“Musiqi tariximiz mütləq yazılmalı və gələcək nəsillərə ötürülməlidir”
Tarix: 03.03.2014 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Əməkdar elm xadimi Zemfira Səfərova:
“Bizim əsas layihəmiz “Azərbaycanın musiqi tarixi” nin çoxcildliyinin akademik nəşrini hazırlamaqdır”

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi və Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Zemfira Səfərovadır:

-Zemfira xanım, sizin Azərbaycan musiqisinin tarixi haqqında saysız-hesabsız tədqiqatlarınız var. Bu tədqiqatlar əsasında sizin bir çox kitablarınız dərc olunub. Rus dilində yenicə nəşr olunan “Azərbaycanın musiqi elmi”( XIII-XX əsrlər) kitabınızın musiqi mədəniyyətimizdəki rolu haqqında nələr söyləyə bilərsiniz?
- Gördüyüm və nəşr etdirdiyim bu iş - “Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)” monoqrafiyam bu il Memarlıq və İncəsənət İnstitutunun mühüm nəticələri və uğuru kimi qeyd olunub. Bu monoqrafiya ilk dəfə 1998-ci ildə kiril əlifbası ilə nəşr olunub. İkinci dəfə isə 2006-cı ildə Prezidentimizin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncam”ına əsasən çap olundu. Üçüncü nəşri isə 2013-cü ildə çap edildi. Rus dilində olan bu nəşr daha geniş auditoriyaya ünvanlanıb. Əvvəlki nəşrlərdən fərqli olaraq, monoqrafiyaya dörd yeni mövzu əlavə edilib. Monoqrafiyada səkkiz əsrlik Azərbaycan musiqi elminin geniş mənzərəsi verilib. Bu monoqrafiya həm də tədris müəssisələrində əsas dərs vəsaiti kimi nəzərdə tutulub. Əsərdə Səfiyəddin Urməvinin (XIII əsr), Əbdül Qadir Marağayinin (XIV-XV əsrlər), Fətullah Şirvaninin (XV əsr), XVI-XVIII əsr alimlərinin, Mir Möhsün Nəvvabın (XIX əsr), Cabbar Qaryağdıoğlunun (XX əsr), Üzeyir Hacıbəylinin və Qara Qarayevin yaradıcılığı (XX əsrlər), elmi irsi tədqiq və təhlil olunur. Bu il nəşr olunan ikinci bir kitab da “Azərbaycanın musiqi sənəti” Polşanın Varşava şəhərində çapdan çıxıb. Bu, Azərbaycan musiqisi haqqında bəhs olunan ümumi bir kitabdır. Onu da qeyd edim ki, 2011-2012 və 2013-cü illərdə çıxan kitabların hər üçü AMEA-nın mühüm nəticəsi kimi qeyd olunub. 2011-ci ildə Üzeyir bəyin yubileyinə həsr olunan “Ölməzlik” kitabı Azərbaycan, rus və ingilis dillərində nəşr olunub. Bu kitabın Bəstəkarlar İttifaqında böyük təqdimatı keçirildi. 2012-ci ildə nəşr olunan “Azərbaycanın musiqi tarixi” adlı kitab qədim dövrlərdən XX əsrə qədər olan Azərbaycan musiqisini əhatə edir.
2013-cü ildə “Avropa Mətbuat Evi ” tərəfindən “İlin vətənpərvər tədqiqatçısı” qızıl medalı ilə təltif olundum. Daha sonra “Beynəlxalq Muğam Simpoziumunda ” XV əsrin alimi Fətullah Şirvaninin “Musiqi məcəlləsi ” və XIX əsr alimi Mir Möhsün Nəvvabın “Vüzuhül -ərqam” yəni, rəqəmlərin izahı risaləsində muğamın və musiqi alətlərin rolu haqqında məruzə etmişəm.
