Xaricdə oxuyan tələbələr tətil zamanı Vətəndə nə ilə məşğul olurlar?
Tarix: 27.02.2014 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Azərbaycanın xaricdə təhsil alan gənclərinin başqa ölkələrdəki fəaliyyətləri haqqında dəfələrlə müsahibə və xəbərlər şəklində məlumatlar çatdırmışıq. Bu aktiv və savadlı tələbələrimizin vaxtının çox hissəsinin başqa ölkələrdə keçdiyini nəzərə alsaq, onların Vətənə döndükdən sonra hansı işlərlə məşğul olmaları maraq doğurur. Ölkəyə tətil müddətində və ümumiyyətlə bir neçə günlük qayıtdıqda bu fəal gənclərimizin hansı işlər görmələri ilə maraqlandıq.
Almaniyada ali təhsilini davam etdirən Ümüd Səlimzadə Azərbaycana gələn zaman asudə vaxtlarını maraqlı və səmərəli keçirməyə çalışdığını söylədi: “Hər bir xaricdə təhsil alan gənc kimi, mən də məzuniyyətlərimi maraqlı və mənalı keçirməyə üstünlük verirəm. Bu baxımdan sonuncu dəfə məzuniyyətim yeni il ərəfəsinə təsadüf etdiyindən, bayramı ailəmlə Vətəndə keçirməyə üstünlük verdim. Ümumiyyətlə, bir fikri yekdilliklə qəbul edirəm ki, ən gözəl bayram və istirahət ailəmlə keçirtdiyimdir. Vətəndə olduğum müddəti istirahət yox, Azərbaycanda yarımçıq qalmış işlərimin həyata keçirilməsinə həsr olunmuş zaman adlandırardım. Bu dəfə də məzuniyyətimi həmin prinsipə əməl edərək, yeni proyektlərin planlarının qurulmasına, müxtəlif tədbirlərdə iştirakıma həsr etdim. Çünki insan fərdi varlıq olmaqla bərabər, həmçinin sosial varlıqdır və bu tələb edir ki, özünü inkişaf etdirmək istəyən insan cəmiyyətdən kənarda və özünü inkişaf etdirmək istəyən cəmiyyət də özünü inkişaf etdirməyə çalışan insanlardan kənarda saxlanmamalıdır. Məhz bu birlik və bu vəhdət inkişaf mexanizmini irəli aparan bir qurğudur. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və əsas hədəfi gələcəkdə aparılacaq maarif işi üçün informativ, cəlbedici plakatların hazırlanmasına həsr olunan "Yeni Gallery" Bakı İncəsənət Mərkəzindəki “Virus Hepatitlərsiz Sağlam Həyat” mövzusunda olan plakat sərgisindəki iştirakım, ASAİF - in "Voices for Peace, Voices for Karabakh" kampaniyası çərçivəsində 25 dekabrda "Voices for Khankendi" adı altında Qarabağa həsr olunan və Azərbaycan Diplomatik Akademiyası tərəfindən dəstəklənən rəssam Həlimə Ələsgərovanın fərdi sərgisinə xaricdə təhsil alan dostlarımızla birgə qatılmamız, bundan əlavə Azərbaycan Dövlət Televiziyasının "Tələbə dünyası" verilişinə qonaq qismində çağrılmamız, həmçinin son dövrlərdə ölkənin ictimai və təhsil sahələrində uğur qazanmış aktiv gənclərin ölkə ictimaiyyətinə tanınmasında böyük rol oynayan “Palitra” qəzetinə verdiyim müsahibə məzuniyyət müddətimi çox produktiv etdi. Bunlarla yanaşı, Mərkəzi Klinika tərəfindən yeni irimiqyaslı layihə olan - Heydər Əliyev adına Milli Sağlamlıq Mərkəzinin reallaşdırılması və 10. 05. 2015-ci il tarixində xalqın istifadəsinə verilməsi planlaşdırılan, bu məqsədlə də mənimlə əməkdaşlıq etmək arzusunda olmasına dair yazdıqları dəvət məktubunu dəyərləndirib, Mərkəzi Klinikada oldum. Layihənin həyata keçirilməsi, eyni zamanda xaricdə təhsil alan gənc həkimlərlə indidən belə əlaqələrin yaradılmasını çox təqdirəlayiq hal hesab edirəm. Sonda fikrimi almanların bir atalar sözü ilə yekunlaşdırmaq istərdim. Almanlar deyir ki "Einmal ist kein mal" – “Sadəcə bir dəfə olan şey heç olmamış sayılır”. Yəni tətil müddətində etdiyim işləri yalnız bir dəfə etməklə bu sayılmaz, hər tətildə yuxarıda sadaladıqlarımı və daha artığını etməliyəm ki, bu inkişaf vərdiş halını alsın ”.
