“Bəstəkar zamanın nəbzini tutur”
Tarix: 12.03.2014 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Elnarə Dadaşova: “İnsanlar sənin yaradıcılığınla maraqlananda, ona müsbət dəyər verəndə müəyyən mənada zamanın nəbzini tuta bildiyini hiss edirsən”
Müsahibimiz Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Elnarə Dadaşovadır

-Elnarə xanım, bugünkü yaradıcılığınızda hansı mövzulara müraciət edirsiniz?
- Həmişə olduğu kimi hazırda da yaradıcılığımda milli dəyərlərə, milli ruha üstünlük verirəm. Çünki bu gün həm torpaqlarımıza təcavüz olunur, həm də zəngin musiqi və mədəniyyətimizə. Hər hansı bir əsəri yazanda məsələn, elə masam üzərində olan və “Qarabağ xalçaları” silsiləsinin əsasını qoyan fortepiano miniatürünü bəstələyəndə duydum ki, bədahətən Zili xalçasının naxış və formasını, ruh və quruluşunu musiqi dili ilə canlandırmışam. Təəccüblüdür, deyilmi? Lakin qan yaddaşımızda olan kodlar yaradıcı insanların özündən asılı olmayaraq bəzən hər hansı bir incəsənət nümunəsində üzə çıxır. Çünki milli incilərimiz istər incəsənət növləri, istərsə də janrlar arası olsun, fərq etməz-hamısı biri digəri ilə qırılmaz tellərlə sıx əlaqəlidir. Məhz bunun nəticəsi kimi də Zili xalçasının forması, incəlik və naxışları çox təbii şəkildə musiqi dili ilə bariz vurğulana bildi.
Əslində milli dəyərlərimizi əks etdirmək kimi bir tendensiya məndə çoxdan mövcuddur. Vaxtilə Fikrət Əmirov Bəstəkarlar İttifaqının növbəti qurultayına əsərlərimdən seçim edəndə (söhbət 1983-cü ildən gedir) mənim “Tərəkəmə” əsərimi dinlədi və dedi: “Əsərin adını “Tərəkəmə” qoymağın zamanın tələbidir. Çünki bədxah qonşularımız bizim rəqslərə yaman susayıblar. Onlar hər zaman milli incilərimizə sahib çıxmaq istəyirlər. Odur ki, Azərbaycan bəstəkarının qələmindən məhz belə başlıqlı bəstələr çıxanda, müəyyən mənada ədalət qismən də olsa bərpa olunur ”.
Mən özüm də hesab edirəm ki, yaradıcı insan yaşadığı dövrün, zamanın nəbzini tutmalıdır və ona rəğmən çalışmalıdır. Çünki hər bir sənətkar öz torpağının övladıdır. O, necə ki, valideynlərinə bağlıdır eləcə də, ana torpağına, onun mədəniyyəti və tarixinə bağlı olmalıdır. Bunun üçün isə bizim hər birimizin öz keçmişi ilə əlaqəli dərin biliyi, hörməti vacib şərtdir. Bizlər azərbaycanlıyıq və Azərbaycan torpağına məxsus olan nə varsa (istər mədəniyyət olsun, istər tarix)ona yiyə dura bilməliyik ki, mühafizə və inkişaf etdirə bilək. Əsl sənətkar öz yaradıcılığında milli dəyərlərə biganə ola bilməz. Ona görə ki, bu mədəniyyət onun gen və qan yaddaşının kökünə məxsusdur.
Təəssüf ki, bu gün ictimai “mədəniyyət” imizin səviyyəsi çox aşağıdır. Savadı kasad, zövqü formalaşmamış insanlar tələbatlarına uyğun dırnaqarası sənət əsərlərindən seçimlər edir və bəzi özəl kanallarda keyfiyyətsiz “bəzəmələri” hətta efirə belə buraxmaq kimi arzuolunmazlıqla məşğuldurlar. Bu proses baş alıb gedir. Bu gün körpə balalarımızın, uşaqlarımızın saf musiqiyə daha çox ehtiyacları var. Necə ki, insana saf su içmək fiziki baxımdan tələb olunur, eləcə də cəmiyyətin inkişafına əsl mədəniyyət, yüksək səviyyəli incəsənətə bələd olmaq vacibdir. Çünki şüur, düşüncə, mənəviyyat pak, təmiz olmalıdır.
- Sizcə, müasir Azərbaycan bəstəkarlarının musiqisi gənc nəslə lazımınca çatdırılırmı?
