“The Weekly Standard”: “Amerikanın Ukrayna ilə bağlı imkanları məhduddur”
Tarix: 03.03.2014 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


“Halbuki Rusiyanın əlində çoxlu kartlar var. Ruslar çoxdandır ki, bu işdədirlər – bu, Amerikanın yox, onların qonşu ölkəsidir”

Çin və İran da Rusiyanı dəstəklədi


ABŞ-ın “The Weekly Standard” nəşrinin müxbiri Li Smit ekspert Anjela Stentdən onun ABŞ-Rusiya münasibətlərinə həsr olunmuş yeni kitabı barəsində müsahibə götürüb. Bu müsahibə ilə bağlı girişdə müxbir bildirir ki, Vladimir Putin indi hər yerdə var: “Keçmiş DTK zabiti bütün imkanlardan istifadə edib ki, özünü və ölkəsini - nə vaxtsa dünya arenasında güclü olan imperiyadan qalanları mühafizə etsin və qəzadan qurtarsın. Putinin Olimpiya oyunlarını subtropik iqlimdə keçirməsi, yaxud suriyalı müttəfiqi Bəşər Əsədi himayə etməsi, Qərblə Ukrayna və Rusiyanın digər yaxın qonşuları uğrunda rəqabətə girməsi göstərir ki, bunlar adamı zəruri fəaliyyətdə olan şəxsə çevirib. O, demək olar ki, daimi olaraq Ağ Evlə yarışır. Corctaun Universitetinin professoru Anjela Stent özünün yeni kitabı olan “Tərəfdaşlığın sərhədləri: Amerikan-Rusiya münasibətləri 21-ci əsrdə” əsərində Putin Moskvasının hara hərəkət etdiyini anlamağa çalışıb”.
Nəşrin Ukraynanın nəyə görə Rusiya maraqlarının mərkəzində dayandığı barəsində sualına cavab verən ekspet qeyd edir: “Burada söhbət Rusiya ilə Qərb arasında klassik geopolitik rəqabətdən gedir. Moskva üçün Ukrayna əsas qonşu ölkə sayılır. Əgər Ukrayna Qərbə doğru hərəkət etsə, bu, Rusiyanın Avrasiyada rolunu azaldacaq və ona Putinin yaradılmasına çalışdığı Avrasiya İttifaqının ərsəyə gəlməsinə imkan verməyəcək. Onu da unutmayın ki, Avropa Birliyi Ukraynaya üzvlük yox, asossiasiya razılaşması təklif edib, bu məqamda isə Rusiya Ukraynaya təzyiq göstərib və ticarətin reallaşmasına mane olmağa başlayıb. Bundan sonra isə Rusiya Ukraynaya “pryanik” təklif etməyə başlayıb. Bundan sonra isə etirazlar başladı, bunun ardınca isə müxalifət partiyaları texnokrat hökumət yaratmağa çalışdılar. Ciddi zorakılıq aktlarının baş verdiyi bir neçə gündən sonra kompromis əldə edildi. Amma hələ məlum deyil ki, tərəflər əsl koalision hökumət yarada biləcəklər ya yox. Təəccüblü deyil ki, Obama administrasiyası və Avropa Birliyi nə etmək lazım olduğu barədə müxtəlif baxışlara malikdirlər. Bu zaman isə ruslar Amerikanın Ukraynada baş verənlərlə bağlı cəlb edilməsi məsələsinə belə münasibət bildirirlər: Siz, Dövlət Departamentinin əməkdaşları özləri hansı müxalif fiqurun yeni hökumətdə təmsil olunacağı ilə bağlı qərar verərkən, niyə bizim maneçiliyimizdən danışırsınız? Məsələ burasındadır ki, Amerikanın imkanları burada məhduddur və o, onları çox da istifadə etmək istəmir. Halbuki Rusiyanın əlində çoxlu kartlar var. Ruslar çoxdandır ki, bu işdədirlər – bu, Amerikanın yox, onların qonşu ölkəsidir”.
ABŞ-ın "The National Interest" nəşri isə yazır ki, Ukraynadakı hadisə heç də soyuq müharibənin əsas bir epizodu deyil. Bunlar Birinci Dünya müharibəsi və rus inqilabından xeyli əvvəl mövcud olan fundamental geopolitik reallıqlardır. Ukrayna özünün coğrafiyası və tarixinə görə Rusiya və Qərb arasındakı gərginliyin episentrində yerləşir. Bu ölkə iki tərəfə baxan, parçalanmış bir ölkədir. Belə bir formada olmanın isə özünün faciəsi var. Ukraynadakı son faciəvi həftələrə qədər Rusiya rəhbərləri əsrlərlə anlayıblar ki, əgər onların ölkəsi Qərbdə öz rolunu oynamaq istəyirsə, ona Ukraynanı əldə saxlamaq kifayətdir. Milli təhlükəsizlik üzrə keçmiş məsləhətçi Zbiqnev Bjezinski yazır ki, “Ukraynasız Rusiya imperiya olaraq qala bilər, amma bu zaman o, Qafqaz və Mərkəzi Asiyadan ibarət Asiya imperiyası olmaqla məhdudlaşacaq”.
Buna görə də heç bir Rusiya lideri bu gün ABŞ dövlət katibinin Ukraynanı Rusiyanın təsirindən çıxarmaqla bağlı pərdəarxası manevrlərinə icazə verə bilməz.
Buna görə də Amerikanın Ukrayna demokratiyasına münasibəti bu regionun geopolitik reallıqları ilə heç bir bağlantıya malik deyil”.