Gürcüstanda ali təhsil alan Orxan Həsənli isə ölkəyə dönən zaman məqamı düşdükcə tədbirlərə qatıldığını söylədi: “Mən Sabirabad rayonunda yaşadığım üçün daha çox rayonun ictimai tədbirlərində iştirak edirəm. Bakıda yaşasaydım, bəlkə də daha aktiv olardım. Sonuncu dəfə Heydər Əliyev Mərkəzində keçirilən Gənclər Günü ilə bağlı tədbirdə iştirak etdim. Tədbirdə bölgələrlə, eləcə də rayonumuzla bağlı bilmədiyim bir sıra maraqlı yenilikləri, məqamları bilmiş oldum. Burada Gənclər İdman İdarəsinin rəisi Nadir Quliyev rayon gənclərimizin günü- gündən böyük uğurlara imza atmasından danışdı. Adıçəkilən gənclər arasında mənim də adım çəkildi, ASAİF-in Roma Forumunda iştirakımla bağlı məlumatlar rayon gənclərinə verildi. Bu yaxınlarda Gənclər Fondunun elan etdiyi dördüncü qrant müsabiqəsində “Sağlam Gənclik Sağlam Gələcək” adlı layihəm qalib olub və hazırda bu layihə çərçivəsində Sabirabad gənclərini maarifləndiririk. Sabirabad rayon Gənclər Mərkəzində fəaliyyət göstərən Ekoloji qrupla tez-tez görüşlərimiz olur. Bütün bu aktivliyim Gürcüstanda tələbə yoldaşlarım və müəllimlərim tərəfindən də müsbət qiymətləndirilir”.
Türkiyədə təhsil alan və hazırda Bakıda olan Lətifə İsmayılzadə daha çox qısa zaman ərzində Bakının dəyişməsinə heyran olduğunu söylədi: “Bakının günü-gündən inkişaf edib, abadlaşması məni çox sevindirir, ölkəmizin belə sürətlə inkişafı isə həqiqətən də gözəl görüntülər yaradır. Türkiyəyə qayıtdıqdan sonra digər ölkələrdən olan tələbələr arasında gördüklərimi danışacağam, və Bakının gecələrini əks etdirən şəkilləri onlara təqdim edəcəyəm. Bu da mənim üçün bir fəxr sayılır. Aktivliyə gəldikdə isə Bakıya qayıdıb öncə ailəni və dostlarını görmək də mənim üçün sevindirici hallardan biridir. Dostlarla təhsil aldığımız ölkədəki olaylar, təhsil haqqında bildiklərimizi, gördüklərimizi paylaşırıq. Bundan əlavə, Bakıya gəldiyimdə gənclər üçün nəzərdə tutulmuş məşhur verilişlərdən birində qonaq oldum. Bu isə mənim üçün sevindirici hal idi”.
Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin İctimai əlaqələr və reklamçılıq fakültəsinin tələbəsi Vahab Dadaşlı Azərbaycanda ilk dəfə tətilini keçirdiyini söylədi: “Mən Akdeniz Universitetində təhsil aldığım müddət ərzində ilk dəfə idi ki, tətilə çıxırdım. Yəni imtahanlarımı verib, bir neçə günlük də olsa, Vətənimə döndüm. Düzünü deyim ki, Şimalı Kipr də bizim öz Vətənimizdir və orada olduğum cəmi bir neçə ay ərzində də özümü öz Vətənimdə olduğu kimi hiss etdim və indi də bu hisslər var. Tətildə olduğum müddətdə də çalışdım ki, vaxtımdan faydalı və səmərəli istifadə edim. Bu, mənim üçün çox önəmli idi. Çünki Azərbaycandan kənarda oxuyan azərbaycanlı tələbələrin üzərinə bəlkə də iki qat məsuliyyət düşür. Ölkəmizi, millətimizi xaricdə, onun sərhədlərindən kənarda layiqincə təmsil etməklə bərabər, uzun illərdən bəri üzləşdiyimiz Qarabağ problemini, Azərbaycan həqiqətlərini öz həmkarlarımıza çatdırmaq, Azərbaycanı uğurla təbliğ etmək vəzifəsi də bizim üzərimizdədir. Ona görə tətildə olduğum müddətdə çalışdım ki, daha çox ölkəmizin, Qarabağ həqiqətlərinin təbliği ilə bağlı tədbirlərdə iştirak edim, yəni, indiyə qədər bilmədiklərimi, öyrənə bilmədiklərimi öyrənim və geriyə dönəndə onları kiprli dostlarıma, həmkarlarıma, tələbə yoldaşlarıma doğru-dürüst şəkildə çatdıra bilim. Bu baxımdan, ilk qış tətilimi maraqlı və zəngin hesab edirəm. Hər zaman çalışmışam ki, vaxtımdan səmərəli yararlana bilim. Zamanımı, günümü heç də boşuna xərcləməyim. Dərsdənkənar vaxtlarımda - istər internet arxasında, istərsə də, başqa məkanlarda olarkən çalışıram ki, ölkəmizin, xalqımızın tarixi, ədəbiyyatı, onun keçmişi, adət-ənənələri ilə bağlı kitabları yaxından izləyim, tanış olum. Çünki tariximizi, keçmişimizi nə qədər öyrənsək də bu, yetərli deyil, bəs etmir. Öyrəndikcə, daha çox öyrənməlisən. Həmçinin, özümə yaxın, sirdaş bildiyim dostlarla-onların sayı çox deyil, bir arada olmağı, bu və ya digər məsələlərlə bağlı müzakirələr aparmağı xoşlayır, o cümlədən, şəxsi fotoaparatımla müxtəlif, yəni, mənə maraqlı gələn məqamları, anları çəkməyə, belə demək mümkündürsə, tarixiləşdirməyə çalışıram. Bu, mənim bir növ xobbimdir. Artıq bir neçə gün olar ki, tətildən qayıtmışam. Yenidən Kiprdəyəm, dərslərimiz yeni başlayır. Yuxarıda qeyd etdiyim kimi, qış tətilim kifayət qədər məhsuldar və zəngin oldu. Bir sıra ictimai tədbirlərdə oldum, həmin tədbirlərdə bu günə kimi bilmədiklərimi, öyrənməyə nail olmadıqlarımı az da olsa bilməyə, öyrənməyə çalışdım. Ona görə Kiprdə olduğum dövr ərzində - yay tətilinə kimi – onları kiprli dostlarıma çatdırmağı düşünürəm.
Bu gün ölkəmiz çox güclü inkişaf dövrü yaşayır. Bakımız, digər bölgələrimiz anbaan dəyişir, gözəlləşir. Mən təhsilimlə əlaqədar cəmi bir neçə ay olar ki, Azərbaycanı, Bakımızı tərk etmişdim. Tətillə əlaqədar Bakıya yenidən qayıdar-qayıtmaz, yəni, Bakı Hava Limanına enən ilk andaca paytaxtımızın bu qısa müddət ərzində necə dəyişdiyinin, gözəlləşdiyinin şahidi oldum. Əlbəttə ki, hamı kimi bu məni də sevindirir. Ölkəmizin, Vətənimizin, Bakımızın inkişafını gördükcə çox böyük qürur və fəxr hissi keçirirəm. Odur ki, bu gözəl anları, məqamları da tələbə dostlarımla bölüşməyi düşünürəm ”.