Bu il “Azərbaycan musiqi tarixi” kitabının II cildi nəşr olunacaq. Bu ikinci cildə XX əsrin əvvəllərindən əsrin 80-ci illərinə qədər dövr daxildir. Kitabın giriş hissəsində XX əsrin əvvəllərində mədəniyyətimizdə və musiqimizdə baş verən hadisələrin əksi, əsasən də opera və operetta haqqında geniş məlumat verilir. Çünki məhz o dövrdə bu janrlarda əsərlər yaranıb. Ona görə də XX əsrin əvvəllərində olan diskussiyalar bu janrlar ətrafında idi. 1921-ci ildə Üzeyir bəy “Vəzifəyi-musiqiyyəmizə aid məsələlər” adlı bir məqalə yazdı. Bu məqalədə bizim musiqimizin gələcək inkişafının hansı səmtdə gedəcəyi və hansı məsələlər həll edəcəyi göstərilmişdi. Bizə Avropa musiqisi lazımdır və ya öz musiqimiz ilə kifayətlənməliyik. Bax, Motsartın, Bethovenin sənət dünyası musiqi təhsilimizə, inkişafımıza lazımdır, ya yox? Bəstəkar özü bu suala böyük qətiyyətlə “lazımdır” cavabını vermişdir yəni, elə lazımdır ki, gələcək musiqi inkişafımız bundan asılıdır.
Daha sonra, II cilddə Üzeyir bəyin həyat və yaradıcılığı təqdim olunur. Əsərləri, ayrı-ayrılıqda “Leyli və Məcnun”, “Arşın mal alan”, “Koroğlu”, “Sənsiz” və “Sevgili canan” romansları və “Azərbaycan xalq musiqisinin əsasları” hissə-hissə, fəsil-fəsil təhlil və tədqiq edilir. Daha sonra, Üzeyir bəyin silahdaşı olan görkəmli bəstəkar Müslüm Maqomayevin həyat və yaradıcılığı, onun “Şah İsmayıl”, “Nərgiz” operaları, kamera instrumental əsərləri və Zülfüqar Hacıbəylinin, Asəf Zeynallının, Əfrasiyab Bədəlbəylinin, Niyazinin portretləri verilir, əsərləri təhlil olunur.
Bizim əsas layihəmiz “Azərbaycanın musiqi tarixi” nin çoxcildliyinin akademik nəşrini hazırlamaqdır. I cilddə qədim dövrdən XX əsrə qədər, II cilddə XX əsrin 80-ci illərinə qədər və növbəti cildlərdə sonrakı bəstəkarlarımızın yaradıcılığı öz əksini tapacaq və təhlil olunacaq. Bu, ilk dəfə görülən böyük bir layihə və tədqiqat işidir.
Mən deyərdim ki, bir xalq əgər yer üzündə mövcuddursa, o xalqın tarixi olmalıdır. Ermənilər əvvəl tarixi yazırlar, sonra onu yaşayırlar. Bizim belə zəngin musiqi tariximiz varkən, biz niyə öz tariximizi yazmayaq? Ona görə bu tariximiz mütləq yazılmalı və gələcək nəsillərə ötürülməlidir. Şübhəsiz ki, AMEA-nın nəzdində biz bunu həyata keçirəcəyik.
- Qədim musiqi tarixinin mədəniyyətimizdə rolunu necə qiymətləndirərdiniz?
- Onu deyə bilərəm ki, ilk dəfə Əbdülqadir Marağayinin bir sıra musiqi əsərlərinin notunu Türkiyədən Bakıya mən gətirmişəm. Marağayi və Səfiyəddin Urməvi haqqında televiziya verilişləri hazırlayıb aparmışam. Bu verilişlərdə dərvişlərin səma göstərişləri video lentini televiziyada ilk dəfə mən təqdim etmişəm.
