“Ana dilinə tam yiyələndikdən sonra ən azı bir xarici dili öyrənmək mütləqdir”
Tarix: 03.03.2014 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Leyla Şəfiyeva: “Təhsilimi İsveç, İtaliya və ya Çexiya ölkələrindən birində davam etməyi qarşıma məqsəd qoymuşam”

Gənclərimizin böyük əksəriyyətinin təhsilə böyük önəm verməsi sevindirici haldır. Ələlxüsus da tələbə adını qazanmış gənclərin ali təhsil ilə bağlı uğurlu addımlar atması, ictimai işlərdə fəal olması və dünyaya çıxmaları daha çox qürurverici məqamlardır. Bugünkü Azərbaycan gəncliyi belə tələbələrin sayının çoxluğu ilə fəxr edə bilər. “Palitra” belə gənclərdən biri ilə oxucuları tanış edir. Bu, Leyla Şəfiyevadır.
- Leyla xanım, özünüz barədə məlumat verərdiniz.
- Mən - Şəfiyeva Leyla Fəxrəddin qızı, 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli məktəbdə uğurla bitirmişəm. Daha sonra 2011-ci ildə 3-cü ixtisas qrupu üzrə imtahan verərək Azərbaycan Dillər Universitetinə daxil olmuşam. Hazırda universitetin 3-cü kursunda ingilis dili ixtisası üzrə təhsilimi davam etdirirəm. Universitetdə xüsusi qrup olan “Essex 2” qrupunda 2 il təhsil almışam. Bakı Gənclər Klubu İctimai Birliyinin fəal üzvlərindənəm, orada çap olunan bir sıra məqalələrin və kitabçanın tərcüməsi ilə məşğul olmuş və bir müddət təşkilat üzvlərinə ingilis dili öyrətmişəm. Elə həmin təşkilatda tərtib olunan bir sıra layihələrdə iştirak etmişəm. "Tariximizi öyrənək, irsimizi qoruyaq", "Vətəni qoruyan və yaşadan qəhrəmandır " adlı layihələrdə iştirak etmişəm. Bir müddət əvvəl isə Fransa da keçirilmiş "Be a citizen, act for your employability" adlı təlimdə təşkilatı təmsilən seçilmiş və iştirak etmişəm.
- Xarici dillər üzrə təhsil almaq maraqlıdır. Ümumiyyətlə, universitetinizin hazırkı səviyyəsi sizi qane edirmi?
- Bəli. Hər bir gənc xarici dil öyrənmək istəyir. Qeyd etdiyim kimi, hazırda Azərbaycan Dillər Universitetində ingilis dili üzrə bakalavr təhsili alıram. Artıq 3-cü ildir ki, bu universitetin tələbəsiyəm. Universitet seçimi zamanı çox tərəddüdlər yaşamışdım, lakin daha sonra ətrafımdakı bir neçə ziyalı insanın məsləhətini nəzərə alaraq ADU-nu seçdim. İndi seçimimdən çox razıyam. Bunun səbəbi təbii olaraq Azərbaycan Dillər Universitetinin mənə verdiyi savad və dünyagörüşüdür. Azərbaycanın ən qabaqcıl təhsil mərkəzlərindən biri olan və hər il yüzlərlə savadlı dilçi alimlər, tərcüməçilər, müəllimlər yetişdirən bu universitetdə təhsil aldığım üçün özümü şanslı hesab edirəm. Təhsil aldığım ali məktəbin ən sevdiyim xüsusiyyətlərindən biri isə odur ki, universitetimizin rəhbər heyəti, səlahiyyətli şəxslər gənclərə fəal olmaq və istədikləri layihələri həyata keçirmək üçün yüksək səviyyədə şərait yaradır. Bundan əlavə ADU-nun bir neçə xarici universitetlə əlaqədə olması tələbələrə xaricdə təhsil almaq imkanı da yaradır.
- Adını çəkdiyiniz xüsusi qrup olan “Essex2” haqqında da ətraflı məlumat verərdiniz.
