“Biz potensial müştərilərimizi Rusiyada axtarmalıyıq”
Tarix: 17.02.2014 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov:
“Azərbaycan tərəfi hotellər kimi, turizm şirkətlərinə də
dərəcə verilməsini təklif edir”


Ölkəmizdə prioritet sahələrdən olan turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini deyən ölkə başçısı bu sektorda davamlı tədbirlərin vacibliyini bildirib. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında turizmin inkişafı ilə bağlı böyük addımlar atıldığını deyən ölkə başçısı xüsusilə bölgələrdə bir neçə beşulduzlu hotel istifadəyə verildiyini, yeni turizm mərkəzləri açıldığını bildirib: “Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir”. Dövlətimizin başçısının da qeyd etdiyi kimi bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Hətta bu gün ölkəmiz artıq xaricdə təşkil olunan beynəlxalq turizm tədbirlərində təmsil olunur. Müsahibimiz BMT-nin Dünya Turizm Təşkilatının Birləşmiş Üzvlərinin İdarə Heyətinin Avropa üzrə vitse-prezidenti, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovdur:

- Azərbaycan Turizm Assosiasiyası (AZTA) yeni yarananda hotellərin və turizm şirkətlərinin bu quruma üzv olması ilə bağlı problemlər mövcud idi. Onlar belə demək mümkünsə, quruma güvənmirdilər. Normal hotel olaraq dünya standartlarına cavab verən hər bir qurum assosiasiyanın üzvüdür. Yeni yaradılan bütün hotellər AZTA-ya üzv olurlar. Əslində onların başqa çıxış yolu da yoxdur. Çünki əlaqələr qurmaq, müştəri cəlb etmək üçün mütləq bizim quruma üzv olmaq lazımdır. Turizm şirkətləri olmadan hotellər özlərinə necə müştəri cəlb edə bilərlər? Əlaqələr yaratmadan fəaliyyət göstərmək mümkün deyil. Biz də üzvlərimizin müştəri cəlb edə bilməsi, əlaqələr yaratması üçün müxtəlif layihələr həyata keçiririk. Bir müddət bundan əvvəl AZTA tərəfindən Moskvanın öndə gedən şirkətlərinin rəhbərlərinin Azərbaycana infoturu təşkil edildi. Onlar gəldilər, ölkəmizin turizm potensialı ilə, aparıcı turizm şirkətləri, hotellərlə tanış oldular. Türkiyə turizminin 50-60 faizi Rusiya bazarıdır. Biz potensial müştərilərimizi Rusiyada, Moskvada axtarmalıyıq. Ona görə də əlaqələrimizi də məhz onların müvafiq turizm qurumları, şirkətləri ilə qurmalıyıq. Rusiyalı turistlər ildə 5-6 dəfə gəzməyə çıxırlar. Eyni yerlərə getməkdən isə yorulublar. Onlar yeni istiqamət axtarırlar. Bu baxımdan bu infoturun əhəmiyyəti böyükdür.
- Bu yaxınlarda Dünya Turizm Təşkilatının Birləşmiş Üzvləri İdarə Heyətinin Madriddə keçirilən toplantısında iştirak etmisiniz. Bu tədbirdə Azərbaycan hansı təkliflərlə çıxış edib?
- İspaniyanın Madrid şəhərində keçirilən FİTUR beynəlxalq turizm sərgisi çərçivəsində BMT-nin Dünya Turizm Təşkilatının Birləşmiş Üzvlərinin İdarə Heyətinin növbəti toplantısı oldu. Tədbirdə mən də iştirak etdim. İclasda bir sıra vacib məsələlər müzakirə olundu. Dünya Turizm Təşkilatının Birləşmiş Üzvlərinin İdarə Heyətinin ildə bir dəfə geniş yığıncağı keçirilir. Bu toplantılar adətən beynəlxalq turizm sərgiləri günlərində reallaşır. Madrid toplantısında Azərbaycan tərəfi olaraq növbəti iclasın Bakı şəhərində keçirilməsi ilə bağlı təklif verdik. Təklifimiz qeydiyyata alındı və belə qərara gəlindi ki, mart ayında Berlində keçirilən görüşdə bu barədə yekun qərar verilsin. Bakı yığıncağının 2014-cü ilin sentyabrında gerçəkləşməsini təklif etdik. Toplantıda Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərdən biri də turizm şirkətləri ilə bağlı oldu. Belə ki, dünyada fəaliyyət göstərən turizm şirkətlərinə dərəcə verilməsi təklif edildi. Hotellər 2, 3, 4, 5 ulduzlu olduğu kimi, turizm şirkətləri də dərəcə ala bilər. Bu təklifi səsləndirməyimizin də səbəbləri var. Bu gün müxtəlif ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlıq müqaviləsi bağlanır. Bəzən bir şirkətin göndərdiyi turistləri digər şirkət yaxşı qarşılayıb, lazımi səviyyədə yola sala bilmir. Bizim də istəyimiz budur ki, hər şirkət özünə, fəaliyyət dairəsinə uyğun şirkətlə əməkdaşlıq qursun. Belə dərəcələnmə sistemi olarsa, hər bir şirkətlə bağlı məlumatlar ümumiləşdirilib sistemə yerləşdiriləcək. Bundan sonra şirkət də biləcək kiminlə əməkdaşlıq edir, müştəri də biləcək ki, hansı şirkətə sifariş verir. Bu təklifimiz də müsbət qarşılandı və mart ayındakı toplantıda müzakirə edilməsi üçün qeydə alındı. Mərkəzi qərargahı İspaniyada yerləşən İKTA təşkilatının prezidenti Dünya Turizm Təşkilatı Birləşmiş Üzvlərinin İdarə Heyətinin sədridir. Bu qurum standartlaşdırma ilə məşğuldur. Qurumun rəhbərliyi ilə artıq razılığa gəlinib, onlar da öz təkliflərini hazırlayacaqlar. Azərbaycandan 21 təşkilat Dünya Turizm Təşkilatının Birləşmiş Üzvləri sırasındadır. Üzv sayına görə ölkəmiz təşkilatda İspaniyadan sonra ikinci yerdədir.
