsiniz? Niyə özünü Vətənin, xalqın “qeydinə qalan” kimi təqdim edib, bu cür əməllərə qol qoyanlar bildiklərini elə dövlətlə, hökumətlə bölüşmürlər? Qərbə “işləyənlərin” əməlləri bu gün də göz önündədir ki, belə insanların aktivliyi və fəaliyyəti nəticəsində Ukrayna və ərəb ölkələrində çalxalanmalar hələ də davam edir, nəticədə isə xalqlar, dövlətlər öz inkişafından ən azı 50 il geri düşürlər. Xədicə İsmayılla bağlı son informasiyalar isə sözün həqiqi mənasında gülüş doğurur. Əgər bu məlumatlar özünü doğrultsa, onda belə sual ortaya çıxacaq ki, ölkədə olan bəzi müxalifətçilərin xarici xüsusi xidmət orqanlarına işlədiyini deyən jurnalistin özü nədən bu məlumatları ABŞ xüsusi xidmət orqanına təqdim edir?
Sözügedən son qalmaqallı siyahıda adı hallanan və ittiham olunanlardan olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Palitra”ya verdiyi açıqlamada belə halların üzə çıxmasını pislədi. O, bu cür oyunların ümumilikdə cəmiyyətə ziyan vurduğunu söylədi: “Öncə onu qeyd edim ki, nəyə görə, dünyanın bir çox ölkələrində müxalifətə çox böyük həvəslə dəstək olurlar, amma bəzi hallarda bundan ehtiyat edirlər? Məsələn, Ukrayna və Suriyanı buna misal göstərmək olar. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada demokratiyaya normal keçid olsun və Qərbin buna aktiv dəstəyi olmasın. Bunun bir çox səbəbi var. Bu səbəblərdən biri də, bəzi müxalifət qüvvələrinin Qərbin gözündə yüksəlmək və onlardan daha ciddi dəstək almaq üçün öz müttəfiqlərini gözdənsalma kampaniyası aparmalarıdır. Düşünürlər ki, başqalarını nə qədər çox pisləsələr, özləri o qədər yaxşı görünərlər. Konkret fakt da deyə bilərəm. Sonuncu parlament seçkiləri zamanı ATƏT-in müşahidə missiyası İqbal və mənimlə görüşəndə ilk sözləri bu oldu ki, sizdən qabaq başqa bir blokun nümayəndələri ilə görüşdük və onlar deyirdi ki, siz əsl müxalifət deyilsiniz və s. Mən də cavab verdim ki, onda məntiqlə belə çıxır ki, biz də onlar haqda eyni sözü deməliyik və sizdə belə təəssürat yaranacaq ki, ölkədə heç müxalifət yox imiş! Ona görə də, biz bu sözü demirik və sizdə belə bir ümid qalsın ki, Azərbaycanda bir müxalif qüvvə qalıb və o heç yerə işləmir. Bu, bizim tərbiyəmiz, düşüncəmizdir. Bu cür tendensiyalar təhlükəlidir. Sizin də qeyd etdiyiniz məsələ eyni ilə xoşagələn hal deyil”.
Sərdar Cəlaloğlu deyir ki, ümumiyyətlə, başqa ölkəyə məlumat ötürməyin özü də ən pis fəaliyyətdir. ADP sədri onu da vurğuladı ki, bəzi QHT-lər və ya şəxslər guya iş görürlərmiş kimi, görüntü yaradaraq siyasi partiyalar haqda yanlış məlumatlar yayırlar, bəzi partiyalar isə rəqabət müstəvisində bunu edirlər: “Hətta siz xarici ölkələrin diplomatik nümayəndəliklərində keçirilən siyasi görüşlərə fikir versəniz, görərsiniz ki, bəzi müxalif qüvvələr bura dəvət almırlar. Çünki digər müttəfiqləri həmin diplomatlarda onlar haqda yanlış rəy formalaşdırırlar. O cümlədən bu işlərlə mətbuat da məşğul olmağa başlayıb. Guya jurnalist öz aləmində hansısa təhqiqat aparıb. Amma bir şeyi unudurlar ki, nə qədər belə məlumatlar yayılsa, xalqın ziyanına və demokratikləşmənin əleyhinə olacaq. Xədicə İsmayılla bağlı yayılan o siyahıda elə bir üzdə olan müxalifətçi yoxdur ki, onun adı orada olmasın. Hətta media nümayəndələrinin belə, adı ora salınıb. Konkret olaraq özüm haqda orada yer alan məlumata gəldikdə isə məni elə bir adamla əlaqələndiriblər ki, heç elə bir şəxs yoxdur bəlkə də. Qısası, bu cür addımlar bizi də nüfuzdan salır, çünki cəmiyyətdə inanırlar ki, yəqin belə adamlar və əlaqələr var. Adamı narahat edən odur ki, sən bir tərəfdən müxalif mövqedə mübarizə aparırsan, digər tərəfdən də müəyyən qüvvələr səni gözdən salır. Halbuki o qüvvələr də öz adını demokratik qüvvə qoyub. Bu da ona gətirib çıxarır ki, burada hamı uduzur. Bu məlumatı lap Xədicə verməsin, Xədicəyə AXCP-dən ötürülsün, hansı adla üzə çıxır-çıxsın, bu, bütünlükdə bizim demokratiya haqda xalqda və beynəlxalq ictimaiyyətdə mənfi rəyin formalaşmasına xidmət edir. Mənim bu meydana çıxan faktlarla bağlı hələlik isti-isti verə biləcəyim qiymət bundan ibarətdir ”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info