“Şadam ki, uğurlarım bir çox insana ilham qaynağı olub”
Tarix: 19.02.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Gültəkin Qaradağlı: “Bu hadisədən sonra məhz Nyu-Yorkda ali təhsil almağa qərar verdim”

“Palitra”nın xaricdə təhsil alan istedadlı, savadlı və bacarıqlı gənclərlə bağlı rubrikasının budəfəki qonağı çoxşaxəli fəaliyyət dairəsi olan Gültəkin Qaradağlıdır. Gültəkin xanım yaşının az olmasına baxmayaraq, bir sıra ictimai işlərdə aktivdir və təhsilini ABŞ-ın nüfuzlu universitetlərindən birində uğurla davam etdirir. Bu savadlı və bacarıqlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:
-Gültəkin xanım, özünüz barədə məlumat verərdiniz.
- Mən, Qaradağlı Gültəkin, 1995-ci il avqustun 4-də Bakıda anadan olmuşam. Valideynlərim də, mən də hər zaman təhsilə çox böyük önəm vermişik. Məhz ən yaxşı təhsil mühiti axtarışında olduğum üçün 4 fərqli məktəbdə təhsil almışam. Bunlar 21-ci əsr məktəbi, 6 nömrəli orta məktəb, İdrak İntellekt Məktəbi və Qafqaz Gimnaziyasıdır. Orta təhsilimi 2013-cü ildə Qafqaz Gimnaziyasında bitirdim. Orta təhsil aldığım müddətdə həmişə sadəcə təhsillə kifayətlənməmiş, oxuduğum məktəbin ictimai həyatında yaxından iştirak etmişəm.
- İctimai fəaliyyətinizlə bağlı hansı uğurlarınızı qeyd edə bilərsiniz?
-Məktəb illərimdə bir neçə sahədə uğurum olub. Orta təhsilimi alarkən əldə etdiyim uğurlara görə, 4-cü sinifdə Moskvada keçirilən beynəlxalq intellekt olimpiadasına məktəbdən seçilən 2 iştirakçıdan biri oldum. Baxmayaraq ki, hələ uşaq yaşımdan Rusiyaya yolum düşdü, həmişə Amerikada oxumağı düşünmüşəm. 9-cu sinifdə oxuyarkən isə ILO (informatika layihə olimpiadasında) 2-ci yer almışam.
-Bildiyim qədəri ilə musiqiyə də böyük marağınız var.
- Bəli. Hələ, uşaq vaxtlarımdan musiqiyə duyduğum sevgiyə görə dərslərlə paralel olaraq 7 illik musiqi məktəbini bitirməli oldum. Musiqi təhsilim müddətində xor, musiqi nəzəriyyəsi və fortepiano ifasını öyrənmişəm və hər üçünü əla qiymətlərlə bitirmişəm. 14 yaşımda fərdi qaydada gitara çalmağı öyrəndim. Musiqi ilə yanaşı zehni əmək tələb edən məşğuliyyət də tapdım. Bu şahmat idi və şahmat məktəbinə də getmişəm. Əlavə olaraq maraq üçün bildirə bilərəm ki, rəqslə də bir müddət məşğul olmuşam.
-Qeyd etdiniz ki, hələ uşaq vaxtlarınızdan Amerikaya böyük maraq göstərmisiniz. Yəqin bu maraq sizi bu ölkədə təhsil almağa daşıdı?