Ukrayna ordusu nə istəyir və nə edə bilər?

Fransanın "Slate.fr" media orqanı da Ukrayna məsələləri ilə bağlı yazı yazıb: “Ukrayna ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etmək üçün rezervistlərin mobilləşdirilməsini elan edib. Kiyevdə Rusiya ordusunun “aqressiya”sı barədə danışırlar. Nəzəri baxımdan Ukrayna ordusu 130 min nəfərdən ibarətdir və 1 milyon da rezervist var. Yeni Ukrayna liderləri isə göstərməyə cəhd edirlər ki, genişmiqyaslı hücum Putin üçün qorxulu avantüra ola və beynəlxalq ictimaiyyəti cəlb edə bilər. İndiki baş nazir Arseni Yaçenyuk bəyan edib ki, Ukrayna fəlakət astanasındadır, çünki Rusiya ona müharibə elan edib. Milli Müdafiə və Təhlükəsizlik Şurasının başçısı Andrey Parubiy cavab verib ki, hərbi qüvvələr yüksəldilmiş döyüş hazırlığı vəziyyətindədir. Bundan başqa ölkədə rezervistlərin hazırlığı və mobilləşdirilməsi aparılır. Bundan başqa, Ukrayna hökumətinə ordunu təmin etmək üçün vəsait lazımdır.
Bu zaman isə Krımda Rusiya hərbçiləri silah anbarları və bir neçə Ukrayna hərbi bazalarını zəbt ediblər. Onlar zəbt etdikləri bazalardakı əsgərləri “legitim” hökuməti dəstəkləməyə çağırıblar. BMT-də Ukrayna nümayəndə heyətinin təmsilçisi Eqor Pivovarova görə, hazırda Krımda 15 min Rusiya hərbçisi var. Bunlar əsasən, Sevastopoldadırlar. Situasiya gərgindir, çünki bəzi bölmələr Rusiya hərbçilərinə tabe olmaqdan imtina ediblər.
Bu isə ondan xəbər verir ki, Ukrayna ordusunun imkanları və onun yeni hökumətə sadiqliyi suallar doğurur. “The New York Times” yazır ki, Krımda Ukraynaya aid yalnız bir briqada və 3 500 nəfərdən ibarət olan ordu var. Burada yarısı faktiki olaraq Rusiyaya tabe olan bir donanma və yeganə hərbi hava bazası var. Ukraynaya aid hər hansı ağır silahdan və tankdan isə söhbət gedə bilməz.
Rusiya informasiya kanalı RT-nin məlumatına görə isə Ukrayna donanmasındakı “Getman Saqaydaçnıy” adlı bir gəmi Rusiya bayrağını qaldırıb və Ukrayna hökumətinin əmrlərini yerinə yetirməkdən imtina edib.
Bu arada Rusiya Xarici İşlər Nazirliyi yeni bəyanatla çıxış edib: “Ukraynadakı situasiya ilə bağlı Moskva və Pekinin mövqeyi oxşardır”.
Rusiya xarici siyasət idarəsinin başçısı Sergey Lavrov Çin xarici işlər naziri Van İ. ilə Ukraynadakı situasiyanı müzakirə edib: “Bu məsələdə Rusiya və Çinin mövqeyində böyük uyğunluqlar var”. Bundan başqa nazirlər bu məsələ ilə bağlı sıx əlaqələr quracaqlarını bəyan ediblər.
Qeyd edək ki, İranın Rusiyadakı səfiri İhdi Sənayi də sözügedən məsələdə İranın Rusiyaya dəstəyindən bəhs edib. O, Rusiyanı Qərbin və ABŞ-ın sanksiyalarından qorxmamağa çağırıb. O, Rusiya ticari-iqtisadi institutlarını İranla işbirliyini böyütməyə çağırıb. O qeyd edib ki, İran ətrafında sanksiyalarla bağlı psixoloji atmosfer dağılmaqdadır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info