“Bir çox ölkələrdən gələn təkliflərə baxmayaraq Azərbaycana qayıtdım”
Tarix: 13.02.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Ayaz Bayramov: “Elə düşünürdüm ki, professorumuz mənə güləcək”

“Palitra” nın xaricdə təhsil alan və ya dünyanın ayrı-ayrı universitetlərində təhsilini başa vurmuş bacarıqlı, savadlı və aktiv gənclərlə bağlı rubrikasının budəfəki qonağı Ayaz Bayramovdur. Ayazla bağlı bir maraqlı faktı da qeyd edə bilərik ki, o, seçdiyi ixtisasla ata-babasının məşğuliyyətini davam etdirmiş oldu. Türkiyənin məşhur Orta Doğu Texniki Universitetinin (ODTU) Mexanika mühəndisliyi fakültəsini bitirən aktiv gəncimizlə olan bu maraqlı müsahibəni oxuculara təqdim edirik.

- Ayaz, öncə özünüz barədə məlumat verərdiniz.
- Mən, Ayaz Bayramov, 1987-ci ildə Bakı şəhərində doğulmuşam. Orta təhsilimə 240 saylı orta məktəbdə başlamışam, 8-ci sinifdən sonra isə Bakı Türk Anadolu Liseyinə imtahanla daxil oldum və oradan da məzun oldum. Orta təhsilimi bitirdikdən sonra Türkiyənin Orta Doğu Texniki Universitetinin Mexanika mühəndisliyi fakültəsinə daxil oldum. Bu fakültəyə daxil olmaqla bir növ ata-babamın peşəsini davam etdirmiş oldum. Babam sovet dövründə sovxozda texnikanın təmiri ilə məşğul olub, sonra atam bir mərhələ yüksəyə adlayıb və nəqliyyat mühəndisi olub. Ən sonda isə mən özüm də bilmədən bu sahənin həvəskarı oldum və mexanika mühəndisi olmağa qərar verdim.
- Ata-babanızın seçdiyi sahəni davam etdirirsiniz. Bəs seçdiyiniz universitet bu sahə üzrə ideal təhsil ocağı sayılırmı?
- Orta Doğu Texniki Universitetinin Mexanika mühəndisliyi fakültəsi mənim üçün əla seçim oldu. Universitetə gəldikdə isə bu ali təhsil ocağı 2012-ci ildə “Times Higher Education” (THE) təşkilatı tərəfindən açıqlanan “Top 100 Universities by Reputation” reytinqində Türkiyədən olan dünyanın 100 ən yaxşı universitetindən biri adına layiq görülən yeganə universitetdir. Qeyd etmək istəyirəm ki, dünyanın bir çox böyük dövlətlərinin (Rusiya, Hindistan, İspaniya, Avstriya, İtaliya və s.) heç bir universiteti bu siyahıya düşməyib. Türkiyənin ən qabaqcıl mühəndislik universiteti olan ODTU-da 26500 tələbə təhsil alır ki, bunlardan da təxminən 1700 nəfəri 94 fərqli ölkədən olan xarici tələbələrdir. ODTU, 3043 hektarı meşə zonası olmaqla, Eymir adlı gölün də yerləşdiyi 4500 hektarlıq böyük bir kampus ərazisində yerləşir. Diqqətinizi bir məsələyə də çəkmək istəyirəm ki, kampus ərazisində olan bütün ağaclar universitetin tələbələri, məzunları və müəllim heyəti tərəfindən əkilib. Ümumiyyətlə, Türkiyə təhsil sisteminin özü ideal sayıla bilər. Əslində təhsil sistemi ilə bağlı danışsam, çox məsələyə toxunmalı olaram və bu mövzu bir az çətin və geniş açıqlama tələb edir. Mən, sadəcə olaraq orada oxumuş bir tələbə olaraq subyektiv fikirlərimi paylaşa bilərəm. Burada təhsil alan dostlarımdan