“Ən yaxşı mütəxəssis elə xəstəliyin daşıyıcısıdır”
Tarix: 12.03.2014 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


Aysel Sultan: “Millətimizi ən yaxşı tərəflərdən təbliğ edə bilmək üçün birliyə xüsusi əhəmiyyət verməliyik”

Savadlı, bacarıqlı və istedadlı gənclərin sayı durmadan artmaqdadır. Gənclər üçün açılan imkanlar və yaradılan şəraitlərdən onların yüksək səviyyədə istifadə etməsinin nəticəsidir ki, bu gün hərtərəfli inkişaf etmiş gənc nəslin nümayəndələri ilə tez-tez rastlaşa bilirik. Belə öncül, aktiv gənclərdən biri Aysel Sultandır. Aysel xanım haqda bir maraqlı faktı qeyd edə bilərik ki, o, bir neçə ölkədə təhsil alıb. “Palitra”nın bu maraqlı, istedadlı xanımla olan müsahibəsini oxuculara təqdim edirik.

- Özünüz barədə məlumat verərdiniz.
-1989-cu ildə Bakıda anadan olmuşam, 190 saylı orta məktəbi fərqlənmə ilə bitirdim, bakalavr təhsilimi isə psixologiya ixtisası üzrə Bakı Dövlət Universitetində almışam. Bundan sonra magistr təhsilimi Litvanın Vytautas Magnus Universitetində və Almaniyanın Hildeshaym Tətbiqi Elmlər və İncəsənət Universitetində sosial iş ixtisası üzrə almışam.
- Maraqlı ixtisas seçiminiz olub. Universitetinizdə necə, təhsil və tədrisin səviyyəsi sizi qane edirdimi?
- Haqlısınız. İxtisasımı hər zaman çox sevmişəm, bu gün də mənim üçün ixtisasım üzrə işləmək, təcrübə yığmaq və püxtələşmək ümdə amallardan biridir. Litvada təhsil almağı da bu səbəbdən seçdim - daha geniş təhsil imkanlarından yararlanmaq, praktika əldə etmək, dünyagörüşümü inkişaf etdirmək. Buna peşman da olmadım. Litvadakı universitetimi çox sevdim, çünki hər mənada tələbənin inkişafı üçün xidmət göstərən bir universitetdir. Təhsil aldığım iki il ərzində ən rahat və ən komfortlu şəraitdə ixtisasımı öyrənmək üçün universitetimiz əlindən gələn imkanları yaradırdı. Sonuncu il Azərbaycanın Litvadakı səfirliyində işlədiyim üçün Vilnüs şəhərinə köçmüşdüm. Universitet isə Kaunas şəhərindədir. Buna baxmayaraq, uzaq olduğumu heç bir şəkildə hiss etmirdim, professorum ilə daim “Skype” və e-mail vasitəsi ilə əlaqədə idim, o, mənə poçt vasitəsilə kitablar yollayır, məqalələr toplayıb elektron şəkildə göndərirdi. Bundan əlavə, Vytautas Magnus Universiteti Litvanın ən liberal universiteti adını daşıyır. Universitetə demək olar ki, hər ay xarici ekspertlər, qonaq lektorlar gəlir, müxtəlif ixtisaslara uyğun seminar və konfranslar təşkil edirlər. Universitetin kitabxana və data bazasında 4 -5 dildə minlərlə kitabların olmasından əlavə, hər fakültənin özünün ayrıca oxu zalları var və orada ingilis, fransız, alman dilində ən yeni ədəbiyyatlar saxlanılır.
- Təhsilin səviyyəsinin yüksək olması çox güman, güclü müəllim heyətindən asılı imiş...
