Xocalısız 22 il
Tarix: 17.02.2014 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Düz 22 il əvvəl - 1992-ci il fevralın 26-da erməni işğalçıları xalqımıza qarşı misli görünməmiş cinayətə əl atdılar.
Soyuq qış günündə Xocalıya hücum edən ermənilər əliyalın, heç bir silah-sursatı olmayan əhaliyə divan tutdular. Yüzlərlə soydaşımız - qadınlar, qocalar, uşaqlar amansızcasına qətlə yetirildilər. Xocalının üç min nəfərlik əhalisinin beşdə biri - 613 nəfər güllələndi. Onlardan 106 nəfəri qadın, 59 nəfəri 18 yaşına qədər uşaq və yeniyetmə, 70 nəfəri isə qocalar idi. Erməni cəlladlar 8 ailəni son nəfərinə qədər qətlə yetirdilər. Xocalıda baş verən qətliam nəticəsində 25 azyaşlı uşaq hər iki valideynini itirdi. Bu faciə 230 nəfər uşağın valideynlərindən birini itirməsinə səbəb oldu. Mənfur düşmənlər Xocalını işğal edən zaman şəhər sakinlərindən 487 nəfər əlil oldular. İtkin düşən 115 nəfərin taleyindən isə hələ də heç bir xəbər yoxdur.
Tarix heç nəyi unutmur və 22 il keçməsinə baxmayaraq, bu gün bütün dünya bu faciədən danışır. Hər il olduğu kimi, bu il də Xocalı faciəsinin ildönümü ilə bağlı təkcə respublikamızın şəhər və rayonlarında deyil, xarici ölkələrdə də sərgilər, konfranslar, dinc aksiyalar təşkil olunur.
Xocalı soyqırımı “Beynəlxalq Müharibə qurbanları Memorialı” layihəsinə daxil edilib. “Xocalıya ədalət” beynəlxalq kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə elan edilib, “Xocalıya ədalət” kampaniyasının rəsmi internet saytı istifadəyə verilib və orada Xocalı faciəsi qurbanlarının siyahısı nəşr edilib, Qarabağ müharibəsi haqqında geniş məlumat verilib.
Hər il Azərbaycan İstiqlal Muzeyi bu tarixə həsr olunmuş tədbirlər keçirdir. Biz, hər dəfə dəhşətli hadisənin şahidləri olan Xocalı sakinləri ilə görüşərək yeni səpkidə bu mövzunu işıqlandırmağa çalışırıq. Ötən illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, Qərb Universiteti, Əzim Əzimzadə adına İncəsənət Kolleci, Tofiq İsmayılov adına “Uşaq Dünyası” qalereyasının iştirakı ilə cavan rəssamların sərgisi keçirilmişdi.
2007-ci ildə olan sərgi müsabiqə xarakteri daşıyırdı. Tələbələrin əsərləri əvvəlcədən anonim şəkildə qoyulub və hər bir bəyənilən əsərə muzeyə gələn qonaqlar tərəfindən nişanlar yapışdırılıb və səsvermənin nəticələri üzrə ən yaxşı əsərlərin müəllifləri fəxri fərman və hədiyyələr ilə mükafatlandırılıb.
Bu növ tədbirlər cavanların fəallığını artırır və yaradıcılıq işi prosesində təsvir etdikləri vəziyyət haqqında düşünməyə və onun tarixini daha dərindən öyrənməyə vadar edir. Cavan rəssamların keçmiş sərgiləri, onların bu dəhşətli hadisənin şahidləri olmamağına baxmayaraq, baş vermiş hadisələrə öz fikirləri və mövqeləri olmuşdur.