- Xeyir. Bu məsələdə heç bir qənaətbəxşlik görüb, sezə bilmirəm. Çünki bizim nəsildən olanlar arasında - həm yaşlı, həm də gəncləri nəzərdə tuturam, yetərincə istedadlı və dəyərli bəstəkar simaları var. Amma onlar kifayət qədər tanıdılmırlar. Hərçənd buna tam layiqdirlər. Məsələ ondadır ki, musiqi masa üzərində “yatıb” qalmaq üçün yazılmır. O, yaranır ki, səslənsin. Əsl əsər o zaman ərsəyə gəlir ki, səviyyəli və peşəsinə tam məsuliyyətlə yanaşan bəstəkar, siz yuxarıda qeyd etdiyiniz kimi, həqiqətən zamanın nəbzini tuta bilir və ona cavab olaraq hansısa musiqisini yaratmağa çalışır.
Hətta yaradıcı həmkarlarım da əksər hallarda bir-birindən xəbərsizdir. Bu gün bir bəstəkar əsərinin konsert salonunda səsləndirilməsi də kifayət qədər çətindir. Çünki bəstəkar ilk öncə əsərinin layiqli ifaçısını, daha sonra bəstəsinin səslənməsi üçün müəyyən məkan aramalı və bütün bunlarla yanaşı həm konsert salonunun, həm də ifaçının müəyyən məbləğdə maliyyə xərcini ödəməlidir. Hətta efir üçün səs yazıları hazır olan əsərlər belə çox az səslənir. Mən dövlət radio efirinə uşaqlıqdan çox bağlı bir insanam, çünki onu yalnız dinləyirsən. Yəni səs dalğası görüntü qədər səni işindən ayırmır, əsas işlərinin görülməsinə mane olmur. Mənim kimi işlə “yüklənmiş” insan üçün məhz radio əsl əlverişli vasitədir. Lakin bu məkanda da vəziyyət tam qənaətbəxş deyil, çünki efirə az istisnalarla əsasən eyni əsərlər buraxılır. Dinləyiciyə elə gələ bilər ki, radionun fonotekasında seçim yoxdur. Amma danılmaz həqiqətdir ki, Azərbaycan radiosunun fonotekası həsəd hissi doğura biləcək qədər zəngindir.
Bu zənginlikdən isə əsasən matəm günlərində istifadə edilir. Belə ki, sözügedən zamanda fonddan elə əsərləri çıxarıb efirə verirlər ki, təəccüb edirsən, çünki bu bəstələr bizim, yaxud da ümumbəşəri klassik bəstəkarların qələmlərindən çıxmış incilərdir. Belə günlərdə bəzən müəlliflərin adı da hallanır. Amma bütün bunları adi günlərdə də, yəni mütəmadi etmək məqsədəuyğun olardı. Məni düz başa düşsünlər. Bir daha vurğulamaq istəyirəm ki, dövlət radiomuzun proqramlarının vurğunuyam. Son dərəcə səviyyəlidir. Öz simalarını ləyaqətlə bu gün də qoruyurlar. Onlara çox minnətdaram, lakin arzuolunan məsələlərin həllinə daha çox məhz bu məkanda ehtiyac duyulur. Belə ki, dövlət radiosunda da təəssüf ki, məhz əsl dəyərli əsərləri çox nadir hallarda efirə verirlər. Bununla da gənclərin mükəmməl sənət əsəri dinləmələrində bir məhdudiyyət yaranır. Belə əsərlər heç olmazsa hərdən-bir özəl kanallarda da verilməlidir. Vaxtilə bəstəkar əsərlərinin səs yazıları ciddi “süzgəcdən”(yəni bədii və redaktə şuralarından) keçəndən sonra, efirə verilməsi məqsədilə fonotekaya saxlanılmaq üçün qoyulurdu. Efir üçün tez-tez musiqi seçimlərini yeniləşdirirdilər. Hətta klassik musiqi saatı da mövcud idi. Təəssüf ki, bu gün belə ənənə pozulub. Amma müasirlərimiz, ələlxüsus gənc nəsil əsl musiqi incilərini - istər qərbi Avropa, istər Azərbaycan musiqisini, bir sözlə milli mədəniyyətimizin zənginliyini bilməlidirlər.
Bu yaxınlarda internet saytlarının birində İrəvan Kukla teatrı rejissorunun müsahibəsini oxudum. O, müsahibəsində “Mən azərbaycanlıların oxuduğu muğama həsədlə qulaq asıram. Amma bizimkilər oxuyanda ürəyim qarışır. Artıq yetər, başqaların mədəniyyətinə sahibləndik ”,- deyirdi.
Biz isə bu qədər sərvətimiz varkən, ona layiqincə dəyər verməyi, hifz edib gənclərimizə ötürməyi də bacarmalıyıq.
- Sənətşünas olaraq, mətbuatda çalışan jurnalistlərimizin bəstəkarların yaradıcılığını işıqlandıran məqalələri haqqında nə deyə bilərsiniz?
