Ayaz Bayramov: “Yaxın 10 ildə xaricə texnoloji məhsullarımızla çıxacağıq”
Tarix: 14.02.2014 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Türkiyənin məşhur Orta Doğu Texniki Universitetinin (ODTU) Mexanika mühəndisliyi fakültəsini bitirən aktiv gəncimizlə olan müsahibənin ikinci hissəsini oxuculara təqdim edirik

- Türkiyədə necə, bu sahə inkişaf edibmi?
- Türkiyədə bu sahə inkişaf edib. Türkiyənin inkişaf etmiş, müasir sənayeyə malik bir ölkə kimi bu sahədə yetərincə yetişmiş kadrları var. Xüsusilə, Türkiyənin hərb sənayesində çox savadlı, dünya səviyyəsində mühəndisləri var. Türkiyə, hazırda bizim sənayeyə müasir texnologiyanın tətbiqi ilə bağlı keçdiyimiz mərhələni 10-15 il bundan öncə keçib və artıq öz kadrlarını yetişdirib. Hazırda Azərbaycanda bir çox önəmli proyektlərdə, istər tikinti sahəsi olsun, istərsə də digər sahələrdə çox savadlı təcrübəli türk mühəndislər çalışırlar. Türkiyənin bir üstün cəhəti onda olub ki, türk vətəndaşlar işləmək üçün ən çox texnologiyanın, xüsusi olaraq da mexanika sahəsinin dünyada liderlərindən sayılan Almaniyaya üz tutublar. Ən əsası da odur ki, onların bir çoxu orada fabriklərdə, zavodlarda işləyiblər və texnologiya ilə iç-içə olublar. Hazırda, Türkiyədə dünya səviyyəsində təhsil verən mühəndislik universitetləri fəaliyyət göstərir və sənayesi də olduqca genişdir. Bu gün Azərbaycanda bir çox proyektlərdə türk mühəndislər işləyirlər və bizim yeni gənc nəsil mühəndislər onlardan da öyrənirlər. Bu, birbaşa biliyin, təcrübənin transferidir. İnanıram ki, bu inkişaf tempi ilə yaxın 10 ildə artıq biz də xaricə təkcə musiqimizlə, idmançılarımızın uğuru ilə deyil, öz texnoloji məhsullarımızla çıxacağıq.
İkinci bir məsələ olaraq mən təhsil sahəsindəki birgə əməkdaşlığımıza toxunmaq istərdim. Dediyim kimi, hazırda sənaye sahələrində Türkiyədən gələn mühəndislərlə yerli mühəndislər birgə fəaliyyət göstərirlər və aralarında informasiya mübadiləsi mövcuddur. Mən bu mübadilənin elmi sahədə də davam etməsini arzulardım. Artıq bununla bağlı da bir sıra universitetlərimiz müəyyən işlər görüblər. Bunlara misal olaraq İqtisad Universitetində Türkiyə sistemi ilə fəaliyyət göstərən və yetərincə özünü təsdiq etmiş bəzi fakültələri göstərmək olar. Mən bu əməkdaşlığın mühəndislik təhsili verən universitetlərdə da davam etməsini arzulardım.
- Prezident bu il ölkədə “Sənaye ili” elan edib. Azərbaycan sənayesinin hazırkı durumunu necə dəyərləndirərdiniz? Gələcəyin peşəkar kadrı kimi bu qərarın sənayenin inkişafına hansı formada təsir edəcəyini deyə bilərsiniz?
- Bir gənc mühəndis olaraq düşünürəm ki, Azərbaycan sənayesi üçün bu, çox effektiv bir hadisə olacaq. Bizim kimi yeni-yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkələr üçün hər bir sahədə olduğu kimi, sənayeyə də dövlətin ilkin dəstəyi qaçılmazdır.
Mənim şəxsi düşüncəmə görə, bu gün sənayemizdə xırda istehsal sahələrinə ehtiyac var. Bir çox texnoloji avadanlıqların istehsalını həyata keçirmək üçün müəyyən xırda ehtiyat hissələrinin digər sənaye sahələrində istehsalı çox vacibdir. Çünki bütün parçaların eyni zavodda istehsalı iqtisadi cəhətdən də əlverişli olmur və bu gün ölkəmizdə bu sahədə çatışmazlıqlar çoxdur. “Sənaye ili”nin elan edilməsi bir çox böyük şirkətlərin Azərbaycana yatırımlarının artması ilə yanaşı, xırda istehsal sahəsi yaratmaq istəyən yerli iş adamlarına da stimul yaradacaq.
- Artıq əmək fəaliyyəti ilə məşğulsunuz. Elmi fəaliyyətinizi gələcəkdə də davam etdirəcəksinizmi?
