Əmlak arayışı internet vasitəsilə veriləcək
Tarix: 19.02.2014 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Daşınmaz əmlaklar haqqında Milli Məkan Məlumat Bazasının ictimai təqdimatı keçirilib.
Tədbirdə Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakların kadastrının 3D formatında nümayiş etdirilib. Həmçinin, Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakların kadastrının məlumat bazasının, Milli Qeydiyyat Sisteminin, Sumqayıt şəhəri üzrə Ünvan Reyestri İnformasiya Sisteminin tam funksionallığının nümayişləri və Sumqayıt şəhəri üzrə daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi sistemi layihəsinin təqdimatı olub. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tədbirdə giriş sözü ilə çıxış edərək bildirib ki, müasir dövrdə istənilən ölkədə səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi və şəffaf xidmətlər üçün ölkə üzrə daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası həlledici rol oynayır. Daşınmaz əmlaklar haqqında vahid informasiya bazası Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edir. Bu vahid informasiya bazası ilk növbədə tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən olmalıdır.
Onun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə daşınmaz əmlakın dövlət reyestrini, daşınmaz əmlakın vahid dövlət kadastrını, ünvan reyestrini, daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi üzrə məlumat bazasını aparır. Bununla bağlı komitə müvafiq elektron informasiya resurslarını və sistemlərini yaratmaqdadır. Bu elektron informasiya resursları və sistemləri e-hökumətin və Milli Məkan Məlumatları İnfrastrukturunun özəklərini təşkil edir. Bununla mərkəzi və yerli dövlət orqanlarının, bələdiyyələrin, vətəndaşların, biznes qurumlarının öz fəaliyyətlərində müvafiq məlumatlara olan istifadəçi ehtiyacları ödənilir. Komitə tərəfindən son 3 ildə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, elektron kadastr məlumat bazasının (rəqəmsal kadastr xəritələrinin) yaradılması, müasir ünvan reyestrinin qurulması, daşınmaz əmlakların bazar prinsipləri əsasında kütləvi qiymətləndirilməsi sahəsində əhəmiyyətli tədbirlər görülür. Əldə edilən məlumatlar mərkəzləşdirilir, vətəndaşlara, biznes qurumlarına, dövlət orqanlarına və bələdiyyələrə elektron xidmətlərin göstərilməsi, informasiya mübadilələri üçün hazırlanır və istifadə edilir. Dünya Bankının dəstəyi ilə 2007-ci ildən indiyədək "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" həyata keçirilir. Layihə icra olunduğu müddətdə qeydiyyat sahəsində bir sıra səmərəli nəticələr əldə edilib. Görülən işlər nəticəsində qeydiyyat prosesi xeyli sadələşib. Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Sadələşmədən sonra artıq vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edirlər. Vətəndaşlara xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə mövcud qeydiyyat binaları təmir edilib və yeni binalar tikilib istifadəyə verilib. Məlumat bazaları elektron formata gətirilib. Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən daxil olan torpaq islahatı nəticəsində torpaq əldə etmiş mülkiyyətçilər barədə məlumatlar elektron reyestrə daxil edilir. Bu fəaliyyətlərin nəticəsidir ki, əvvəlki illərlə müqayisədə ötən ildə daşınmaz əmlakın qeydiyyat sayı əvvəlki illərlə müqayisədə maksimum həddə çatıb. Bu rəqəm 180 minə yaxın olub. Daşınmaz əmlaklarla bağlı xidmətlərin daha şəffaf və çevik göstərilməsi məqsədilə yaxın günlərdə Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi tərəfindən daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslar vasitəsilə real vaxt rejimində - onlayn verilməsinə başlanılacaq.
Yeni mexanizmə görə, daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası vasitəsi ilə birbaşa vermək imkanı yaranacaq.
Ötən ilin sonlarında komitə Ədliyyə Nazirliyi ilə birgə texniki məsələlərin həlli istiqamətində tədbirlər görüb. Artıq komitə daxili hazırlıq işlərini yekunlaşdırıb. Hazırda Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər başa çatmaq üzrədir. Yaxın gələcəkdə növbəti onlayn xidmətlərin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı da işlər aparılır. Bunlardan biri təkrar bazarlarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata almasıdır. Yəni notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat idarəsinə göndəriləcək. Əlavə proseduralar aradan qaldırılacaq, icra işlərinə başlanacaq, çeviklik təmin ediləcək. Digər onlayn xidmət isə vətəndaşlar və hüquq sahiblərinin heç bir ünvana getmədən internet vasitəsilə öz əmlakları barədə zəruri məlumatlar, o cümlədən reyestr və kadastr məlumatlarını almaq imkanı ilə bağlıdır.
Paralel olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “ASAN”-Xidmət mərkəzlərində daşınmaz əmlakla bağlı mənzillər, əmlak barədə arayışların verilməsi ilə bağlı xidmətlər təşkil edilib. Yeni imzalanmış fərmana əsasən komitə həmin mərkəzlərdə öz xidmət bölmələri vasitəsi ilə mənzillərin ilkin qeydiyyatı, fərdi yaşayış evlərinin təkrar qeydiyyatı və texniki pasportların verilməsi ilə bağlı xidmətləri təşkil etməkdədir.

2015-ci ilin sonuna kimi daşınmaz əmlakın kadastrı tərtib ediləcək

K.Həsənov bildirib ki, son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi ilə bağlı ciddi işlər görülür. Almaniyanın maliyyə dəstəyi ilə "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsi həyata keçirilir. Onun sözlərinə görə, Gəncə və Şəkinin bütün ərazisinin kadastr layihələrinin tərtibinə artıq başlanılıb. 2 il 6 ay ərzində bu iki rayon üçün elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq: "2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. Artıq Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin respublikanın 2 milyon hektar ərazisinin elektron kadastr məlumat bazası yaradılacaq". K.Həsənov qeyd edib ki, Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi istiqamətində də komitə tərəfindən işlər görülür. Yaxın zamanda sistemin tətbiqinə başlanılacaq. Komitə sədri bildirib ki, hazırda respublikada ünvanvermə işləri yeni qaydalara əsasən aparılır: "Tərəfimizdən Bakı şəhəri üzrə 1235 küçə və prospektdə giriş ünvanları təyin edilib. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşıb. Gəncədə də bu işlərə artıq başlamışıq. Hazırda Sumqayıt şəhəri üzrə yuxarıda qeyd olunan məkan məlumatları bazası formalaşdırılmışdır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, kadastr və ünvan reyestri bazaları fəaliyyət göstərir, əmlakların kütləvi qiymətləndirmə sistemi yaxın vaxtlarda istifadəyə veriləcək. Bakı şəhəri və ölkənin digər rayonları üzrə tədbirlər davam etdirilir".
K.Həsənov deyib ki, Komitənin fəaliyyət istiqaməti üzrə ümumilikdə 40-a yaxın xidmətdən artıq 16 elektron xidmət təşkil edilib. Bu xidmətlərin hamısı "Elektron hökumət" portalına inteqrasiya edilib: "Qısa zaman ərzində 9000-ə yaxın elektron müraciət daxil olub. 2014-cü ildə daha 15 elektron xidmətin təşkili və vətəndaşlarımızın istifadəsinə verilməsi nəzərdə tutulur. Bunlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı barədə məlumatın elektron verilməsi, kadastr və texniki texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info