Müasir təminatlı peşə müəssisələri yaradılır
Tarix: 11.03.2014 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Ölkənin sosial- iqtisadi inkişafı ilə bağlı müxtəlif sahələrdə bacarıqlı kadrlara ehtiyac yaranıb. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi də göstərir ki, peşəsini bilən, bacarıqlı kadrlar olmadan iqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək mümkün deyil. Azərbaycanda da belə peşəkar kadrların yetişməsi üçün müxtəlif sahələr üzrə peşə təhsili müəssisələri fəaliyyət göstərib. Son illər bu istiqamətdə atılan addımlardan biri kimi ölkə başçısı tərəfindən “Azərbaycanda Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Həmçinin Prezident tərəfindən imzalanan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə bağlı sərəncamda peşə təhsili ilə bağlı məqam da öz əksini tapıb. Burada göstərilir ki, son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülüb, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Qeyd olunanlara baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır.
İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsil alanların cəmi 25-27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir. Məhz bunları nəzərə alaraq strateji hədəflər və tədbirlərdən biri kimi müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması göstərilir.

Azərbaycanın iqtisadiyyatı daim hazırlıqlı peşəkarlara ehtiyac duyur

Təhsil naziri Mikayıl Cabbarov da Azərbacanda peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacın getdikcə artdığını bildirib. Onun sözlərinə görə, ölkədə peşə təhsili sahəsində istifadə olunmamış böyük bir potensial var. Bildirilib ki, peşə təhsilində tədris prosesinin yaxşı qurulması, bu sahədə özəl sektorlarla təhsil sahələri arasında mövcud ola bilən mexanizmlərin tətbiqi sahəsində digər ölkələrin təcrübəsindən istifadə olunacaq: “Dövlətimizin iqtisadiyyatı getdikcə inkişaf edir, yeni iş yerləri və sahələr yaradılır. Peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır, bu təhsilin inkişafı ölkəmiz üçün çox mühimdir. Birinci səbəb budur ki, Azərbaycanın iqtisadiyyatı daim hazırlıqlı peşəkarlara ehtiyac duyur. Ölkə gəncdir, inkişaf potensialı çox yüksəkdir. Demoqrafiyası müsbətdir və bu da o deməkdir ki, biz müasir peşəkarlar hazırlamalı, onlara sənət öyrətməliyik. Həm Azərbaycanın daxili iqtisadi tələbləri, həm də gələcəkdə mümkün olan regional əmək bazarları üçün vacibdir. Azərbaycan peşəkar kadrların hazırlanması üçün mərkəzə çevrilməlidir. Buna nail olmaq üçün ən müasir və yeni texnoloji biliklərin, təcrübələrin Azərbaycana gətirilməsi vacibdir. Məhz buna görə Təhsil Nazirliyi həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməkdə, peşəkar kadrlar hazılamaqda maraqlıdır”. Nazir bildirib ki, peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi “Müasir Azərbaycan peşəkarları” layihəsinin icrasına başlayıb. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub. Bildirilib ki, bu məsələdə təbii olaraq regionların tələbatını nəzərə alınmalıdır. Peşə məktəblərində regionun, rayonun ehtiyaclarına uyğun ixtisaslar üzrə mütəxəssislər hazırlanmalıdır. Peşə təhsili sahəsində aparılan islahatların əsas məqsədinin peşə məktəblərinin fəaliyyətini canlandırmaqdan ibarət olduğunu vurğulayan təhsil naziri, bu sahədə həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində də bir model kimi tətbiq olunacağını bildirib.

“Peşə təhsilinə yuxarıdan aşağı baxılmamalıdır”

