“Tələbələrimiz öz təşəbbüsləri ilə diaspor işində fəal iştirak edirlər”
Tarix: 07.03.2014 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Şahsuvar Hacızadə: “Hər bir azərbaycanlı gəncin xaricdə ölkəmizi təmsil etmək üçün kifayət qədər resursları var”

Son zamanlar bir çox ölkələrdəki kimi Litvadakı tələbələrimizin də Azərbaycanın təbliği işində fəallığının şahidi oluruq. Hətta, hazırda Litvada formalaşmış gənc diasporun bir neçə üzvü vaxtilə bu ölkədə ali təhsil alanlardır. Hər halda xaricdə təhsil alan azərbaycanlı tələbələrin sonradan diaspor üzvü kimi fəaliyyət göstərmələri alqışlanasıdır. Elə Litvanın Kaunas Texnologiya Universitetində magistr pilləsi təhsilini davam etdirən müsahibimiz Şahsuvar Hacızadə də diaspor aktivliyi ilə seçilir. Ş. Hacızadə Litvada ali təhsil almaqla yanaşı, Azərbaycan həqiqətlərinin yayılması istiqamətində bir sıra layihələrə imza atıb. Xatırladaq ki, Ş. Hacızadə Şuşa şəhərində doğulub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Kooperasiya Universitetinin (AKU) İdarəetmə fakültəsinə daxil olub. Təhsil müddətində ictimai fəaliyyətlə də məşğul olub, universitetin Tələbə Gənclər Təşkilatının (AKU-TGT) sədri və daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini olaraq çalışıb.

-Litvada gənclərlə bağlı hansı fəaliyyət həyata keçirirsiniz?
-Litva Avropa Birliyinin üzvü olan və gənclər sektoruna xüsusi önəm verən ölkələrdəndir. Burda geniş kütləni əhatə edən bir çox yerli və beynəlxalq gənclər təşkilatları və gənclər şəbəkəsi fəaliyyət göstərir. Bu təşkilatlar içərisində fəaliyyətində heç də digərlərindən geri qalmayan Azərbaycanın Litvadakı Gənclər Təşkilatını (AYOL) adını çəkmək yerinə düşərdi. Bu təşkilat azərbaycanlı gəncləri əhatəsində birləşdirməklə yanaşı, öz fərqli ideyaları və layihələri ilə litvalı və digər əcnəbi tələbələrə Azərbaycanın təbliğini həyata keçirir.
Mən də burada təhsilim müddətində AYOL-un fəaliyyətində, həyata keçirdiyi layihələrdə iştirak edirəm. Həmçinin öz təşəbbüsümlə kiçik layihələr icra edirəm. Sonuncu icra etdiyim "Youth Vision" (Gəncliyin baxışı) adlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdi.
Layihənin əsas məqsədi Litvada təhsil alan əcnəbi tələbələr arasında şəbəkənin qurulması, növbəti mərhələdə həyata keçirilən layihələrə stimul vermək idi.
Layihə çərçivəsində sonuncu tədbir Kaunas şəhərində keçirilib. Tədbirdə bu şəhərdə təhsil alan bir sıra aktiv gənclərin fotoşəkillərinin yer aldığı stend quraşdırılıb, əcnəbi gənclərin ifasında müxtəlif mədəniyyətlərə məxsus olan musiqilər səslənib və Azərbaycan mətbəxinin təamları sərgilənib.
100-dən çox tələbənin və 150-yə yaxın müşahidəçinin qatıldığı aksiya Kaunas şəhərində keçirilən iri həcmli layihələrdən biri olduğunu deyə bilərəm. Bundan sonrakı mərhələlərdə də bu tip layihələrin, sosial gecələrin keçirilməsi əcnəbi tələbələr arasında şəbəkənin qurulması, birgə layihələrin işlənib hazırlanmasına stimul verəcəyinə inanıram.
- Xaricdə təhsil alan gənclərimizin şəbəkələşməsi hansı səviyyədədir?
- Hər bir Azərbaycan gənci xaricdə təhsil alarkən, onun ilk nömrəli prioritet məqsədi təhsil almaq olsa da, ondan az vacib olmayan Azərbaycanı müsbət şəkildə təmsil etmək vəzifəsini öz boynuna götürür. Son zamanlar bu sahədə ciddi şəkildə aktivlik hiss olunur. Xaricdə təhsil alan hər bir tələbə anlayır ki, təhsildə əldə etdiyi uğurlarla yanaşı xüsusi günlərimizi qeyd etməklə, tədbirlərin keçirilməsi, ətrafındakı gənclərlə şəbəkənin qurulması, universitetin akademik heyəti ilə işləməklə Azərbaycanın lobbiçilik fəaliyyətində ciddi şəkildə iştirak zəruridir.
Bununla da bizim əcnəbi tələbələrlə münasibətlərimiz inkişaf edir. Daha sonra isə Azərbaycanın Dağlıq Qarabağ problemi, Xocalı faciəsi kimi tarixi problemlərini qabartmağa imkanımız yaranır.