-Yalnız bəzi jurnalistlərin bəstəkarlarımızın yaradıcılığına yanaşmaları, işıqlandırmaları qənaətbəxşdir. Axı sənətçilərimiz təkcə peşəkar musiqiçilər, ifaçılar, yaradıcı insanlar üçün əsərlər bəstələmir. Bütün cəmiyyət üçün yazıb-yaradırlar. Buna rəğmən də bəstəkarın əsərləri elə olmalıdır ki, öz xalqının, millətinin bugünkü müasirlərinin ruhunu oxşasın.
Təbii ki, hər hansı bir sənətkarla keçirilən görüşlər zamanı, yaxud jurnalistlərin ondan müsahibə alarkən verilən suallardan, hətta yaradıcının özündən, yaxud əsərlərindən yazılanda belə həssas sənətkar ona verilən dəyəri müəyyən mənada duyur və yaşadığı zamanın, müasirlərinin nəbzini qismən də olsa hiss edə bilir. Sənə verilən sualdan, səs tonundan, qələmdən süzülüb gələn sözdən də sənətinə verilən dəyəri anlayırsan. Mən arzu edirəm ki, yaradıcı insanlar biri digəri ilə daha çox ünsiyyət saxlasın və yaratdıqları ilə bir-birini daha yaxın tanış etsin. Amma bu gün biz, yəni yaradıcılıqla məşğul olanlar sanki, paralel aləmlərdə yaşayırıq. Bir araya gəlməyimiz isə çox vacibdir. Məsələn, kino sahəsində çalışan bir insan mənim əsərimi eşidib və onu məndən xəbərsiz sənədli filmində istifadə edib. Bu mənə fərəh gətirdi. Deməli, həmin insan arayıb-axtarıb, müəyyən zəhmət çəkib və nəticədə onu qane edən musiqi əsərimi əldə edib. Belə çıxır ki, mən bu əsərimi boş yerə yazmamışam, kimsə əsərimdəki ürək çırpıntılarımı duyub, onları özünə yaxın bilib. Sadəcə düşünürəm ki, sənət adamları ünsiyyətdə olsa, əsərlərin seçimi və yaradıcı əməkdaşlıq üçün daha böyük areal olar. Hesab edirəm, bizim Rəssamlar, Bəstəkarlar ittifaqları, Yazıçılar Birliyi və s. bu kimi təşkilatlarımızın olması müsbət haldır. Məncə, onları ümumi məxrəcdə birləşdirən bir qurum da olmalıdır ki, bu təşkilatlar arasında sabit və təbii rabitə yarada bilsin. Düşünürəm ki, bu incəsənətimizin gələcək inkişafı məsələsinin həlli üçün arzuolunan çıxış yolu olardı. Jurnalistlərə gəldikdə isə deməliyəm ki, onlar müəyyən qədər rabitə yarada bilən təbəqəni təmsil edir. Məsələn, bu yaxınlarda bir jurnalist xanım təsadüf nəticəsində məni özü üçün müsbət mənada “kəşf etdi ”. Əhvalat belə idi. O, Cavanşir Quliyevin əsəri barədə kitab səhifələrində açıqlama verməli idi. Sözügedən xanım əsəri dinlədi və təhlilə ehtiyac duydu. Bu səbəbdən də bir neçə musiqiçiyə müraciət etdi. Öz sözünə əsasən nəticədə onu qane edən təhlili mən etdim. Daha sonra həmin xanım mənə dedi ki, haqqımda məqalə yazmaq istəyir. Bu ərəfədə də, yubileyimlə əlaqədar mənim əsərlərimdən ibarət həyatımda ilk dəfə olaraq bir neçə konsertim baş tutmuşdu. Jurnalist olan bu nəcib insan konsertlərimə qulaq asdı və çox səmimi bir məqalə yazdı.
Digər bir misal rejissorla bağlıdır. O, Üzeyir bəyə aid çəkdiyi sənədli filmlə əlaqədar bir sıra sənətçiyə, o cümlədən mənə müraciət etdi. Bu ünsiyyət və çəkilişdən sonra həmin rejissor mənim yaradıcılığımı kamerası vasitəsilə mütəmadi “izlədi”. Hazırda yaradıcılığımı işıqlandıran sənədli film çəkmək əzmindədir.
Gördüyünüz kimi “təsadüfi” yaradıcılıq ünsiyyətləri hansısa yeni bir əsərin meydana gəlməsində önəmli rol oynayır.
Müasir jurnalistlərimizə gəldikdə isə yaradıcı insanların nəbzini məhz onlar zamanında tuta bilməli və layiqincə dəyərləndirməlidir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info