2009-cu ildə muzey işçilərində belə bir fikir yarandı ki, “Xocalı həqiqətləri” adlı sərgi keçirilsin və tədbirə Xocalı sakinlərini dəvət edib sərgidə onların baş vermiş dəhşətli hadisə zamanı özləri ilə götürə bildikləri şəxsi əşyaları muzeydə nümayiş olunsun. Bu elə də asan məsələ deyildi. Bu hadisəni yaşamış bir çoxları o hadisəni təkrar yada salmaq istəmirdilər, danışmağa başlayanda isə onları dayandırmaq mümkün olmurdu. Həmin görüşlərdə tanınmış fotoqraf Tahir Cəfərov iştirak edirdi və biz onun sayəsində bugünkü gündə Xocalıların həyatını təsvir edən böyük fotoarxiv yığmışıq. “Xocalı həqiqətləri” sərgisində şəkillər ilə bahəm faciə şahidlərinin əşyaları nümayiş olunub. Xocalılar bu əşyaları ürək ağrısı ilə vermişdilər, çünki bu, onların yaxınlarından qalan yeganə xatirə idi. Hər bir ailədə bir və ya iki əşya vardı, axı insanlar öz evlərindən qaçan zaman heç bir əşya götürməyə macal tapmamışlar. Bunlar “Quran”, fotoşəkillər, şəxsi sənədlər, uşaq paltarı, kəlağayı, bıçaq və bir-biriləri ilə əlaqədar olmayan və təəssüf ki, özündə dərin faciəli məna daşıyan çox müxtəlif əşyalar idi. Bu əşyalar və sərgidə nümayiş olunan Tahir Cəfərovun şəkillərindən hazırlanmış disk şəhər əhalisinin və şəhərimizə gələn qonaqların diqqətini cəlb etdi.
Xocalı faciəsi mövzusuna bir çox heykəltəraş və rəssamlar müraciət ediblər. Yalnız bir çoxları etiraf edirlər ki, bu, güc və sağlamlığı azaldan çətin bir işdir. Əvvəlki illər ərzində biz bu mövzuya aid fərdi sərgilər keçirmişik.
2006-cı ildə rəssam Sabir Çopurovun qeyri-adi neft üsulu ilə çəkdiyi əsərlərdən ibarət sərgisi, 2010-cu ildə isə Azərbaycanın Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovun sərgisi keçirilib.
2012-ci ildə rəssam Nazim Məmmədovun fərdi sərgisini təşkil elədik. 2011-ci il fevral ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xocalı soyqırımı” adlı sərgi-müsabiqə keçirilib və Nazim Məmmədov həmin müsabiqənin qaliblərindən biri olub. Sərgidən sonra rəssam Xocalı faciəsini əks etdirən iki rəsm əsərini Azərbaycan İstiqlal Muzeyinə bağışlayıb və bu əsərlər indi muzeyin ekspozisiyasında nümayiş olunur. 22 fevral 2012-ci ildə “Sənədlər sübut edir” adlı tədbir təşkil olunub.
“Məhkum olunmuş Xocalı” kitabının yazılmasında tanınmış publisist-jurnalist, “Bakinski raboçi” qəzetinin baş redaktor müavini, Qaçqın və Məcburi köçkünlərin müdafiə Mərkəzinin sədri Tatyana Çaladze Respublika Prokurorluğunun arxivində olan materiallardan istifadə etmişdir. Buraya Xocalı faciəsi şahidlərinin istintaq sənədləri, hadisənin baş verdiyi yerə baxış zamanı tərtib olunan protokollar daxildir. İşi yekunlaşdırdıqdan sonra o, 1500-dən çox sənədi muzeyə təhvil verib. Onların bir hissəsi sərgidə tamaşaçılara təqdim olunub.
Muzeyin fondu daim yeni eksponatlarla zənginləşdirilir. Bu il muzeyə Xocalı faciəsi ilə bağlı yeni eksponatlar təqdim olunub. “Yarat!” Müasir incəsənət məkanın iştirakçısı gənc rəssam Mehriban Şəmsəddinskaya özünün “Boşalmış damarlar” adlı əsərini bizim muzeyə təqdim edib. Gənc rəssam Nazim Məmmədov Xocalı faciəsinə həsr olunmuş öz eskizlərini muzeyə hədiyyə edib. Həmçinin, Xocalının müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş Milli qəhrəmanların və şəhidlərin şəxsi əşyaları da muzeyə təqdim olunub. Beləliklə, 2014-cü ilin 25 fevral sərgisində Xocalı faciəsinə həsr olunmuş yeni eksponatlar nümayiş olunacaq.
Bizim muzeyimizin əsas məqsədi - gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu mövzu hər zaman diqqət mərkəzində olmalı, milli qəhrəmanların, şəhidlərin vətən uğrunda mübarizəsi bugünkü nəslə təbliğ olunmalıdır.
Biz, tariximiz barəsində bütün materialları, o illərin bütün fotoşəkillərini yığmaq, hazırkı nəsillərdə tarixi bilgilərə maraq yaratmaq üçün əlimizdən gələni edəcəyik.

Fəridə Şəmsi
Azərbaycan İstiqlal Muzeyinin direktoru




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info