Düzdür, məndən əvvəl xaricdə təhsil alan gənclərin hansı problemləri yaşadıqlarını onlar qədər hiss edə bilməsəm də, artıq bu gün əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlı gəncin xaricdə ölkəmizi təmsil etmək üçün kifayət qədər resursları var. Dövlət gənclər siyasəti günü-gündən inkişaf edir, hər bir xaricdə təhsil alan gəncin bundan yararlanmasında fayda var.
-Təhsil aldığınız universitetin akademik heyəti ilə əlaqələriniz necədir?
- Bir gənc olaraq hər zaman daha çox uğur qazanmağı qarşıma məqsəd qoymuşam, azlıqla kifayətlənmək olmaz.
Təhsilə başladığım müddətdən universitetin akademik heyəti ilə əlaqələr qurmağa başladım. Hazırda universitetin Tələbə Elmi Birliyinin üzvüyəm, ixtisasımla əlaqədar bir sıra konfranslara qatılır, müəllim və professorlarla daha yaxından görüşə, fikir mübadiləsi apara bilirəm.
Təhsilim müddətində bir sıra uğurlar qazanmışam. Uğurlardan biri də rektor təqaüdü almağımdır. Təbii ki, sona qədər bu statusu qoruyub saxlamaq üçün daim çalışmalıyam.
-Gənclərimiz diaspor sahəsində aktivlik göstərirlərmi?
- Düzdür, hər zaman hər bir işdən məmnun qalmaq olmur. Hər bir işin inkişaf tempi olmalıdır.
Hazırda mənim oxuduğun və yaşadığım şəhərdə azərbaycanlı tələbələrin sayı təxminən yüzə yaxındır. Əvvəl tədbir, aksiya təklifləri təşkilat tərəfindən irəli sürülürdüsə, indi artıq tələbələrimizin özləri öz təşəbbüsləri ilə diaspor işində fəal iştirak edirlər. Bunlara sonuncu keçirilən Xocalı soyqırımı ilə bağlı aksiyanı misal göstərmək olar. Bu aksiyada təkcə azərbaycanlı gənclər deyil, türkiyəli, litvalı, livanlı, koreyalı və digər ölkə gənclərinin nümayəndələri də iştirak edirdilər.
Bundan əlavə müxtəlif vaxtlarda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi də buna misaldır. Burda dostlarımız Azərbaycanın milli mətbəxinin təamlarını sərgiləyir, ölkəmizin mədəniyyəti, incəsənəti barəsində əcnəbiləri məlumatlandırır və milli musiqilərimizi ifa etməklə onların diqqətini cəlb edirlər.
-Əcnəbi tələbələrlə hansı münasibətləriniz var?
- Əcnəbi tələbələrlə münasibətlər normaldı. Bəziləri ilə hətta dostluq edirik. Onlar bizim keçirdiyimiz tədbirlərdə çox yardımçı olurlar. Mən öz layihəmdə də bunun daha çox şahidi oldum. Maraqlı bir məqamı da qeyd edim ki, tədbirdə bir litvalı gənc akustik gitarada Azərbaycan musiqilərini ifa edirdi. O qədər sərbəst və düzgün ifa edirdi ki, hətta öz tələbələrimiz təəccübünü gizlədə bilmirdilər.
Bir nüansı da nəzərinizə çatdırım ki, AYOL-un hədəf kütləsi daha çox əcnəbi tələbələrdir. Buna hər il ənənəvi icra olunan “What do I know about Karabakh?” (“Mən Qarabağ haqqında nə bilirəm?”) və mart ayında gerçəkləşəcək "Azerbaijan in my mind" (“Azərbaycan mənim fikrimdə”) adlı layihələri misal göstərmək olar.
-Qarşıda hansı yeni layihələr var?
- Əslində şəxsən özümün və fəaliyyətində iştirak etdiyimiz təşkilatların hədəfləri genişdir. Layihələri bitirdikdən sonra insan yenidən birisini icra etməyi planlaşdır. Məncə, bu yaxşı xüsusiyyətdir.
Bu il "Novruz festivalı" adlı silsilə tədbirlər həyata keçirməyi planlaşdırırıq. Bu festivalın mədəniyyətimizi daha geniş kütləyə çatdırmağa imkan verəcəyini düşünürəm.
Bundan əlavə adını qeyd etdiyim "Youth Vision" adlı layihənin davamı olaraq, şəbəkənin daha da möhkəmlədilməsi üçün müxtəlif istiqamətlərdə tədbirlər planını hazırlamışıq. Bu tədbirlər planına bir neçə istiqamətdə konfransların keçirilməsi, tələbə həyatına həsr olunan onlayın büllitenlərin hazırlanması, tarixi günlərə həsr olunan aksiyaların həyata keçirilməsi, layihənin profilinə uyğun elmi jurnalın yaradılması və digər fəaliyyətlər daxildir.
Ümid edirəm, görəcəyimiz hər bir işdə az da olsa dövlətimiz, millətimiz və gələcəyimiz üçün nələrsə edə biləcəyik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info