- Hazırda professional karyerama davam edirəm. Ola bilsin ki, nə zamansa magistratura təhsili üçün xaricə bir də gedim. Amma bu gün işlə yanaşı elmi fəaliyyətlə də məşğul oluram. Yeni yaranmış mühəndislik təşkilatlarına kömək edirəm, yeri gələndə Azərbaycanda təhsil alan tələbələr üçün seminarlar verirəm. Bu işi etməkdən zövq alıram. Artıq Azərbaycanda da mühəndisliyə baxış əvvəlki dövrlərdə olduğu kimi deyil. Sizə qısa bir hadisə danışım. Həmişə təyyarə ilə, ya da avtobusla Türkiyəyə gedib-gələndə gömrük məmurlarımız məndən soruşardılar ki, “orada nə oxuyursan?” Mən də deyirdim ki, mühəndislik və görürdüm ki, həmişə simalarında qəribə bir ifadə yaranırdı. “Burdan getmisən Türkiyəyə nədi-nədi mühəndislik oxuyacaqsan?” deyə cümlələr eşidərdim. Ona görə mən də bu münasibətdən necə deyərlər, bir az incimişdim və hər keçəndə artıq deyirdim ki, beynəlxalq əlaqələrdə, ya da hüquqda oxuyuram, o zaman münasibətləri fərqli olurdu.
- Qardaş Türkiyəyə təhsil üçün üz tutmaq istəyən gənclərə hansı məsləhətləriniz olardı?
- Yenicə məktəb bitirmiş dostlarımız nə olmaq istədiklərinə çox ciddi qərar versinlər. Bizimlə bərabər orada oxuyan azərbaycanlı dostlarımızdan bəziləri ya universitet təhsilini dayandırmaq, ya da neçə illər eyni kursu yenidən davam etmək məcburiyyətində qalırdılar. Bir çox yeni məzun təhsil almaq istədiyi sahəni ya valideynlərinin, qohum-qardaşın təkidi ilə, ya da sadəcə fakültənin adı ona maraqlı, perspektivli gəldiyi üçün seçirlər. Bu olduqca yanlış düşüncədir, çünki əks halda oxuduqları sahəyə maraqları olmur və orada oxuyan uşaqlardan geri qalmaya başlayırlar. Bir-iki imtahandan pis nəticələr gəldikcə özünə güvən duyğusu azalmağa başlayır və son halda universiteti tərk etmək məcburiyyətində qalırlar. Buna qərar verdikdən sonra isə baxsınlar ki, o sahədə Türkiyədə hansı universitetlər daha yaxşı təhsil verir və daha perspektivlidir.
- Məsələn, hansı universitetləri tövsiyə edərdiniz?
- Türkiyədə mühəndislik sahəsində ODTU, Bilkənt Universiteti, İstanbul Texniki Universiteti, Yıldız Universiteti, sosial sahələrdə Boğaziçi Universiteti, Ankara Universiteti, tibb sahəsində Hacettepe Universiteti, İstanbul Universiteti özlərini təsdiqləmiş universitetlərdəndir. Təbii ki, universitetlərini seçərkən, universitetin yerləşdiyi şəhərə də diqqət etsinlər. Həm maddi cəhətdən, həm də sosial həyat baxımından yaşadığı şəhər çox önəmlidir. Bir şeyi vurğulamağı xüsusi ilə önəmli hesab edirəm. Çalışsınlar ki, oxuduqları universitetlərdə sadəcə imtahanları verib qiymət almaqla kifayətlənməsinlər. Universitetdaxili ya da xarici tədbirlərdə iştirak etsinlər, proyektlərdə yer almağa çalışsınlar. Çünki əksər hallarda bu kimi işlər insana öz sahəsini sevdirir və əlavə bir stimul yaratmış olur. Mən özümdən sizə misal verə bilərəm ki, hələ 2-ci kursda oxuyarkən professorlarımızdan biri özünün bir robot proyektinə magistr təhsili alan tələbə axtarırdı. Bu proyekt hərbi sənaye ilə bağlı bir proyekt idi və iki universitetin birgə fəaliyyəti ilə ərsəyə gəlmişdi. Mən həmin professora yaxınlaşaraq o proyektdə iştirak etmək istədiyimi və nə iş olsa, edə biləcəyimi bildirmişdim. Düzünü deyim, elə düşünürdüm ki, professorumuz mənə güləcək və daha işin əvvəlində olduğumu bildirəcək. Ancaq belə olmadı, olduqca ciddi yanaşdı məsələyə və sabah ofisinə gəlməyimi xahiş etdi. Mən də getdim və o gündən aralarında universitet professorları, magistratura, doktorantura tələbələri olan bir qrupun üzvü oldum. Bu proses həm mənə dərslərimdə kömək etdi, həm də əlavə bir həvəs yaratdı və mən o zaman anladım ki, həqiqətən də mexanika mühəndisi olmaq istəyirəm.
Tural Tağıyev






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info