- Bəli. Bizə dərs deyən əksər müəllimlər Skandinaviya ölkələri və ABŞ-da elmi işlərini müdafiə etmiş professorlardır və ən keyfiyyətli ingilis dilində tədris də elə bizim fakültədə idi. Dərslərin interaktiv keçməsi və hər müəllimin digərlərindən tamamilə fərqlənən yanaşması, hər fənnə qarşı xüsusi münasibət yaratmışdı. İmtahanlarımız da stressdən kənar, dostcasına və sərbəst atmosferdə keçirilərdi. Hər imtahan öncəsi müəllimlərimiz bizimlə mütləq şəkildə konsultasiya aparır, imtahanı necə vermək istədiyimizi soruşur. İstər üz-üzə, yazılı, şifahi, təqdimat, imtahan günü paylanılan tapşırıq kartları şəklində, istərsə də e-mail vasitəsilə vermək istədiyimizi biz özümüz seçirdik. Sonda, səs çoxluğu ilə bir metod üzərində qərar verilirdi. Yalnız, bu o demək deyildi ki, növbəti imtahanda da yenə həmin metoddan istifadə edəcəkdik.
- Siz daha bir neçə ölkədə də təhsil almısınız. Bu barədə də danışardınız.
- Bəli, bu belədir. Vytautas Magnus Universitetində təhsil aldığım dövrdə iki semestr ərzində Çikaqonun Loyola Universitetində də distant təhsil aldım və sonda sertifikatlarla təltif edildim. Almaniyadakı universitetdə isə hər fənn mütləq formada praktika ilə əlaqələndirilirdi və müəllimlərimiz bizi sərbəst təcrübələrə cəlb edirdilər. Əksər hallarda müxtəlif seminarlarda iştirak etmək üçün yaxud klinika və sosial iş mərkəzlərini ziyarət etmək üçün bütün qrupumuz ilə digər şəhərlərə gedərdik. Bu, demək olar ki, bir semestr ərzində 10-15 dəfə baş verərdi. Bundan əlavə, təhsil aldığımız, yaxud yaxınlıqda yerləşən digər şəhərlərin sosial xidmət mərkəzlərində 1-2 həftəlik praktika keçməyə də məcbur idik. Praktika keçdiyimiz şirkət, yaxud mərkəz sonda professorumuza ünvanlanmış məktub təqdim edirdi və bu bilavasitə yekun qiymətimizə təsir edirdi. Almaniyada ən çox istifadə edilən metodlardan biri də tələbələrin qrup şəklində işləməsidir. Biz tez-tez 2-3 nəfərdən ibarət qruplara bölünürdük və professorlarımız hər qrupa müxtəlif tapşırıqlar (tasks) verirdi, biz də onun həlli yollarını birgə araşdırıb, midterm (semestr ortası) imtahanı vermək üçün yekunda təqdimat hazırlayırdıq. Qısası, iki il Litvada və 1 il Almaniyada təhsil aldıqdan sonra magistr dərəcəsini fərqlənmə diplomu ilə başa vurmağı bacardım.
- İctimai işlərdə də aktiv olmusunuz. Azərbaycan -Litva münasibətləri barədə nə deyə bilərsiniz?
- Bu üç il ərzində tədqiqat mövzuma uyğun olaraq hər iki ölkənin bir neçə şəhərində QİÇS ilə mübarizə mərkəzlərində həmçinin "Teen Challenge" beynəlxalq təşkilatında praktika keçdim. Artıq yuxarıda qeyd etdiyim kimi, son 1 il ərzində isə Litvadakı səfirliyimizdə də tərcüməçi kimi işlədim. Həmin dövrdə həm diaspor fəaliyyətində, həm yerli əhali ilə aparılan təbliğat proqramlarında, həm də gənclər siyasətində görülən işlərdə birbaşa iştirak etdim, bu sferalarda xeyli məlumat və biliklərə yiyələnmək şansım oldu. Bildiyimiz kimi, Azərbaycan və Litvanı birləşdirən ilk fakt bizlərin keçmiş tariximizdir və bu səbəbdən Litva cəmiyyəti Azərbaycanın itki və ağrılarına dərin hörmət və anlayışla yanaşır. Litvalılara xas olan bariz millətçilik, dillərinə və mədəniyyətlərinə qarşı olan mühafizəkar yanaşmaları birgə fəaliyyətimizdə bizlərə də yeni baxış tərzləri qazandırdı. İki xalqı birləşdirən digər məqam isə qonaqpərvərlikdir. Litvalılar ilk baxışda soyuqqanlı və vecsiz təəssüratı bağışlasa da, qonaqpərvərlikləri çox tez bir zamanda özünü ələ verir. Ümumiyyətlə, səfirlikdə işlədiyim müddət ərzində millətlərarası dostluğun necə yaranmasını yaxından izləyə bildim və bu, bir daha mənə öyrətdi ki, millətimizi ən yaxşı tərəflərdən təbliğ edə bilmək üçün birliyə xüsusi əhəmiyyət verməliyik.