- Bu həqiqətən də belədir. ABŞ-da təhsil almaq mənim uşaqlıq arzularımdan biri olub. Orta təhsil aldığım müddətdə ən yüksək səviyyəli tədris ocaqlarında oxumağı arzulayırdım. Dünyanın ən nüfuzlu təhsil ocaqlarına gedən yol mənim üçün uşaq ikən izlədiyim filmlərdən, yüksək keyfiyyətinə görə heyranlıqla dinlədiyim musiqiçilərdən başladı. 10-cu sinifdə ABŞ-a ilk dəfə musiqi təhsilimlə əlaqədar bir layihə çərçivəsində göndərildim. Yolum isə Nyu-York şəhərinə oldu və bu şəhərə heyran oldum. Bu hadisədən sonra məhz Nyu-Yorkda ali təhsil almağa qərar verdim. Mən hazırda Nyu-York şəhərində yerləşən, ABŞ-ın ən məşhur və ən yüksək reytinqli universitetlərindən biri hesab olunan, Fordham Universitetində təhsil alıram. Burada, bir çox ABŞ universitetində olduğu kimi, təhsil və tələbə-müəllim münasibətləri dünyanın bir çox yerindən xeyli fərqlənir. Xüsusilə qeyd etmək istəyirəm ki, tələbələrin ümumi mədəni səviyyəsi çox yüksəkdir və bir-birilərinə çox hörmətlə yanaşırlar. Universitet professorları isə öz sahələrində dərin biliklərə malikdirlər və pedaqoji cəhətdən çox bacarıqlıdırlar. Orta təhsil müəllimlərindən fərqli olaraq buradakı müəllimlər tələbələrə həmişə yardıma açıq olduqlarını göstərirlər, onların problemlərinə qulaq asırlar və problemləri həll etməyə kömək göstərirlər.
- Yəqin, bu universitet sizin kimi bir çox azərbaycanlı gəncin də maraq dairəsinə düşüb. Ümumiyyətlə, orada tələbələrimizin sayı qənaətbəxşdirmi?
- Təəssüf ki, burada azərbaycanlı tələbələr çox deyil. Az da olsaq, bir-birimizi tanıyırıq. Bəziləri ilə yaxınıq, ictimai tədbirlərdə görüşürük, bir-birimizə dəstək oluruq.
-Bir qədər də amerikalıların həyat tərzi haqqında danışardınız. Bu ölkədə həyat səviyyəsi necədir?
- Düzü, amerikalılar bizdən çox da fərqli deyillər. İnsanlarla dostcasına münasibət qururlar. Tanımadıqları insanlarla rahat, hətta mən deyərdim ki, mehribandırlar, dostluğa önəm verirlər. Yəni, bəzi hallarda soyuqqanlı, mehriban olmayan amerikalı dediyimiz insanlar, əslində belə deyillər.
-ABŞ Fransa ilə bərabər, ermənilərin çox yaşadığı və aktiv olduğu ölkədir. Necə düşünürsünüz, gənclərimiz onların yalançı lobbi diaspor fəaliyyətlərini, təbliğatlarını faş etmək üçün, nələri etməlidirlər?
-Məncə, biz öz mədəniyyətimizi daha geniş çevrədə tanıtmalıyıq. İmkanlarımız çərçivəsində tariximiz, mədəniyyətimiz, coğrafiyamız haqda amerikalıları maarifləndirməliyik. Belə də onlar tarixə nəzər salmaqla, əsl reallıqları görməklə uydurma erməni təbliğatına fikir verməzlər. Təklifim bu olardı ki, gənclərimiz bu istiqamətdə aktiv olsunlar.
- Bir qədər də musiqi fəaliyyətiniz barədə danışardınız. Ümumiyyətlə, musiqi sizin həyatınıza hansı formada təsir edir?
