“İran və Türkiyədən gələn tələbələr Bakıda musiqi təhsili alır”
Tarix: 07.03.2014 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Nazim Kazım oğlu Kazımov 4 aprel 1950-ci ildə Naxçıvan şəhərində anadan olub. 1970-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu, 1973-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1978-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi fakültəsini bitirib. 1997-ci ildə “Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi ” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 1970-ci ildən 1992-ci ilə qədər Əli-Bayramlı və Bakı şəhər musiqi məktəblərində müəllim, tədris işləri üzrə direktor müavini və direktor vəzifəsində çalışıb. 1992-ci ildən Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrində çalışıb. 2001-ci ildən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktorudur (Asəf Zeynallı adına musiqi texnikumu). 2006-cı ildən Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətləri ” kafedrasının professoru, Əməkdar incəsənət xadimidir.

Müsahibimiz Bakı Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımovdur. Nazim müəllim qəzetimizə açıqlamasında Bakı Musiqi Kolleci və xarici tələbələrin təhsil üçün ora müraciəti haqqında məlumat verdi:
- Bu qocaman musiqi məktəbinin 115 yaşı tamam oldu. İstər yarandığı ilk dövrlərdə, istərsə də sovet dövründə burada xarici tələbələr təhsil almayıb. Amma son on il ərzində burada Türkmənistandan, Türkiyədən, İrandan, Rusiyadan, Dağıstandan olan bir neçə tələbə təhsil alıb. Hazırda bizdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən imtahan keçirildiyindən onlar birbaşa hazırlıq kursunda oxuyub dili öyrənirlər, daha sonra imtahan verib qəbul olunurlar. Ancaq mən onu da deyim ki, nə İranda, nə də Türkiyədə belə musiqi məktəbləri yoxdur. Konservatoriyanın nəzdində özəl musiqi məktəbləri olur və onlar universitetlərinin Gözəl sənətlər fakültəsinə qəbul olunurlar. Məsələn, professor Oqtay Quliyev 10 ildən artıq bir müddətdə Trabzonda çalışıb. Orada tar sinfi açıb və gözəl tar ifaçıları yetişib. Mən də orada oldum. Həmçinin, bizim müəllimimiz Nazim Bağırov da Trabzonda çalışıb. Rafael Məmmədəliyev və Babək Qurbanov Ərzurumda çalışır.
Mən 2006-cı ildə Tehran Dövlət Universitetində olanda orada “Bayatı-Şiraz” ifa etdim. Daha sonra Azərbaycan tarında “Segah” ifa etdim. Orada hər kəs mənə dedi ki, biz də sizin kimi ifa etmək, sizin ölkənizdə təhsil almaq istəyirik. Mən də dedim ki, belə ifa etmək üçün 14 il təhsil almışam. Yəni, bizdə çoxpilləli təhsil sistemi sovet dövründən mövcuddur. Musiqimizdə bu çoxpilləli təhsil sistemi olduğundan, bizdə Qara Qarayev, Səid Rüstəmov, Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev kimi dahi bəstəkarlar yetişib. Qeyd edim ki, mən uzun müddət Təhsil Nazirliyində çalışmışam. 1994-cü ildə Türkiyənin təhsil nazirinin müavini gəldi. Onlar Türkiyədə belə bir məsələ qaldırmışdılar ki, ya buraya musiqi təhsili almaq üçün yüz şagird gətirəcəklər, ya da yüz müəllim aparıb orada musiqi məktəbi açacaqlar. Onlar çox təəccüb etdilər ki, bizdə belə bir təhsil sistemi var. Lakin müəyyən zaman keçəndən sonra Türkiyədən cavab gəldi ki, bu məsələdə maliyyə vəsaiti çox olduğu üçün onların maliyyə naziri bu işə icazə vermir.
Bir söz də işlətdilər ki, bu məktəblər Azərbaycanda dağılacaq. Ancaq qürurla deyə bilərəm ki, çox sağ olsun bizim dövlət ki, məktəblərimizi qorudu. Bu gün də qoruyur və yüksək səviyyədə nəzarət edir. Bizim musiqi təhsil sistemimizdə olan yüksək bilik bəlkə də heç bir ölkədə yoxdur. Təhsil müddətində mükəmməl mütəxəssis yetişir. Bizdə olan çoxpilləli təhsil sistemi dahi bəstəkarımız Üzeyir bəyin təşəbbüsü ilə oldu.
Onu da qeyd edim ki, Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İrandan və Türkiyədən tələbələr var. Çünki ali təhsildə beynəlxalq şöbələr var. Hər bir təhsil, o cümlədən ali təhsil də mütləq lazımdır. Ona görə xaricdən Bakıya gələn gənclər birbaşa ali məktəblərə üz tuturlar. Çünki bizdə təhsil alsalar, mütləq ali təhsil də almaq məcburiyyətindədirlər. Bu səbəbdən bizim təhsil ocağımızda xarici tələbələr təhsil almır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info