“Azərbaycana qarşı Sumqayıt təxribatı: Qriqoryanın işi” kitabının təqdimatı olub
Tarix: 27.02.2014 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Sumqayıt hadisələrinin 26-cı ildönümünə həsr olunmuş “Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib. SAM-ın direktoru Fərhad Məmmədov tədbiri açaraq 1988-ci il fevralın 28-də baş vermiş bu hadisənin Azərbaycan tarixində çox böyük fəlakətlərə gətirib çıxardığını söyləyib. Sonra tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, tanınmış jurnalist İbrahim Məmmədovun müəllifi olduğu “Azərbaycana qarşı Sumqayıt təxribatı: Qriqoryanın işi” kitabının təqdimatı olub.
Bildirilib ki, kitab Prezidentin təşəbbüsü ilə yazılıb və nəşr olunub. Kitabın öz sözünün müəllifi və elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Qeyd edilib ki, bu kitab Azərbaycan xalqının yaxın tarixində qaranlıq mərhələ təşkil edən Sumqayıt hadisələri haqqında jurnalist təhqiqatının məhsuludur. Kitabın hazırlanmasında məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Kitab artıq rus dilinə tərcümə olunub. Yaxın vaxtlarda isə ingilis dilinə tərcümə ediləcək.
Dəyirmi masada iştirak edən baş prokurorun birinci müavini Rüstəm Usubov deyib ki, bu kitab 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində baş vermiş hadisələrin gedişinin, tarixi köklərinin, səbəblərinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
R.Usubov bildirib ki, Sumqayıt hadisələrindən 26 il keçməsinə baxmayaraq, ermənilər dünya ictimaiyyətini, beynəlxalq təşkilatları hadisələrin mahiyyəti ilə bağlı aldatmaqdan əl çəkmirlər. Onlar həmin hadisələrin əsl mahiyyətini gizlədərək Azərbaycan xalqı haqqında “vəhşi” obrazı yaratmaq üçün əllərindən gələni edirlər. Halbuki Sumqayıt hadisələri zamanı azərbaycanlılar tərəfindən yüzlərlə erməninin həyatı xilas edilib. Həmin ermənilər özləri sonralar dəfələrlə azərbaycanlılar tərəfindən xilas edildiklərini bildiriblər. Həmin vaxt Sumqayıtda 18 minə yaxın erməninin yaşamasına baxmayaraq, onlardan cəmi 26 nəfəri ölüb. Amma ermənilər faktları təhrif edərək bildirirlər ki, ölənlərin sayı əslində çoxdur. Lakin həmin 26 nəfərin hamısının kimliyi haqqında dəqiq materiallar var.
Diqqətə çatdırılıb ki, iş üzrə təqsirləndirilmiş şəxs kimi 6 nəfərin qətlində iştirak etmiş milliyyətcə erməni Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları çox çalışıblar. Bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb.
R.Usubov deyib ki, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi tərəfindən Sumqayıt hadisələri ilə bağlı birgə istintaq qrupu yaradılıb. İstintaq işinin gedişi göstərir ki, hadisələrin əsl mahiyyəti açılmayıb, gizlədilib, əsl təşkilatçılar məsuliyyətdən kənarda qalıblar. Onların məsuliyyətə cəlb edilmələri üçün heç bir tədbir görülməyib. Ona görə də Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti yaranıb. Məqsəd həmin hadisələrin günahkarlarını, əsasən də təşkilatçılarını üzə çıxarmaqdır.
Baş prokurorun müavini qeyd edib ki, istintaq materiallarına əsasən, Sumqayıt hadisələri zamanı 26 erməni ilə yanaşı, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan bir şəxs avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Hazırda həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sonra kitabın müəllifi İbrahim Məmmədov çıxış edərək deyib ki, Sumqayıt hadisələri zamanı 6 erməninin qətlində iştirak etmiş Eduard Qriqoryanın özünün də erməni olması bütün fakt və sənədlərlə sübuta yetirilib. Bunu hətta E.Qriqoryanın özü də etiraf edib. Araşdırmalar zamanı müəyyən edilib ki, ermənilər və SSRİ xüsusi xidmət orqanları bu hadisələrə əvvəlcədən hazırlıq görüblər. Əldə edilmiş faktlar sübut edir ki, Sumqayıt hadisələri Azərbaycana və Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış təxribat idi.
Tədbirdə kitabda yer almış materiallar əsasında çəkilmiş sənədli filmdən bəzi epizodlar nümayiş etdirilib. Dəyirmi masada digər çıxış edənlər - Milli Məclisin deputatları və tədqiqatçılar kitabın əhəmiyyətindən danışıb, bu nəşri Sumqayıt hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info