Gernot Erler: “Azərbaycan region ölkələri üçün örnək ola bilər”
Tarix: 17.02.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Berlində, “Alman Parlament Cəmiyyəti”ndə dalbadal ikinci ildir Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın dəstəklənməsinə dair Almaniya-Azərbaycan simpoziumu keçirilir. Tədbir Azərbaycanın ən müasir tarixində faciəli günə - Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsinin ən qanlı səhifəsinə çevrilib, 600-dən çox din azərbaycanlının, o cümlədən qocaların, qadınların və uşaqların həyatına son qoymuş Xocalı qırğınına həsr olunub.
Azərbaycanın AFR-dəki səfirliyinin və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə bu yaxınlarda Berlində keçirilmiş simpoziumda (AzərTAc bu barədə fevralın 13-də məlumat vermişdir: http://azertag.com/node/1191841) Azərbaycanın və Almaniyanın siyasi isteblişmentinin çoxlu sayda yüksək vəzifəli nümayəndəsi, o cümlədən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin parlament dövlət katibi Kristian Şmidt, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti və Almaniyanın bu qurumdakı nümayəndə heyətinin başçısı Aksel Fişer, Almaniyanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı Doris Barnet, hakim Xristian-Demokrat İttifaqından deputat Marko Vandervits, “FOCUS” nəşriyyatının Moskva bürosunun başçısı Boris Raytşuster, habelə diplomatik korpusun və Berlin ekspert cəmiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.
AFR XİN-in Rusiya, “Şərq tərəfdaşlığı” Proqramı, habelə Mərkəzi Asiya ölkələri ilə ictimai-siyasi əməkdaşlıq üzrə əlaqələndiricisi, sosial-demokrat Gernot Erlerin ənənəvi diplomatik qaydalara uyğun nitqdən daha çox Cənubi Qafqazın geosiyasi reallıqlarının elmi təhlilinə bənzəyən çıxışı tədbir iştirakçıları tərəfindən xüsusi diqqətlə qarşılanıb. Ukrayna Prezidenti Viktor Yanukoviçin Aİ ilə assosiasiya barədə müqaviləni imzalamaqdan imtina etməsini nəzərdə tutan almaniyalı siyasətçi bildirib ki, “Şərq tərəfdaşlığı” Proqramına üzv olan ölkələrin Vilnüs zirvə görüşündə Aİ-nin Şərq siyasətinə zərbə vurulub. G.Erlerin sözlərinə görə, bu zərbənin nəticələri Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə də təsir göstərəcək. O demişdir: “Aydındır ki, Avropa İttifaqı və Gömrük İttifaqı bir-biri ilə rəqabət aparan iki inteqrasiya məkanı kimi qəbul edilir”.
Ukraynaya gəldikdə elə vəziyyət yaranmışdı ki, Kiyevin qarşısında ya Aİ, ya da Gömrük İttifaqı seçimi qoyulmuşdu. Almaniyalı siyasətçi deyib: “Yalnız sonuncu Rusiya-Aİ zirvə görüşündə mütəxəssislərə belə bir suala cavab tapmaq tapşırılıb: “İki inteqrasiya məkanı arasında belə qəti seçimin alternativi həqiqətənmi yoxdur?”.
G.Erler xatırlatmışdır ki, Vilnüs zirvə görüşündə Gürcüstan imzalanması bu ilin yayına nəzərdə tutulan Aİ ilə assosiasiya barədə müqaviləni paraflayıb. O deyib: “Rusiya rəhbərliyi həmin sazişin Gürcüstanla imzalanmasına Ukraynadakı kimi mane olmağa çalışsa, onda vəziyyətin artıq bilavasitə Azərbaycan sərhədlərinin yaxınlığında yenə də gərginləşəcəyini gözləmək olar”. G.Erlerin fikrincə, belə olan halda yenə də Gürcüstan mallarının Rusiya bazarlarına ixracında problemlər yaranacaq, habelə Gürcüstan vətəndaşları barəsində viza siyasəti sərtləşdiriləcək. Almaniyalı siyasətçi fikrini bu sözlərlə tamamlayıb: “Hadisələrin belə gedişatı Tbilisi ilə Moskva arasında münasibətlərin normallaşması prosesini mütləq pozacaqdır”.
Aİ “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Bakı ilə də danışıqlar aparır. Bütövlükdə Avropaya inteqrasiya xətti götürən Azərbaycan eyni zamanda öz siyasətinin digər vektorlarına da böyük əhəmiyyət verir ki, bunlar arasında da ən mühümü Rusiya ilə münasibətlərdir. Unutmaq olmaz ki, Rusiya Azərbaycana malların əsas ixracatçısıdır. O, bu göstərici üzrə istər Türkiyəni, istərsə də Aİ-ni qabaqlayır. Bakı ilə Moskva arasında ticarət münasibətləri Rusiya hərbi texnikasının və silahlarının alınmasına dair iri sazişləri də ehtiva edir. Dağlıq Qarabağ münaqişəsinin həllinin açarının Moskva olduğuna işarə edən G.Erler deyib: “Özü də Azərbaycan başa düşür ki, dövlətin bir nömrəli probleminin həlli – respublikanın ərazi bütövlüyünün bərpası Rusiyasız mümkün deyildir”.
Azərbaycanın Avropa İttifaqına təbii qaz idxalı mənbələrini şaxələndirmək imkanı verən Cənub qaz dəhlizi layihəsinin icrasını dəstəkləmək qərarını yüksək qiymətləndirən G.Erler bildirib ki, bu qərar Azərbaycanın Avropa yönümlü mühüm addımı olmuşdur. Lakin o əmindir ki, Rusiya “Şahdəniz-2” layihəsindəki Azərbaycan qazını almaq cəhdlərini gələcəkdə davam etdirəcək.
Almaniyalı diplomat vurğulayıb ki, Tbilisinin Qərb istiqamətində, Yerevanın isə Gömrük İttifaqı istiqamətində birtərəfli siyasət yeritdikləri bir vaxtda, Bakı bu iki istiqaməti birləşdirmək prinsipinə söykənən inamlı siyasət yeridir. Belə bir siyasəti yalnız güclü və öz imkanlarına əmin olan bir dövlət yeridə bilər. G.Erler deyib: “Qeyd edək ki, Bakı Aİ ilə assosiasiya haqqında saziş imzalamaqdan daha çox Brüssel ilə “imtiyazlı tərəfdaşlıq” barədə saziş imzalamağa can atır. Daha dəqiq desək, söhbət modernləşdirməyə dair strateji tərəfdaşlıqdan gedir”.
G.Erlerin fikrincə, Azərbaycanın iki inteqrasiya məkanının dinc yanaşı yaşamasının dəstəklənməsinə yönəlmiş xarici siyasəti regionun digər ölkələri üçün örnək ola bilər. AFR XİN-in Rusiya, “Şərq tərəfdaşlığı” Proqramı, habelə Mərkəzi Asiya ölkələri ilə ictimai-siyasi əməkdaşlıq üzrə əlaqələndiricisi G.Erler sonda deyib: “Aİ ilə Rusiya ilə arasında gərginliyin güclənməsi regiondakı vəziyyəti yalnız gərginləşdirəcək, məsələn, Dağlıq Qarabağ münaqişəsini dərinləşdirəcək. Konturları Cənubi Qafqaz ərazisindən keçəcək yeni soyuq müharibənin qarşısını almaq lazımdır”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info