Litvada fəaliyyət göstərən azərbaycanlı gənc alim Elnur Abbasov ölkədə vaxtını maraqlı keçirdiyini söylədi: “Hazırda Azərbaycana müəyyən bir müddətlik qayıtmışam. Azərbaycan Respublikası Prezidenti Yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə baş vurdum. Əsas məqsəd Avropada əldə etdiyimiz nəticə və təcrübələrin ölkəmizdə tətbiqinin daha da genişləndirilməsidir. Çox sevindirici haldır ki, bu sahə üzrə fəaliyyət artıq müəyyən bir səviyyəyə çatıb və nəticələr əldə olunmaqdadır. Eyni zamanda diaspor fəaliyyətini də davam etdirməkdəyəm. Bu sahə üzrə maariflənməyə davam edirəm, bir çox diaspor və gənclik təşkilatlarının tədbirlərinə qoşuluram. Hamımızın ürək ağrısı olan Xocalı soyqırımının anım tədbirlərində iştirak edirəm və "Xocalıya ədalət " şüarı altında dünyanın bir çox ölkələrində baş tutan, eyni zamanda Litvada reallaşmaqda olan tədbirlər toplusunda iştirak edir və həqiqətin Litva cəmiyyətinə çatdırılmasında var gücümlə çalışıram ”.
Türkiyənin Qars şəhərində ali təhsilini davam etdirən Rauf Binnətov Vətənə gələndə ictimai işlərdə aktiv olmağa çalışdığını söylədi:
“2013-cü ilin yanvar ayından tədbirlərdə aktiv olmağa başlamışam. Ötən il iki dəfə Azərbaycanlı Gənclərin Avropa İnteqrasiya Təşkilatının Forumunda iştirak etdim ki, müxtəlif dövlət rəsmiləri və səfirlər də burada iştirak edirdilər. Əsas aktivliyi ötən ilin yay ayında göstərmişəm. 2013-cü ilin avqust ayında ASAİF-in Bakıda toplantısı oldu. Orada iştirakçı oldum. Azərbaycanlı Gənclərin Avropa İnteqrasiya Təşkilatının gənc siyasətçilərin beynəlxalq məktəbi adlı tədbirində də iştirak etdim. Çox gözəl tədbir idi və dörd gün davam etdi. Avropadan gələn səfirlər də burada iştirak edirdi. Hazırda yenidən Vətənə dönmüşəm və vaxtımı səmərəli keçirməyə çalışıram. ADA Universitetində iki tədbirə qatılmışam. ABŞ səfiri Morninqstar da bu tədbirdə iştirak edirdi. ADA-da olan son tədbirdə isə ABŞ-ın Demokratlar Partiyasından olan məşhur konqresmen xanım Lorita Sançeslə görüş oldu. Bu görüş ADA-da Qlobal Perspektiv layihəsi çərçivəsində baş tutdu. Fevralın 17-də Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin tədbirində iştirakçı oldum. Azərbaycan - Türkiyə - Gürcüstan üçtərəfli siyasi, iqtisadi və hərbi əlaqələrə həsr olunmuş tədbir uğurlu oldu. Gürcüstan və Türkiyədən müxtəlif qonaqlar burada təmsil olunurdular. Bütün bunlar biz gənclər üçün də səmərəli fəaliyyət sayılır. Bu tədbirlərdə iştirak etməkdə əsas məqsəd ölkənin ictimai-siyasi həyatında daim aktiv olmaqdır. Əsas iştirak etdiyim tədbirlər ASAİF, SAM, AGAT və “İrəli” gənclər təşkilatlarının tədbirləridir ”.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info