- Universitetə daxil olduğumuz həftə mən və digər 23 tələbə yoldaşım tərtib olunmuş imtahandan keçərək xüsusi qrup olan “Essex2” qrupunda toplandıq. Bu qrupun yaradılmasında məqsəd ora seçilmiş tələbənin 2 il Azərbaycan Dillər Universitetində, növbəti 2 ili isə İngiltərənin ən qabaqcıl universitetlərindən olan Essex Universitetində təhsil alması idi. Bizə tədris olunan bütün fənlər öz universitetimizin proqramından əlavə, həm də Essex Universitetinin təhsil proqramına uyğunlaşdırıldı. Xüsusi olaraq canlı dil daşıyıcısı olan amerikalı müəllimlərdən dərs aldıq. Bu, dil biliyimizə çox müsbət mənada təsir göstərdi. Bəzi maliyyə səbəblərinə görə təhsilimizi Essexdə davam etməyimiz mümkün olmasa da, bu qrupda aldığımız təhsil sayəsində dil biliyimiz digər qrup tələbələrindən çox daha yaxşı oldu.
- Artıq ingilis dili 10 il əvvəl olduğu kimi o qədər də aktual deyil. Necə düşünürsünüz, gənclərimiz daha çox başqa dillərə üstünlük verməlidirlərmi?
- Bəli, ingilis dili uzun müddətdir ki, digər dillər arasında öz hegemonluğunu qoruyub saxlamağa nail olub. Hətta statistikaya görə, dünyada ingilis dilindən xarici və ya ikinci dil kimi istifadə edənlərin sayı, bu dildən ana dili kimi istifadə edənlərin sayından daha çoxdur. Hələ ki, bu dilin öz aktuallığını itirdiyini demək olmaz. Ən azından dünyanın bir çox ölkələrində təhsil almaq arzusunda olan gənclər ingilis dili bilikləri sayəsində buna nail olmağı bacarırlar. Əlbəttə, bu dilin belə geniş yayılmasının ən əsas səbəbi təbii olaraq ABŞ-ın dünyada iqtisadi baxımdan liderlik etməsidir. Əlbəttə, bu da əbədi deyil, bir müddət sonra bu dilin yerini başqa bir dilin alması mümkündür. İndi aktual olan digər dillərə qaldıqda isə hazırda dünyada ən çox danışılan dil olaraq ispan dili göstərilir. Çünki bu dil çox sayda ölkənin yerli və ya dövlət dilidir. Bundan əlavə ikinci və ya xarici dil olaraq öyrənilməkdə olan dillər arasında alman, fransız və Koreya dilləri geniş yayılıb. Hazırda bu dillər ingilis dili ilə rəqabət halındadır və onun mövqeyini zəiflədib önə keçmək məqsədi güdür. Biz gənclərin xarici dil öyrənməsi ilə bağlı demək istərdim ki, bu, hər bir gəncin öhdəsinə düşən vacib amillərdəndir. Hər şeydən əvvəl ana dilimizə tam yiyələndikdən sonra ən azı bir aktual olan xarici dili öyrənmək mütləqdir.
- Təhsillə bağlı uğurla addımladığınızı dediniz. Bəs ictimai işlərdə necə, aktivsinizmi?
- Hazırda Bakı Gənclər Klubu İctimai Birliyinin fəal üzvüyəm. Dərslərimlə yanaşı gənclik layihələrində də fəal olmağa çalışıram. Üzvü olduğum birliyin həyata keçirdiyi bir neçə tədbirdə iştirak etmişəm. Bu layihələrdən qədim alban tarixini öyrətmək məqsədilə təşkil olunmuş "Tariximizi öyrənək, irsimizi qoruyaq", Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş "Qəhrəmanlar unudulmasın " və ailənin vacibliyi və müqəddəsliyini biz gənclərə göstərmək üçün təşkil olunmuş "Sağlam ailə cəmiyyətin və güclü dövlətin təməlidir " adlı layihələri deyə bilərəm. Bundan əlavə, birlikdə tərcüməçi olaraq da fəaliyyət göstərir, eyni zamanda birlik üzvlərinə ingilis dili dərsləri də deyirəm.