- Sonda Vətəndə çalışmağı seçdiniz. Azərbaycandakı fəaliyyət dairəniz nələrdir?
- Bəli, hazırda Vətəndəyəm və təhsilimi bir pillə daha üstə qaldırmaq üçün tədqiqatlar aparır, elmi məlumatlar toplamaqla məşğulam. Bildiyiniz kimi, ən populyar və aktual, eyni zamanda da qlobal xarakter daşıyan problemlərdən biri narkomaniyadır və bu sahədə daha öncə tədqiqatlar aparmış, bakalavr dissertasiyamı eyni mövzuda müdafiə etmişəm. Hazırda fokus dairəsini daha da darlaşdıraraq yeniyetmələrin narkotik vasitələrə aludə olma səbəblərini öyrənir, bunu Avropa cəmiyyətlərinin biri ilə müqayisə etmək niyyətindəyəm. Bundan əlavə tədqiqatım üçün əhəmiyyətli olduğuna görə Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda da kiçik elmi işçi vəzifəsində çalışıram.
- Sizcə, narkotik vasitələrdən asılı şəxslərin cəmiyyətə təkrar inteqrasiyası nə qədər mümkündür və bunu necə təşkil etmək olar?
- Mümkündür və bir çox inkişaf etmiş ölkələrdə bu praktika tətbiq edilir. Mümkün olduğundan əlavə, bu, həm də lazımdır. Əvvəla, fərd olaraq, bir şəxsin aludəçilikdən xilas olub, yenidən cəmiyyətə qayıtması, onun üçün böyük stimul və yaşam mənbəyinə çevrilir. Əksər hallarda, belə çətinliklərlə üzləşmiş şəxslər, məlumatlandırma kampaniyalarına başlayır. Məsələn, Qərb ölkələrində onlar sosial işçi olaraq çalışır, digər aludə olan insanlara artıq ekspert olaraq kömək edir. Əzəldən belə qəbul edilib ki, müxtəlif xəstəlik və problemləri müalicə etmək üçün xüsusi təhsilli həkimlər olmalıdır. Yalnız, hazırda, Avropa və ABŞ-da geniş yayılmış bir yanaşma tərzi də odur ki, ən yaxşı mütəxəssis elə xəstəliyin daşıyıcısıdır. Bu cür yanaşma, bir çox asılı şəxslərin müalicə aldıqdan sonra həvəslə digərlərinə kömək etməsinə səbəb olur. Bizdə də, bu cür sosial xidmət mərkəzlərinin olması ən böyük arzularımdandır. Amma sözsüz ki, belə fərdlərin yenidən cəmiyyətə inteqrasiyası üçün, təkcə müalicə kifayət deyil, bu, həm də güclü psixoloji hazırlıq tələb edir, məxsusi ilə də bizim cəmiyyətdə. Çünki insanlarımız hələ ki, keçmiş narkotik aludəçisi ilə birgə yaşamağa, yaxud işləməyə razı deyildirlər və həmin şəxsin effektiv müalicə alması da, hələ onlara heç bir güvən vermir. Təbii, bu da zamanla gələcək bir məqamdır və təəssüflər olsun ki, anında dəyişə biləcəyimiz bir problem deyil. Amma çıxış yolu bəllidir - KİV-də maksimum dərəcədə keyfiyyətli və savadlı şəxslərin belə mövzularda müsahibə verib, çıxışlar etməsi, bu problemlərə həsr olunmuş informativ proqramların nümayiş etdirilməsi və yayılması çox əhəmiyyətlidir.
- Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz? Ümumiyyətlə, məsləhət və təklifləriniz nələrdir?
- İlk ixtisasım psixologiya olsa da, sonrakı təhsilim olan sosial iş ixtisası bir çox sosial və psixoloji problemlərə geniş və bütöv yanaşmağı öyrətdi. Cəmiyyətimizdəki sonsuz sayda problemlərin kökünün əslində 1-2 mənşəyə aid olduğunu da məhz sosial iş ixtisasını oxuduqca anladım. Ümumiyyətlə, psixoloji və sosial xidmətlərə insanlarımızın, məxsusi ilə də gənclərimizin nə qədər ehtiyacı olduğunu vurğulamaq istərdim. Bugünkü Azərbaycan gəncliyi bir əvvəlki nəsildən çox mənada daha şanslıdır. Çünki imkanlar daha genişdir. Yalnız, bir sıra cəmiyyətdəki sıxıntılarla əlaqədar olaraq, bəzi gənclər stress, sosial təzyiq və gözləntilər, asosial davranış, zərərli vərdişlər və asılılıqlarla üzləşə bilir, bunlardan əziyyət çəkirlər. Bunu isə yalnız geniş savad və praktikaya malik psixoloq və sosial işçilər aradan qaldırmağa kömək edə bilər. Gənclərin basdırılan arzuları, cəmiyyətin qoyduğu maddi dəyərlərin təzyiqi onları öz istəklərinin arxasınca getməyə qoymur və belə halda onlara fərqli baxış tərzini göstərəcək, düşdüyü problemə işıq sala biləcək mütəxəssislərə ehtiyac var.
- Yəqin özünüz də fəaliyyətiniz və təbliğatlarınızla sadaladığınız problemlərin həlli üçün işlər görürsünüz...
- Əlbəttə, mövcud olan bütün problemləri geniş və effektiv şəkildə əhatə etmək mümkün deyil, yalnız, bir az da olsa bu amala xidmət etmək məqsədi ilə, “1news.az” saytında köşə yazıları dərc etdirirəm. Həmçinin, “AzRu.TV” onlayn televiziya saytında lokal və qlobal xarakter daşıyan sosial və psixoloji problemlərə "Digər tərəfdən baxış" adlı müəllif proqramımda toxunmağa çalışıram.
- Vətənə dönmüsünüz və buradakı fəaliyyətinizin istiqamətləri bəlli oldu. Gələcək planlar və istəkləriniz nələrdir?
- Təhsilimi xaricdə alıb Azərbaycana dönmək arzusu hələ Bakı Dövlət Universitetində təhsil aldığım zamanlardan var idi. Mənə elə gəlir ki, bu istək bilavasitə ixtisasıma olan sevgi ilə əlaqəlidir. Çünki çox istəyirəm ki, Azərbaycanda psixoloji və sosial xidmətlər yüksək inkişaf etsin, insanlar sadəcə maddi vəziyyətlərini stabil saxlamaq üçün həyatın stressi ilə çabalayaraq ömürlərini başa vurmasınlar. Çox istərdim ki, ən kiçik problemlərini belə həll etmək üçün mütəxəssislərə etibar edə bilsinlər. Bir çox mütəxəssislər kimi, mən də bu mühiti yaratmağa çalışacağam. Düzdür, əvvəlki illərə nisbətən, ölkəmizdə psixoloq, psixiatr və psixoterapevt kimi peşələri artıq daha yaxşı tanıyırlar, amma hələ də, bu peşə sahiblərinə və bu müalicə metodlarına çox skeptik yanaşırlar. Bunun başlıca səbəbi isə həm psixoloji servisin kifayət qədər təbliğ edilməməyi həm də, əlbəttə ki, mütəxəssislərin çox az sayda olmasıdır. Əgər ölkəmizdə kifayət qədər yüksək səviyyədə inkişaf etmiş sosial və psixoloji xidmət servisləri olarsa, cəmiyyətimizin üzvləri daha sərbəst və xoşbəxt ola bilərlər. Bu da istənilən sferada iş keyfiyyətinin əhəmiyyətli dərəcədə qalxmasına dəlalət edər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info