Böyük sənaye komplekslərinin yaradılması iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək
Tarix: 28.02.2014 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Avropa və Asiya qitəsinin kəsişməsində yerləşən, unikal geosiyasi və coğrafi mövqeyə malik olan Azərbaycan hələ qədim zamanlardan beynəlxalq iqtisadi və mədəni əlaqələr üçün mühüm əhəmiyyət kəsb etmişdir.
Şimalda Rusiya, şimal-qərbdə Gürcüstan, cənubda İran, cənub-qərbdə Türkiyə ilə həmsərhəd olan, şərqdən isə Xəzər dənizi ilə əhatə olunan Azərbaycanın ərazisindən Mərkəzi Avropa və Şərqi Asiya ölkələrinə gedən bir sıra dünya əhəmiyyətli yollar keçir. Bu baxımdan bu gün də Azərbaycan dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın qarşısında yeni formasiyanın mühüm zəruri siyasi, sosial, iqtisadi, hüquqi qanunauyğunluqları dururdu. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, hər bir cəmiyyətin davamlı sosial-iqtisadi inkişafı və yeniləşməsi, dünya birliyinə inteqrasiyası, yeni iqtisadi münasibətlərin formalaşması yalnız çoxmülkiyyətli bazar iqtisadiyyatı, azad rəqabətin üstünlük təşkil etdiyi şəraitdə mümkündür. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı.
1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. Ölkədə ardıcıl aparılan islahatlar 90-cı illərin birinci yarısında iqtisadiyyatda mövcud geriləməni dayandırmış və yeni inkişaf mərhələsinə keçidi təmin etmişdir. Azərbaycan ötən 20 illik tarixi bir dövrdə makroiqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən, demoqrafik durum, əmək ehtiyatları, sosial təminat, elm, təhsil, mədəniyyət, səhiyyə, ətraf mühit, infrastruktur, ticarət, xidmət, insanların məşğulluğu, yaşayış tərzi, istehlak bazarı və digər komponentlər üzrə yüksək inkişaf yolu keçmişdir.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində ölkənin davamlı iqtisadi inkişafı təmin edilmiş, iqtisadi inkişafın regional baxımdan tarazlığının təmin edilməsi məqsədilə qeyri-neft sektorunun dinamik inkişafına və bölgələrin iqtisadi potensialının səmərəli istifadəsinə yönəldilmiş tədbirlər həyata keçirilərək sosial-mədəni infrastruktur obyektləri yenidən qurulmuş, əmək tutumlu və rəqabət qabiliyyətli yeni istehsal və xidmət müəssisələri istifadəyə verilmiş, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”
Heydər Əliyev, Ümummilli lider

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsi olaraq son 10 ildə ölkədə sənayenin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. 2010-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatı struktur baxımından tam modernləşmə mərhələsini yaşayır ki, bu tendensiya da birbaşa yeni iqtisadi inkişaf modelinin məntiqi nəticəsidir. Ölkəmizin milli iqtisadi inkişaf modeli bazar iqtisadiyyatı və makroiqtisadi idarəetmənin müasir strukturunun yenilənməsinə, bazar iqtisadiyyatının güclənməsinə, iqtisadi artımın sürətlənməsinə, iqtisadiyyatın şaxələndirilməsi fonunda ölkəmizin davamlı inkişafına baza yaradır.
Yola saldığımız 2013-cü ildə də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı davam etmiş, beynəlxalq imici möhkəmlənmişdir. Davos Forumunun son açıqlamasına əsasən rəqabət qabiliyyətliliyinə görə ölkəmiz dünyada 39-cu yerdədir. Azərbaycanın ilk kosmik peyki - “Azərspace-1” "İKT ili" elan edilən 2013-cü ildə fəzaya qaldırıldı ki, bu da xalqımızın, dövlətimizin böyük tarixi nailiyyəti kimi dəyərləndirilir.
2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün bir sıra tarixi sazişlər bağlanmışdır. 2012-ci ildə TANAP layihəsi ilə bağlı saziş imzalandı, 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçildi, artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada təchizi üzrə zəruri qərarlar verilib və müqavilələr imzalanıb. Bu da çox önəmli bir hadisədir. Nəhayət, ilin sonunda - dekabrın 17-də Bakıda “Şahdəniz-2” investisiya sazişi bağlanmışdır ki, bu layihə respublikamız üçün böyük tarixi nailiyyətdir.
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Dövlət İnvestisiya Proqramına uyğun olaraq infrastruktur layihələrinin davam etdirilməsi barədə konkret tapşırıqlar vermişdir ki, buraya 2014-cü ildə Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin icra edilməsi, Şəmkirçay Su Anbarının tikintisinin başa çatdırılması, içməli su və kanalizasiya təminatının yaxşılaşdırılması, qazlaşdırma səviyyəsinin yüksəldilməsi, yol tikintisinin sürətləndirilməsi, sosial obyektlərin, Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar idman obyektlərinin tikintisi, regionların, eləcə də Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının hazırlanması, sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi, alternativ enerji sahəsinə investisiyaların artırılması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və digər vəzifələr daxildir.