İndiki vaxtda müasir təminatlı peşə-tədris mərkəzlərinin yaranmasına olduqca böyük ehtiyac olduğunu deyən AMEA-nın aparıcı elmi işçi, fəlsəfə doktoru Əhməd Qəşəmoğlu, bildirdi ki, cəmiyyət günü-gündən dəyişir, məişətimizə daxil olan texnika davamlı olaraq daha da mürəkkəbləşir: “İntellektli, savadlı, peşəkar ustalara ehtiyac daha artıq duyulur. Belə bir zamanda xüsusi məktəblərin ən yeni tələblər baxımından fəaliyyət göstərməsi günün əsas tələblərindən biridir. Bu sahədə mövcud problemlərdən biri odur ki, hələlik lazım olan imkanlara malik belə peşə tədris məktəbləri yoxdur. Olanların da maddi bazaları zəifdir. Digər səbəb əhalinin peşə təhsil sisteminə yuxarıdan aşağı baxmasıdır. Belə məktəblərin imici zəifdir. Burada oxuyanlara qeyri ciddi, uğursuz gənc kimi baxırlar. Bu sahədə ciddi fəaliyyət göstərəcək müəllim kadrları yoxdur. Bu sahədə lazımi metodologiya yoxdur. Lazımi kurikumlar hazırlanmayıb. Bu sahədə olan problemlər sistemli şəkildə elmi olaraq dərindən öyrənilməli, təhlil edilməli və bir Fəaliyyət Proqramı hazırlanmalıdır. O zaman mövcud problemlərin necə aradan qaldırılması aydın olacaq. Eləcə də qanunvericilikdə hansı vacib dəyişikliklər olmalıdır, KİV, QHT- lər, hökumət qurumları, digər qurumlar nə etməlidir və s”. Ə.Qəşəmoğlunun sözlərinə görə, indi sovet dövründəkindən də daha çox belə məktəblərə ehtiyac var: “O zaman cəmiyyət sadə idi. Mahir ustalara indiki qədər ehtiyac yox idi. İndi isə bacarıqlı kadrlara, həm də yüksək səviyyəli məktəblərə daha çox ehtiyac yaranıb. Gənclərin peşə məktəblərinə üstünlük verməməsinin səbəbinə gəldikdə isə deməli gənclərdə peşələr barədə aydın təsəvvür yoxdur. Onlara daha geniş məlumat vermək lazımdır”. O da vurğulandı ki, peşə məktəbləri sovet dövründə ödənişli fəaliyyət göstərmirdi. Hazırda isə bunu daha çox şəxsi adamlar təşkil edib. Sadəcə bu sahədə işlər lazımi səviyyədə qurulmalıdır.

“Özəl sektor da bu prosesə qoşulmalıdır”