-Mən 5 yaşımdan mahnı oxumağı sevmişəm. 7 yaşımdan pianino ilə məşğul oluram və qeyd etdiyim kimi, musiqi məktəbini bitirmişəm. 2010-cu ilin sentyabr ayından “YouTube” saytına Azərbaycanda ilk olaraq mahnılara “kover” hazırlayıb yerləşdirmişəm. 2011-ci ildə “Ana dilimizi sevək, sevdirək” yarışmasının musiqi hissəsində respublikada 1-ci yer tutmuşam. 2012-ci ildən Azərbaycanın ən populyar rep qrupu HOST ilə çalışmağa başladım. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” yarışmasının qalibi Europhoria mahnısının koverini “YouTube”a yerləşdirdikdən sonra bu musiqi çox sevildi və 100 mindən çox baxış oldu. Bunun nəticəsi kimi, 2012-ci ilin oktyabrında Bakıda, “Crytal Hall”da dünyanın ən məşhur müğənnisi Rihannanın konsertini mən açmışam. Bu səbəblə Nyu-Yorka dəvət olundum. “YouTube”da yaratdığım kanala 1 milyondan çox baxış olub və mən buna görə çox şadam. “YouTube” kanalı ilə paralel olaraq onlayn bloq yazırdım və mənim musiqi ilə bağlı insanlar arasında nüfuz qazanmağımın bəzi insanlara kömək olduğuna da inanıram. Mən çox şadam ki, mənim, azərbaycanlı bir qızın “YouTube” kimi məşhur saytda nüfuz qazanmağım və bloqda universitetə qəbul ilə şəxsi təcrübələrimi bölüşməyim bir çox insanlara ilham qaynağı olub və bu, məni çox sevindirir. Mən indiyə kimi yüzlərlə insanlardan onların musiqi fəaliyyətlərinə və universitetlərə qəbulu ilə əlaqəli yol göstərdiyimə dair mesajlar alıram və bu, məni çox xoşbəxt edir. Mən musiqi ilə bağlı Azərbaycanda belə yenilik etdiyimə və məndən sonra Azərbaycanda gənc musiqisevərlərə ilham qaynağı olmağıma görə hər kəsə minnətdaram.
- Gələcək planlarınız nələrdən ibarətdir?
- Mənim hazırda 18 yaşım var və düzü, konkret olaraq bu yaşda nə ilə məşğul olacağımı dəqiq bilmirəm. Mən burada fərqli sahələrdə dərs almağa çalışıram. Mənim hansı sahələrdə bacarıqlı və maraqlı olacağımı bilmək üçün fərqli dərslər alıram. Öz ixtisasım psixologiya olsa da, eyni vaxtda incəsənətdə də fəaliyyətimi davam etməyə çalışıram. Mən psixologiyanın hər kəsə lazımlı sahə olduğunu düşünürəm və bu ixtisası sevirəm. “YouTube”da videolar yerləşdirməyə də davam edirəm. Amma öz sahəm üzrə çalışıram ki, peşəkar bir mütəxəssis olam. Dəqiq bilirəm ki, Azərbaycanın hazırkı uğurlu iqtisadi inkişafına uyğun peşəkar mütəxəssisləri olmalıdır. Məhz buna görə Azərbaycan dövləti bizləri - gəncləri dünyanın ən yaxşı universitetlərinə göndərir və bizim burada təhsil almağımızı, ən üstün biliklərə yiyələnib, Vətənə dönməyimizi təmin edir. Mən də gələcəkdə Azərbaycana dönüb, öz biliklərimi ölkəmə xeyirli olacaq şəkildə istifadə edəcəyəm.
-ABŞ-da təhsil almaq istəyən gənclərə hansı məsləhətləri, tövsiyələri verərdiniz?
- Təhsillərinə diqqət etsinlər. Qəbul olmaq istədikləri universitetlərlə dərindən maraqlansınlar, hansı universitetdə hansı ixtisasın daha yaxşı tədris olunduğunu araşdırsınlar. ABŞ-a qəbul imtahanları ilə bağlı ən qısa zamanda hazırlaşmağa başlasınlar və özlərinə inansınlar. İngilis dili faktoruna mütləq çox diqqət etsinlər. İngilis dilini bilmək sadəcə, TOEFL və ya İELTS imtahanını yaxşı vermək deyil, onlardan əlavə, yaxşı qulaq asma və danışıq qabiliyyətlərini inkişaf etdirməlidirlər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info