Müasir texnologiyalara və innovasiyalara əsaslanan sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirilən müşavirədə, sənayenin daha da inkişaf etdirilməsi, o cümlədən texnoparkların yaradılması sahəsində işlərin genişləndirilməsi, metallurgiya sənayesinin inkişafı, ixracyönümlü məhsulların istehsalı, böyük sənaye komplekslərinin, emal müəssisələrinin yaradılması istiqamətində konkret göstərişlər verən Prezident İlham Əliyev yanvarın 10-da imzaladığı sərəncamla 2014-cü ili "Sənaye ili" elan etmişdir. 2014-cü ilin "Sənaye ili" adlandırılması iqtisadiyyatın sənayeləşdirilməsi baxımından çox vacibdir. Bu isə o deməkdir ki, növbəti mərhələnin əsas məqsədlərini makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi təşkil edəcək. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endirilir, innovativ iqtisadiyyata keçid təmin edilir, bu mərhələdə həmçinin aqrar sektorun inkişafına zəmin yaradan tədbirlərə üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaq.
Məlum olduğu kimi, dövlət başçısının digər bir fərmanı ilə növbəti mərhələdə ölkəmizin dayanıqlı inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir. İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır. Hər bir ilin konkret sahənin adı ilə bağlanması, o istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsi bir daha bu həqiqəti ortaya qoyur ki, hərtərəfli inkişaf Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir.
Sevindirici haldır ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq regionlarda mühüm tədbirlər həyata keçirilib və iqtisadiyyatda bir sıra keyfiyyət göstəriciləri əldə olunub. Regionlarda sahibkarlıq mühitinin yaxşılaşdırılması, istehsal müəssisələrinin müasir tələblərə cavab verən texnologiya ilə təminatının həyata keçirilməsi və sənayenin texnoloji səviyyəsinin yüksəldilməsi, yeni sənaye müəssisələrinin açılması və əhalinin məşğulluq səviyyəsinin artırılması vacib şərtlərdən biri hesab olunur.
Xüsusilə qeyd etmək istərdim ki, "Şahdəniz-2" layihəsi 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" kimi Azərbaycan üçün iqtisadi və siyasi baxımdan çox vacibdir. Bu xətt üzrə təqribən 40 milyard həcmində investisiyanın cəlb edilməsi gözlənilir. Qürurverici haldır ki, dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələri Azərbaycanın gələcəyinə hesablanmış layihələrdir və bu layihələrin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcək.
Bir məsələni də qeyd edim ki, Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayacaq Bakı gəmiqayırma zavodu respublikamızda həyata keçirilən ən iri infrastruktur layihələrindən biri olmaqla, Xəzəryanı ölkələrdə olan analoji müəssisələr arasında ən böyüyüdür. Qaradağ rayonunda inşa olunmuş və geniş əraziyə malik zavod ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, Xəzər dənizində Azərbaycanın aparıcı mövqeyini gücləndirəcək və ölkəmizdə yeni gəmi tikintisi sənayesinin yaradılmasına səbəb olacaq.
2013-cü ildə Qaradağ rayonunda "AzMeCo" şirkəti illik istehsal gücü 700 min tona yaxın olan Metanol zavodunu istismara vermişdir. Bu müəsissənin istehsal etdiyi məhsulun əksəriyyəti ixrac üçün nəzərdə tutulmuşdur. Bununla belə metanol digər kimyəvi məhsulların istehsalı üçün də xammal kimi istifadə olunacaq və bir sıra yeni istehsalatların yaradılmasına təkan verəcək.
Bununla yanaşı, yaxın dövrlərdə Qaradağ rayonunda inşa olunacaq yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQNK) istismara verilməsi Bakı və Sumqayıt şəhərlərində yerləşən qaz emalı, neft emalı və neft-kimya sahələri üzrə müasir tələb və standartlara cavab verməyən istehsal sahələrinin istismardan çıxarılmasına gətirəcəkdir. Neft və qaz emalı zavodlarının, baza polimerlərin istehsalı planlaşdırılan nəhəng neft-kimya zavodunun inşası nəzərdə tutulmuş kompleksin konfiqurasiyasına 20-dən çox texnologiya lisenziyasının tətbiqi ilə təxminən 30 qurğu daxil olacaq. Bununla da Azərbaycanda neft və qaz emalı, həmçinin neft-kimya sahəsində dərin texniki və texnoloji irəliləyişlərə nail olunacaq, çoxlu sayda ən yeni texnologiyalar əldə ediləcək və bir çox növdə məhsul və məmulatların idxalından asılılığı aradan qaldıran geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal edilməyə başlanılacaq.
Muxtar Babayev,
Milli Məclisin deputatı
Ardı var




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info