Azərbaycan Turizm İnstitunun prorektoru Eldar Aslanov isə bildirdi ki, hətta sovet dövründə belə peşə təhsilinin maddi-texniki bazası çox aktual olub: “Aparılan tədqiqatlara görə, 1970-80-ci illərdə Azərbaycanda peşə təhsili elə bir səviyyəyə çatmışdı ki, ölkənin bütün rayonlarında peşə məktəbləri mövcud idi və onların çox yüksək səviyyədə həm texnoloji parkları, həm də təcrübə bazaları geniş inkişaf etmişdi. Lakin Sovet İttifaqının dağılması, sonra ölkəmizdə baş verən hadisələr peşə təhsilinə dövlətin qayğısını, diqqətini azaltdı. Azərbaycan peşə təhsili arzuolunmaz səviyyəyə gəlib düşdü. Bu gün də ökədə peşə təhsili və onun maddi- texniki bazası, xüsusilə istehsalat-təcrübə bazaları, məktəblərin özündə mövcud vəziyyəti ürəkaçan deyil. Bu sahədə ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramı var və bu proqram çərçivəsində artıq nümunəvi işlər var. Məsələn, bu baxımdan Bakı Turizm Peşə Məktəbi, eləcə də İsmayıllı, Qəbələ, Binə qəsəbəsində istifadəyə verilən peşə məktəbləri var ki, bunlar nümunəvi, pilot peşə məktəbləridir. Ümid edirəm ki, bunların sayı ildən-ilə daha da genişlənəcək”. Prorektorun sözlərinə görə, ümumiyyətlə nəinki peşə məktəbində, təhsilin bütün növlərində də ixtisas peşə vərdişlərini formalaşdırmaq çox vacibdir : “İxtisas üzrə hazırlanan kadr müvafiq peşə vərdişlərinə təhsil aldığı dövrdə yiyələnmiş olmalıdır. Təəssüflər olsun ki, müəyyən səbəblərdən ölkəmizdə də təhsil sistemində praktika, istehsalat təcrübəsi, yay-tanışlıq təcrübələrin təşkili və müvafiq qaydada həmin təhsil müəssisələrinin istehsalat təcrübələri ilə maddi-texniki təchizatla təmin olunmasında bəzi çatışmazlıqlar var. Bizim qarşımızda duran əsas vəzifə həmin çatışmazlıqları qeyd etməkdir”. E.Aslanov deyir ki, həm ATİ, həm də Bakı Turizm Peşə Məktəbinin qarşısında duran əsas vəzifələrdən biri tədrisin keyfiyyətinin artırılmasıdır və bunun əsas yollarından biri də praktiki cəhətdən, istehsalat-təcrübi baxımdan gücləndirilmiş bir tədris prosesi formalaşdırmaqdır: “ATİ-nin nəzdində olan peşə məktəbində BMT-nin İnkişaf Proqramı ilə birlikdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Təlim Mərkəzi yaratdıq. Burada turizm üzrə müxtəlif bacarıqları formalaşdırmaq üçün təchizat otaqları, otel otağı, bar, restoran, mətbəx var ki, bunlar vasitəsilə buradakı şagirdlər peşə vərdişlərini mənimsəməyə başlayırlar. 6 aylıq dərslərin nəzəri hissəsində bir xidmət zamanı lazım olan peşə vərdişlərini öyrənməyə başlayırlar”.
Ödənişli peşə təhsili prosesi ilə bağlı məsələyə toxunan prorektor deyir ki, peşə məktəblərində təhsil haqqı ali məktəblərə nisbətən çox azdır: “Bu, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş vahid cədvəl əsasında aparılır. Məsələn, Bakı Turizm Peşə Məktəbində illik təhsil haqqı 400 manatdır. Bu heç nəinki şagirdin, onların praktika, istehsalat təcrübəsi dövründə hazırlanacaq müxtəlif məhsulların xərcini ödəmir. Ancaq dövlət hesabına oxuyan şagirdlər də var, onların da sayı kifayət qədərdir”. Bildirildi ki, hər il orta məktəbi 130 minə yaxın şagird bitirir və onlardan cəmi 25 mini ali təhsilə yönəlir, yerdə qalan şagirdlərin təhsili çox düşündürücüdür. Ölkəmizin inkişafının əsas göstəricilərindən biri də peşə məktəblərinə yönələn gənclərin sayı ilə xarakterizə olunacaq. Nə qədər peşə təhsilli, peşəkar kadrlar olacaq, o zaman müxtəlif sahələrdə işlər daha yaxşı gedəcək. Bu mənada görüləcək işlər çoxdur və dövlət də əlindən gələni edir. E.Aslanov bildirdi ki, bu prosesdə görülməsi vacib olan işlərdən biri də özəl sektorun bu prosesə qoşulmasıdır: “ Hansılar ki, bu işdə maraqlı olmalıdırlar. Məsələn, ARDNŞ-in Peşə Təhsil Mərkəzi ki, var o çox gözəl nümunədir. Digər müəssisələr öz həcmlərinə uyğun peşə məktəbləri ilə əməkdaşlıq etməlidirlər.
Əvvəlki dövrdə peşə məktəblərində oxuyanlar diplomları ilə zavodda, fabrikdə, kolxozda, sovxozda iş tapırdı. Amma bu peşə məktəblərinin məzunlarının işlə təmini ilə bağlı proqnoz deyə bilmərəm. Bu yaxınlarda məşğulluqla bağlı bir konfransda Baş Məşğulluq İdarəsinin, TN-nin nümayəndələri orada idi və ortaq rəy ondan ibarət ki, peşə kadrlarının hazırlanmasında ciddi problemlər də var. Peşə məktəblərinin işçiləri orta məktəblərə gedir və çalışırlar ki, dərsə gəlməyən, oxumayan uşaqları peşə məktəblərinə yönəltsinlər. Motivasiya kimi də göstərirlər ki, 20-30 manat təqaüd veriləcək. Məqsəd plan yerlərini doldurmaqdır. Belə uşaqlar da peşə məktəblərinə vaxt itirməyə gəlir. Axırda peşə təhsili nüfuzdan düşür”. Prorektorun fikrincə, ona görə də bu sahədə kompleks iş getməlidir. Peşə məktəblərinin cəmiyyətdə keçmiş nüfuzu onlara qaytarılmalıdır. Bunun üçün peşə məktəblərindən də, cəmiyyətdən də, müvafiq orqanlardan da çox şey asılıdır. Peşə məktəblərinin inkişafı hamımız- dövlət, özəl sektor, vətəndaşlar üçün də maraqlıdır.

Nigar Abdullayeva

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info