- Bəs, Fransada keçirilən təlimdə iştirakınız barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, tələbələr üçün belə şəraitin yaradılmasını necə dəyərləndirərdiniz?
- Dediyim kimi, bir müddət əvvəl Fransada keçirilən "Be a citizen, act for your employability" adlı təlimdə iştirak etdim. Təlim yanvar ayının 10-18 tarixləri müddətində həyata keçirildi. Təlimə 14 müxtəlif ölkədən gənclər cəlb olunmuşdu. Onların arasında Fransa, Almaniya, İtaliya, Ukrayna, Rumıniya, Moldova, Türkiyə, Bolqarıstan və sair ölkələrdən olan gənclər var idi. Təlim çox maraqlı təşkil olunmuşdu və bu, mənim üçün yeni və fərqli bir təcrübə oldu. Avropanın müxtəlif hissələrindən yeni dostlar qazandım və iştirakçı olan digər iki azərbaycanlı dostumla birgə ölkəmizi təmsil edib, iştirakçıların fikrində azərbaycanlı olmaqla bağlı fikir yaratmağa çalışdıq. Türk qardaşlarımızla birgə Azərbaycan və Türkiyə mətbəxindən müxtəlif təamlar hazırladıq. Yeməklərimiz xarici dostlarımız tərəfindən çox bəyənildi. Eyni zamanda onlara öz milli rəqslərimizi ifa etdik, rəqslərimizi çox bəyənib bizlə birgə rəqs etməyə can atanlar da oldu. Qısası, belə tədbirləri yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu cür təlimlər daha çox keçirilməlidir. Bu, ümumilikdə Azərbaycan gəncliyinin inkişafına, daha da irəli getməsinə və dünyaya çıxmasına təkan vermiş olar.
- Bugünkü Azərbaycan gəncliyini necə xarakterizə edərdiniz?
- Müasir Azərbaycan gəncləri hazırda çox müsbət yöndə fəaliyyətlərlə məşğul olur və fərd olaraq özlərini inkişaf etdirmək məqsədilə addımlar atmağa çalışırlar. Bu çox sevindirici haldır. İştirak etdiyim konfranslarda, təlimlərdə və ya seminarlarda qarşılaşdığım gənclər çoxluğunu görmək, onların çox yaxın gələcəkdə ana dilimizə tam səlis yiyələndikdən sonra ən azı bir aktual olan xarici dili öyrənməsi mütləqdir. Biz gənclər arasında hər hansı bir ictimai fəaliyyətlə məşğul olmaqdan yayınanların sayı günü-gündən azalır və bu, bizi parlaq gələcəyə daha da ümidləndirir.
- Təhsil ilə bağlı gələcək planlarınız necədir? Xarici ölkələrdən birində təhsilinizi davam etdirmək fikriniz varmı?
- Gələcəklə bağlı planlarımın başında ilk növbədə burada aldığım yüksək səviyyəli təhsili xarici(Avropa) ölkələrdən hər hansı birində davam etmək durur. Dəqiq desəm, təhsilimi İsveç, İtaliya və ya Çexiya ölkələrindən birində davam etməyi qarşıma məqsəd qoymuşam. Bununla əlaqədar olaraq universitet daxili Erasmus Mundus proqramı vasitəsilə bu ölkələrdə olan universitetlərə müraciət etmişəm və lazımlı sənədləri də artıq proqrama təqdim etmişəm. İndi isə səbirsizliklə nəticələri gözləyirəm. Bu ölkələrdən hər hansı birində təhsil almaq şansı qazansam, orada ölkənin layiqli təmsilçisi olub, Azərbaycanı daha yaxından tanıtmaq və təmsil etmək arzusundayam. Vətənə qayıtdıqdan sonra isə öz sahəmdə ixtisaslaşmış peşəkar olub, dilçiliyi tədris etməyi və bununla bağlı yeni vəsaitlər meydana gətirməyi planlaşdırıram.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrə ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info