Mərhum sənətkarımız, Xalq artisti “Qədim musiqi alətləri” ansamblının bədii rəhbəri Məcnun Kərimov o zaman Marağayinin “Heydərnamə” və “Naxış bəstə” əsərlərini məndən istədi. Ansambl bu əsərləri ifa etdi və onlar ansamblın vizit kartı oldu. Bundan əlavə Məcnun müəllim ansamblda qədim musiqi aləti “nüzhəni” bərpa etdi. Bu aləti də icad edən XIII əsrin alimi Səfiyəddin Urməvi idi. Açıqlamasını etdiyim XIII əsrin bu melodiyası Azərbaycan Bəstəkarlar İttifaqında həmin alətdə səsləndi və böyük əks-sədaya səbəb oldu. Bunların hamısı yaradıcılığımda mühüm yer tutur. Güman edirəm ki, musiqi elmimizin inkişafı sahəsində də xüsusi dəyəri var. Səfiyəddin Urməvinin, Əbdülqadir Marağainin risalələrinin, onların ixtiralarının əhəmiyyəti bu gün də önəmlidir.
- Qədim musiqi tariximiz kifayət qədər araşdırılıb, yoxsa hələ də gizli qalan faktlar var?
- Əlbəttə ki, zəngin tariximizin gizli qalan səhifələri hələ də var. Düzdür, mən kitablarda, monoqrafiyalarda qeyd etmişəm ki, bu əsərlərin əsasında gənclər tədqiqatlarını davam etsinlər.
Məsələn, Səfiyəddin Urməvinin “Şərəfiyyə” risaləsində çoxlu riyazi cədvəllər, kəsirlər var. Bunlar bizim üçün anlaşılmır. Bunu gərək riyaziyyatçılar tədqiq və təhlil etsinlər. Burada iki elm sahəsi toqquşur. Musiqi və riyaziyyat. Bunların hamısı hələ açılmamış səhifələrdir. Çünki orta əsr alimləri ensiklopedik biliyə malik olublar. Ona görə o vaxtın elmini öyrənmək üçün əlavə təhsil lazımdır.
Düzdür, bu gün bir çox elm sahələri bir-birindən ayrılıb. Bir elmin tədqiqatı üçün gərək bir neçə elmdən biliyin olsun. Yaxud da ayrı-ayrı sahələrin mütəxəssisləri bir yerdə işləməlidilər ki, ümumi məxrəcə gələ bilsinlər. Çünki bu elmlər bir-biri ilə bağlıdır. Bu haqda çox danışmaq olar, maraqlı mövzudur.
- Azərbaycan musiqi tarixinə bəxş etmək istədiyiniz daha hansı töhfələriniz var?
- Düşünürəm ki, musiqişünaslıq, elmin elə bir sahəsidir ki, orada uğur qazanmaq elə də asan iş deyil. Mən sənətim haqqında onu deyə bilərəm ki, musiqişünasın xalqının və elminin inkişafı üçün gördüyü işlərin böyük əhəmiyyəti var. Amma bu elmin xüsusiyyəti elədir ki, bu sənətdə çalışanlar bir qədər kölgədə qalırlar. Həmişə bizim araşdırmalarımız, gördüyümüz işlər bir az ikinci planda olur. Məsələn, ifaçılara, bəstəkarlara nisbətən bizim sənət ön planda görünmür. Çünki bəstəkarın əsəri konsertlərdə ifa edilir. İfaçı sənətini göstərmək üçün səhnədə çıxış edir, daha tez və çox tanınır.
Ancaq alimlər masa arxasında çalışırlar və hər kitabın hazırlanması üçün böyük zəhmət çəkirlər. Xüsusən də qədim və orta dövrlərin tədqiqatını apardıqları zaman böyük çətinliklərlə qarşılaşırlar. Ən əsası bütün bunlar üçün vaxt, illər, hətta bir ömür tələb olunur.
Mənim yaradıcılığıma gəlincə isə töhfələrim mənim əsərlərim, kitablarım və mənim hazırladığım aspirantlarım, ardıcıllarımdır. Gənc nəsildir, planlarım və layihələrim çoxdur, onlar yəqin ki, artıq gələcək nəsillərə ünvanlanacaq. Sonda sizin qəzetə uğurlar arzulayıram. İnanıram ki, qəzetinizin mədəniyyət səhifəsinin hər bir cəhətdən böyük əhəmiyyəti var. Uğurlar olsun.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info