Xəbər portallarında qrammatik səhvlər həddən artıq çoxdur
Tarix: 28.02.2014 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Mətbuat Şurası xəbər saytlarına dövlət
yardımının edilməsi təşəbbüsü ilə çıxış edib

Mətbuat Şurasında (MŞ) "Onlayn media: peşəkarlıq və məsuliyyət" mövzusunda "dəyirmi masa" keçirilib. Şuradan verilən məlumata görə, tədbirdə MŞ sədri Əflatun Amaşov bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi mediadan onlayn mediaya keçid prosesi yaşanmaqdadır. Mövcud prosesdə bir sıra problemlər də var və onların həllində ictimai institut kimi jurnalistikanın özü yaxından təşəbbüs göstərməlidir. Ə.Amaşov çıxışında Mətbuat Şurasına daxil olan şikayətlər üzərində dayanıb:

"Ötən illərlə müqayisədə internet media resurslarının fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayı çoxalmaqdadır. Bəzən görürsən ki, peşə davranışı qaydalarına etinasız yanaşan hansısa qəzetin rəhbəri sonradan xəbər saytı yaradır və eyni əməllərini orada da davam etdirir. Belələrinin xoşagəlməz davranışları əksər hallarda cəmiyyətin rəhbər tutduğu dəyərlərə də kölgə salır. Bütün bunları nəzərə alaraq Mətbuat Şurası bir sıra tədbirlər həyata keçirib. Məlum olduğu kimi, şuranın tərkibində İnternet media resursları üzrə komissiya yaradılıb. Biz eyni zamanda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nda dəyişikliklər aparmaqla internet media orqanlarını da bir növ, ictimai məsuliyyətə çağırmışıq. Mətbuat Şurasının strukturunun internet media məkanındakı proseslərə daha aktiv şəkildə nüfuz etməsi üçün Azərbaycan jurnalistlərinin ötən ilin iyulunda baş tutmuş VI qurultayında nizamnaməyə dəyişikliyi həyata keçirdik. Artıq şuranın İdarə Heyətinin tərkibində internet medianı təmsil edən şəxslər də fəaliyyət göstərməkdədirlər".
Azərbaycanda əhalinin 70 faizindən çoxunun internet istifadəçisi olduğunu vurğulayan Ə.Amaşov dünyanın bir sıra ölkələrində xəbər portallarının dövlət qeydiyyatının aparıldığını diqqətə çatdırıb. MŞ sədri müəyyən müddətə xəbər saytlarının dövlət tərəfindən müəyyən yardımlar əldə etməsinin mümkünlüyündən də söz açıb: "Mətbuat Şurası xəbər saytlarına dövlət yardımının edilməsinin tərəfdarıdır və bu təşəbbüslə çıxış edir. Hesab edirəm ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti artdıqca məsələnin daha real mexanizmi barədə düşünmək mümkün olacaq".
MŞ-nin İnternet media resursları üzrə komissiyasının rəhbəri Elnur Baimov çıxışında əsasən internet təhlükəsizliyi ilə bağlı məqamlara toxunub. O bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərməkdədir. İnternet xəbər portallarının rəhbərləri təhlükəsizliklə bağlı hər hansı problemin yarandığını hiss etdikləri halda mərkəzin 1654 nömrəsinə zəng edib fikirlərini çatdıra bilərlər. Digər tərəfdən, Mətbuat Şurası həmin mərkəzlə birgə xəbər saytlarının sırf texniki işə cavab verən işçiləri üçün təlimlərin təşkilini də nəzərdə tutur. E.Baimov çıxışında, həmçinin dövlət yardımının internet təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli baxımdan önəmli ola biləcəyinə diqqət çəkib.
MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib ki, internet media resurslarında keyfiyyət məsələsi barədə söhbət açmaq günün aktual tələbidir. Onun sözlərinə görə, xəbər portallarında qrammatik səhvlər həddən artıq çoxdur: "Bu, müəyyən mənada təbiidir. Hər kəs istəyir ki, əldə etdiyi informasiyanı mümkün qədər tez paylaşsın. Lakin belə tələskənliyin gətirdiyi mənfi meyillərdən tədricən uzaq olmaq lazımdır. Çünki oxucular daha çox səlis təqdimatlara üstünlük verirlər".
A.Həsrət çıxışında internet media məkanının jurnalistikadan sui-istifadə üçün də geniş imkanlar yaratdığını vurğulayıb. O, konkret faktlar üzərində dayanaraq mövcud müstəvidəki xoşagəlməz hallara qarşı ictimai nəzarətin gücləndirilməsinin zəruriliyini əsaslandırıb. Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xəqani Səfəroğlu diqqəti dünyada internet media ilə bağlı müzakirələrin intensiv səciyyə daşıdığına çəkib. O, qeyd edib ki, müzakirələrdə əsas xətt internet medianın statusu məsələsidir: "Azərbaycan qanunvericiliyində internet media seqmentində boşluqlar var. "Kütləvi informasiya vasitələri haqqında" qanunda internet anlayışı çox yayğındır. KİV məhsulu kimi onlayn internet media vasitələrinin təqdim etdikləri materiallar nəzərdə tutulmur".
Bunları qeyd edən X.Səfəroğlu qanunvericilikdəki bu sayaq boşluqların aradan qaldırılmasının zəruriliyini bildirib.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən internet media ilə bağlı diskussiyaların davamlı şəkildə təşkil edildiyindən söhbət açıb: "Texniki imkanlarla bağlı təchizat prosedurlarının müxtəlif ölkələrdən gerçəkləşdirildiyi hazırkı durumda məsuliyyət məsələləri önəmlidir".
Tural





 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Masallı rayon ağsaqqallar Şurasının yığıncağında
20.08.2019
Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir
20.08.2019
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20.08.2019
Bu gündən havanın temperaturu qalxır
19.08.2019
Qusarda 46 km-lik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info