aldığım informasiyalar nəzdində qarşılaşdırma apara bilərəm. Başlayaq tələbədən götürülən imtahanların növündən. Bizdə hələ də bir çox universitetlərdə imtahanlar bilet sistemi ilə həyata keçirilir. Əvvəlcədən hazırlanmış biletlər olur və imtahan günü tələbənin şansına hansı bilet gəlirsə, o, ona cavab vermək məcburiyyətində qalır. Bu, özü-özlüyündə tələbələrə müəyyən mənada haqsızlıqdır. Ola bilər ki, tələbə mövzuların 90 faizini bilir, amma məhz seçdiyi biletdəki mövzunu yaxşı bilmədiyi üçün avtomatik pis qiymət almış olur. Əlavə olaraq bütün çıxa biləcək sualları (bilet suallarını) tələbələrə əvvəlcədən verməyin də tərəfdarı deyiləm. Tələbə mövzunu həm dərsdə professordan dinləməli, həm də kitabdan özü oxuyub bir nəticəyə gəlməlidir. Özü hansı hissələrin daha önəmli olduğunu anlamalı və bir növ mütaliə etməlidir. Bizim sistemdə isə tələbənin önünə konkret mövzular qoyulur və o, bir az əzbərçiliyə yönləndirilir. Dərsə davamiyyət mövzusunda da ciddi fərqlər var. Dərslərdə bir çox müəllim davamiyyətə nəzarət etmir, çünki imtahanı yaxşı qiymətlə keçmək istəyən hər bir tələbə özü o dərsə gəlməkdə maraqlı olur. Bizdə elə dərslər olurdu ki, hətta başqa qruplardan tələbələr gəlib amfinin pilləkənlərində oturub professoru dinləyirdilər. Bəzi müəllimlər isə dərsə davamiyyətə görə 100 üzərindən əlavə xallar verirdi. Bu halda belə davamiyyət kağızını özü yoxlamırdı. Bütün tələbələrin adları olan siyahı dərs başlayarkən sinfə verilirdi və hər kəs dərs əsnasında öz adı qarşısında imza atırdı. Bir növ tələbə-müəllim arasında güvənə dayanan, səviyyəli bir münasibət var idi.
- Maraqlıdır, bəs gördüyünüz digər hansı üstün cəhətləri qeyd edə bilərsiniz?
- Qeyd edim ki, ən böyük üstünlüklərdən də biri fakültə daxilində tələbə cəmiyyətlərinin olması idi. Məsələn, Mexanika mühəndisliyi fakültəsinin daxilində 2 tələbə cəmiyyəti fəaliyyət göstərirdi. Bu cəmiyyətlərdə tələbələr özləri mühəndisliyə dair müxtəlif proyektlər həyata keçirir, dərslərdə öyrəndikləri bilikləri praktikaya tətbiq edə bilirdilər. Mütəmadi olaraq Türkiyənin fərqli universitetlərindən, şirkətlərindən təcrübəli insanları dəvət edib seminarlar təşkil edirdilər - bütün bunları tələbələr təşkil edirdi və fakültənin idarə heyəti üzvləri sadəcə orada dəvət olunmuş iştirakçı kimi iştirak edirdilər.
Dərsliklərlə bağlı qismə gəldikdə isə çox açıq şəkildə demək istəyirəm ki, bu sahədə Azərbaycanda ciddi problemlər var. Ya bir çox ədəbiyyatlar rus dilindədir, ya keyfiyyəti aşağıdır, ya da ümumiyyətlə yoxdur. Mənim oxuduğum universitetdə proqramda olan bütün fənlərin kitabları kitabxanada mövcud idi. Fərqli səbəblərdən dolayı kitabın özünü almaq istəməyən tələbələr kitabxanadakı kitabları çox rahat şəkildə istifadə edə bilirdilər və bunun üçün şəhərin digər kitabxanalarını axtarmaq məcburiyyətində qalmırdılar.