- AZTA-nın turizm şirkətlərinin menecerləri üçün treninq kursları təşkil edilib. Həmin kurslarla bağlı nə deyərdiniz?
- AZTA-nın tərkibində treninq mərkəzi fəaliyyət göstərir. Biz vaxtaşırı olaraq hotel əməkdaşları üçün də bu tipli kursları təşkil edirik. Bu dəfə təşkil etdiyimiz treninqlər turizm şirkətləri əməkdaşları üçündür. Kurslar iki istiqamətdə reallaşdırılır. Artıq turizm şirkətlərində yeni işə başlayan əməkdaşlar üçün kurslara yanvarın 22-dən start verilib. Bu kurslarımız 3 həftə nəzərdə tutulub. Azərbaycan Turizm Assosiasiyasının turizm şirkətlərinin menecerləri üçün təşkil etdiyi treninq kurslar isə artıq yekunlaşıb. İki istiqamətdə reallaşdırılan kursların birinci istiqaməti fevralın 14-də başa çatdı. Ayın 10-dan başlayan və 5 gün davam edən kurslar turizm şirkətlərində bir neçə il çalışan turmenecerlər üçün nəzərdə tutulub. Bunlar təkmilləşdirmə kursları adlanır. Bu kursları aparmaq üçün Rusiyadan təcrübəli mütəxəssis dəvət etmişdik. Kursların dinləyicilərinə Azərbaycan müştərisinə və onun seçəcəyi istiqamətlərə uyğun proqram tərtib edilmişdi. Bu tipli kurslar Azərbaycanda ilk dəfədir həyata keçirilir. Kurs iştirakçılarına individual və VİP müştərilərlə işləmək qaydası, onlar üçün ənənəvi istiqamətlərə, yaxtalara, aviareyslərə, xüsusi əyləncə turlarına, tibbi və sağlamlıq məkanlarında istirahətin öncədən bronlaşdırılması və s. kimi qaydalar öyrədildi. Bir məqamı da qeyd edim ki, kurslarda bir neçə aparıcı şirkətin rəhbərləri, o cümlədən mən də iştirak etdim. Çünki öyrənmək hər zaman lazımdır. Həm də kursun aparıcısı olan çox təcrübəli mütəxəssis yeni istiqamətlər barədə məlumat verirdi. Bu istiqamətlər bizim bazar üçün hələ açılmayıb. Amma artıq Rusiya və digər ölkələr üçün açıq istiqamətlərdir. Rusiyalı mütəxəssis bizə elə müalicəvi kurortlar haqqında məlumatlar verirdi ki, biz onların barəsində ilk dəfə eşidirdik. Bundan əlavə, bu kurortlara turist aparmaq üçün əməkdaşlıq edə biləcəyimiz partnyor şirkətlər haqqında məlumat aldıq.
Kursları təşkil etməkdə əsas məqsədimiz turizm şirkətlərinin müştəriləri aldatmaq yolu ilə deyil, düzgün yolla cəlb etməsinə nail olmaqdır. Turizm şirkətləri kurslara çox böyük maraq göstərir. AZTA fam-triplər də keçirəcək. İyunun 1-dən 12-dək Maldiv adalarına birinci infotur təşkil ediləcək. Bu bir qədər fərqli infotur olacaq. İştirakçılar beşulduzlu hotellərdə qalacaqlar və hər biri ayrı-ayrı otaqlarda yerləşdiriləcəklər. Üstəlik, onların istirahətinə daha çox vaxt ayrılacaq, nəinki tədbirlərə. Sonrakı mərhələlərdə İtaliya kurortlarına da belə səfərlərin təşkili nəzərdə tutulur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info