“Zəngi” liseyinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda təcrübədə olmuş yuxarı sinif şagirdləri Nəzrin Həşimli və Nilufər Məmmədli Bakıda keçirilmiş “Sabahın alimləri” III Respublika müsabiqəsində qızıl medala layiq görülüblər.
İnstitutun elmi informasiya və innovasiya şöbəsindən bildiriblər ki, şagirdlərin müsabiqəyə ekologiya nominasiyası üzrə təqdim etdikləri elmi iş “Ekoloji təmiz məhsullar sağlamlığımızın etibarlı mənbəyidir” mövzusuna həsr edilib. Mövzunun elmi rəhbəri Botanika İnstitutunun bitki ehtiyatları şöbəsinin baş elmi işçisi, biologiya elmləri doktoru Mayis Qasımov olub.
N.Həşimli və N.Məmmədli elmi mövzu ilə əlaqəli tədqiqatlarını bu sahədə yetərincə təcrübəli mütəxəssis sayılan M.Qasımov ilə birlikdə institutun bazasında aparıb, təcrübə zamanı bitki mənşəli boyaq maddələrinin alınma texnologiyalarını, təbii boyaq maddələrinin həm texniki, həm də qida sənayesində tətbiqi metodlarını mənimsəyiblər.
Şagirdlər müsabiqədə təbii boyaq maddələrini süni boyaq maddələri ilə müqayisədə təqdim ediblər. Təbii boyaq maddələrindən hazırlanmış qida və sənaye əhəmiyyətli məhsullar münsiflər heyətinin böyük marağına səbəb olub, qalib layihələr arasında ən yüksək göstərici də məhz “Zəngi” liseyi şagirdlərinin payına düşüb.
Botanika İnstitutunun direktoru, professor Validə Əlizadə müsabiqənin qalibləri Nəzrin Həşimli və Nilufər Məmmədli, onların fənn müəllimi, biologiya üzrə fəlsəfə Gülnarə Səfərova və şagirdlərin nailiyyət qazanmasında əvəzsiz rolu olmuş biologiya elmləri doktoru Mayis Qasımov ilə görüşüb, onları qələbə münasibətilə təbrik edib.
Görüşdə şagirdlərdə biologiya elminə marağın artırılması istiqamətində belə təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu ənənənin gələcək illərdə də davam etdirilməsi AMEA Botanika İnstitutunun qarşıya qoyduğu məqsədlərdəndir.
Təhminə
|