- Təhsil müddətində bütün vaxtınızı universitetə sərf edirdiniz?
- Təhsil aldığım müddət ərzində çalışmışam, Azərbaycanla bağlı bütün fəaliyyətlərdə aktiv olum. “Xocalıya Ədalət” kampaniyasının Türkiyədə keçirilməsində, yaxud xalqımızın başına gətirilən bir çox faciələrin Türkiyə xalqına çatdırılmasında həmişə aktiv iştirak etmişəm, öncüllərdən olmuşam. Ankarada yaradılmış bir neçə tələbə təşkilatının aktiv üzvü, bəzilərinin isə yaradıcılarından olmuşam. Deyə bilərəm ki, son 5 ildə Türkiyədə ümumiyyətlə, təşkilatlanma ilə bağlı ciddi işlər görülüb, xeyli məsafə qət edilib və bu da öz növbəsində Türkiyə xalqının Azərbaycanın başına gələn faciələrlə bağlı, eləcə da milli bayramlarımızla bağlı məlumatlandırılmasına öz böyük töhfəsini verib.
- Mexanika mühəndisliyi üzrə təhsil almısınız. Azərbaycanda bu sahənin perspektivlərini necə görürsünüz?
- Ölkəmiz artıq məhsul idxal edən ölkədən məhsul ixrac edən ölkəyə çevrilməkdədir. Bu səbəbdən mühəndislərə böyük ehtiyac var. Nəzərə alsaq ki, bu gün Azərbaycanda potensialı olan, lakin o qədər də inkişaf etməmiş bir çox sənaye sahəsi mövcuddur, o zaman mən sizi əmin edə bilərəm ki, yaxın gələcəkdə ölkəmizin nəinki mexanika, digər mühəndislik sahələrində də bacarıqlı kadrlara ehtiyacı olacaq. Təsadüfi deyil ki, bu gün dövlət proqramı çərçivəsində xaricə oxumaq üçün göndərilən tələbələrin böyük bir hissəsini mühəndislik oxuyan gənclərimiz təşkil edir.
O ki qaldı konkret mexanika mühəndislərinə olan ehtiyaca, sizi əmin edə bilərəm ki, bütün müasir texnologiyanın kökündə mexanika dayanır. Ümumiyyətlə, mexanika mühəndisliyi ən əsas mühəndislik sahələrindən biri sayılır. Yeni müasir texnologiyanı onsuz düşünmək mümkün olmazdı. Yəqin ki, fiziklər bu sözümdən bir az inciyəcəklər, amma təcrübəli mühəndislər adətən deyirlər ki, mexanika mühəndisliyi olmasaydı, fizika sadəcə bir nəzəriyyə olaraq qalacaqdı. Harada hərəkət varsa, orada mexanika var. Dolayısıyla, bu gün gərək neft-qaz sənayesində (bir çox texnoloji avadanlıqların, mühəndislik hesablamalarının tətbiq edildiyini nəzərə alaraq), gərəksə də digər sahələrdə mexanika mühəndislərinə ciddi tələbat var. Son 15 ildə Azərbaycan bu ehtiyacını böyük ölçüdə xaricdən gətirilən kadrlarla ödəyirdi. Amma artıq dünyanın bir çox ölkələrində oxumuş, eləcə də yerli universitetlərdə təhsil almış çox savadlı kadrlarımız mövcuddur. Mən də bu ölkənin bir övladı kimi aldığım təhsillə ölkəmizdə kiçik də olsa bir dəyər yaratmaq istəyirdim və bir çox xarici ölkələrdən gələn təkliflərə baxmayaraq, Azərbaycana geri qayıtdım. Hal-hazırda neft sektorunda fəaliyyət göstərən şirkətlərdən birində mühəndis olaraq çalışıram.
Ardı var
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrə ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info