Beynəlxalq hüquq normalarını pozan Ermənistana sanksiya tətbiq olunmalıdır
Tarix: 27.02.2014 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


1992-ci il fevralın 25-dən 26 -na keçən gecə erməni quldurları Rusiya ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayı bölmələrinin yardımı və iştirakı ilə Azərbaycanın Xocalı şəhərində genosid aktı həyata keçirdilər. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə bir müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə
yetirilirdilər.

Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyitləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin!...
Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməkdə. Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu, Azərbaycan xalqının matəmidir.
Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli, müdhiş gecəni yaşamış, ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrurdurlar, mərddirlər. Hər biri Vətən qayğısı, Vətən, torpaq eşqi ilə yaşayır. Bu, xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir. Xocalıların bu yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqının mənəvi keyfiyyətlərini əks etdirir. Xocalılar hamı üçün örnəkdir, nümunədir - qəhrəmanlıq, mərdlik, mətanətlilik nümunəsidir, eyni zamanda vətənpərvərlik nümunəsidir.Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini zoraki erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən divan tutuldu dinc əhaliyə.Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Cinayətkar hərbi birləşmələrin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər əlil olmuş,1275 nəfər dinc sakin -qocalar, uşaqlar,qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə,təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır.8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideyinlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur.200 nəfərin ayaqları soyuqdan qanqren olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir.Onlar diri -diri yandırılmış, başları kəsilmiş, dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı.Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir.
Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirildi. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər.O zamankı ölkə rəhbərliyinin bu faciəyə olduqca laqeyd və qətiyyətsiz münasibəti nəticəsində ermənilərin işğalçılıq, etnik təmizləmə, terrorçuluq, habelə Xocalı soyqırımı kimi dəhşətli cinayət törətməsinə dünya ictimaiyyəti biganə yanaşmış, təcavüzkarın cilovlanması üçün beynəlxalq səviyyədə hansısa təsirli tədbirlər görülməmişdir.
BMT-yə üzv qəbul olunmuş Azərbaycanın həmin dövrdə bu mötəbər təşkilatın prinsiplərinə əsaslanmaqla, Xocalıda baş verən faciənin soyqırımı kimi tanınması istiqamətində zəruri tədbirlər həyata keçirməməsi də olduqca üzücü və təəssüfləndirici faktdır. Halbuki, beynəlxalq hüquqa görə genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq ən ağır beynəlxalq cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində isə qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasının 2-ci bəndində göstərilən şərtlər də Xocalı faciəsinin məhz soyqırımı adlandırılmasına tamamilə imkan yaradırdı. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur.
Həmin beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsilə törədilən bir sıra hərəkətlər genosid (soyqırımı) cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər - həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, onların fiziki məhvinə səbəb olan həyat şəraitinin yaradılması, uşaqların zorla bir insan qrupundan alınıb başqalarına verilməsi törədilmiş cinayətin soyqırım kimi tövsif edilməsinə əsas verir. Bu hüquqi meyarlardan yanaşdıqda, ermənilərin Xocalıda törətdikləri dəhşətli cinayətlərin genosid olduğuna heç bir şübhə qalmır. Həmin gün mənfur erməni silahlı birləşmələri Xocalı əhalisini məhz milli-etnik, dini səbəblərlə son nəfərinədək qətlə yetirmək, məhv etmək məqsədini qarşıya qoymuşdular.
Ermənistanın müharibə zamanı beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla bitmir. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranılması, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişdilər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar.
Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində"İnsan hüquqları haqqında Ümumi Bəyannamədə", "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, insanların şərəf və ləyaqəti tapdalanmışdır.
1992-1993-cü ilin yarısına qədər hakimiyyətdə olmuş səriştəsiz və yarıtmaz qüvvələr bu və digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Halbuki artıq Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirildiyi, beynəlxalq müstəvidə danışıqların başlandığı dövr idi. Ermənilər Azərbaycanın guya təcavüzkar olduğunu sübuta yetirmək üçün təbliğat maşınını tam gücü ilə işə salaraq "Sumqayıt olaylarını" dünyaya bəyan etdilər. Biz isə yaşadığımız gerçək qətliamı dünyanın önünə çıxarmağa tələsmirdik.
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs isə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ümummilli liderimiz ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırım və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.
Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunmalıdır.
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Aysel Əliyeva,
Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi Məhkəmə Ekspertizası
Mərkəzinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info